Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-16/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2-2(119)-1855/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli ”Aqroservis” ASC-yə məxsus soyuducu kameranın istifadəyə verilməsi barədə müqavilənin 1.1-ci bəndinə əsasən, Quba rayonunda atmosfer kontrollu (qaz sistemli) soyuducu kameranı hər ay 3000 manat olmaqla, müvəqqəti istifadə üçün 4 ay müddətinə sonuncuya istifadəyə verilmişdir.
2. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, müqavilə üzrə ümumi istifadə haqqı 12000 manat təşkil edir. - 2.2.2-ci yarımbəndinə əsasən, istifadəçi (cavabdeh) müqavilə şərtlərinə tam uyğun qaydada istifadə haqqını ödəyir. - 3.1-ci bəndinə əsasən, istifadəçi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş istifadə haqqını istifadəyə verən tərəfindən müəyyən edilmiş hesablara ödəyir.
3. Tərəflərin iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmış 26 noyabr 2024cü il tarixli Quba rayonu 2-ci Nügədi kəndi ərazisində quraşdırılmış atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlığının təhvil verilməsi barədə aktdan görünür ki, “Aqroservis" ASC-nin (əvvəlki “Aqrolizinq" ASC-nin) balansında olan, Quba rayonu 2- Nügədi kəndi ərazisində quraşdırılmış atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlığı işlənmiş və təyinatı üzrə yararlı vəziyyətdə Cavabdeh təhvil verilmişdir.
4. 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya qalıq borcunun məbləği 12000 manat məbləğində təşkil edir və 912 manat məbləğində cərimə hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12000 (on iki min) manat məbləğində əsas borc, 912 (doqquz yüz on iki) manat məbləğində cərimə və 128,74 (yüz iyirmi səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13040,74 (on üç min qırx manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23 noyabr 2024- cü il tarixli 04-İS/24 nömrəli müqaviləyə əsasən, iddiaçıya məxsus atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən sözügedən atmosfer kontrollu soyuducu kameran hər ay 3000 manat məbləğində ödəniş edilməsi müqabilində müvəqqəti istifadə üçün 4 ay müddətinə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, hansısa ödəniş yerinə yetirilməmişdir. Cavabdehin iddiaçıya hal-hazırda qeyd edilən müqavilə üzrə 12000 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında başlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən, istifadə haqqı üzürsüz səbəbdən vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi (cavabdeh) tərəfindən icarə haqqının 0,1 faizi həcmində cərimə ödənilir. Qeyd edilən bəndə əsasən, hazırkı dövrədək olan borcun məbləği 12000 manat və gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin məbləği 912 manat təşkil etmişdir. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 1855/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 12000 (on iki min) manat məbləğində əsas borcun, 600 (altı yüz) manat məbləğində cərimənin, 127,8 (yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12727,8 (on iki min yeddi yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 700.1, 700.2, 700.3, 675, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 152, 385, 675 və 700-cü maddələri üzrə - məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan ziddiyyətlər araşdırılmamışdır. Belə ki, mübahisə predmeti olan atmosfer kontrollu (qaz sistemli) soyuducu kameralar 2011-ci ildən etibarən onun tərəfindən lizinq yolu ilə götürülmüşdür. Lizinq öhdəlikləri üzrə sonradan İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmə qərarı ilə həm pul tələbi təmin edilmiş, həm də avadanlığın ondan geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin qeyd edilən avadanlıqlar daşınar əmlak kimi faktiki olaraq geri götürülməsi mümkün olmayan avadanlıqlardır. Avadanlıq tikili şəklində quraşdırılmış, beton konstruksiyalara birləşdirilmişdir. Onların sökülməsi üçün panellərin doğranması, betonun dağıdılması tələb olunur ki, bu da avadanlığın təyinatını dəyişir və onu yararsız hala salır. Bu səbəbdən İddiaçı ASC tərəfindən avadanlığın faktiki geri götürülməsi mümkün olmamışdır. Məhz bu hal nəzərə alınaraq, 2024-cü ildə tərəflər arasında müvəqqəti və mövsümi istifadə görüntüsü altında faktiki olaraq alqı-satqıya hazırlıq xarakterli münasibətlər formalaşmışdır. 2024-cü ildə atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlığının təhvil verilməsi barədə aktdan görünür ki, “Aqroservis" ASC-nin (əvvəlki “Aqrolizinq" ASC-nin) balansında olan, Quba rayonu 2-ci Nügədi kəndi ərazisində quraşdırılmış atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlığı işlənmiş və təyinatı üzrə yararlı vəziyyətdə ona təhvil verildiyi göstərilsə də, həmin avadanlıq 2011-ci ildən onun istifadəsində və sərəncamındadır. Məhkəmə 14 ildir istifadəsində olan avadanlığın istismar xarakterini, amortizasiya elementlərini, aşınması və digər texniki parametrləri barədə hər hansı müvqe və araşdırma, o cümlədən iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir. İddiaçı tərəfindən avadanlıq formal olaraq mövsümi istifadəyə verilsə də, tərəflər arasında qiymət üzrə danışıqlar aparılmış, sonda razılıq əldə edilmiş və alqı-satqı müqaviləsi hazırlanmışdır. Müqavilə iddiaçı tərəfindən gec təqdim edildiyi üçün birinci instansiya məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Buna baxmayaraq, məhkəməyə şifahi qaydada alqı-satqı münasibətlərinin mövcudluğu, avadanlığın geri qaytarılmasının mümkün olmaması və istifadəyə görə haqq tələbinin yalnız formal xarakter daşıdığı açıq şəkildə bildirilmişdir. Dəfələrlə tərəflər arasında danışıqlar aparıldığını məhkəməyə bildirmişdir. Onunla iddiaçı arasında hazırki mübahisə predmeti olan avadanlıqlarla bağlı alqı-satqı müqaviləsi bağlanmış və avadanlıqların ümumi dəyəri 70000 manat qiymətləndirilmişdir. Müqavilənin 3.1-ci bəndində göstərildiyi kimi həmin avadanlığın dəyərini təşkil edən vəsaiti 2025-ci ilin 20 noyabr tarixədək tam ödənməlidir. O, həmin avadanlığın dəyərini təşkil edən məbləği tam olaraq ödəmişdir. Yalnız tam ödəniş olduqdan sonra ona müqaviləni təqdim etmişlər. Buna görə vaxtında məhkəməyə təqdim edə bilməmişdir. Əgər avadanlıq üzrə 70000 manat ödəniş yerinə yetirir, amma həmin məbləği qəbul edən iddiaçı nə üçünsə 2024-cü il üzrə hazırki iddiada tələb etdiyi məbləğə yönəltmir, avadanlığın onun mülkiyyətinə keçməsi əsasında alqı-satqı eliyir. Burdan da göründüyü kimi iddiaçı haqsız qazanc əldə etməklə əssasız varlanır, malın dəyərini ondan bir neçə dəfə təkrar alır. Məhkəmə tərəfindən istifadəyə görə ödəniş məsələsinin aydınlaşdırılması məqsədilə işə baxılmasının dayandırılacağı bildirilsə də, bu edilməmiş və nəticədə barəsində qətnamə qəbul olunmuşdur. Lizinq münasibətlərinin tarixi, avadanlığın texniki cəhətdən geri qaytarılmasının mümkün olmaması və alqı-satqı üzrə razılaşmanın mövcudluğu araşdırılmamışdır. İddiaçı avadanlığın mübahisə dövründə öz mülkiyyətində olduğunu və istifadə haqqının tələb edilməsinə hüquqi əsas olduğunu sübut edə bilməmişdir. Avadanlıq alqı-satqı müqaviləsi ilə ona satıldığı halda, istifadəyə görə haqq tutulması qanunsuzdur və qətnamənin nəticələri işin faktiki hallarına ziddir. MPM-in 77.1, 198 və 217.4-cü maddələri üzrə - işin baxılmasının dayandırılması üçün əsaslar olduğu halda, məhkəmə bu məsələni həll etməmiş, qətnamə tam araşdırılmamış faktlara əsaslanmış, məhkəmə iddiaçının tələbini sübut etməsini tələb etməmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi bunu onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsinin hüquqi təbiətinə uyğun olan 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli müqavilə bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı atmosfer kontrollu (qaz sistemli) soyuducu kameranı hər ay 3000 manat məbləğində ödəniş edilməsi şərtilə, müvəqqəti istifadə üçün 4 ay müddətinə cavabdehin istifadəsinə (icarəsinə) vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə tam riayət etməyərək həmin obyektin istifadəsi (icarəsi) ilə əlaqədar ödənişləri icra etməmiş və nəticədə onun iddiaçıya 12000 manat məbləğində borcu yaranmışdır.
17. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, tərəflər arasında hazırki mübahisə predmeti olan avadanlıqlarla bağlı alqı-satqı müqaviləsi bağlanmış və avadanlıqların ümumi dəyəri 70000 manat qiymətləndirilmişdir. Müqavilənin 3.1-ci bəndində göstərildiyi kimi həmin avadanlığın dəyərini təşkil edən vəsaiti 2025-ci ilin 20 noyabr tarixədək tam ödənməli olduğundan və yalnız tam ödəniş olduqdan sonra müqavilə cavabdehə təqdim edildiyindən həmin müqaviləni vaxtında məhkəməyə təqdim edə bilməmişdir.
18. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
20. Kollegiya qeyd edir ki, cavabdeh qeyd olunan dəlillərlə əlaqədar tərəflər arasında atmosfer kontrollu (qaz sistemli) soyuducu kameraya dair bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edildiyindən həmin müqavilə MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından ümumiyyətlə sübut kimi qəbul edilməməlidir. Belə ki, hazırkı mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh hər-hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, həmin müqavilənin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır.
21. Digər tərəfdən həmin müqavilənin mövcudluğu iddia tələbinin təmin olunmasını aradan qaldıran hal kimi də qiymətləndirilə bilməz. Belə ki, nə iddiaçının iddiasını əsaslandırdığı 23 noyabr 2024-cü il tarixli müqavilədə, nə də cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsində cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri (istifadəyə görə nəzərdə tutulmuş 12000 manat pulun alğı-satqı müqaviləsində ümumi məbləğdən çıxılmalı olması) təsdiq edən hər-hansı şərt müəyyən olunmamışdır. İddiaçı tərəflər arasında avadanlığın istifadəsinə dair müqavilə bağlanarkən həmin avadanlığın gələcəkdə alqı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçiriləcəyi təqdirdə icarə haqqının alqı-satqı məbləğindən çıxılacağı ilə bağlı hər-hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatlarda müvafiq avadanlığın sonradan cavabdehin mülkiyyətinə keçsə belə, həmin avadanlıqdan istifadəyə görə 12000 manat borcun ödənilməli olduğunu və həmin məbləğin alq-satqı zamanı avadanlığın ümumi dəyərindən silinəcəyi ilə bağlı tərəflər arasında hər hansı razılıq olmadığını bildirmişdir. Eyni zamanda 23 noyabr 2024-cü il tarixli müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, soyuducu kameranın istifadəyə verilməsi onun üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur, ancaq istifadə hüququ yaradır.
22. Məhkəmə kollegiyası yaranmış mübahisəni müqavilə şərtləri çərçivəsində həll etməklə və tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmaqla belə qənaətə gəlir ki, istifadə hüququ qaydasında cavabdehin icarəsinə verilmiş avadanlığın 4 aylıq istifadəsi üçün 12000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, 23 noyabr 2024-cü il tarixli müqavilənin 2.2.2-ci maddəsinə əsasən istifadəçi müqavilə şərtlərinə tam uyğun qaydada istifadə haqqını ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini yerinə yetirməyərək avadanlığın 4 aylıq istifadəsi üçün aylıq ödənişləri həyata keçirməmişdir.
23. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və qanunvericiliyin müddəaları düzgün tətbiq olunmaqla əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 1855/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.