Məhkəmə qərarları › İş №2-2(3-7)-1/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-1/2026

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-1/2026 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 1899/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsinə əsasən, "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Z105 saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Bu Müqavilə üzrə verilməsi nəzərdə tutulan kreditin mühüm şərtləri aşağıdakılar çərçivəsində olacaq və onları aşmayacaq: Öhdəliyin yuxarı həddi – 100.000, illik faizin yuxarı həddi – 15%, öhdəliyin icra müddəti - ən çoxu 12 ay.

3. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsinə xx.xx.2024-cü il tarixli, 1 nömrəli Əlavədən görünür ki, tərəflər razılaşır və təsdiq edirlər ki, 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinin 5.3-cü bəndinin müddəası bundan sonra aşağıdakı redaksiyada oxunsun: Bank tərfındən kreditin verilməsindən imtina edildiyi halda Zaminin əlavə müraciəti əsasında imtina edilmiş Borcalana kredit verilə bilər. Zaminin həmin müraciəti mübahisəsiz qaydada Bank tərəfindən təsdiq olunacaq və müraciətdə adları göstərilən borclulara verilən kreditlərin əsas məbləğinin, ona hesablanan faizlərin kredit rəsmiləşdirilən ilin sonuna kimi bu Müqavilənin 2.2.4-cü və 2.3.2-ci bəndləri ilə nəzərdə tutulan hallar istisna olmaqla, tam ödənilməsinə görə Zamin Bank qarşısında zaminlik öhdəliyi daşıyacaq. Müqavilənin digər bəndləri dəyişilməz olaraq qalır. X1 MKT İstehsalat Kommersiya” MMC və "xxxx" ASC arasında bağlanan № 01/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunur və eyni hüquqi qüvvəyə malikdir. X1 2 (iki) nüsxədə imzalanır və tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır. Əlavə Razılaşma imzalandığı gündən qüvvəyə minir.

4. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsinə xx.xx.2024-cü il tarixli, 2 nömrəli Əlavədən görünür ki, Tərəflər razılaşır və təsdiq edirlər ki, № 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsində aşağıdakı dəyişiklik edilir: 1.4-cü bəndində “100 000 (bir yüz min)” sözləri “400 000 (dörd yüz min)” sözləri ilə əvəz edilir. Müqavilənin digər bəndləri dəyişilməz olaraq qalır. X1 MKT İstehsalat Kommersiya” MMC və "xxxx" ASC arasında bağlanan № 01/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz hissəsi hesab olunur və eyni hüquqi qüvvəyə malikdir. X1 2 (iki) nüsxədə imzalanır və tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır. Əlavə Razılaşma imzalandığı gündən qüvvəyə minir.

5. Cavabdehə məxsus hesabdan çıxarış məlumatından görünür ki, borcalanın hesabına "xxxx" ASC tərəfindən ümumilikdə 11682 manat pul köçürülmüşdür.

6. Cavabdehin hesabdan çıxarış məlumatından görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 1350 manat, 127,67 manat, 6067,4 manat, 300 manat, 32,15 manat, 612 manat, 34,95 manat, 1020 manat, 69,78 manat, 16,25 manat, 21,35 manat, 98,43 manat, 4,85 manat, 9,79 manat olmaqla, ümumilikdə 9764,62 manat məbləğində kredit borcu ödənilmişdir

7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, cavabdehin 9349,4 manat əsas, 415,22 manat faiz borcu, cəmi 9764,62 manat borcu qalmış, zamin "xxxx" MMC tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq "xxxx" ASC-yə ödənilmişdir.

8. Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin iddiaçıya aid qeydiyyatdan xx.xx.2025-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin adı dəyişdirilərək Prime Cotton” MMC adlandırılmışdır.

9. İddiaçının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin adını dəyişərək, İddiaçı MMC ilə fəaliyyətinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir və yeni ad xx.xx.2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. 10.İddiaçı zamin olaraq ödədiyi vəsaitin ona ödənilməsinə dair cavabdehə müraciət etmiş və mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh zaminlik müqaviləsi üzrə 9764,62 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 117,65 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə (bundan sonra “İddiaçı”) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü tarixli 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmişdir. İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 9764,62 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 9764,62 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1899/2025 nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 9764,62 (doqquz min yeddi yüz altmış dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,65 (bir yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki Məcəllənin zaminlik haqqında müddəalarının tələblərinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

15. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir.

16. İşin mübahisəsiz hallarına əsasən bank tərəfindən borcalana kredit məbləği verilmiş, borcalan tərəfindən borc məbləği tam ödənilməmiş, borcalanın banka 9764,62 manat borcu qalmış, zamin tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq banka ödənilmişdir.

17. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı zamin olaraq ödədiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, 9764,62 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.2.1, 447.2.2, 447.2.3, 448.1, 470.1., 472.1, 472.2, 472.3, 472.4, 474.1, 474.2, 474.3, 475.1, 475.2, 475.3, 743.1, 743.2, 745.5, 746.1, 746.3, 746-5.2, 742.5.1 və 742.5.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 119.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

19. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1899/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə yalnız iddiaçı cəmiyyətin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Bildirir ki, iddiaçı tərəf vaxtında pulu ayırmadığı üçün, torpaq sahəsini öz vəsati hesabına münbit hala gətirmişdir. Vaxtında su ilə təmin edə bilmədiyi üçün məhsuldarlıqda problemlər yaranmışdır. Hətta Bərdə DAİM-nin əməkdaşının iştirakı ilə hələ məhsul yetişmədiyi dövrdə, onların ərazini, o cümlədən onun torpaq sahəsinin də su ilə təmin edilmədiyi müəyyən edilmiş və bu halın məhsuldarlığa mənfi təsir göstərəcəyi əvvəlcədən proqnozlaşdırılmışdır. Onunla qonşu ərazilərdə fəaliyyət göstərən femerlər də eyni aqibətlə üzləşmişdir. Ancaq iddiaçı tərəfin laqeydliyi ucbatından maddi ziyana düşmüşdür. Təsərrüfatına dəymiş ziyanla bağlı MMC-nin bütün rəhbər şəxsləri ilə danışıqlar aparmışdır. Onlar da bildirmişlər ki, onun burada heç bir günahı yoxdur. O, fermer kimi illərdir torpaq sahəsində əkinçiliklə məşğul olaraq, ailəsini dolandırır. Ondan asılı olmayan fors-major hadisəsi nəticəsində ziyana düşmüşdür. Sadalananlara əsasən hesab edir ki, ondan asılı olmayan səbəblərdən müqavilə şərtlərini yerinə yetirməməyi fors-major halı hesab edilməli və iddia tələbi rədd edilməklə, apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək səhhətində problem olduğu üçün məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin bununla bağlı müvafiq sübutları ərizəsinə əlavə etməmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz sayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

32. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

33. Maddə 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

40. Maddə 473. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.

41. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

42. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

43. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

44. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

55. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

58. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam şəkildə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1899/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli Z105 saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank, müqavilədə nəzərdə tutulmuş şərtlərlə cavabdehə kredit verməyi, cavabdeh isə istifadə etdiyi kredit məbləğini və hesablanmış faizləri müəyyən edilmiş müddətlərdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdehin hesabına bank tərəfindən ümumilikdə 11.682 manat məbləğində pul vəsaiti köçürülmüşdür ki, bu hal cavabdehin hesabdan çıxarış məlumatları ilə də təsdiq olunur.

63. Bununla yanaşı, iş materiallarından görünür ki, "xxxx" ASC ilə əvvəlki adı "xxxx" MMC olan, hazırda isə İddiaçı MMC adı altında fəaliyyət göstərən iddiaçı arasında xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə və ona sonradan bağlanmış əlavələrə əsasən iddiaçı pambıq istehsalı ilə məşğul olan fiziki şəxslərin, o cümlədən cavabdehin bank qarşısında kredit öhdəliklərinin icrasına təminat vermək məqsədilə zamin qismində çıxış etmiş, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədiyi halda borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

64. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, kreditor isə borcludan bu öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 425.1-ci maddəsi isə tərəflərin öhdəliklərini vicdanlılıq prinsipinə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və lazımi qaydada icra etməli olduqlarını təsbit edir.

65. İş üzrə mübahisəsiz hallar onu göstərir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü pul öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, nəticədə Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin pozulması halına yol vermişdir. Cavabdehin öhdəliyi icra etməməsi faktı bank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışla da təsdiqlənir. Həmin arayışdan görünür ki, cavabdehin banka 9.349,40 manat əsas borc və 415,22 manat faiz borcu olmaqla, ümumilikdə 9.764,62 manat məbləğində borcu yaranmışdır.

66. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri gecikdirməklə və borcu tam ödəməməklə kreditor qarşısında öhdəliyin icrasını təmin etməmiş, nəticədə kredit müqaviləsindən irəli gələn öhdəliklər zamin tərəfindən icra edilmişdir.

67. Belə ki, "xxxx" ASC-nin təqdim etdiyi rəsmi arayışdan və iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, zamin İddiaçı MMC tərəfindən cavabdehin banka olan borcu xx.xx.2025-ci il tarixdə tam şəkildə ödənilmişdir. Bununla da iddiaçı zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etmişdir.

68. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə isə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu hüquqi tənzimləmə zaminin borclunun əvəzinə öhdəliyi icra etməsi halında ona qarşı regres tələbi irəli sürmək hüququnu da nəzərdə tutur.

69. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları, zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir və zamin borcludan kreditora ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ əldə edir. Bu norma iddiaçının cavabdehdən 9.764,62 manat məbləğin tutulmasını tələb etməsinin birbaşa maddi hüquqi əsasını təşkil edir.

70. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

71. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən arqumentlər, xüsusilə kənd təsərrüfatı fəaliyyətində çətinliklərin yaranması, suvarma problemləri, məhsuldarlığın azalması və fors-major hallarına istinad edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilmir. Qeyd olunmalıdır ki, fors-major halının mövcudluğu borclunu öhdəliyin icrasına görə məsuliyyətdən azad edən istisna hal kimi yalnız müvafiq səlahiyyətli orqanlar tərəfindən təsdiq edildikdə və həmin hal ilə öhdəliyin icra edilməməsi arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcud olduqda qəbul edilə bilər.

72. Cavabdeh isə iş materiallarına fors-major halının mövcudluğunu təsdiq edən rəsmi sənədlər təqdim etməmiş, kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icrasının obyektiv olaraq mümkünsüzlüyünü sübut edə bilməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icrası isə borclunun təsərrüfat riskinə aid edilir və məhsuldarlığın azalması, maliyyə çətinlikləri kimi hallar bu öhdəliyin icrasını istisna etmir.

73. Eyni zamanda, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü arqumentləri təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etmədiyindən, həmin arqumentlər hüquqi əhəmiyyət kəsb etmir.

74. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla pulun ödənilməsini yubatmaq xarakteri daşıyır.

75. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutları hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və iddiaçının zamin qismində ödədiyi pul məbləğinin cavabdehdən tutulması barədə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.

76. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

77. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, hazırki qətnamə ilə mübahisələndirilən borcun məbləği 9.764,62 manat olmaqla 10000 manatdan azdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1899/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar