Məhkəmə qərarları › İş №2-2(3-6)-57/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-57/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-57/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, sübutetmə, sübutların çatışmazlığı) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-8088/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 14 oktyabr 2024cü il tarixli Tibbi xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən göndərilən və bu barədə müvafiq sənədləri təqdim edən şəxslərə uyğun tibbi xidmət göstərməyi, sifarişçi isə göstəriləcək xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin: 2.1.1-ci bəndinə əsasən ambulator-poliklinika şəraitdə bağladığı müqaviləyə müvafiq olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən şəxslərə məsləhət, diaqnostik və müalicə profilaktik tibbi yardım göstərmək icraçının hüquq və vəzifəsidir. 3.1-ci bəndinə əsasən sifarişçinin göndərəcəyi şəxslərə göstəriləcək tibbi xidmətlərin siyahısı və onların dəyəri xidmət göstərilən zaman Bona Dea-da qüvvədə olan qiymətlərlə müəyyən ediləcək. Qiymətlər ilə sifarişçinin razılığı olmadığı halda, istənilən tərəfin müqaviləyə xitam vermək hüququ yaranır. Bu halda icraçı tərəfindən həmin vaxtadək göstərilmiş xidmətlərin dəyəri sifarişçi tərəfindən ödənilir. 3.2-ci bəndinə əsasən sifarişçi göstəriləcək xidmətlərin qarşılığı olan məbləği icraçı tərəfindən ona hesab-faktura təqdim edildikdən 30 (otuz) təqvim günü müddətində icraçının hesabına ödəyir. 3.3-cü bəndinə əsasən sifarişçi tibbi xidmətlərin dəyərini 30 (otuz) gün müddətində icraçının bank hesabına köçürmədikdə sifarişçi gecikdirilmiş hər gün üçün tibbi xidmət dəyərinin 0,5 %-i həcmində gecikmə faizini ödəyir.

2. İddiaçı tərəfindən təqdim olunmuş 547735V seriyalı faktura xidmət siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 8500 manat dəyərində xidmət göstərilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2412 10416989 nömrəli 8500 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli faktura xidmət siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə (xəstənin adı: Qızhong Lı, təvəllüdü: xx.xx.1969, həkim: uzman dr.Cabir Gülmalıyev, xx.xx.2024-cü il tarixdə edilmiş qan analizi xidmətlərinin dəyəri – 176,53 manat və 176,53 manat, sarf xidməti - 1454,35 manat, ürək əməliyyatı – 6692,59 manat) 8500 manat məbləğində tibbi xidmət göstərilmişdir

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən göstərilmiş tibbi xidmətə görə 8500 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 106 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”nə əsasən Qızhong Li-yə stasionar şəraitdə müvafiq tibbi xidmətlər göstərilmiş, həmin tibbi xidmətlərin dəyəri 8500 manat olmuşdur. Göstərilmiş tibbi xidmətlərin dəyəri barədə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə elektron qaimə-faktura təqdim edilməsinə baxmayaraq, həmin məbləğ bu günə qədər İddiaçı MMC-yə ödənilməmişdir. Tərəflərin qarşılıqlı razılığına və “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci bəndinə əsasən “Sifarişçi” göstəriləcək xidmətlərin qarşılığı olan məbləği “İcraçı” tərəfindən ona hesab-faktura təqdim edildikdən 30 təqvim günü müddətində “İcraçı”nın hesabına ödəməlidir. İddiaçı MMC tərəfindən pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunaraq göstərilmiş tibbi xidmətin dəyərinin ödənilməsi xahiş olunsa da, lakin bu günə qədər pretenziya məktubuna cavab verilməmiş, həmin məblağ İddiaçı MMC-yə ödənilməmişdir. Onu da Məhkəmənin nəzərinə çatdıraq ki, “X3 Hospital” son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. İddiaçı MMC vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi xidmətin qarşılığı olan məbləğin vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəb ola bilir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-zə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh göstərilmiş tibbi xidmətlərə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüş, beləliklə də tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək, üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Belə olan halda hesab edirik ki, “X3 Hospital” tərəfindən göstərilmiş tibbi xidmətlərə görə, cavabdeh tərəfindən bu günə kimi ödənilməmiş qalan 8500 manat pul məbləği, məhkəmə qaydasında Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin hüquqi ünvanı Sumqayıt şəhəri olsa da, lakin, sözügedən müqavilə üzrə göstərilən tibbi xidmətlər – yəni müqavilənin icra yeri ünvan 2 ünvanda yerləşən “X3 Hospital”da olmuşdur. Qanunvericiliyin tələbinə görə də icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Bu əsasa görə də hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edirik. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11.-ci maddəsinə əsasən-İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

9. Birinci instansiya məhkəməsinin 2-2(113)-8088/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında 14 oktyabr 2024-cü il tarixli tibbi xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, hazırda cavabdehin iddiaçıya göstərilmiş tibbi xidmətlərə görə ƏDV daxil 8500 manat borcu yaranmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda cavabdehdən 8500 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır, iddia tələbi təmin edilməli, cavabdehdən 8500 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir

12. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən 105 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 385.1, 386.1, 398.1, 399.1, 442, 777.1, 783.1, 783.2-ci maddələri və AR MPM-nin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən maddələrin mahiyyətindən göründüyü kimi işə baxılarkən Mülki Məcəllənin, öhdəlik, öhdəliyin icra edilməməsi və tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə görə normalar tətbiq edilmişdir. Halbuki işin mahiyyəti etibarilə hər hansı öhdəliyin icra olunmamasından söhbət gedə bilməz. Belə ki, İcbari Tibbi sığorta agentliyi tərəfindən müəssisəmizə ünvanlanan məktubda qeyd edilmişdir ki, Bona Dea MMC tərəfindən digər xidmətlər hesabata daxil edilmədiyindən cəmi 2210 manat icbati tibbi sığorta tərəfindən qarşılanmışdır. Geri qalan məbləğin hesabata daxil edilməməsinə müəssisə olaraq Cavabdeh MMC cavabdeh deyil.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

30. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

31. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir..

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

42. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.

44. İşin faktiki hallarından, iddiaçı və cavabdeh arasında 14 oktyabr 2024-cü il tarixli xidmət müqaviləsi bağlandığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

45. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr müəyyən olunmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə tapşırıqla bağlı şərtlər tətbiq edilməlidir.

46. İddiaçı iş materiallarına əlavə edilmiş göstərilmiş xidmətlərin çıxarışına istinad edərək cavabdehə 15.610 manat dəyərində xidmətləri göstərdiyini, öz öhdəlikərini yerinə yetirdiyini, cavabdehin isə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini qismən ödədiyini, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəliklərini pozduğunu iddia etmişdir.

47. İşin faktiki hallarına əsasən işin yerinə yetirilməsinin sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

48. İş materialları ilə müəyyən olunur ki, ümumi dəyəri 15.610 manat olan yerinə yetirilmiş xidmətlərə görə tibbi xidmət siyahısı tərtib edilmiş, İcbari Tibbi Sığorta tərəfindən 2210 manat, xəstə - Qızhong Li tərəfindən 4.900 manat ödəniş edilmiş, yerdə qalan məbləğin ödənilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.

49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, elektron qaimə təsdiq edilmiş, həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya düzəliş edilməsi üçün müraciət edilməmişdir.

50. Eyni zamanda apellyasiya şikayətinin məzmunundan da müəyyən edilir ki, cavabdeh tərəfindən xidmətlərin göstərilməsi mübahisələndirilməmiş, yalnız göstərilmiş xidmətlərin dəyərinin İcbari Tibbi Sığorta tərəfindən ödənilməsini qeyd etsə də tərəflər arasında bağlanmış müqavilədə belə bir qeyd şərt nəzərdə tutulmamışdır.

51. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən “Sifarişçi” göstəriləcək xidmətlərin qarşılığı olan məbləği “İcraçı” tərəfindən ona hesab-faktura təqdim edildikdən 30 (otuz) təqvim günü müddətində “icraçı”nın hesabına ödəyir.

52. Bu kontekstdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin lazımınca icra edilməsi sübut edilməmişdir.

53. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

54. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

56. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-8088/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar