Məhkəmə qərarları › İş №2-2(3-6)-43/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-43/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-43/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyasına qarşı “podrat müqavilələri üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, iddiaya cavab verməli olmayan cavabdeh) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyasına qarşı “podrat müqavilələri üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6211/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (əvvəlki adı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin: 2.1-ci maddəsinə əsasən bu Müqaviləyə əsasən icraçı Qırğız Respublikasının İssık- Kul gölünün ətrafında Qara-Oy kəndi ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı eskiz layihənin hazırlanması (bundan sonra mətndə “Layihə” adlandırılır) işlərinin icrasını öhdəsinə götürür. Sifarişçi isə Layihənin bu Müqavilənin 4.1-ci bəndində göstərilən dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. 2.2-ci maddəsinə əsasən bu Müqavilə üzrə eskiz layihənin hazırlanması 10 gün müddətində həyata keçirilir. 2.3-cü maddəsinə əsasən aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz hissəsi hesab olunur: • İşlərin təsviri və qiymət cədvəli (1 nömrəli Əlavə); • Layihə Tapşırığı (2 nömrəli Əlavə). 3.1-ci maddəsinə əsasən icraçı Layihə üzrə işlərə dərhal başlamalı, qarşılıqlı razılıqla və əsaslı səbəblərə görə uzadılmadığı təqdirdə, 10 gün müddətindən gec olmayaraq tamamlamalı və Sifarişçiyə təhvil verməlidir.

2. İddiaçı MMC (əvvəlki adı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin:

3. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu Müqaviləyə əsasən icraçı Zəngilan rayonun inzibati ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması, layihənin aidiyyatı dövlət orqanında müdafiə edilməsi və layihəyə müəllif nəzarətinin aparılması (bundan sonra mətndə “Layihə” adlandırılır) işlərinin icrasını öhdəsinə götürür. Sifarişçi isə Layihənin bu Müqavilənin 4.1-ci bəndində göstərilən dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. 2.2-ci maddəsinə əsasən bu layihə-smeta sənədlərinin hazırlanması, layihənin aidiyyatı dövlət orqanında müdafiə edilməsi 31 dekabr 2023-cü il tarixinədək həyata keçirilir. 2.3-cü maddəsinə əsasən aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz hissəsi hesab olunur: • İşlərin təsviri və qiymət cədvəli (1 nömrəli Əlavə); Layihənin İcra qrafiki (2 nömrəli Əlavə); Layihə Tapşırığı (3 nömrəli Əlavə). 3.1-ci maddəsinə əsasən icraçı Layihə üzrə işlərə layihənin icra qrafikinə (2 nömrəli əlavə) uyğun olaraq başlamalı, qarşılıqlı razılıqla və əsaslı səbəblərə görə uzadılmadığı təqdirdə, layihənin icra qrafikinə (2 nömrəli əlavə) müəyyən edilmiş müddətdən gec olmayaraq tamamlamalı və sifarişçiyə təhvil verməlidir.

4. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli EBDX284417 saylı e-qaiməyə əsasən 228684 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA158101 saylı e-qaiməyə əsasən 717343,25 manat məbləğində e-qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə ödənilməmiş 382107,36 (üç yüz səksən iki min bir yüz yeddi manat 36 qəpik) manat və xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə ödənilməmiş 228.684,00 (iki yüz iyirmi səkkiz min altı yüz səksən dörd) manat olmaqla, ümumilikdə 610.791,36 (altı yüz on min yeddi yüz doxsan bir manat 36 qəpik) manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 901 (doqquz yüz bir) manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyası – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsindən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1. “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı adlandırılmış və həmin dəyişiklik dövlət qeydiyyatına alınmışdır (kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış əlavə edilir). 2. “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi (Sifarişçi) arasında Zəngilan rayonu Beşdəli kəndində yerləşəcək “Zəngilan ailəvi istirahət kompleksi”nin tikintisi ilə bağlı “Layihə smeta sənədlərinin hazırlanması, layihənin aidiyyəti dövlət orqanlarında müdafiə edilməsi və müəllif nəzarətinin aparılması işlərinə dair” xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə bağlanmışdır (müqavilənin surəti əlavə edilir). 3. Ad dəyişikliyi ilə əlaqədar tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqaviləyə xx.xx.2023- cü il tarixdə 01 nömrəli Razılaşma bağlanmışdır (razılaşmanın surətiəlavə edilir). 4. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə yerinə yetirilməli iş - Zəngilan rayonu Beşdəli kəndində yerləşəcək “Zəngilan ailəvi istirahət kompleksi”nin tikintisi ilə bağlı layihə smeta sənədlərinin hazırlanması, layihənin aidiyyəti dövlət orqanlarında müdafiə edilməsi və müəllif nəzarətinin aparılmasından ibarət olmuş və həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə yerinə yetirilməli işlərin smeta dəyəri ƏDV daxil 1.117.452,96 (bir milyon bir yüz on yeddimin dörd yüzəlli ikimanar 96 qəpik) manat müəyyən edilmişdir. 5. Eyni zamanda İddiaçı (İcraçı) ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi (Sifarişçi) arasında Qırğız Respublikasının İssık-Kul gölünün ətrafında Qara-Oy kəndi ərazisində mehmanxana kompleksinintikintisi ilə bağlı “eskiz layihənin hazırlanmasına dair” xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəlimüqavilə bağlanmışdır. 6. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə yerinə yetirilməli iş – Qırğız Respublikası İssık-Kul gölünün ətrafında Qara-Oy kəndi ərazisində mehmanxana kompleksinin tikintisi ilə bağlı eskiz layihəsinin hazırlanmasından ibarət olmuş və həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə yerinə yetirilməli işlərin smeta dəyəri ƏDV daxil 228.684,00 (iki yüz iyirmi səkkiz min altı yüz səksən dörd) manat müəyyən edilmişdir. 7. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin 6.1- ci maddəsinə əsasən müqavilənin ümumi dəyərinin 30%-ni təşkiledən 18% ƏDV məbləği daxil olmaqla 335235,88 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir (ödəniş sənədləriəlavə edilir).

8. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə Sifarişçinin layihə tapşırığını gec təsdiq etməsi, layihə sənədlərində tez-tez dəyişikliklər edilməsini tələb etməsi səbəbi ilə bir qədər yubadılsa da, nəzərdə tutulan işlərin bir çox hissəsi xx.xx.2023-cü il tarixədək icra edilərək Sifarişçinin nümayəndəsi qismində müəyyən edilmiş Loğman Daşdəmirova təhvil verilmişdir. 9. xx.xx.2023-cü il tarixdə cavabdeh olan Sifarişçinin rəhbərliyi ilə keçirilən görüş zamanı bizə müqavilə üzrə layihələndirmə işlərinin dayandırılması və aramızda bağlanmış müqavilənin ləğv edildiyi şifahi qaydada bildirildiyindən, həmin tarixdən sonra tərəfimizdən müqavilə üzrə layihələndirmə işlərinin davam etdirilməsi dayandırılmışdır. 10. Dəfələrlə cavabdeh quruma müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadələrini yazılı şəkildə təqdim edilməsi təklif edilsə də, məhkəməyə iddia ilə müraciət etdiyimiz günədək müqavilənin cavabdeh olan Sifarişçinin təşəbbüsü və tələbi ilə ləğv eilməsi barədə heç bir rəsmi yazılı məlumat təqdim edilməmişdir. Buna baxmayaraq, cavabdehin iradə ifadəsini nəzərə alıb müqavilənin ləğv edilməsinin şifahi şəkildə bildirildiyi günədək tərəfimizdən icra edilmiş işlərinin həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı şəkildə müraciə etməyimizə baxmayaraq, cavabdeh tərəfindən buna heç bir reaksiya verilmədiyindən, məcburiyyət qarşısında qalaraq, özümüz normativ sənədlərə əsasən yerinə yetirilmiş işin həcminin və dəyərinin müəyyən edilməsi üçün müvafiq hesablama aparmışıq (hesabat əlavə edilir). 11. Hesabata əsasən xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş ümumi işlərin 63%-i tərəfimizdən icra edilərək təhvil verilmişdir və təhvil verilmiş işlərin ümumi dəyəri 18% ƏDV daxil olmaqla ümumilikdə 717.343,25 (yeddi yüz on yeddi min üç yüz qırx üç manat 25 qəpik) təşkil edir və Sifarişçi olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 18% ƏDV məbləği daxil olmaqla 335235,88 manat avansın ödənilməsini nəzərə alsaq, hazırda cavabdehin həmin müqavilə üzrə 18% ƏDV məbləği daxil 382107,36 (üç yüz səksən iki min bir yüz yeddi manat 36 qəpik) manat ödənilməmiş borcu qalmışdır. 12. Dəfələrlə cavabdehə xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə həm kağız daşıyıcıda, həm də elektron vergi kabineti üzərindən təhvil verilmiş işlərin təhvil-təslim aktı, ödəniş sənədləri təqdim edilməsinə, sonradan isə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, bütün müraciətlərimizə cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir (göndərilmiş sənədlərin surətləri əlavə edilir). 13. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə nəzərdə tutulan işlər müqavilədə nəzərdə tutulmuş müddətdə icra edilərək təhvil verilsə də, Sifarişçinin istəyinə uyğun olaraq ümumi kompleks layihəsinin bir neçə hissəsi üzrə işlər yenidən görülərək, eskiz layihəsi bütün hissələri ilə birlikdə xx.xx.2023-cü il tarixdə tam şəkildə təhvil-təslim aktı və hesab-faktura ilə birlikdə müqavilə üzrə Sifarişçinin səlahiyyətli nümayəndəsi qismində müəyyən edilmiş Vüsal Cabbarova təhvil verilmişdir (eskiz layihəsinin göndərilməsini təsdiq edən sənədlərin surətləri əlavə edilir). 14. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin 6.2-ci bəndinə əsasən, görülən işlərin dəyəri 2 (iki) nüsxədə təsdiq edilmiş müvafiq təhvil-təslim aktlarının imzalanmasından sonra İcraçının hesab fakturasına uyğun olaraq hesab faktura təqdim edildikdən sonra 15 (on beş) bank günü müddətində İcraçının bu müqavilədə göstərilən bank hesabına ödənilir. 15. Tərəfimizdən xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilib cavabdehin müqavilədə adı qeyd edilmiş səlahiyyətli nümayəndəsinə təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş müqavilə şərtlərində nəzərdə tutulmuş müddətdə həyata keçirilməmişdir. 16. Bundan sonra dəfələrlə cavabdehə yuxarıda qeyd olunan müqavilələrlə bağlı müraciətlər etməyimizə, cavabdehin qeyd olunan müqavilələr üzrə adları müqavilədə əlaqəli şəxs kimi göstərilmiş nümayəndələri ilə görüşməyimizə baxmayaraq, müsbət nəticə əldə edilməmiş, əksinə sonuncu görüşümüz zamanı cavabdehin nümayəndlərindən biri bizə təklif etmişdir ki, Qırğızıstan layihəsi üzrə yerinə yetirmiş olduğumuz işlərdən imtina etsək, onda Zəngilan layihəsi üzrə ödənilmiş avans məbləğinin geri istənilməməsinə kömək edərlər. Biz isə həmin layihələrin həyata keçirilməsi və vaxtında icra edilməsi ilə bağlı çoxlu sayda mütəxəssislərin cəlb edildiyini, həmin şəxslər qarşısında kifayət qədər yüksək maliyyə öhdəliklərimizin qalması səbəbindən cavabdehin nümayəndələrinin bu haqsız və ədalətsiz təklifindən imtina etmişik. 17. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən Sifarişçi olaraq müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək, xx.xx.2023-cü il tarixdə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı şifahi iradə ifadəsini bildirdiyindən, sonrakı 10 gün ərzində, yəni xx.xx.2023-cü il tarixədək tərəfimizdən həmin tarixədək icra edilmiş işlər cavabdehin müqavilə üzrə əlaqəli şəxsinə elektron şəkildə göndərilməklə yanaşı, kağız daşıyıcıda da cavabdehin yerləşdiyi ünvanda təqdim edilmişdir. Lakin, cavabdeh olan Sifarişçi həmin maddədə nəzərdə tutulan vəzifələrini vicdanla və lazımi şəkildə hazıradək icra etməmişdir. Belə ki, həmin maddəyə görə, Sifarişçi Layihə üzrə işlərin tamamlanmasına qədər istənilən vaxt 10 iş günü öncədən xəbərdarhq etməklə Müqavilədən imtina etmək hüququna malikdir, lakin bu zaman Sifarişçi onun üçün qənaətbəxş icra edilmiş və təhvil-təslim aktlarına uyğun təhvil alınmış və avans məbləği tutulmuş bütün işlərin dəyərini ödəməlidir. 18. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə (12.1-12.4-cü maddələr) əsasən, İşlər təhvil verildiyi vaxtdan 7 təqvim günü müddətində görülən İşin keyfiyyətində çatışmazlıqlar aşkar olunmadığı halda, Tərəflər təhvil-təslim aktına əsasən yerinə yetirilən işi qəbul etməyi öhdələrinə götürürlər. Tərəfimizdən yerinə yetirilmiş işlərin xx.xx.2023-cü il tarixdə təhvil verilməsinə və həmin vaxtdan 7 təqvim günündən çox keçməsinə baxmayaraq, cavabdeh tərəfindən təhvil verilmiş işlərə dair hər hansı bir irad bildirilmədiyindən, müqavilə şərtlərin əsasən yerinə yetirilmiş işlər Sifarişçi olan cavabdeh tərəfindən qəbul edilmiş hesab edilir və onların dəyəri İcraçı olaraq bizə ödənilməli idi. 19. Cavabdehlə aramızda bağlanmış xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin müqavilə qiyməti, icra müddəti və predmeti fərqli olmaqla, digər şərtləri xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə ilə eyni olduğundan, analoji yanaşma həmin müqavilə üzrə də tətbiq edilməlidir. 20. Belə ki, xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə nəzərdə tutulan tutulan işlər müqavilədə nəzərdə tutulmuş müddətdə icra edilərək təhvil verilsə də, Sifarişçinin istəyinə uyğun olaraq ümumi kompleks layihəsinin bir neçə hissəsi üzrə yenidən işlər görülərək, eskiz layihəsi bütün hissələri ilə birlikdə xx.xx.2023-cü il tarixdə tam şəkildə təhvil-təslim aktı və hesab-faktura ilə birlikdə müqavilə üzrə Sifarişçinin səlahiyyətli nümayəndəsi qismində müəyyən edilmiş Vüsal Cabbarova təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə (12.1-12.4-cü maddələr) əsasən, İşlər təhvil verildiyi vaxtdan 7 təqvim günü müddətində görülən İşin keyfiyyətində çatışmazlıqlar aşkar olunmadığı halda, Tərəflər təhvil-təslim aktına əsasən yerinə yetirilən işi qəbul etməyi öhdələrinə götürürlər. Tərəfimizdən yerinə yetirilmiş işlərin xx.xx.2023-cü il tarixdə təhvil verilməsinə və həmin vaxtdan 7 təqvim günündən çox keçməsinə baxmayaraq, cavabdeh tərəfindən təhvil verilmiş işlərə dair hər hansı bir irad bildirilmədiyindən, müqavilə şərtlərin əsasən yerinə yetirilmiş işlər Sifarişçi olan cavabdeh tərəfindən qəbul edilmiş hesab edilir və onların dəyəri İcraçı olaraq bizə ödənilməli idi. 21. xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin 6.5-ci, xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilənin 6.4-cü maddələrinə görə, gecikdirmənin 2-ci həftəsindən sonrakı hər gecikdirilmiş gün üçün 0,1% olmaqla, lakin ümumikdə 5%-dən çox olmamaqla dəbbə pulu hesablamaq hüququmuzun olmasına, ödənişlərimiz cavabdeh tərəfindən icra edilməsə də, cavabdehə yerinə yetirilmiş işlərə dair təqdim edilmiş elektron qaimələr üzrə mənfəət və əlavə dəyər vergisinin vergi orqanı tərəfindən bizdən tutulması səbəbindən kifayət qədər məbləğdə maddi ziyana uğramağımıza baxmayaraq, ödəniləcək vəsaitin dövlət büdcəsinin vəsaiti olmasını nəzərə alaraq, biz cavabdehə qarşı dəbbə pulunun ödənilməsi ilə bağlı hazıradək heç bir tələb irəli sürməmişik. 22. Lakin, hesab edirik ki, ən azından tərəfimizdən icra edilərək ona təhvil verilməsinə baxmayaraq, cavabdehin öz hüquqlarından sui istifadə edərək hazıradək imzalayaraq geri qaytarmadığı təhvil-təslim aktları əsasında xx.xx.2023-cü il tarixli 048- 07/2023 nömrəli müqavilə üzrə ödənilməmiş 382107,36 (üç yüz səksən iki min bir yüz yeddi manat 36 qəpik) manat və xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə ödənilməmiş 228.684,00 (iki yüz iyirmi səkkiz min altı yüz səksən dörd) manat olmaqla, ümumilikdə 610.791,36 (altı yüz on min yeddi yüz doxsan bir manat 36 qəpik) manat borc və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 901 (doqquz yüz bir) manat məbləğində dövlət rüsumu cavabdehdən məhkəmə qaydasında tutulmalıdır.

7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsinin mətnində cavabdeh kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası-Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olaraq qeyd edilmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilərək cavabdeh olaraq yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qeyd edilməsi və “xahiş edirəm” hissəsinə də düzəliş edilməsi zərurəti yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilə üzrə ödənilməmiş 382107,36 (üç yüz səksən iki min bir yüz yeddi manat 36 qəpik) manat və xx.xx.2023- cü il tarixli 012- 09/2023 nömrəli müqavilə üzrə ödənilməmiş 228.684,00 (iki yüz iyirmi səkkiz min altı yüz səksən dörd) manat olmaqla, ümumilikdə 610.791,36 (altı yüz on min yeddi yüz doxsan bir manat 36 qəpik) manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 901 (doqquz yüz bir) manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyasından İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etmişdir.

9. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Birinci instansiya məhkəməsinin 2-2(113)-6211/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki:  məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arasında xx.xx.2023-cü il tarixli 048- 07/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilələr bağlanmışdır və hazırda iddiaçı həmin müqavilələrə istinad edərək yaranmış borcun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından tutulmasını xahiş edir.  Məhkəmə hazırlıq iclaslarında iştirak edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil, ona görə hesab edir ki, iddiaçı ilə müqavilələr İşlər İdarəsi ilə bağlandığı üçün iş üzrə cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olmalıdır.  Lakin, iddiaçının nümayəndəsi cavabdehin bu arqumentləri ilə razılaşmayaraq ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə əvəz edilməsini xahiş etmişdir.  Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6211/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Prezident Administrasiyası - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyası-Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə əvəz edilmişdir.  Beləliklə, göründüyü kimi iddiaçı, iddiaçı şirkət ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arasında bağlanmış müqavilələr üzrə yaranmış borcun tutulmasını xahiş edir. Lakin, məhkəmə gedişatı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının həmin müqavilələr üzrə hər-hansı öhdəliyinin yaranmasını sübuta yetirə bilməmişdir. Belə ki, Prezidentin İşlər İdarəsi Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.  Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (iddiaya cavab verməli olmayan şəxs) qarşı irəli sürülmüş hazırkı iddia ərizəsi təmin edilə bilməz.  Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

12. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 14.1, 14.2, 385.1, 399.1, 752.1, 753.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 88, 124.2, 119.1, 217-ci maddələrinə istinad etmişdir.

13. İddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3- cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5-ci maddəsinə əsasən elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması. 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma. 14.2.8-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9-cu maddəsinə əsasən qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

18. Maddə 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

19. Maddə 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

22. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam rədd edilmiş və qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslılığı tam yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

32. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

33. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

34. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

35. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kim xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilələrə istinad edərək yaranmış borcun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından tutulmasını xahiş edir.

36. İşin hallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 0xx-xx/2023 nömrəli müqavilələr İddiaçı MMC ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arasında bağlanmışdır.

37. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, dövlət orqanları hüquqi statusuna, funksional təyinatına və təşkilati quruluşuna görə müxtəlif kateqoriyalara bölünür və hər bir dövlət orqanı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərir. Həmin qanunun sistemli təhlilindən görünür ki, dövlət orqanının digər dövlət orqanının strukturuna daxil olmaması və ayrıca hüquqi şəxs qismində çıxış etməsi onun müstəqil hüquq və vəzifələr daşımasını şərtləndirir.

38. İş materialları ilə müəyyən edilir ki, mübahisəli müqavilələr Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə bağlanmış, müqavilələrdə tərəf qismində məhz həmin qurum göstərilmiş, onun rekvizitləri, o cümlədən VÖEN və hesablaşma hesabı qeyd edilmişdir. Müqavilələr üzrə öhdəliklərin qəbul edilməsi və icrası da bilavasitə həmin qurum tərəfindən həyata keçirilmişdir.

39. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası eyni hüquqi subyekt deyildir. İşlər İdarəsi dövlət orqanı olmaqla, maddi-texniki və maliyyə təminatı funksiyasını həyata keçirən, mülki dövriyyədə müstəqil tərəf kimi çıxış edən və bağladığı müqavilələr üzrə müstəqil hüquq və öhdəliklər daşıyan qurumdur. X1 struktur bölməsi olmaması, ayrıca təşkilati-hüquqi statusa malik olması iş üzrə təqdim edilmiş sənədlərlə də təsdiq olunur.

40. Apellyasiya şikayətində İşlər İdarəsinin Administrasiya ilə eyniləşdirilməsi və ya öhdəliklərin Administrasiyanın üzərinə qoyulmalı olması barədə dəlilləri isə hüquqi əsas tapmır. Qanunvericilikdə dövlət orqanlarının bir-birinin öhdəliklərinə görə birbaşa məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Müqavilə üzrə tərəf olmayan dövlət orqanının həmin müqavilədən irəli gələn borc öhdəliyinə cəlb edilməsi yalnız qanuni əsas və sübut olduqda mümkündür. İş üzrə isə belə sübutlar təqdim edilməmişdir.

41. Beləliklə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutları obyektiv və hərtərəfli qiymətləndirmiş, gəldiyi nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğundur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-6211/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar