Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8247/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsi üzrə (açar sözlər: müflis elan edilmə və ödəmə qabiliyyətinin olması) X15 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ərizəçinin nümayəndəsi, Vəkil3, Maraqlı şəxs1 nümayəndəsi və vəkili Nümayəndə1 və nümayəndə X1, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, ərizəçi (Borclu) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “müflis elan edilməsi” barədə ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü olaraq “Etil” yeyintispirtinin və alkoqollu içkilərin topdan satışı (4617401) seçilmiş və faktiki olaraq qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmuş müəssisədir. Fəaliyyətinin ilkin dövrlərindən bir sıra müəssisələrlə əməkdaşlıq edilmiş və bazara uğurla daxil olunmuşdur. Hansı ki, ilkin olaraq bağlanan müqavilələrdən biri də Maraqlı şəxs1 MMC ilə bağlanan TSC 2022/20 saylı alqısatqı müqaviləsidir. Bundan əlavə qısa zaman ərzində müəssisənin Maraqlı şəxs5 MMC, Maraqlı şəxs2 MMC, X19 kimi yerli şirkətlərlə böyük əməkdaşlığı mövcud olmuşdur. Cəmiyyət bazar daxilində mövcud olan yanlış razılaşmalar səbəbilə sonrasında bir xeyli ziyan çəkmiş və əldə etdiyi məhsullarla əlaqədar ödəmə qabiliyyətini tamamilə itirmişdir. Belə ki, əməkdaşlıq edilən şirkətlər tərəfindən eksklüziv distributor razılaşmalarının bağlanılması ilə bağlı razılıqlar əldə edilsə də, əməkdaşların başqa şirkətlərlə müqavilələr bağlaması və sonda məhsulların yalnız tərəfindən deyil, digər müəssisələr tərəfindən satılması halları baş verdiyindən cəmiyyət xeyli ziyan çəkmişdir. Habelə müəssisə əməkdaşlıq etdiyi sahibkarlıq subyektlərinin məhsullarının topdan və pərakəndə satışını təmin etdiyi zaman yararlılıq müddəti bitmiş qida məhsullarının qaytarılmasını təmin edə bilmədiyindən məhsullar üzrə ziyanı faktiki olaraq iddiaçı çəkmək məcburiyyətində qalmışdır. Bundan əlavə kontragentlərin bəzisi soyuducular təqdim etməli olduğu halda bunu vaxtında etməmişdir. Satdığı məhsullar mövsümi xarakter daşıdığından soyuducuların vaxtında verilməməsi satış nöqtəsində məhsula təlabatın əsas təsir edici amili olaraq sərinləşdirilmiş şəkildə satışa çıxarılmasını qeyri-mümkün etmiş, nəticədə məhsul dövriyyəsinin kifayət qədər azalmasına səbəb olmuşdur. Həmçinin Merçendayzinq xidməti ilə bağlı razılaşmaya uyğun olaraq xərcləri kontragentlər ödəməli olduğu halda ödəniş edilməmiş, bu ödənişləri Ərizəçi MMC həyata keçirdiyi üçün xərclərin artmasına və ziyana səbəb olmuşdur. Qeyd olunan hallar onu deməyə əsas verir ki, topdan satışların həyata keçirildiyi kontragentlərin bir çoxunun razılaşmalara əməl etməməsi səbəbindən onların üzərinə düşən öhdəliklərin şirkət tərəfindən yerinə yetirilməsi məcburiyyətində qalındığından nəticədə külli miqdarda ziyan çəkmişlər. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri ərazisindən başqa, ölkənin bir sıra regionlarında yerləşən mağazalara qida və qeyri-qida məhsullarının satışını həyata keçirmiş, belə alqı-satqı münasibətlərindən öz öhdəliklərini yerinə yetirməyən mağazaların müəssisəyə zərər vurması halları baş vermişdir. Regionlarda mağazaların fəaliyyətlərini hüquqi formada həyata keçirməməsi və nəhayətində vergi ödəyicilərinin hesablarını dondurması ilə iddiaçıya olan borcların tələb edilməsi mümkün olmamışdır. Əməkdaşlıq çərçivəsində Maraqlı şəxs1 MMC, habelə X13 məhsulları ilə əlaqədar distributor razılaşmaların imzalanacağı gözlənilsə də, belə Müqavilələr imzalanmadan iş əlaqələrinə ziyan gəlmişdir. Hazırda şirkətin uğursuz razılaşmaları ucbatından Maraqlı şəxs1 MMC-yə (Qəbələ şəhəri., Elçin Kərimov 34) 299 949.1 manat, Maraqlı şəxs5 MMC-yə (Bakı şəh., Xətai ray., X16) 46 560.6 manat, Maraqlı şəxs2 MMC-yə (Bakı şəh., Nizami ray., Bəhruz Nuriyev küç ev 54., m56) 5 238 manat, X17 (Salyan şəhəri., A.Ağabəyli 7) 16 121 manat, Maraqlı şəxs6 MMC-yə (Bakı şəh., N.X8 26 a) 1605.12 manat, “X20 Company” MMC-ə (Saatlı rayonu Saatlı şəhəri Heydər Əliyev prospekti 25A) isə 8 677.65 manat həcmində borc öhdəlikləri yaranmışdır. Müəssisənin cari tarixə uyğun olaraq Azərbaycan Respublikasında icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərlə bağlı mövcud vəziyyəti aşağıdakı kimidir: • Məcburi dövlət sosial sığorta haqqı üzrə: 7502.23 manat, • İşsizlikdən sığorta haqqı üzrə: 361.76 manat, • İcbari tibbi sığorta haqqı üzrə: 1222 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5, 63.1-ci maddələrinə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2.5, 3, 11-ci maddələrinə istinad olunmuşdur. Ərizəçinin nümayəndəsi izahatında bildirmişdir ki, Ərizəçi MMC müxtəlif səbəblərdən uğursuz razılaşmalarına görə ödəmə qabiliyyətini itirmişdir. Hazırda bir neçə şirkətə qarşı borc məbləği qalmışdır. Bu səbəbdən məhkəmədən hüquqi şəxsin müflis elan olunmasını xahiş edir. Audit rəyində 46000 manat fərq görünürdü. Bu halla bağlı sübut təqdim edilmişdir. Burada zamin kimi çıxış edən Anar Bədəlov özünün digər şirkətinin hesabından ödəniş edib və bu onunla bağlı olmuşdur. Həmin dövrdə Ərizəçi ödəniş edə bilmədiyindən zamin kimi o ödəniş etmişdir. Həmçinin qarşı tərəfin iddia etdiyi ipoteka müqavilələri də qeydə alınmamış, həmçinin tərəflər arasında razılaşmaya əsasən 2024-cü ildən sonrakı münasibətlərə dair öhdəliklər üzrə ipoteka ediləcəkdi. Lakin 2024-cü il tarixdən sonra heç bir mal verilməmişdir. Auditor rəyində qeyd edilən 158000 debitor borcun hansı qaydada hesablanması barədə məlumatı yoxdur. Soyuducu təqdim edilməli olduğu halda təqdim edilmədiyi üçün mallar xarab olmuşdur. Hüquqi şəxs borclarını ödəmək üçün hər yola əl atmış, lakin uğursuz nəticələnmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlarda sistem üzrə 9086,25 manat borc, artıq ödəmə isə 2422,58 manat görünür. Lakin DSMF-nin öz sistemində 57000 manat borc qaldığı qeyd olunur. Hazırda hüquqi şəxsin adında heç bir əmlak yoxdur. Əvvəldən bu hüquqi şəxsin nizamnamə kapitalı 10 manat olmuşdur. Kreditor siyahısını məhkəməyə təqdim etmişdir. Son illərdə şirkətə ancaq ziyan dəymişdir, heç bir xeyir götürməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, ərizəçi tərəfindən təqdim edilən audit rəyində 46582 manat bank krediti qeyd edilmişdir. Həmin tarixə Ərizəçi MMC-nin öhdəlikləri ödəyə bilib-bilməməsi düzgün qiymətləndirilməsi, borclular siyahısında həmin bankın adının olmamasının səbəbi baxımından bilinməlidir ki, burada bank krediti dedikdə hansı bankdan söhbət gedir. Hazırkı məhkəmə araşdırmasının predmeti budur ki, iddiaçı tərəfin öhdəlikləri ödəmə imkanı var, yoxsa yoxdur. Bu suala cavab vermək lazımdır. İstənilən auditor rəyi sifarişçinin verdiyi məlumatlar əsasında tərtib edilir. Bu məlumatlar məhdud da ola bilər, çox da ola bilər. Kreditorlarla debitorların siyahısına baxdıqda onların verdikləri siyahıya əsasən onların 1200 manat alacaqları olduğu göstərilmişdir. Həmçinin 3 girov müqaviləsi məhkəməyə təqdim edilmişdir. 3 avtomobil notarial təsdiq edilmiş girov müqavilələri ilə onlarla olan müqaviləyə əsasən girov qoyulmuşdur. İddiaçı tərəf özləri də etiraf ediblər ki, onlara borcları var və bu borcun ödənilməsi üçün Anar Əliyev öz əmlaklarını girov qoymuşdur. 400000 manat vəsait şirkətə daxil olduğu halda nəyə görə bu vəsait borcun ödənilməsinə sərf olunmamışdır. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu müflisləşmə saxta müflisləşmə halıdır. Qarşı tərəfin bu iddianı qaldırmasının arxasında öz öhdəliklərindən yayınma dayanır. Məhkəməyə təqdim edilmiş auditor rəyində qeyd edilən məlumatların kreditor-debitor siyahısına uyğun gəlməməsi faktı da öz təsdiqini tapır. Qarşı tərəfin hazırda da 2 real, yetərli qədər əmlaka sahib olan təsisçiləri var. Təsisçilərdən biri Anar Bədəlov borc məbləğinə görə öz əmlakını onlara girova qoymuş, bununla bağlı ipoteka müqavilələri məhkəməyə təqdim edilmişdir. Digər təsisçi Ceyhun Tağıyevin isə əməkdaşlıq etdiyi yerlər, gəlir mənbələri var. Ortada 2 hüquqi fakt var. Birinci fakt ondan ibarətdir ki, kreditor və debitor siyahısına baxdıqda debitor siyahısı demək olar yoxdur, kreditor siyahısı isə genişdir. Bu onu göstərir ki, həmin vəsaitlər təsisçilərin öz maraqlarına uyğun məqsədlər üçün istifadə olunub. İkinci fakt isə audit rəyidir. Audit rəyi də heç bir halı təsdiq etmir, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hesab edir ki, bu tipli iddia ərizələri maliyyə sisteminin sabitliyi üçün təhlükə yaradır. Özü-özlüyündə mülki dövriyyə iştirakçıları qarşısında öhdəliklərdən yayınma, boyun qaçırma məqsədi daşıyır. Qarşı tərəf müflis vəziyyətdə deyil. Hüquqi şirkətin təsisçiləri dövriyyədən götürdükləri məxaricləri başqa layihələr üçün istifadə ediblər və borcu və digər kreditorların ödənişlərini qaytarmamaq üçün bu yoldan istifadə etməyə çalışırlar. İddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 MMC-nin nümayəndəsi A.Əliyeva izahatında bildirmişdir ki, bilərəkdən müflisləşmə ilə bağlı müraciət edilmişdir. Hazırda qanuni qüvvəyə minmiş qətnamə var və icra edilməlidir. Burada dələduzluq halı mövcuddur və bununla bağlı aidiyyatı orqanlara müraciət edilmişdir. Hüquqi şəxslərin Dövlət Reyestr məlumatlarına baxdıqda görünür ki, bu hüquqi şəxs 01 yanvar 2022-ci ildə təsis edilmiş və 2022-ci ilin fevral ayında onlarla müqavilə bağlamışdır. Hesab edir ki, bu əvvəlcədən düşünülmüş, bilərəkdən edilən bir addımdır. Tərəfin vəsaitinin olmamasının müəyyənləşdirilməsi üçün 200000 manat dəyərində malların alınıb satılması və dəyərinin ödənilməməsi halı araşdırılıb və hüquqi cəhətdən qiymət verilməsi daha düzgün ola bilərdi. Ərizənin rədd edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs “X4” MMC-nin nümayəndəsi bildirmişdir ki, ərizənin təmin olunmasına və ərizəçinin iflas etməsinə razı deyillər. Hazırda ərizəçinin onlara borcu vardır. Bununla bağlı e-qaimələr də vardır. Maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, ərizəçinin müflis elan edilməsinə etiraz edirlər. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi bildirmişdir ki, səlahiyyətlər vergi sisteminə keçdiyi üçün onlarda borc məbləği dəqiq göstərilmir. Lakin borcu olduğu halda qarşı tərəfin iflas etməsinə etiraz edirlər. Belə ki, sığorta edənin ümumilikdə 57119,89 manat məbləğində ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borcu mövcuddur. Borcun mənbəyi vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi də xx.xx.2022-ci il tarixdən alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına müvafiq olaraq da məcburi dövlət sosial sığorta haqqlarının hesablanması, borcların alınması, buna görə faizlərin hesablanması və digər fəaliyyətlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Lakin bununla yanaşı sübutlar araşdırılarkən sığorta edənin alt sistemində qeyd edilən ödənilməmiş borc mövcuddur. Maraqlı şəxs “X11 İstehsalat Kommersiya Şirkəti” MMC-nin vəkili məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı gələcəkdə icra sənədləri üzrə tələbin icrasından boyun qaçırmaq, qətnamələr üzrə borcun ödənilməsinin üzürlü səbəbi olaraq məhkəmənin qəbul etdiyi qətnaməyə istinad etməklə məsuliyyətdən yaxa qurtarmaq niyyətindədir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə–borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Sadalanan qanunvericilik normalarını və işin yuxarıda göstərilən hallarını nəzərə alınaraq, iddiaçının iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Belə ki, ödəmə qabiliyyəti olmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı qətnamələr üzrə əmələ gələn tələblərin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onların icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi, mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qətnamələrinin icrası müddətləri bitməmişdir. Digər maraqlı şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. Tədqiq olunan sübutlar: İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kreditorlar siyahısına əsasən onun "X11 İstehsalat Kommersiya Şirkəti" MMC-yə 16 121 manat, Maraqlı şəxs5 MMC-yə 46 560.60 manat, "xxxx" MMC-yə 5 238 manat, "xxxx" MMС-yə 1 605.12 manat, "X5" MMC-yə 8 677.65 manat, Maraqlı şəxs1 MMC-yə 299 949.10 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin debitorlarının siyahısına əsasən Buffeteriya Azərbaycanın 130.04 manat, X24 Bravonun 93 manat, Kingsmartın 1 367.69 manat, X7 116.25 manat, Baku MMC Topdan Satışın 63.70 manat, Möcüzə Marketin 193.99 manat, Sərham Marketin 460.91 manat, Restoran Bazar Şərq Bazarının 96.00 manat, Şok Marketin 49.94 manat, X18 72.90 manat, Üç Almanın 668.29 manat borcları vardır. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü "Economik CHA” MMC ilə "xxxx" MMC arasında bağlanmış 12 fevral 2025–ci il tarixli, CHA № 05 saylı auditor müqaviləsinə əsasən verilmiş 20 fevral 2025-ci il tarixli auditor rəyində qeyd olunmuşdur ki, 20 fevral 2025–ci il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə ümumi gəlirləri 90 393,26 (doxsan min üç yüz doxsan üç manat 26 qəpik) manat olmuşdur. 20 fevral 2025–ci il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə ümumi xərcləri 134 635,26 (bir yüz otuz dörd min altı yüz otuz beş manat 26 qəpik) manat olmuşdur. 20 fevral 2025-cі il tarixinə "xxxx" MMC-nin xalis zərəri 2024–cü il üzrə 44 242,00 ( qırx dörd min iki yüz qırx iki) manat təşkil etmişdir. 20 fevral 2025-cі il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə debitor borcu 158 055,38 ( bir yüz əlli səkkiz min əlli beş manat 38 qəpik) manat olmuşdur. Cəmiyyətin öhdəlikləri kreditor borcu 723 314,31 (yeddi yüz iyirmi üç min üç yüz on dörd manat 31 qəpik) manat və 46 582,98 (qırx altı min beş yüz səksən iki manat 98 qəpik) manat bank krediti olmuşdur. Maraqlı şəxs1 MMC-nin cavabdehlər Ərizəçi MMC və X2 qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Ərizəçi MMC-dən ƏDV daxil 248149,42 manat (iki yüz qırx səkkiz min yüz qırx doqquz manat qırx iki qəpik) borc, 12000 (on iki min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 297,58 manat (iki yüz doxsan yeddi manat əlli səkkiz qəpik) olmaqla, cəmi 260447 (iki yüz altmış min dörd yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin Maraqlı şəxs1 MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Ərizəçi MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-8247/2025 saylı iş üzrə məhkəmə iclasının xx.xx.2025-ci il tarixinə, saat 10.30-a təyin edildiyini, debitor ve kreditorların Bakı Kommersiya Məhkəməsinə müraciət edə biləcəklərini qeyd etmişdir. “Azərbaycan” qəzetində xx.xx.2025-ci il tarixdə nəşr edilmiş bildirişdə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin müflis elan olunması ilə bağlı müvafiq qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. E-2-2(113)-8247/2025 saylı iş üzrə növbəti hazırlıq iclası xx.xx.2025-ci il saat 15:15 tarixinə təyin olunmuşdur. “Azərbaycan” qəzetində xx.xx.2025-ci il tarixdə nəşr edilmiş bildirişdə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin müflis elan olunması ilə bağlı müvafiq qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. e-2-2(113)-8247/2025 saylı iş üzrə növbəti hazırlıq iclası xx.xx.2026-cı il saat 12:30 tarixinə təyin olunmuşdur. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-8247/2025 saylı iş üzrə məhkəmə baxışının xx.xx.2025-ci il tarixinə, saat 12:00-a təyin edildiyini, debitor ve kreditorların Bakı Kommersiya Məhkəməsinə müraciət edə biləcəklərini qeyd etmişdir. Çap tarixi xx.xx.2025-ci il olan Ərizəçi MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, onun DSMF üzrə borcu 7542,46 manat, İşsizlikdən Sığorta Fondu üzrə borcu 361,79 manat, İTS üzrə borcu 1222,39 manat təşkil edir. Maraqlı şəxs1 MMC (ipoteka saxlayan) ilə X9 (ipoteka qoyan), borc alan Ərizəçi MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, TSC 2022/20 nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini- Azərbaycan Respublikası DİN BDYP Qll tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BB434997 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WFOXXXTTFXCB51796, mühərrikin nömrəsi CB51796 və buraxılış ili 2012 olan X23 markalı 77LE651 dövlət nömrə nişanlı (rəng: ağ) avtomobil təşkil edir. Maraqlı şəxs1 MMC (ipoteka saxlayan) ilə X9 (ipoteka qoyan), borc alan Ərizəçi MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, TSC 2022/20 nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini- Azərbaycan Respublikası DİN BDYP Qll tərəfindən verilmiş xx.xx.2023-cü il tarixll BB381875 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2008 olan X12 Yük markalı 77XV980 dövlət nömrə nişanlı (rəng: ağ) avtomobil təşkil edir. Maraqlı şəxs1 MMC (ipoteka saxlayan) ilə X3 (ipoteka qoyan), borc alan Ərizəçi MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, TSC 2022/20 nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini- Azərbaycan Respublikası DİN BDYP Qll tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ABN 537769 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JHLRE48558C407275, mühərrikin nömrəsi ******* və buraxılış illi 2008 olan Honda CRV Minik markalı 90DS880 dövlət nömrə nişanlı (rang: tünd göy met.) avtomobil təşkil edir. "xxxx" ASC ilə Ərizəçi MMC arasında imzalanmış **********08022022 saylı xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X6 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10806/113 saylı Əlavənin 2-ci bəndinə əsasən Bank 50 000 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri(16%), komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə (24 ay) və qaydada Banka ödəməyi öhdəsinə götürür. "xxxx" ASC ilə X9 arasında 13848/113 saylı, X3 ilə 13849/113 saylı, "xxxx" MMC ilə isə 13847/113 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər "xxxx" MMC-nin Kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 63.1-ci maddəsinə əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 5-ci maddənin 1-ci hissəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. 5-ci maddənin 2-ci hissəsinə əsasən borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. Belə ki, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur. Hazırkı iş üzrə isə qeyd edilən kateqoriyadan olan sübutlar, xüsusilə sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən, ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixli auditorun rəyi mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, həmin rəy 2024-cü il üzrə verilmiş maliyyə hesabatları əsasında tərtib olunmuşdur və hazırda həmin hesabatlardan 2 il müddət keçmişdir. Bundan əlavə audit rəyində qeyd olunan debitor və kreditor borcu məbləğləri debitor və kreditorlar siyahısında qeyd olunan məbləğlərlə üst-üstə düşmür. Belə ki, audit rəyində kreditor borcu 723 314,31 manat qeyd olunsa da audit rəyində bu borc cəmi 377151,47 manat, debitor borcu 158 055,38 manat qeyd edilsə də, audit rəyində bu borc cəmi 3219,71 manat qeyd olunmuşdur. Bundan başqa həmin rəydə auditin necə aparılması, nələrin araşdırılması, məbləğlərin necə hesablanması və s. ilə bağlı heç bir məlumat qeyd olunmamış, sadəcə ərizəçinin məlumatları və ümumi sözlərdən ibarət olmuşdur. “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi (Borclu) Ərizəçi “müflis elan edilməsi” barədə ərizəsi rədd edilsin və onun müflis elan edilməsindən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8247/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8247/2025
06.02.2026 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver