Məhkəmə qərarları › İş №2-2(4-12)-21/2026

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(4-12)-21/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(4-12)-21/2026 12.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin) Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə Goranboy Rayon Məhəməsinə müraciət edərək, Cavabdeh 4120,28 manat borc və ödənilmiş 61,20 manat dövlət rüsumu olmaqla, cəmi 4181,48 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü tarixli 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmişdir. İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 4120,28 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 4120,28 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-1377/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh əsas borca görə 4120,28 manat məbləğində pul və ödənilmiş 61,20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4181,48 manat pulun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-1377/2025 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-2115/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-1377/2025 saylı qətnaməsi ləğv edilmiş, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlamış, ona təxminən bankdan 3675 manat pul verilmişdir. Bundan başqa bankdan 5000 manat özü pul götürmüşdür. Həmin krediti aybaay özü ödəyir. 3675 manat kredit məbləğindən isə banka pul ödəməmişdir. Kredit borcu qalmışdır. Həmin krediti banka şirkət özü ödəmişdir. Onun narazılığı ondan ibarətdir ki, sahəsinə düzgün nəzarət edilmədiyindən məhsulu batmış ziyana düşmüşdür. Məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli E458 saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarış məlumatından görünür ki, borcalanın hesabına "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə 3675 manat pul köçürülmüş, zamin "xxxx" MMC tərəfindən 58,15 manat, 387,13 manat, 3675 manat vəsait "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 3675 manat əsas, 445,28 manat faiz borcu, cəmi 4120,28 manat borcu qalmış, zamin "xxxx" MMC tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq "xxxx" ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə kredit xətti (limiti) müqaviləsi bağlanmış, borcalanın hesabına 3675 manat pul köçürülmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əməkdaşlıq və zaminlik müqaviləsinə əsasən "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi bank tərəfindən borcalana kredit məbləği verilmiş, borcalan tərəfindən borc məbləği ödənilməmiş, borcalanın banka 4120,28 manat borcu qalmış, zamin tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq banka ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin olaraq ödədiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, 4120,28 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməliidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 61,20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 61 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4120 (dörd min yüz iyirmi) manat 28 (iyirmi səkkiz) qəpik borc və ödənilmiş 61 (altmış bir) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq İddiaçınə (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar