Məhkəmə qərarları › İş №2-2(3-8)-20/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-20/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-20/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1907/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan KY242264799 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi 24 dekabr 2024-cü il, qurtarma tarixi 26 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir.

2. İşdə olan 24 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektində yoxlama aparmış, müsəsisədə quraşdırılan qaz qurğularının gücünün sayğacın maksimal qaz buraxma həddindən çox olması müəyyən edilmişdir.

3. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda müəssisədə istifadə olunan qaz cihazlarının gücü sayğacın maksimal qaz buraxma həddindən 13,4 m3 çox olduğu, İSS-də quraşdırılmış qaz qurğularından əlavə qurğular quraşdırıldığı qeyd olunmuşdur. İSS-də quraşdırılmış qaz qurğularından əlavə qurğuların şəbəkədən ayrılması, itirilmiş qaz sərfinin hesablanması və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir.

4. İşdə olan 06 yanvar 2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 23,4 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 23,410=13,4x12x90=14472 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 14472 m3 həcmində müəyyən edilmişdir.

5. İşdə olan abonent saldosundan görünür ki, 2025-ci ilin yanvar ayında akt əsasında İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borc hesablanmışdır.

6. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyinin Xaçmaz filialının 27 noyabr 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh Xaçmaz RQİİ-si tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 may tarixli “Qazdan istifadə Qaydaları” haqqında 80 nömrəli Qərarına 3 nömrəli əlavənin Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 24 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda qeyd olunmuş qaz cihazlarının eyni vaxtda işləməsini göstərən (sübut edən) video görüntü olmadığından artıq sərfiyyatı dəqiqləşdirmək mümkün olmamışdır. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyatın aşılması və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 28 dekabr 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borcun silinməsi və cavabdehdən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba X7 əməkdaşları 28 dekabr 2024-ci il tarixində iddiaçıya məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən iaşə (Gülüstan restoran) obyektində yoxlama apararaq ******* nömrəli akt əsasında restoranda istifadə olunan qaz avadanlıqlarının gücü sayğacın maksmal qaz buraxma həddindən 13.4 m3 çox olması səbəbi ilə 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində əsassız borc yazmışlar. Yoxlama aparıldıqdan sonra iddiaçının hüquqi savadsızlığından istifadə edilərək ona həmin yoxlama aktına imza çəkdirmişlər. Cavabdeh tərəfindən təxminən 2025-ci ilin fevral ayında iddiaçıya 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borcun olması ilə bağlı bildiriş göndərilmişdir. “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş yoxlama sənədlərindən görünür ki, cavabdehin nümayəndələri iddiaçıya məxsus sahibkarlıq obyektinə kənar xətt olması ilə bağlı yoxlama aparmaq məqsədi ilə gəlsələr də, kənar xətt tapılmadığından sayğacın gücündən əlavə istifadə güc sərf olunması səbəbi ilə akt tərtib edərək borc hesablamışlar. Həmin borc məbləği əsassız hesablandığından bu barədə Cavabdehnə pretenziya ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir.

9. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X2 RQİİ-nin Quba xidmət Sahəsində qeyriəhali abonenti kimi qeydiyyatda olan “Gülüstan” ictimai iaşə obyektinin sahibi İddiaçı Quba şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əhaliyə ictimai iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndində qeyd edilir ki, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport gostəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Qaydaların 3.4.1-ci bəndi istehlakçıya özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməyi qadağan edir. İddiaçı müqavilə öhdəliklərinə və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış Zenner tipli G-6T markalı, **********7 nömrəli mexaniki qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 23,4 m3/saat olduğu müəyyən edilmişdir. Yəni, həmin qaz sayğacı hər saatda sayğacdan keçən 13,4 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 14472 m3 və ya 3618 manat hesablanmışdır.

10. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1907/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) 28 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borc silinmiş, Cavabdehndən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçı barəsində tərtib edilmiş, iddiaçının heç bir irad bildirmədən imzaladığı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta düzgün hüquqi qiymət verilməmişdir. Faktiki iddiaçı həmin aktı imzalamaqla cavabdehə vurduğu ziyanı etiraf etmişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar məhkəmə təqdim etməmişdir. İddiaçı iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına ilə yerinə yetirildiyini, yəni onun obyektində yoxlama aparılarkən qanunun tələbinə uyğun olaraq yoxlamanın reyestrə salınmadığı ilə əsaslandırmışdır. Faktiki olaraq cavabdeh KY ********* saylı çıxarışı yoxlama günü restoranın sahibinə təqdim etmişdir. Lakin məhkəmə bu hala lazımı qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh nümayəndəsi X3 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini və iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Maddə 385. Öhdəlik anlayışı 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Maddə 427. Öhdəliyin icrası müddəti 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Maddə 445. Borclunun icranı gecikdirməsi Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1 və 448.2-ci maddələrinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

18. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

19. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu:

20. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, qaz paylayıcısı və istehlakçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

25. İş materiallarında olan tərəflər arasında bağlanmış AMX-2742/2025 nömrəli xx.xx.2025-ci il tarixli qazın alqı-satqısı barədə müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir.

26. Paylayıcı Cavabdeh və istehlakçı İddiaçı arasında bağlanmış AMX-2742/2025 nömrəli xx.xx.2025-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqavilədən müəyyən edilir ki, cavabdehə məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə abonent kodu **********00000 olan “G-6” markalı qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

27. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin obyektdə quraşdırılan “G-6” markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfinin 23,4 m3/saat olduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır.

28. İddiaçı həmin hal ilə razılaşmamış, 28 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində hesablanmış borcun əsassız olmasını göstərmiş və həmin məbləğin onun abunə hesabından silinməsini tələb etmişdir.

29. Tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün birinci instansiya məhkəməsi 28 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borcun əsaslı olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinə xx.xx.2025-ci il tarixdə müraciət ünvanlamış və müvafiq mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur.

30. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin 27 noyabr 2025-ci il mütəxəssis rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 may tarixli “Qazdan istifadə Qaydaları” haqqında 80 nömrəli Qərarına 3 nömrəli əlavənin Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələblərinin pozulduğu, eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyatın aşılması və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır.

31. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, SOCAR Cavabdeh xx.xx.2024cü il tarixli yoxlaması cavabdehə məxsus qeyri-yaşayış sahəsində qanuni əsaslarla həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq reyestr məlumatlarına əsasən cavabdehə məxsus qeyri-yaşayış sahəsində qaz təchizatı sisteminin vəziyyətinin yoxlanılması məqsədilə SOCAR Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmişdir. Aparılmış yoxlama zamanı qaz sayğacının və qaz təsərrüfatına aid digər qurğuların istismarı vəziyyəti araşdırılmış, həmin sahədə qazdan istifadə qaydalarına əməl olunması yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, cavabdehə məxsus qeyriyaşayış sahəsində qazdan istifadə qaydalarının pozulması halları mövcuddur və bu hallar müvafiq aktla rəsmiləşdirilmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iş materiallarında mövcud olan və səlahiyyətli dövlət qurumu tərəfindən təqdim edilmiş 27 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən açıq şəkildə müəyyən olunur ki, İddiaçı 28 dekabr 2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borcun tətbiqi qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun deyildir.

34. Belə ki, mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz qurğularının maksimal gücünün və ya potensial qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən artıq olması hallarında istehlakçıya hər hansı maddi ziyanın hesablanması və ya əlavə borcun tətbiq olunması ilə bağlı hüquqi mexanizm nəzərdə tutulmamışdır.

35. Eyni zamanda mütəxəssis rəyində göstərilmişdir ki, belə hallar aşkar edildikdə qaz paylayıcısının vəzifəsi aşkar olunmuş nöqsanları qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirmək, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat vermək və istehlakçı ilə münasibətləri müqavilə və normativ aktların tələblərinə uyğun tənzimləməkdən ibarətdir. Lakin mövcud qanunvericilikdə bu kimi hallara görə abonentə konkret məbləğdə ziyanın hesablanmasını nəzərdə tutan norma müəyyən edilməmişdir.

36. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, sayğacın işlək vəziyyətinin pozulması, sayğacdan kənar qaz istifadəsi və ya qazdan qanunsuz istifadə edilməsi kimi hallar müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülən tələb real qaz itkisinin və ya faktiki ziyanın sübut olunmasına deyil, yalnız ehtimal xarakterli fərziyyələrə əsaslanmışdır. Halbuki, mülki hüququn əsas prinsiplərinə görə, hər hansı ziyanın ödənilməsi tələbi irəli sürülərkən həmin ziyanın mövcudluğu, həcmi və səbəb-nəticə əlaqəsi sübut edilməlidir.

37. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçıya tətbiq edilmiş 3618 manat məbləğində borcun hesablanması hüquqi normaya deyil, yalnız ehtimal xarakterli hesablamalara əsaslanmış və qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 23,4 m3/saat kimi qəbul olunmuşdur.

38. Bundan əlavə, qaz qurğularının maksimal gücünün sayğacın maksimal ölçmə həddindən artıq olması faktının özü belə qazın faktiki olaraq həmin həcmdə istifadə edildiyini və ya qaz paylayıcısına real maddi ziyan dəydiyini sübut etmir. Belə hal yalnız texniki uyğunsuzluq kimi qiymətləndirilə bilər və qanunvericiliyin tələblərinə əsasən bu kimi hallarda qaz paylayıcısı tərəfindən abonentə texniki çatışmazlığın aradan qaldırılması ilə bağlı göstəriş verilməsi mümkün olsa da, maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmamışdır.

39. Həmçinin qeyd edilməlidir ki, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş mütəxəssis rəyi iş üzrə mühüm sübutlardan biri olmaqla yanaşı, mübahisənin texniki və hüquqi mahiyyətinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir. Həmin rəy açıq şəkildə göstərir ki, mövcud qanunvericilikdə bu hal üzrə ziyanın hesablanması üçün hüquqi əsas mövcud deyil.

40. Çünki inzibati və ya mülki-hüquqi məsuliyyət tədbirlərinin tətbiqi zamanı əsas prinsiplərdən biri qanunilik prinsipidir. Həmin prinsipə görə, şəxsin üzərinə maliyyə öhdəliyi qoyulması yalnız qanunvericiliklə birbaşa müəyyən edilmiş hallarda mümkündür. Mövcud vəziyyətdə isə iddiaçıya hesablanmış borcun tətbiqi üçün normativ-hüquqi aktlarda birbaşa hüquqi əsasın mövcud olmadığı müəyyən edilmişdir.

41. Belə olan halda, iddiaçıya hesablanmış 3618 manat məbləğində borcun tətbiqi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz və həmin hesablamanın hüquqi baxımdan əsaslandırılmış olmadığı qənaətinə gəlinir. Buna görə də, qeyd olunan borcun iddiaçıya tətbiq edilməsi qanuni və əsaslı hesab oluna bilməz.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1907/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1907/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar