Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-3/2026 04.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1909/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1909/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Cavabdeh 59805 (əlli doqquz min səkkiz yüz beş) manat 77 (yetmiş yeddi) qəpik borc və ödənilmiş 269 (iki yüz altmış doqquz) manat 41 (qırx bir) qəpik dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il;e-2-2(115)-1909/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 59805,77 manat borc və ödənilmiş 269,41 manat rüsum olmaqla, cəmi 60090,18 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmişdir. İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 64805,77 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 64805,77 manat borcu yaranmışdır. Bu borc üzrə cavabdeh tərəfindən ümumilikdə 5000 manat vəsait iddiaçıya geri ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 59805,77 manat borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 64805,77 manat borcu qalmış, zamin "xxxx" MMC tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq "xxxx" ASC-yə ödənilmişdir. Lakin işə baxan məhkəmə heç bir araşdırma aparmadan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına istinad edərək iddia tələbini tam təmin etmişdir. Məhkəmə əsas və faiz borcunun nədən ibarət olmasını, yəni əsas və faiz borcunun hansı formada hesablanmasını və yaranmasını araşdırmamışdır. Halbuki o, məhkəmə prosesində izahat verərkən borcun düzgün hesablanmaması ilə bağlı fikrini sədrlik edən hakimin diqqətinə çatırmışdır. Eyni zamanda iddiaçının iddia ərizəsinə görədən də görünür ki, kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa görə cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 64805,77 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 64805,77 manat borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilmədən işin obyektiv və hərtərəfli tədqiqinə nail olmaq mümkün deyildir. Ona görə də borcun düzgün hesablanmasını müəyyən etmək üçün xüsusi bilik tələb olduğundan iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. Borcun düzgün hesablanmasını müəyyən etmək isə xüsusi bilik tələb edir. Buna görə də hesab edir ki, mühasibatlıq ekspertizası keçirilməli idi. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etsəydi, müəyyən olunardı ki, onun qətnamədə göstərilən məbləğdə kreditor banka borcu olmamışdır. Yuxarıda qeyd edilən bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Əgər qeyd edilən bu faktiki hallara məhkəmə tərəfindən qiymət verilsəydi, müəyyən edilərdi ki, mənim borcun qətnamədə göstərilən məbləğdən az olmuşdur. Lakin buna baxmayaraq, ekspertiza keçirilməsi ilə bağlı məhkəmə qərardad qəbul etməmişdir. Məhkəmə işə baxarkən ancaq iddiaçı tərəfindəntəqdim edilmiş sübutları nəzərə almış, lakin təqdim olunmuş kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışda olan əsas və faiz borcunun nədən ibarət olmasını, yəni əsas və faiz borcunun hansı formada hesablanmasını və yaranmasını səbəbini araşdırmamışdır. Bundan başqa, iddia tələbinin təmin edilməməsində iş üçün əhəmiyyətli olan hallar başqa sübutlarla təsdiq edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, uzun illərdir ki, pambıq əkilib-yetişdirilməsi ilə məşğuldur. 2024-cü ildə də 200 ha torpaq sahəsində pambıq yetişdirilməsi ilə məşğul olmuşdur. Maliyyələşmə əvvəlki illərdən fərqli olaraq bank tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditin müəyyən hissəsini ödəmişdir. Lakin ödədiyi məbləğin miqdarı ilə bağlı sübut təqdim edə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlu cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dyişdirilmədən saxlanılmasını xahiş etdi və cavabdehin borcunun kreditor bankın təqdim etdiyi hesabdan çıxarışlarla təsdiq olunduğunu bildirdi. Əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh arasında yeni mövsümdə də xam pambığın yetişdirilməsi və alğı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli E3711 saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüş və 12 ay müdddətinə illik 15% olmaqla 400.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarış məlumatından görünür ki, borcalanın hesabına "xxxx" ASC tərəfindən ümumilikdə 202904 (iki yüz iki min doqquz yüz dörd) manat pul köçürülmüşdür. İddiaçı MMC tərəfindən 26139,38 manat, 609,76 manat, 37295,17 manat, 170,94 manat, 590,52 manat pul "xxxx" ASC-yə köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 64805,77 manat borcu qalmış, zamin "xxxx" MMC tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüş, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor "xxxx" ASC Cavabdeh kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 64805,77 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 64805,77 manat borcu yaranmış, həmin borcdan cavabdeh tərəfindən ümumilikdə 5000 manat vəsait iddiaçıya geri ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 59805,77 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən göründüyü kimi tərəflərin arasında birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələr imzalanmış, həmin müqavilələrin şərtlərinə əsasən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlilləri razılaşmır. Ona görə ki, iş materiallarında olan maliyyə arayışından, həmçinin hesabdan çıxarışdan göründüyü kimi əsas borclu - cavabdeh tərəfindən ödənilməmiş əsas borcdan cəmi 5000 manat ödəniş edilmiş, edilmiş faiz ödənişlərinin hamısı nəzərə alınmış, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1909/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1909/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(3-7)-3/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-3/2026
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver