Məhkəmə qərarları › İş №2-2(3-8)-5/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-5/2026

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-5/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 10333,56 (on min üç yüz otuz üç manat, əlli altı qəpik) manat məbləğində borc və 121 (yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10454,56 (on min dörd yüz əlli dörd manat, əlli altı) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdеh Cavabdeh 10333,56 (on min üç yüz otuz üç manat, əlli altı qəpik) manat məbləğində əsas borc və 121 (yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10454,56 (on min dörd yüz əlli dörd manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddianın Cavabdeh MMC-yə münasibətdə təmin olunmamasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi nümayəndə2 Vidadi qızı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbindən imtina etməsi barədə ərizəni təqdim etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan məbləğ tam ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar