Məhkəmə qərarları › İş №2-2(3-9)-47/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-47/2026

20.05.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-47/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı X2 və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, cavabdeh Həşimov Hidayət Nəsurulla oğlu və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı X2 cavabdeh Həşimov Hidayət Nəsurulla oğluna qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı X2 cavabdeh Həşimov Hidayət Nəsurulla oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 13528 manat, vəkil xidmətinə görə ödənilmiş 400 manat olmaqla, cəmi 13928 manat məbləğində pulun və 131 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olsa da, hazırda Imişli şəhəri, P.Həsənov küçəsi ev-65-də yaşayır. Fərdi sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Iddiaçı Lənkəran şəhəri, Səmədzadə küçəsi ev-16-da yaşayan Həşimov Hidayət Nəsurulla oğlunu 2025-ci ilin yanvar ayından tanımışdır. Belə ki, Hidayət telefonla ona zəng edərək Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan X3 tanıdığını soruşmuşdur, X2 həmin şəxsi tanıdığını, aralarında toxumluq kartofun alqı-satqısı olduğunu bildirmişdir. Telefonda Hidayət iddiaçıya, Ramalın ona da aldığı kartofa görə pul borclu qaldığını, iddiaçıdan da kartof alıb pulunu vermədiyini eşitdiyini bildirmişdir. Iddiaçı həmin vaxt telefonda həqiqətən də Ramalın ondan toxumluq kartof götürüb pulunu qaytarmamasını təsdiq etmişdir. Beləcə onların Hidayətlə tanışlıqları yaranmışdır. Bundan sonra iddiaçı Hidayətin sözü ilə vəkilin onlar üçün Ramalla bağlı ərizə yazmasından ötrü 50 manat pul göndərmişdir. Cavabdehlə ilk görüşü Cəlilabad rayon Polis şöbəsində olmuşdur. Çünki, Ramal barəsində Hidayət polisə ərizə yazmışdı. Həmin vaxt Ramal polis şöbəsində yenə də demişdir ki, bir ay müddətində pulunu verəcəkdir. Sonradan iddiaçı Hidayətlə Bakı şəhərində görüşmüşdür. Cavabdeh faktiki olaraq “Su Sonası” yaxınlığında, daha doğrusu “Təfəkkür” Universitetinin yaxınlığında yaşayır. Cavabdeh görüş zamanı iddiaçıya bir yerdə işləmələrini, Lənkəranda əhalinin çox olduğunu, gətirdikləri kartofu tez bir zamanda sata biləcəklərini, bundan ötrü ona Türkiyədən kartof gətirə bilmək üçün pul lazım olduğunu bildirmişdir. Birinci yük maşını ilə Hidayətin tanışı Iranlı Dara adlı şəxs Türkiyədən bir yük avtomobili kartof gətirmişdir. Həmin vaxt yükü gətirən sürücüdən malı haradan vurduğunu və yük sahiblərinin adlarını və telefon nömrələrini öyrənmişlər. Sonradan Hidayətlə birlikdə Türkiyədən əlavə olaraq 4 yük avtomobili ilə kartof gətirmişlər. X12 etmişdir. Gətirilən 4 yük avtomobilinin 4-nü də iddiaçının tanışı Gülnarə xanımın şirkəti vasitəsi ilə sənədləşdirmişlər. Həmin yük avtomobillərinin Türkiyədən çıxması üçün Hidayətin sözü ilə türk vətəndaşı Muradın dediyiX5 adına ## ###### 2025-ci il tarixdə 4420 ABŞ dolları, yəni 7514 manat, xanım Songül Borugun adına # ###### 2025-ci il tarixdə yenə də 4420 ABŞ dolları, yəni 7514 manat, cəmi 8840 ABŞ dolları, yəni 15028 manat pulu Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə göndərmişdir. Həmin pulla gətirilən 4 yük avtomobilini Hidayət Lənkərana aparmış, gətirilən kartofu orada satdırmışdır. Iddiaçıya telefonla etdiyi söhbət zamanı Hidayət hər yük avtomobilindən hər kiloqrama 10 qəpikdən olmaqla 2500 manat xalis gəlirləri olduğunu bildirmişdir. Hidayət həmçinin kartofu nisyə bazara payladığını, pulu yığanda hesablaşacaqlarını bildirmişdir. Həmin vaxta kimi alver etmək məqsədi ilə Hidayətə verdiyi pulun məbləği 15028 manata çatmışdı. Iddiaçı Hidayətə təsərrüfatını inkişaf etdirməsi üçün ona bir az pul verməsini demişdir. Hidayət iddiaçıya əvvəlcə 5000 manat əlbəəl qazanc pulu vermiş, bundan sonra Hidayət iddiaçının Birkart hesabına 4 dəfəyə 1000 manatdan olmaqlqa cəmi 4000 manat pul ödəmişdir. Lakin, Hidayət bir neçə gün sonra yenidən ona zəng edərək kartofun bahalaşacağını, hər maşından 3000 manat gəlir əldə etməyin mümkün olacağını və ona pul tapmasını bildirmişdir. Hidayətin sözü ilə iddiaçı Türkiyə Cumhuriyyəti vətəndaşı Kadırcan Demirə poçt vasitəsi ilə 4420 ABŞ dolları, yəni 7514 pulu dostlarından alıb göndərmişdir. Həmin vaxt Murat Boruqa sənədləşmə aparmaqdan ötrü əlavə olaraq 660 ABŞ dolları, yəni 1122 manat pulu poçt vasitəsi ilə göndərmişdir. Iddiaçının göndərdiyi pulun hesabına Kadırcan Demir 2 yük avtomobilini 50 ton olmaqla birbaşa Hidayətə göndərmişdir. Hüseyn adlı şəxs isə 1 yük avtomobilində 25 ton kartofu yenə də Hidayətin adına göndərmişdir. Yük avtomobili gəlib çıxarkən Hidayət özünü xəstəliyə vurmuşdur və iddiaçının adına etibarnamə vermişdir. Bundan ötrü iddiaçı Lənkəran rayonuna Gömrük Idarəsinə getmiş və 6110 manat gömrüyə pul ödədikdən sonra həmin yük avtomobilini yaşadığı Imişli şəhərinə gətirmişdir. Yük avtomobilinin Lənkərandan Imişli rayonuna gəlməsi üçün yol haqqı olaraq əlavə 1000 manat sürücüyə pul ödəmişdir. Beləliklə, yol haqqı olaraq sürücüyə də cəmi 5250 manat pul ödəmişdir. Imişlidə həmin yük avtomobili ilə gətirilən kartofa görə 1500 manat xalis gəlir əldə etmişdir. Bundan sonra 2025-ci ilin may ayında Hidayət iddiaçıya telefonla səs atmışdır ki, iddiaçıya 3000 manat pulu 5 mayda verəcəkdir. Iddiaçı cavabdehə iradını bildirmişdir ki, “gəliri bir yana qoyaq, bəs kartofun gətirilməsinə bank vasitəsi ilə göndərdiyi 8636 manatı kim verməlidir”. Hidayət iddiaçıya, 3000 manatdan artıq pul verməyəcəyini, Ramaldan pul ala bilmişdir ki, ondan da pul ala bilsin, ondan heç vaxt pul ala bilməyəcəyini söyləmişdir. Sonradan iddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etmişdir. Hidayət iddiaçıya bir daha bildirmişdir ki, əvvəl dediyi 3000 manat pulu da ona verməyəcəkdir. Hidayətin dostu Cahid iddiaçını tanıdığı üçün ona bildirmişdir ki, Hidayət verməsə də narahat olmasın, 3000 manat pulu verəcəkdir. Bu barədə olan sübutları, yəni aralarında olan danışıqlara dair səs yazısını, kartof məhsulunun gətirilməsi ilə əlaqədar aparılan sənədləşməyə dair sənədləri iddia ərizəsinə əlavə edəcəkdir. Hazırkı vaxta kimi Hidayətin iddiaçıya kartofun gətirilməsi üçün çəkdiyi xərcə görə cəmi 13528 manat pul verməlidir. Belə ki, qeyd etdiyi 13528 manat pulun, 11028 manatı iddiaçının onun kartofun gətirilməsinə sərf etdiyi şəxsi puludur, 2500 manat pul isə 2 yük avtomobilində gətirilmiş kartofun sartışından əldə edilən gəlirə payına düşən məbləğdir. Iddiaçı dəfələrlə pulu tələb etsə də, Hidayət həmin pulu ödəməkdən boyun qaçırmışdır, etdiyi telefon zənglərinə də cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Həşimov Hidayət Nəsurulla oğlu iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasıqnı xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ona qarşı verdiyi maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, iddiaçı X2 ona qarşı ədavət və düşmənçilik hissi keçirməklə, onu nəyin bahasına olursa-olsun maddi cəhətdən cəzalandırmaq və ondan məlum olmayan qisas almaq niyyətindədir. Onun iddia ərizəsində qeyd etdikləri düzgün deyil, qeyd etdikləri yalandır. Belə ki, iddiaçı X2 iddia ərizəsində qeyd edir ki, "Yük avtomobillərinin Türkiyədən çıxması üçün Hidayətin sözü ilə ayrıayrı vaxtlarda müvafiq olaraq" kart və poçt vasitəsi ilə ## ###### 2025-ci il tarixdə 4420 ABŞ dolları yəni 7514 manat Songül Boruğun adına, # ###### 2025-ci il tarixdə yenə də 4420 ABŞ dolları yəni 7514 manat Songül Boruğun adına pul köçürüb, cəmi 8840 ABŞ dolları yəni 15028 manat pulu Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə köçürüb. Iddiaçı yenidən qeyd edir ki, "Hidayətin sözü ilə" Kadırcan Demirə poçt vasitəsi ilə 4420 ABŞ dolları yəni 7514 manat pulu dostlarından alıb göndərib. Daha sonra iddiada qeyd olunur ki, 660 ABŞ dolları yəni 1122 manat yenidən Murat Boruğa pul göndərib. Həmçinin qeyd edir ki, Lənkəran Gömrük Idarəsinə 6110 manat pul köçürüb. Iddiada qeyd edir ki, malların Imişli rayonuna daşınması üçün 5250 manat sürücülərə pul verib. Iddiaçı qeyd edir ki, nağd şəkildə iddiaçıya 5000 manat, plastik kart vasitəsi ilə hər dəfə 1000 manat olmaqla 4 dəfə cəmi 4000 manat pul köçürmüşdür. Ümumillikdə iddiaçıya 9000 manat pul vermişdir. Iddiaçının göstərdiyi məbləğlər hesablansa 7514 + 7514 + 7514 + 1122 + 6110 + 5250 = 35024 (otuz beş min iyirmi dörd) manat təşkil edir. Eyni zamanda iddiaçı qeyd edir ki, "Bəs kartofun gətirilməsinə Bank vasitəsi ilə göndərdiyim 8636 manatı kim verməlidir?" Buradan görsənir ki, iddiaçının qeyd etdiyi rəqəmlər reallığa əsaslanmır. Iddiaçı ağlına və ağzına gələni iddiada qeyd edib. Bütün bunlara baxmayaraq həmçinin iddiaçı yekun olaraq qeyd edir ki, "Belə ki, qeyd etdiyim 13528 manat pulun, 11028 manat mənim kartofun gətirilməsinə sərf etdiyim şəxsi pulumdur, 2500 manat pul isə iki yük avtomobilində gətirilmiş kartofun satışından əldə edilən gəlirə payıma düşən pul məbləğidir. Hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkil xidmətimə görə ödədiyim 400 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 131 manat pulun cavabdehdən alınıb mənə verilməsini tələb edirəm." Yekun olaraq iddiaçı ondan 14059 manat pul tələb edir. Iddiaçının qeyd etdiyi "Hidayətin sözü ilə" iddiası heç bir qanuna, heç bir məntiqə və reallığa uyğun gəlmir. Iddianı qanunsuz və əsassız hesab edir, iddianı qəbul etmir. Iddia ərizəsinin məzmunundan bəlli olunur ki, iddia ərizəsində göstərilən tələb yanlış və əsassızdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. iddiaçı X2 izahatında göstərmişdir ki, cavabdehlə 2025-ci ilin yanvar ayında tanış olmuşlar, həmin vaxtdan cavabdehin təklifi ilə birlikdə kartof məhsulunun satışına başlamışlar. Bu məqsədlə cavabdehin göstərişi ilə kartof məhsulu alınması üçün Türkiyə Respublikasında olan şəxslərə bir neçə dəfə pul göndərmiş, ilk dəfə cavabdeh ondan aldığı pulu və əldə edilmiş qazancı ona ödəmiş, lakin sonradan cavabdeh satdığı məhsuldan əldə edilən qazancı və həmin məhsulun alınması üçün ödədiyi pulu ona verməmiş, sifariş olunan kartof məhsulunun cavabdehin təsisçisi olduğu hüquqi şəxsin adına və ünvanına gəlmişdir. Ümumilikdə yeddi maşın kartof gəlmiş, sonuncu gələn partiya istisna olmaqla digər gələn məhsullar cavabdeh tərəfindən satılmış, məhsulun göndərilməsi üçün tərəfindən Türkiyəyə bir neçə dəfə, o cümlədən 3 dəfə hər birində 4420 ABŞ dolları məbləğində olmaqla pul göndərilmiş, həmin məhsullar da cavabdehin təsisçisi olduğu hüquqi şəxsin adına və ünvanına gəlmiş və cavabdeh tərəfindən satılmış, lakin ona heç bir vəsait ödənilməmişdir. Ümumilkdə cavabdehə 35000-ə yaxın pul vermişdir. Cavabdeh Həşimov Hidayət Nəsurulla oğlu iddianı qəbul etməyərək əsassız olduğunu bildirib izahatında göstərmişdir ki, iddiaçı ilə münasibətləri 2024-cü ilin yanvar ayından etibarən başlamış, həmin vaxtdan iddiaçı ilə birgə ticarətə başlamışlar. Ilk olaraq Iranlı Dara adlı şəxsə kartof məhsulu gətirməsi üçün özü 5000, iddiaçı isə sürücüyə verilməsi üçün 1000 ABŞ dolları məbləğində pul vermişlər. Birinci maşınla gələn məhsulun satışından 1000 dollar iddiaçıya vermiş, 4700 dollar pulu isə özü götürmüşdür. Sonradan yeni məhsulun alınması məqsədi ilə iddiaçının bank kartına təxminən 4000-4700 dollar pul göndərmiş, iddiaçı isə həmin vaxt əlavə olaraq 4400 dollar pul qoymuş, gələn iki maşın məhsulun satışından 3000 manat məbləğində gəlir olmuş və həmin pulu iddiaçı ilə yarı bölmüşlər. Sonrakı məhsulun gətirilməsi üçün 6500 dollar pul göndərmiş, təsisçisi olduğu firmaya 3 maşın kartof məhsulu gəlmiş, həmin məhsulların pulunu özü ödəmiş, ümumilkdə 6-7 maşın kartof gətirib satmışlar. Iddiaçıdan ümumilkdə 8800 ABŞ dolları məbləğində pul almış, onun da 7000 manatını iddiaçıya evində qaytarmış, qalan məbləği isə iddiaçının bank kartına mədaxil etmiş və iddiaçıya borcu qalmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Həşimov Hidayət Nəsurulla oğlundan 13528 manat və ödənilmiş 131 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13659 manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiyam məhkəməsi Mülki Məcəllənin 6.2, 14.1, 14.2, 324.1, 329.2, 329.3, 385.1, 425.2, 427.3, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, baxılan iş üzrə tərəflər öz aralarında şifahi əqd bağlayaraq şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verməyi, bunun müqabilində isə cavabdeh həyata keçirdiyi ticarət fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən iddiaçıya müvafiq pay verilməsini öhdəsinə götürmüşdür. Işin məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında ziyana məruz qalınacağı halda iddiaçının verdiyi pulun ona geri qaytarılmayacağı barədə razılığın əldə olunması faktı müəyyən olunmamışdır. Cavabdeh şərikli ticarət məqsədi ilə iddiaçıdan pul aldığını, göndərilən malların onun təsisçisi olduğu hüquqi şəxsin adına və ünvanına daxil olduğunu etiraf etmişdir, lakin gələn məhsulun satışından əldə edilmiş qazancın və sərmayə olaraq iddiaçıdan aldığı pulun iddiaçıya verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçı isə, onun tərəfindən Türkiyə Respublikasına göndərilən pulların müqabilində oradan göndərilən malların cavabdehin təsisçisi olduğu hüquqi şəxsin adına və ünvanına daxil olduğunu, sonuncu maşın istisna olmaqla, digər maşınlarla gələn malların cavabdeh tərəfindən realizə edildiyini mötəbər dəlillərlə sübut edə bilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barəsində yeni edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, iddiaçı arasında yazılı müqavilə bağlanmadan, şifahi razılaşma əsasında kartof məhsulunun idxalı və satışı ilə bağlı şərikli ticarət fəaliyyəti həyata keçirilmişdir. Eyni zamanda bu fəaliyyət çərçivəsində kartof məhsullarının bir hissəsi qanuni təmsilçisi olduğu hüquqi şəxsin adına idxal edilmiş, aralarında qarşılıqlı pul vəsaitlərinin verilməsi və qaytarılması baş vermişdir. Məhkəmənin 13528 manat məbləğində borcunun olması barədə gəldiyi nəticə isə tamamilə uydurma və əsassızdır. Qətnamədə göstərilən bu məbləğin hansı konkret ödənişlərdən formalaşdığı, iddiaçı tərəfindən qoyulmuş vəsaitdən hansı hissənin geri qaytarıldığı və tərəflər arasında əldə edilmiş gəlirlərin necə nəzərə alındığı aydın şəkildə əsaslandırılmamışdır. Iddiaçı ticarət fəaliyyəti dövründə bir neçə dəfə gəlir əldə etdiyini etiraf etmiş, cavabdeh isə iddiaçıya 7000 manat məbləğində nağd pul, eləcə də bank vasitəsilə əlavə ödənişlər etdiyini bildirmişdir. Lakin bu hallar məhkəmə tərəfindən borcun hesablanması zamanı lazımi qaydada nəzərə alınmamışdır. Cavabdeh həmçinin qeyd edir ki, tərəflər arasında münasibətlər şərikli ticarət xarakteri daşıdığı üçün gəlir və zərər, eləcə də kommersiya riski tərəflər arasında bölüşdürülməli idi. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan, zərərin tam həcmdə cavabdehin üzərinə qoyulması barədə nəticəyə gəlmişdir ki, bu da işin faktiki hallarına uyğun deyil. Bundan başqa, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra faktiki hallar, o cümlədən tərəflər arasında əldə olunmuş gəlirlərin real həcmi, həmin gəlirlərin faktiki bölgüsü, iddiaçı tərəfindən verilmiş pul vəsaitlərinin konkret hansı partiya mallara yönəldiyi, habelə iddiaçının tələb etdiyi məbləğin hesablanma mexanizmi və hüquqi əsası məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Qeyd olunan səbəblərdən cavabdeh hesab edir ki, işin faktiki halları düzgün müəyyən edilməmiş, nəticədə məhkəmə əsassız qənaətə gəlmişdir. Aşağıdakı əsaslara görə məhkəmə qətnaməsinin qanunsuz və əsassız olaraq çıxarılmasını diqqətə çatdırı. Iddiaçı və cavabdeh arasında şifahi razılaşma əsasında şərikli ticarət fəaliyyətinin olması işin mübahisəsiz hallarıdır. Iddiaçı və cavabdeh 2025-ci ilin yanvar ayında razılığa gələrək Türkiyə Respublikasından kartof gətirərək Lənkəran şəhərində satışını təşkil ediblər. Razılıqla müəyyən olunub ki, cavabdeh malların dəyərini ödəyir və iddiaçı həmin malların gömrük xərclərini qarşılayır. Bu razılığa görə cavabdeh Türkiyə Respublikası vətəndaşının hesabına ödənişlər edir, iddiaçı isə ödədiyi gömrük haqqını işə sübut qismində əlavə edib. Bu şəkildə 3 tır mal gətirilmiş və satılmışdır. Birinci tırdan gəlir əldə edilməmiş, lakin 2 və 3-cü tırdan 3 min manat qazanc olmuş həmin qazanc da tərəflər araında bölüşdürülmüşdür. Lakin iddiaçı 4-cü tırı artıq özü gətirmək məqsədi ilə cavabdehdən malların maya dəyərini almış və 4-cü tırı özü gətirmişdir. Həmin mallar isə xarab olduğu üçün satışı aparıla bilməmişdir və iddiaçı və cavabdeh qazanc əldə edə bilməyiblər. Göründüyü kimi, tərəflər arasında hər hansı borc münasibəti olmayıb, onlar şərikli qaydada qazanc əldə etmək məqsədi ilə kommersiya fəaliyyəti ilə məşğul olub və zərər çəkiblər. Birinci instansiya məhkəməsində aparılan icraat dövründə iddiaçı tərəfindən məhkəməyə sübut qismində səs yazıları təqdim edilib, məhkəmə həmin səs yazılarını məhkəmə iclasında səsləndirmiş və həmin səs yazılarının sübuti əhəmiyyəti olmadığı üçün onları sübut qismində qəbul etməmişdir. Həmçinin həmin səs yazılarını qətnamədə də qeyd etməmişdir. Cavabdeh isə öz sübutu olan fləşkartı məhkəməyə təqdim etdikdə məhkəmə həmin fləşkartın oxunmadığını və gələn iclas yenidən başqa fləşkartda həmin səs yazılarının gətirilməsini bildirib. Cavabdeh tərəfindən növbəti iclasda fləşkart təqdim edilmədən qərar qəbul edərək iddianı təmin etmişdir. Bu da göstərir ki, Şirvan Kommersiya Məhkəməsi işə qərəzli yanaşmışdır. Iddianın təmin edilməsi üçün heç bir sübut olmadığı üçün məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, guya cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı tərəfindən ona pul verilmişdir. Halbuki, məhkəmə iclasında belə bir etiraf olmamışdır. Cavabdeh məhkəmədə yalnız iddiaçı ilə aralarında olan şərikli fəaliyyət haqqında məlumat vermiş, lakin məhkəmə həmin ifadələri düzgün qiymətləndirməyərək, elə yanaşmışdır ki, guya cavabdeh iddiaçının ona pul verməsini etiraf etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazdan da görünü ki, cavabdeh iddianı etiraf etmir, əksinə iddiaçının tələblərinin həqiqətə uyğun olmadığını məhkəmənin diqqətinə çatdırır. Şirvan Kommersiya Məhkəməsi cavabdehin təqdim etdiyi səs yazılarını dinləməkdən imtina etdiyi kimi, onun tərəfindən təqdim edilmiş digər sübutları da əsassız olaraq qəbul etməmişdir. Hazırkı apellyasiya şikayəti ilə birlikdə təqdim etdiyi qəbzlərdən də görünür ki, iddiaçı kimi cavabdeh tərəfindən də türk vətəndaşının hesabına pul köçürülmüşdür. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ilə faktiki olaraq cavabdehin mülkiyyət hüququna qanuni əsas olmadan müdaxilə etmişdir. Belə ki, cavabdehin iddiaçı qarşısında konkret məbləğdə borcunun mövcudluğu iş materialları ilə tam və mötəbər sübut olunmadığı halda, cavabdehin əmlakından pul vəsaitinin tutulması barədə nəticəyə gəlinmişdir. Bu isə Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə cavabdeh tərəfindən təqdim edilmiş heç bir sübutu qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, guya cavabdeh iddiaçının ona pul verməsini təsdiq etmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar onu göstərir ki, iddiaçı Türkiyə Respublikası vətəndaşının kartına ödənişlər edib. Lakin məhkəmə hansı sübut əsasında Tükiyə Respublikası vətəndaşının hesabına ödənilən pulun məhz cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olduğunu əsaslandırmayıb. Malların cavabdehin qanuni təmsilçisi olduğu hüquqi şəxsin ünvanına gətirilməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmənin qəbul etmədiyi sübutlar da onu göstərir ki, tərəflər şərikli kommeriya fəaliyyətinin xarakterinə uyğun olaraq birgə ödənişlər ediblər, Iddiaçı tərəfindən cavabdehə ödəniş edilməyib, əksinə iş üzrə sübutlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilib. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Həşimov Hidayət Nəsurulla oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallaırnda olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Iş materiallarından görünür ki, X2 ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə ##.##.2009-cu il tarixdə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Iş materiallarından görünür ki, Həşimov Hidayət Nəsurulla oğlu ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə ##.##.2009-cu il tarixdə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. “Elektron Məhkəmə” Informasiya Sisitemindən əldə edilmiş məlumatdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2018-ci il tarixdə kommersiya hüquqi şəxslərin reyestrində 2602849051 qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır və onun qanuni təmsilçisi Həşimov Hidayət Nəsurulla oğludur. Köçürmə sənədinin surətindən görünür ki, ## ###### 2025-ci il tarixdə X2 tərəfindən Türkiyə Respublikasına Muhammer Kerim Boruqun hesabına 4420 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Pul köçürməsi haqqında bildirişin surətindən görünür ki, # ###### 2025-ci il tarixdə X2 tərəfindən Türkiyə Respublikasına Songül Borugun hesabına 4420 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Pul köçürməsi haqqında bildirişin sənədinin surətindən görünür ki, ## #### 2025-ci il tarixdə X2 tərəfindən Türkiyə Respublikasına Murad Boruqun hesabına 660 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Köçürmə sənədinin surətindən görünür ki, ## #### 2025-ci il tarixdə X2 tərəfindən Türkiyə Respublikasına Kadırcan Demirin hesabına 4420 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. “Qısa idxal bəyənnaməsi”nin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanı üzrə qeydiyyata alınan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına X4 vasitəsi ilə Türkiyə Respublikasından 6250 manat dəyərində 25000,00 kq. çəkidə kartof məhsulu idxal edilmişdir. Iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Həşimov Hidayət Nəsurulla oğluna xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Insan Hüquqlarının və X10 Haqqında Konvensiyaya dair ## #### 1952-ci il tarixli * saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1.1 - Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Maddə 1.2 - Mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq bu Məcəllənin vəzifələri kimi müəyyən olunmuşdur. Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 11.1 - Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.5 - Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 13 - Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 14.1. və 14.2.1 - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 329.2 - Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3 - Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1 - Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. - Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. - Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 777.2. - Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 21.1. - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərəflərin öz aralarında şifahi əqd əsasında şərikli ticarət fəaliyyəti barədə razılığa gələrək Türkiyədən kartof məhsullarını idxal edib Lənkəranda satışının təşkil olunması, idiaçının cavabdehə müəyyən məbləğdə pul verməsi, bunun müqabilində isə cavabdeh həyata keçirdiyi ticarət fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən iddiaçıya müvafiq pay verməsi, ümumilikdə 7 ədəd tır avtomobili ilə kartof məhsullarının idxal olunması işin mübahisəsiz hallıarıdır. Tərəflər arasında mübahisə sonuncu tırla gələn məhsul istisna olmaqla, cavabdeh tərəfindən satışı həyata ikeçirilmiş 3 ədəd tırla gələn məhsulların göndərilməsi üçün iddiaçı tərəfindən Türkiyəyə 3 dəfə, hər birində 4420 ABŞ dolları məbləğində göndərilmiş pulla bağlıdır. Iş materiallarında olan ödəniş qəbzlərindən iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə 4420 ABŞ dolları, ##.##.2025-ci il tarixdə 4420 ABŞ dolları, ##.##.2025-ci il tarixdə 4420 ABŞ dolları və 666 ABŞ dolları məbləğində pul vəsaitlərinin Türk vətəndaşlarının adlarına göndərilməsi, həmin pullar qarşılığında 3 tır kartof məhsulunun cavabdehin qanuni təmsilçisi olduğu MMC-nin adına idaxil olunması, iddiaçı tərəfindən pul vəsaitlərinin cavabdehin tapşırığı əsasında göndərilməsini şərtləndirir. Cavabdeh şərikli ticarət məqsədi ilə iddiaçıdan pul aldığını, göndərilən malların onun təsisçisi olduğu hüquqi şəxsin adına və ünvanına daxil olduğunu etiraf etmişdir, lakin gələn məhsulun satışından əldə edilmiş qazancın və sərmayə olaraq iddiaçıdan aldığı pulun iddiaçıya verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçı isə, onun tərəfindən Türkiyə Respublikasına göndərilən pulların müqabilində oradan göndərilən malların cavabdehin təsisçisi olduğu hüquqi şəxsin adına və ünvanına daxil olduğunu, sonuncu maşın istisna olmaqla, digər maşınlarla gələn malların cavabdeh tərəfindən realizə edildiyini mötəbər dəlillərlə sübut edə bilmişdir. Mülki Məcəllənin 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsası yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. Bir çox xarici yurisdiksiyalarda birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iş görmə (şəriklik) razılaşmasının şərtlərinin pozulmasını, iddiaçı tərəfindən verilən (3x4420 ABŞ dolları=13260 ABŞ dolları; 13260x1.7 = 22542 manat, 22542 - 9000 = 13542 manat) 22542 manat puldan 9000 manatının qaytarılaraq, 13542 manat borcun qaldığını müəyyən edən birinci instansiya məhkəməsi, MPM-in 218.3-cü maddəsi baxımından iddianı 13528 manat həddində (tələb həddində) yetirilən maddi zərər kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-2-2(121)-2282/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar