Məhkəmə qərarları › İş №2-2(3-6)-90/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-90/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-90/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, ƏDV, komissiya haqqı, qabaqcadan ödəniş) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3624/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında xx.xx.2023-cü il tarixli İM/122023- 0001 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən “Sifarişçi” İddiaçı MMC İM/122023-0001- Pİ saylı Əlavədə göstərilmiş məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi də daxil olmaqla bu xidmətlərin satın alınması üçün “İcraçı”nın 63.160,09 ( (ƏDV daxil) manat təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan İM/122023-0001-Pİ saylı Əlavədə göstərilmiş məhsulların təhvil verilməsinin yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürür, 2.3-cü bəndinə əsasən “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) “İcraçı”dan qəbul ediməsini və dəyərinin ödəniməsini öhdəsinə götürür.

2. xx.xx.2023-cü il tarixli İM/122023-0001-Pİ saylı X1 ilə Cavabdeh MMC ümumi dəyəri 63.160,09 manat məbləğində malların istehsalçıdan satın alınması, yüklərin sığortalanması və nəqliyyatın təşkili, gömrük rəsmiləşdirilməsi və sifarişçiyə təhvil verilməsi öhdəliyini öz imza və möhürü ilə təsdiq etmişdir.

3. xx.xx.2023-cü il tarixli ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqavilə üzrə 53.525,5 manat və 9.634,59 manat məbləğində pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 53.525,50 manat əsas pulun (ƏDV-siz), həmin pulun cavabdehə ödənilməsi üçün çəkilmiş 63.17 manat bank xərcinin, 9.634,59 manat ƏDV olmaqla, ümumilikdə 63223.26 manat pulun və 409.96 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, İM/122023-0001 saylı məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Sifarişçi” İddiaçı MMC İM/122023-0001-Pİ saylıƏlavədə göstərilmiş məhsulların satın alınması, idxalı və gömrük rəsmiləşdirilməsi də daxil olmaqla bu xidmətlərin satın alınması üçün “İcraçı”nın 63.160,09 (ƏDV daxil) manat təklifini qəbul etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə şərtlər torplusunun” 3-cü bəndinə görə Sifariş olunan məhsulların istehsal müddəti də daxil olmaqla sifarişin “İcraçı” tərəfindən “Sifarişçi”yə 60 bank günündə təhvil verilməsi nəzərədə tutulmuşdur. Göründüyü kimi “Sifarişçi” müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikərin lazımınca və vaxtında icra etsə də “İcraçı” üzərinə götürdüyü öhdəliyi vaxtında və tamşəkildə icra etməmişdir.

6. Cavabdeh iddiaya etiraz edərək, göstərmişdir ki, xx.xx.2023 tarixli İM/072023- 0009 saylı müqavilə üzrə Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2023 tarixli müqavilə üzrə müqavilə predmetinə daxil olan bütün mallar iddiaçıya tam şəkildə təhvil verilmişdir. Təhvil prosesi birbaşa gömrük anbarından çıxarış sənədləri əsasında həyata keçirilmiş, mallar iddiaçının özünün təyin etdiyi ünvanda və sifarişçinin təyin etdiyi nümayəndənin iştirakı ilə təhvil verilmişdir. Malların istifadəyə verilməsi və quraşdırılması isə cavabdehin səlahiyyətlərinə aid olmayaraq, sifarişçi tərəfindən həyata keçirilmişdir. Faktiki olaraq, sifarişçi İddiaçı MMC Exim MMC tərəfindən təhvil aldığı mallardan istifadə edərək müxtəlif məkanlarda öz avadanlıqlarını quraşdırmışdır. Təhvil-təslim aktının texniki səbəblərdən yerində tərtib olunmaması malların faktiki təhvil verilməsi faktını dəyişdirmir. Faktiki təhvil sübutlarla təsdiqlənir. Bu səbəbdən, xx.xx.2023 tarixli müqavilə üzrə iddiaçının geri ödəniş tələbi əsassızdır və rədd edilməlidir. xx.xx.2023 tarixli müqavilə üzrə malların iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bu hal cavabdehin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, malların daşınması Çin istehsalçısının seçdiyi logistika şirkəti tərəfindən təşkil edilmiş və daşıma zamanı Qazaxıstan ərazisində gecikmələr yaranmışdır. Logistika şirkətinin verdiyi məlumata əsasən, malların gecikməsinin səbəbi təbii fəlakət (sel) nəticəsində malların zədələnməsi və Qazaxıstanda uzun müddət ərzində saxlanılması olmuşdur. Sonradan istehsalçı tərəfindən malların yenidən təhvil veriləcəyi bildirilsə də, bu proses həyata keçirilməmişdir və nəticədə müqavilə üzrə öhdəlik yerinə yetirilməmişdir. Bu hallar xx.xx.2023 tarixli müqavilə üzrə iddianın qiymətləndirilməsində nəzərə alınmalıdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3624/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli İM/122023-0001 müqaviləyə əsasən əsas borc üzrə 53.525 manat 50 qəpik, ƏDV borcu üzrə 9.634 manat 59 (qəpik olmaqla, ümumilikdə 63.160 manat 09 qəpik məbləğində pulun, Bank xərcinin əvəzi olaraq 63 manat 17 qəpik məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 279 manat 48 qəpik məbləğində pulun ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2023-cü il tarixli müqavilə üzrə 53.525,5 manat və 9.634,59 manat məbləğində pul köçürülmüşdür. Hazırda isə iddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən malın verilmədiyini bildirərək, ödənilmiş 53.525,5 manat əsas və 9.634,59 manat ƏDV ödənişinin geri qaytarılmasını xahiş edir. İş materiallarına Cavabdeh MMC tərəfindən elektron informasiya məhkəmə sisteminə xx.xx.2025-ci il tarixdə əlavə edilmiş etiraz ərizəsində xx.xx.2023-cü il tarixli müqavilə üzrə malların iddiaçıya təhvil verilməsinin mümkün olmadığı, sonradan istehsalçı tərəfindən malların yenidən təhvil veriləcəyi bildirilsə də, bu prosesin həyata keçirilmədiyi və nəticədə müqavilə üzrə öhdəliyin yerinə yetirilmədiyi bildirilmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcu qəbul etdiklərini bildirmiş, borcun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişlər. Ona görə də, Məhkəmə hesab edib ki, ödənilmiş, ancaq verilməyən malların dəyəri olan 63.160,09 manat (53.525,5+9.634,59) məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edib ki, qeyd edilmiş məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün çəkilmiş 63,17 manat məbləğində bank xərci də Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinə mütənasib olaraq, 279,48 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 599.3-cü maddələrinə istinad etmişdir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-3624/2025 saylı qətnaməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 217.1, 217.2 və 218-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyini nəzərə alaraq, tam şəkildə ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması, işə yenidən baxılarkən: Cavabdeh MMC tərəfindən təqdim edilmiş bütün sübutların və hüquqiarqumentlərin tam və obyektiv şəkildə araşdırılmasını, hər bir iddia tələbi üzrə ayrıca, aydın və əsaslandırılmış hüquqi nəticə çıxarılmasını, məhkəmə aktının hüquqi müəyyənlik, ədalətli balans və effektiv məhkəmə nəzarəti prinsiplərinə uyğun şəkildə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslndırmışdır ki, iş materiallarından, cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazlardan və məhkəmə baxışı zamanı formalaşmış mövqedən açıq şəkildə görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı iki ayrı müqavilədən irəli gələn maddi hüquq tələbləri irəli sürülmüşdür. Belə ki, iddia tələbləri tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli İM/072023-0009 saylımüqavilə və xx.xx.2023-cü il tarixli İM/122023-0001 saylı müqavilə üzrə münasibətlərə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin işə baxışı zamanı formalaşmış faktiki mövqedən görünür ki, məhkəmə xx.xx.2023-cü il tarixli İM/072023-0009 saylı müqavilə üzrə iddia tələbinin əsaslı olmadığını qəbul etmiş, yəni həmin müqavilə üzrə iddianın təmin edilməməsi mövqeyini tutmuşdur. Lakin bu mövqe Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin nə əsaslandırma, nə də nəticə hissəsində hüquqi nəticə şəklində ifadə edilmişdir. Nəticədə, göstərilən müqavilədən irəli gələn maddi hüquq münasibəti üzrə məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi, rədd edilməsi və ya ayrıca icraata ayrılması barədə heç bir qərar qəbul edilməmişdir. Bu hal iddia predmetinə daxil olan bir maddi hüquq münasibətinin məhkəmə tərəfindən ümumiyyətlə həll edilməməsi deməkdir. Maddi hüquq münasibətinin bu şəkildə natamam həll edilməsi tərəflərin hüquq və öhdəliklərini qeyri- müəyyən saxlayır, hüquqi müəyyənlik prinsipini pozur və faktiki olaraq maddi hüquq normalarının tətbiq edilməməsi ilə eyni hüquqi nəticəni doğurur. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli İM/122023-0001 saylı müqavilə üzrə əsas məbləğlə yanaşı 9.634,59 manat məbləğində ƏDV-nin də cavabdehdən tutulmasına qərar vermişdir. Lakin məhkəmə ƏDV-nin maddi hüquqi mahiyyətini və hüquqi rejimini düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 169- cu maddəsinə əsasən ƏDV yalnız vergi tutulan əməliyyat baş verdikdə və bu əməliyyat elektron vergi hesab fakturası ilə rəsmiləşdirildikdə yaranır. 171ci maddəyə əsasən isə əməliyyatın baş tutmaması, ləğv edilməsi və ya məbləğinin dəyişdirilməsi hallarında ƏDV üzrə düzəliş vergi uçotu çərçivəsində aparılmalıdır. Hazırkı işdə malların faktiki olaraq iddiaçıya təhvil verilmədiyi və əməliyyatın başa çatmadığıməhkəmə tərəfindən də müəyyən edilmişdir. Belə olan halda ƏDV-nin hüquqi taleyi mülki hüquq mübahisəsi çərçivəsində “borcun qaytarılması” mexanizmi ilə deyil, vergi uçotunda korrektə, elektron qaimə-faktura üzrə düzəliş və büdcə ilə qarşılıqlı hesablaşma mexanizmləri ilə həll edilməlidir. Məhkəmə isə ƏDV-nin hansı maddi hüquq normasına əsasən, hansı vergi nəticələri nəzərə alınmaqla və hansı hüquqi mexanizm çərçivəsində tutulduğunu əsaslandırmadan, onu avtomatik şəkildə əsas borcun tərkib hissəsi kimi qiymətləndirmişdir. Bu yanaşma vergi hüququ ilə mülki hüququn qarışdırılması, ƏDV-nin publik-hüquqi mahiyyətinin nəzərə alınmaması və nəticə etibarilə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi deməkdir. Məhkəmənin bu mövqeyi cavabdeh üçün ikiqat hüquqi risk yaradır: həm vergi uçotunda ƏDV öhdəliyinin saxlanılması, həm də eyni məbləğin mülki qaydada tutulması. Bu isə maddi hüququn əsas prinsiplərinə, xüsusilə ədalətli balans və hüquqi müəyyənlik prinsiplərinə ziddir və qətnamənin bu hissədə qanunsuzluğunu açıq şəkildə göstərir. İddiaçının irəli sürdüyü tələblərin bir hissəsi üzrə məhkəmə ümumiyyətlə qərar qəbul etməmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçının ödədiyi məbləğlərin tərkibi, o cümlədən ƏDV-nin hüquqi mahiyyəti və bu məbləğin mülki qaydada tutulmasının əsasları ayrıca araşdırılmadan ümumi borc tələbi kimi qiymətləndirilmişdir. Qətnamədə bu məsələlərə dair ayrıca hüquqi əsaslandırma verilməmişdir. Beləliklə, işin faktiki halları göstərir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərini tam və hərtərəfliaraşdırmamış, iddia predmetinin bütün hissələri üzrə hüquqi qiymət verməmiş və nəticədə qəbul edilmiş qətnamə işin faktiki hallarına və prosessual tələblərə tam uyğun olmamışdır.

12. Hazırkı işdə Cavabdeh MMC tərəfindən iddia tələblərinə qarşı yazılı etirazlar, hüquqi arqumentlər və müvafiq sübutlar təqdim edildiyi halda, birinci instansiya məhkəməsi bu mövqelərə qətnamədə faktiki olaraq hüquqi qiymət verməmişdir. Xüsusilə, iddiaçının iki ayrı müqavilə üzrə tələblər irəli sürməsinə baxmayaraq, məhkəmə faktiki baxış zamanı həmin müqavilələrdən biri üzrə iddia tələbinin əsaslı olmadığını qəbul etmiş, lakin bu mövqeni qətnamənin nə əsaslandırma, nə də nəticə hissəsində hüquqi nəticə şəklində əks etdirməmişdir. Bu hal tərəflərin çəkişmə imkanlarını formal xarakterə salmış, cavabdehin mövqeyinin məhkəmə aktında hüquqi nəticəalmasının qarşısını almış və MPM-in 9-cu maddəsində təsbit olunmuş çəkişmə və hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur.

13. Hazırkı qətnamədə Cavabdeh MMC tərəfindən təqdim edilmiş yazılı etirazların və sübutların niyə qəbul edilmədiyi, həmin sübutların hansı hüquqi əsaslarla kənarlaşdırıldığı izah olunmamışdır. Qətnamədə yalnız nəticə hissəsi ifadə edilmiş, lakin həmin nəticəyə hansı hüquqi və faktikiəsaslarla gəlinməsi göstərilməmişdir. Bu halməhkəmə aktının əsaslandırılmamış qalmasına, eləcə də apellyasiya instansiyası tərəfindən qətnamənin effektiv şəkildə yoxlanılmasının mümkünsüzləşməsinə səbəb olmuşdur. Qətnamədə iddia tələblərinin bir hissəsi üzrə ümumiyyətlə hüquqi nəticə çıxarılmaması, sübutların qiymətləndirilməsinin əsaslandırılmaması tərəflərin hüquqi vəziyyətini qeyri-müəyyən saxlamışdır. Bu hal cavabdehin apellyasiya hüququndan səmərəli hüquqi müəyyənlik və effektiv məhkəmə nəzarəti prinsipləri pozulub istifadəetməsini məhdudlaşdırmış və effektiv məhkəmə nəzarəti prinsipinə zidd olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmişdirlər. Tərəflər iclasda iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişlər.

16. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır Tətbiq edilən hüquq:

17. Mülki Məcəllənin: -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin olunduğundan və cavabdehin apellyasiya şikayətində borcun tərkibinin müəyyən edilməməsi, eləcə də yazılı etirazın dəlillərinə münasibət bildirilməməsi kimi dəlillər irəli sürməklə qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında İM/122023-0001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı ümumi dəyəri 63.160,09 manat (9634,59 manat ƏDV daxil) olan malların satın alınması, idxalı, gömrük rəsmiləşdirilməsini və sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş sənədlərinə əsasən isə sifarişçi müqavilə üzrə ümumilikdə ƏDV daxil 63.160,09 manat məbləğində ödənişi icraçının hesabına köçürmüşdür. Hazırda iddiaçı edilmiş ödəniş müqabilində malların təhvil verilmədiyini əsas gətirərək ödənilmiş pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə müqavilə üzrə malların təqdim edilməsinin daşıyıcının təqsiri üzündən mümkün olmamasını əsas göstərərək iddiaya etiraz etmiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsinə əsas kimi birinci instansiya məhkəməsinin iki ayrı müqavilə üzrə irəli sürülmüş tələblərin bir hissəsinə ümumiyyətlə hüquqi qiymət verməməsinə, etirazın dəlillərinə münasibət bildirilməməsinə, borcun tərkibini müəyyən etmədiyini və əsassız olaraq ƏDV məbləğini borcun tərkib hissəsi kimi dəyərləndirməsinə istinad etmişdir.

24. Kollegiya əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilə alqı-satqı və xidmət müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilə olsa da, hazırkı halda müqavilədə, eləcə də müqavilə üzrə göndərilmiş hesab-fakturada malların və xidmətlərin dəyəri ayrı-ayrılıqda göstərilmədiyindən, bundan əlavə müqavilə üzrə əsas öhdəlik məhz malların verilməsindən ibarət olduğundan, belə olan halda qabaqcadan ödənilmiş məbləğin əsas hissəsini təqdim edilməsi nəzərdə tutulan malların dəyəri təşkil etdiyindən hazırkı mübahisəyə alqı-satqı müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Odur ki, müqavilə üzrə qabaqcadan ödənilmiş pulun qaytarılması hissəsində iddianın qanuni əsasını isə Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

25. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2, 8 və 14.3-cü bəndləri malların təqdim edilməsi şərtlərini tənzimləyir və ümumi (blanket) xarakter daşıyaraq icra şərtlərinin xüsusi şərtlərdə konkretləşdiriləcəyini nəzərdə tutur. İM/122023-0001 saylı müqavilənin əsas şərtlər toplusunun 3-cü bəndinə əsasən sifariş olunan məhsullar 60 bank günü ərzində təhvil verilməli idi.

26. İş materiallarından isə görünür ki, iddiaçı malların dəyərini və ƏDV-ni xx.xx.2023-cü il tarixdə cavabdehin xeyrinə tam şəkildə ödəmişdir. Cavabdeh tərəfindən isə həmin ödənişin müqabilində malların iddiaçıya təhvil verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Görünən odur ki, iddiaçı qabaqcadan ödəniş etməklə müqavilədən irəli gələn öhdəliklərini icra etsə belə, cavabdeh malları təqdim etməmiş, bununla da iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsaslanaraq təhvil verilməmiş malların dəyərinin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır.

27. Kollegiya malların daşıyıcının təqsiri üzündən təqdim edilməməsi, yəni müqavilə üzrə öhdəliklərin pozulmasında təqsirli olmaması barədə cavabdehin etirazında istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, istinad edilən hallar mülki dövriyyənin professional iştirakçısı olan cavabdehin risk dairəsinə aid olmaqla cavabdehi təqdim edilməmiş mallara qabaqcadan ödənilmiş məbləği qaytarmaq öhdəliyindən, eləcə də malı təqdim etmək öhdəliyinin icra edilməməsinə görə məsuliyyətdən azad etmir.

28. Birinci instansiya məhkəməsinin qətnaməyə yazılı etirazına münasibət bildirməməsi bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaya etiraz təqdim etdikdən sonra məhkəmə iclasında xx.xx.2023-cü il tarixli müqavilə üzrə irəli sürülmüş tələb ilə razılaşdığını bildirdiyindən etirazın dəlillərinə münasibət bildirilməsinə zərurət aradan qalxmışdır. Odur ki, göstərilən halın prosessual pozuntu kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

29. Digər tərəfdən, cavabdeh birinci instansiya məhkəməsinin mövqeyini mübahisələndirərkən məhkəmənin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli digər müqavilə üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbə münasibət bildirilmədiyini dəlil kimi göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ilkin olaraq hər iki müqaviləyə əsaslanaraq qaldırılsa da, sonradan iddiaçı iddia həcmini azaldaraq iddia tələbini xx.xx.2023-cü il tarixli müqavilə üzrə pul tələbi ilə məhdudlaşdırmışdır. Odur ki, işə baxan məhkəmə iddiaçının tələbinin yalnız xx.xx.2023-cü il tarixli müqaviləyə əsaslandığını və MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq araşdırmanı həmin müqavilə çərçivəsində aparmaqda haqlı olmuşdur.

30. Cavabdeh apellyasiya şikayətində həm də məhkəmənin ƏDV məbləğinin tutulması hissəsində məhkəmənin gəldiyi nəticəni mübahisələndirmişdir. Həmin dəlillərlə bağlı kollegiya qeyd edir ki, Vergi Məcəllənin 159.1-ci maddəsinin tələblərindən göründüyü kimi əlavə dəyər vergisi mallar təqdim edilərkən (işlər görülərkən, xidmətlər göstərilərkən) malları təqdim edən (xidmətləri göstərən, işləri görən) şəxs tərəfindən ödənilməli olan vergidir. Bu zaman malları təqdim edən (xidmətləri göstərən və ya işləri görən) şəxs ödəməli olduğu ƏDV məbləğini malların (xidmətlərin və ya işlərinin) dəyərinə əlavə etməklə malı (xidməti və ya işləri) alan (qəbul edən) şəxsin ödəməli olduğu qiyməti müəyyən edir, malı (xidməti və ya işləri) alan (qəbul edən) şəxs isə yalnız malın (xidmətin və ya işin) razılaşdırılmış qiymətini ödəmək öhdəliyi daşıyır.

31. Beləliklə, satıcı (icraçı, podratçı) tərəfindən alıcıya (sifarişçi) ödənilməsi üçün təqdim edilən ƏDV məbləği müqavilə üzrə ödənilməli olan qiymətin bir hissəsidir və həmin məbləğin ödənilməsi də iddiaçının müqavilə üzrə öhdəliklərinə daxildir. Bundan əlavə həmin məbləğ dövlət büdcəsinə deyil, ƏDV ödəyicisi olan satıcının (icraçının, podratçının) ƏDV subhesabına ödənilir. Hazırkı halda isə mallar faktiki olaraq təqdim edilmədiyindən və alqı-satqı müqaviləsi ləğv edildiyindən alıcı tərəfindən satıcıya ödənilmiş məbləğ (malın dəyərinə daxil olan və satıcının ƏDV subhesabına ödənilmiş ƏDV məbləği də daxil olmaqla) satıcının hüquqi əsas olmadan əldə etdiyi pul vəsaiti hesab olunur.

32. Kollegiya onu da qeyd edir ki, hazırkı halda ƏDV məbləğinin məhkəmə qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulması vergi ödəyicisi olan cavabdeh tərəfindən ƏDV tutulan əməliyyatın baş tutmamasının və ya ləğv edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada (məsələn, elektron qaimə ləğv edilməklə və ya malların geri qaytarılması barədə elektron qaimə göndərilməklə və s.) rəsmiləşdirilməsinə, bunun əsasında ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsinə və baş tutmamış əməliyyata görə ödənilmiş ƏDV-nin vergi orqanından geri alınmasına mane olmur.

33. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, ƏDV daxil olmaqla 63.160,09 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasına dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Digər tərəfdən, iddiaçı icra edilmiş ödənişlər üzrə bank tərəfindən tutulmuş 63,17 manat məbləğində bank xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin hissədə iddia tələbinin hüquqi əsası Mülki Məcəllənin 443.1-ci maddəsidir. Belə ki, işin hallarından görünür ki, 63,17 manat məbləğ iddiaçı tərəfindən mübahisə predmeti olan pul vəsaitinin – çatdırılmalı malların dəyərinin – cavabdehə köçürülməsi zamanı bank tərəfindən tutulmuş xidməti haqqıdır. Müqavilə öhdəliyi cavabdeh tərəfindən icra edilmədiyindən, həmin məbləğ iddiaçının çəkdiyi real zərər kimi qiymətləndirilməli və Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə uyğun olaraq cavabdehdən tutulmalıdır.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3624/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar