Məhkəmə qərarları › İş №2-2(3-8)-38/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-38/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-38/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası iddiaçı “Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Aydınoğlu-R” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı “Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Mollayeva Fidan Firuddin qızının iştirakı ilə, İddiaçı “Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh “Aydınoğlu-R” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23.01.2026-cı il tarixli, e-2-2(119)-2663/2025 nömrəli qətnaməsindən cavabdeh “Aydınoğlu-R” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan iddiaçı “FLİTSTOK” MMC ilə cavabdeh “AYDINOĞLU-R” MMC arasında bağlanmış 30 iyun 2025-ci il tarixli 2503498 nömrəli satış və xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, alıcının (cavabdehin) müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında satıcı (iddiaçı) ona məxsus satılanın sahiblik və mülkiyyətini alıcıya ötürür və həmin mallardan istifadə etməklə öz fəaliyyət sahəsinə aid olaraq xidmətləri göstərir, alıcı isə satılan və xidmət qarşılığında satıcıya pul ödəyir.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ödəniş şərtləri təqdim edilmiş hesab fakturanın dəyərinin 100 faiz öncədən ödənilməsi ilə razılaşdırılır və ya tərəflər arasında əlavə razılaşma protokolu imzalanaraq bu müqaviləyə əlavə edilir.

3. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, satılanı alıcının sahibliyinə və mülkiyyətinə ötürmək satıcının öhdəliyidir. Bu öhdəliyi yerinə yetirmək üçün satıcı sifarişin icrası vaxtında və yerində malları alıcıya təhvil üçün hazır hala gətirməlidir. Mallar alıcıya təhvil üçün hazır hala gətirildikdə satıcı öhdəliyini icra etmiş sayılır. Alıcının, satıcının təqsiri ucbatından yaranmış hallar istisna, malı təhvil almaması (və ya ala bilməməsi) satıcının öhdəliyini yerinə yetirmiş hesab olunmasına əngəl törətmir.

4. Həmin müqavilənin 3.2.1-ci yarımbəndinə əsasən, malın və xidmətin qiymətini ödəmək öhdəliyi - Alıcı müqavilədə müəyyən olunmuş qaydada malın və xidmətin qiymətini ödəməlidir. Bu öhdəlik alıcının əsas öhdəliyidir.

5. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqavilə üzrə bütün sənədləri (elektron-qaimə faktura/hesab-faktura, Qiymət Razılaşdırılması Protokolu və təhvil-təslim aktı və s.) alıcıya imzalaması üçün təqdim edir və Alıcı 5 gün ərzində sənədləri imzalamağa və 1 nüsxəsini satıcıya təqdim etməyə borcludur, bundan əsassız imtina edə bilməz. Bu müddət ərzində alıcı heç bir etiraz bildirməzsə, qəbul etmiş sayılır.

6. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, tərəflər arasında işlərin icrasına başlama tarixindən etibarən, müəyyən dövrlər ərzində göstərilmiş xidmətlər və satılmış malların siyahısını özündə əks etdirən təhvil-təslim aktı (02 nömrəli Əlavə) imzalanılır.

7. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli 2503498 nömrəli müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolu üzrə tərəflər malların və xidmətlərin dəyərini razılaşdırmışdırlar.

8. İş materiallarından görünür ki, 03 iyul 2025-ci il tarixli MT2507 seriyalı 10256731 nömrəli elektron qaimə-faktura üzrə 889,72 manat məbləğində təhvil verilmiş mallar və xidmətlərlə bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

9. İş materiallarında olan tərəflərin möhürləri ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış 01 iyul 2025-ci il tarixli 2503540 nömrəli malların təhvil-təslimi haqqında aktın məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 889,72 manat məbləğində mallar və xidmətlər təhvil verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı “FLİTSTOK” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “AYDINOĞLU-R” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 889,72 (səkkiz yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 iyun 2025-ci il tarixli 2503498 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, sifarişçi isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barədə öhdəlik götürür. Tərəflər arasında imzalanmış elektron qaiməfakturaya və təhvil-təslim aktına əsasən mallar və göstərilmiş xidmətlər icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən təhvil alınmışdır. Lakin 889,72 manat (ƏDV daxil) dəyərində olan borc məbləği sifarişçi tərəfindən icraçıya bu günədək ödənilməmiş və sifarişçi tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 23.01.2026-cı il tarixli, e-2-2(119)-2663/2025 nömrəli qətnaməsi iddia təmin edilmiş, cavabdеh “AYDINOĞLU-R” Məhdud Məsuliyyətli Cəmiyyətindən 889,72 (səkkiz yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 919,72 (doqquz yüz on doqquz manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “FLİTSTOK” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmuşdur.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 389.1, 390.1, 390.4, 425.1, 427.3, 442, 443.1, 448, 567, 600.1, 600.4 və 752.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Cavabdeh “Aydınoğlu-R” Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti və əlavəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FLİTSTOK” MMC ilə cavabdeh “Aydınoğlu-R” MMC ilə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, cavabdeh isə ümumi şərtlər və bu Müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə Malları və ya Xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini iddiaçıya ödəmək barədə öhdəlik götürür. Sumqayıt Kommersiya Məhkəməsi sübutların yetərli olması səbəbi ilə iddia tələbini təmin etmiş, bununla da tərəflərin arasındakı münasibətə düzgün qiymət verməmişdir. İddiaçı tərəfindən müqavilə üzrə göstərilən xidmət lazımi keyfiyyətdə icra edilməmiş və göstərilən xidmət nəticəsində kompressor nasaz vəziyyətə düşmüşdür. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən iddiaçıya müraciət edilmiş, lakin heç bir xidmət göstərilməmişdir. Daha sonra digər şirkətlə danışılmış və kompressor işlək vəziyyətə gətirilməsi üçün əlavə işlər görülmüşdür. Həmin işlərə görə xidmət haqqı ödənilmişdir. Bu hal isə ilkin xidmətin keyfiyyətsiz göstərildiyini bir daha təsdiq edir. Bundan əlavə, tələb edilən məbləğ şirkətin əmlak mənafeyinə uyğun deyildir və bu məbləğin ödənilməsi iddiaçının əsassız olaraq varlanmasına səbəb olacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Mollayeva Fidan Firuddin qızı apellyasiya apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (...) 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16.03.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 30 iyun 2025-ci il tarixli 2503498 nömrəli satış və xidmət müqaviləsinə əsaslanır və bu müqavilə öz hüquqi mahiyyətinə görə qarışıq müqavilə olmaqla həm alğı-satqı, həm də xidmət göstərilməsi elementlərini özündə birləşdirir. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı “FLİTSTOK” MMC satıcı kimi cavabdeh “AYDINOĞLU-R” MMC-nin sifarişləri əsasında malları onun mülkiyyətinə verməyi və həmin mallarla bağlı xidmətlər göstərməyi öhdəsinə götürmüş, cavabdeh isə təqdim edilən malları və xidmətləri qəbul edib onların dəyərini ödəməyi üzərinə götürmüşdür. Bu münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində nəzərdə tutulmuş alğı-satqı müqaviləsinin əsas xüsusiyyətlərinə uyğun olmaqla yanaşı, xidmət münasibətlərini də əhatə edir.

24. Müqavilənin 2.1-ci bəndinə əsasən, ödəniş şərtləri təqdim olunmuş hesab-faktura üzrə məbləğin 100 faiz əvvəlcədən ödənilməsini nəzərdə tutur və ya tərəflər arasında əlavə razılaşma ilə fərqli qayda müəyyən edilə bilər. Bununla da cavabdehin əsas öhdəliyinin malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsindən ibarət olduğu açıq şəkildə müəyyən edilmişdir. Müqavilənin 3.1.1-ci yarımbəndinə görə satıcı malları alıcıya təhvil üçün hazır vəziyyətə gətirdikdə öz öhdəliyini icra etmiş sayılır və alıcının malları qəbul etməməsi, satıcının təqsiri olmadıqda, onun öhdəliyinin icra olunmuş hesab edilməsinə mane olmur.

25. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 01 iyul 2025-ci il tarixli təhviltəslim aktı əsasında və 03 iyul 2025-ci il tarixli elektron qaimə-faktura ilə ümumi məbləği 889,72 manat olan mallar və xidmətlər cavabdehə təqdim edilmişdir. Həmin sənədlər tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh təqdim olunmuş sənədlərə 5 gün müddətində etiraz etmədiyi halda onları qəbul etmiş sayılır. İş materiallarında cavabdehin həmin müddət ərzində hər hansı əsaslı etiraz bildirməsi təsdiq olunmur. Bu isə onu göstərir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Bu baxımdan iddiaçı öhdəliyini yerinə yetirdiyi halda cavabdeh onun qarşılığında ödənişi həyata keçirməli idi. Lakin cavabdeh bu öhdəliyini icra etməmiş, bu da Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir.

27. Apellyasiya şikayətində cavabdeh xidmətin keyfiyyətsiz göstərildiyini və nəticədə kompressorun nasaz vəziyyətə düşdüyünü iddia etmişdir. Lakin bu apellyasiya şikayətinin dəlili iş materialları ilə sübuta yetirilmir. Belə ki, malların və xidmətlərin qəbulunu təsdiq edən təhviltəslim aktında hər hansı qüsur və ya irad qeyd edilməmişdir. Həmçinin cavabdeh tərəfindən göstərilən nasazlıqla bağlı müstəqil ekspertiza rəyi, texniki akt və ya digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, müqavilə ilə müəyyən edilmiş müddət ərzində xidmətlərin keyfiyyəti ilə bağlı hər hansı rəsmi etirazın bildirilməməsi də cavabdehin sonradan irəli sürdüyü iddiaların əsassız olduğunu göstərir.

28. Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrinə əsasən, öhdəliyin icrası üçün konkret müddət müəyyən edilmədikdə, borclu öhdəliyi ağlabatan müddətdə, kreditorun tələbindən sonra isə yeddi gün ərzində icra etməlidir. Cavabdeh bu tələblərə də əməl etməmişdir. Eyni zamanda, cavabdehin iddia etdiyi kimi iddiaçının əsassız varlanması halı da mövcud deyildir. Çünki tərəflər arasında mövcud olan müqavilə və ona əlavə edilmiş qiymət razılaşdırılması protokolu ödənişin hüquqi əsasını təşkil edir və bu halda Mülki Məcəllənin 386cı maddəsinə görə əsassız varlanma institutunun tətbiqi istisna olunur.

29. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən isə alıcı təhvil aldığı malın dəyərini ödəmədikdə satıcı həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir. Bu baxımdan iddiaçının tələb etdiyi məbləğ qanuni və əsaslıdır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

31. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdеh “Aydınoğlu-R” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23.01.2026-cı il tarixli, e-2-2(119)-2663/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar