Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-100/2026 06.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X14 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” X2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0.1598 ha. torpaq sahəsinin İddiaçı, X1, X3, X4 və X5 ümumi mülkiyyətində olması aydın olur.
2. İddiaçı tərəfindən Cavabdeh oğluna ##.##.2000-ci il tarixdə verilmiş etibarnamədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlak ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. hərəkətləri etməyi 03 il müddətinədək etibar etməsi aydın olur.
3. Babək rayonu, Qoşadizə kənd sakini Hüseynova (Əliyeva) Sona Kərim qızı tərəfindən verilmiş ##.##.2000-ci il tarixli ərizədə Babək rayonu, Qoşadizədə yerləşən evin satılmasına etirazın olmadığı qeyd olunmuşdur.
4. ##.##.2000-ci il tarixli təsdiqlənmiş arayışdan İddiaçı ailə üzvlərinin Əliyeva (Hüseynova) Sona Kərim qızı, ƏIiyev Müseyib Abbas oğlu, X4 və Abbaslı (Əliyeva) Nuranə Abbas qızının olması qeyd olunmuşdur.
5. ##.##.2000-ci il tarixli təsdiqlənmiş qəbzdə qeyd olunur ki, Qoşadizə kəndində yaşayan İddiaçı Babək rayon Zeynəddin kəndində yaşayan X8 aldığı 1000$ əvəzində özünə məxsus olan Babək rayon Qoşadizə kəndində yerləşən 1 otaqlı yaşayış evini Zəhranın istədiyi vaxt alğı-satqı yolu ilə öz adına keçirməsinə razılıq verir. II. Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh Babək şəhəri Qoşadizə məhəlləsində yerləşən 0,1598 ha. torpaq sahəsində mövcud olmuş onlara məxsus cavabdeh tərəfindən qanunsuz sökülmüş tikililərin dəyəri - 15.000 (on beş min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi, cavabdehin onun həyətində qanunsuz olaraq inşa etdirdiyi tikilinin öz hesabına sökülməsi və cavabdehin bütün ailə üzvləri ilə birlikdə həyətdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0,1598 ha. torpaq sahəsi Azərbaycan Respublikası Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “xxxx X2 tərəfindən **/** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmaqla onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Təqdim olunmuş çıxarışdan görünür ki, həmin torpaq sahəsinin sahibləri o, arvadı X7, övladları X10, X11, X15. Hal-hazırda cavabdeh X17 (Pənahova) onları mülkiyyətində olan həmin torpaq sahəsinə buraxmır. Onlar həmin torpaq sahəsində ev tikmək istəsə də, həyətlərinə girə bilmirlər. Cavabdeh onlara deyir ki, 25 ildir harada idiniz? Onların həmin torpaq sahəsinin mülkiyyətçisi olduğunu təsdiq edən rəsmi çıxarış olduğu halda, cavabdeh özü onlara həmin torpaq sahəsinə hüquqi olaraq sahiblik etməsi ilə bağlı heç bir sənəd təqdim edə bilmir. O, 2000-ci ilə qədər nənəsinin ona verdiyi 16 (on altı) sot torpaqda yerləşən 2 (iki) otaqlı evdə ailəsi ilə birlikdə yaşamışdır. Həmin evin yanında yarım tikili evi olmuşdur. Indi qeyd etdiyi ev və həmin yarım tikili cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş və həmin ərazidə özbaşına, qanunsuz olaraq ev tikilmişdir. Buna görə də, cavabdehin qanunsuz olaraq sökdüyü tikililərinin dəyəri ona ödənilməlidir. Iddiaçı tələbinin əsası kimi həmçinin qeyd etmişdir ki, 2000-ci ildən əvvəl Naxçıvanda tutulmuşdur. Həmin vaxt məhkum olunmuş şəxsləri Naxçıvandan çıxarmaq istəyirdilər. Təzyiq altında olduğu üçün ona verilən bütün sənədləri oxumadan imzalamışdır. Onu 2000-ci ildə zorakılıqla notariusa apardıqları zaman o, iradəsinə zidd olaraq qanuni mülkiyyətində olan 16 sot torpaq sahəsinin 12 sotunu ##.##.2000-ci il tarixli etibarnamə əsasında Zəhra Qurbanovanın etibarnaməli idarəçiliyinə vermişdir. Həmin etibarnamə 3 il müddətinə verilmişdir. Buna baxmayaraq, Zəhra Qurbanova 22 ildir ki, onun 16 sot torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir və ona həmin ərazidən çıxmayacağını bildirmişdir. O vaxt 4 sot torpaq sahəsini ev tikmək üçün saxlamış və onu Zəhraya etibarnamə əsasında idarəçilik üçün verməmişdir. Lakin o, məhz həmin 4 sot torpaq sahəsində özü üçün qanunsuz ev tikmişdir. Onlar həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər və bu səbəbdən həmin torpaq sahəsindən çıxarılmalıdırlar.
8. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (sədrlik edən G.Ismayıl) ilə iddia tələbi rədd edilmiş, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sözügedən işdə cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikili inşa etməklə köçüb yaşaması onlar arasında olan faktiki alğı-satqı münasibətlərindən sonra baş vermiş, iddiaçı özü razılaşdırılmış məbləğ qarşılığında ümumi etibarnamə ilə mülkiyyətində olan bütün əmlaklar, həmçinin mübahisəli torpaq sahəsi üzərində sərəncam verməyi cavabdehə etibar etmiş və cavabdeh isə həmin rəftara güvənərək torpaq sahəsində 25 il ərzində fasiləsiz yaşamış və tikili inşa etmişdir. Bununla belə cavabdehin iddiaçının inşa etdiyi hər hansı tikilini sökməsi faktı və bunun nəticəsində iddiaçıya ziyan dəyməsi halı müəyyən olunmamışdır. Belə ki, torpaq sahəsi cavabdehə təhvil verilərkən oradakı bir otaqdan ibarət tikilinin hansı vəziyyətdə olması müəyyən olunmamış, həmin tikilinin cavabdeh tərəfindən sökülməsi və bunun nəticəsində iddiaçıya ziyan dəyməsi sübuta yetirilməmişdir. Belə olan halda sözügedən torpaqdan istifadə hüququna etimad etməklə tikili inşa və ondan istifadə edən şəxsin hərəkətləri hazırki mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Iddiaçı cavabdehin həmin torpaq sahəsində tikili inşa edib orada yaşadığını bildiyi halda bunu mübahisələndirməmiş, iddiaçı 25 il sonra torpaq sahəsinə çıxarış alaraq cavabdehin zəbt etdiyini iddia etdiyi torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsini və torpaq sahəsinin alınıb özünə qaytarılmasını tələb etmişdir. Belə olan halda mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, müvafiq rəftar və şəraitə güvənərək tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir. Çünki, sözügedən tikilinin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Məhkəmə vurğulamışdır ki, şəxsin əvvəl yaranmış qanuna uyğun şəraitə etimad etməklə tikili inşa etdiyi halda onun çəkdiyi xərc nəzərə alınmadan, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən üzərində cavabdehin tikililəri olan torpaq sahəsinin boşaldılmasını və şəxsin oradan çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab etmişdir ki, iş materialları, tərəflərin izahatları, təqdim edilmiş yazılı sübutlar və mütəxəssis rəyi məcmu halında araşdırılaraq qiymətləndirildikdə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olsa da, cavabdeh tərəfindən həmin torpaq sahəsində yaşayış evinin tikilməsi uzun müddət ərzində iddiaçının etirazı olmadan həyata keçirilmiş, cavabdeh torpaq sahəsindən açıq, fasiləsiz və davamlı şəkildə istifadə etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ##.##.2000-ci il tarixli etibarnamə ilə cavabdehə əmlakı idarə etmək, o cümlədən həmin əmlak üzərində sərəncam vermək hüququ və s. əmlak üzərində geniş səlahiyyətlər vermiş, həmin etibarnamə əsasında cavabdeh torpaq sahəsində tikinti aparmış və uzun illər ərzində həmin tikilidən istifadə etmişdir. Iddiaçı isə uzun müddət ərzində torpaq sahəsi üzərində aparılan tikinti işlərinə və cavabdehin həmin ərazidə yaşamasına qarşı məhkəmə və ya digər səlahiyyətli orqanlara müraciət etməmiş, bu hal isə cavabdehin vicdanlı istifadəçi kimi formalaşmasına səbəb olmuşdur. Hazırkı iş üzrə iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılması və tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmiş olsa da, məhkəmə araşdırması zamanı cavabdehin torpaq sahəsində tikinti aparmasının uzun müddət ərzində açıq və aşkar şəkildə baş verdiyi, iddiaçının isə bu müddət ərzində öz mülkiyyət hüququnun müdafiəsi üçün vaxtında tədbir görmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, iş materialları ilə cavabdehin iddiaçıya məxsus tikililəri qəsdən və qanunsuz olaraq sökməsi, iddiaçıya maddi ziyan vurması və ya torpaq sahəsini zorakılıqla zəbt etməsi faktı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin qanunsuz tikililərin öz hesabına sökülməklə torpaq sahəsindən çıxarılması və vurulmuş maddi ziyanın ödənilməsi barədə tələbləri əsassız olduğundan təmin edilə bilməz və iddia rədd edilməlidir.
III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilən səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə öz səlahiyyət həddini aşaraq dövlət orqanlarının verdiyi hüquqi sənədlərin etibarlılığını, müvafiq qanuni əsaslar və sübutlar olmadan şübhə altına ala bilməz. Əks halda, məhkəmə səlahiyyətini aşaraq (ultra vires fəaliyyəti göstərərək) hüquqi sabitliyi, mülkiyyət hüquqlarının müdafiə prinsipini və hüquqi dövlətin əsas təməl prinsiplərini pozmuş olar. Birinci instansiya məhkəməsi qanunverciliyin normalarının tələblərini kobudcasına pozmuş, nəzərə almamışdır ki, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. İddiaçı tərəfindən Cavabdeh ##.##.2000-ci il tarixdə etibarnamə verilmiş, həmin etibarnamədə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı (o cümlədən Babək rayonu Qoşadizə kəndinə 1200 m2 torpaq sahəsində yerləşən bir otaqlı yaşayış evini) idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlak ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, həmçinin və s. hərəkətləri etməyi 3 il müddətinədək etibar etmişdir. Etibarnamənin məzmunundan və müddətindən görünür ki, o müddətsiz və ya çoxilliyə yox, 3 illik verilmişdir. Həmin müddət isə artıq 22 ildən artıqdır ki, qüvvədən düşmüşdür və əgər iddiaçının torpaq sahəsini alğı-satqı etmək fikri olsaydı niyə etibarnamə verilirdi ki, gedib notariusda razılaşdırılmış məbləğlə alğı-satqı müqaviləsi bağlanıla bilərdi. Cavabdeh isə etibarnamənin 3 illiyə verildiyini bilirdi və əgər cavabdehin dediyi formada aralarında alğı-satqı olsaydı bu günə kimi gedib rəsmiləşdirə bilərdi. Məhkəmə qeyd etmişdir ki, 25 ildən artıqdır ki, iddiaçı hərəkətsizlik etmiş və cavabdeh də buna güvənərək, 25 il ərzində fasiləsiz yaşamışdır. O, bu müddət ərzində ölkə hüdudlarından kənarda olmuşdur. 15000 manat məbləğində ziyan dəyməsi ilə bağlı qeyd edir ki, cavabdeh ona məxsus köhnə tikililəri sökmüş, darvazanı ləğv etmiş və torpaq sahəsinə 1 giriş qapısı qoymuşdur. Mütəxəssis gedib baxış keçirdikdə belə köhnə tikililərin olmasını qeyd etmişdir. Iddia tələbi əsaslıdır, konstitusiya ilə mülkiyyət hüquqları pozulmuşdur. Çıxarışla dövlət qeydiyyatına alınan onun mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmişdir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdeh isə bununla bağlı hər hansı sənəd təqdim etməmiş, məhkəmə bu hal üzrə araşdırma aparmamışdır. Bu tələb müqavilə münasibətinin faktiki və hüquqi olaraq xitam tapdığını göstərir. Cavabdehin Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinadla müqavilənin avtomatik qüvvədə qalmasını iddia etməsi maddənin mətninə və mahiyyətinə uyğun deyil. Maddə yalnız hüquqların xitamı üçün müəyyən əsasları sadalayır, lakin müvəqqəti istifadə münasibətlərinin məcburi qaydada davam etdirilməsini nəzərdə tutmur. Əks halda, mülkiyyət hüququnun əsas elementi olan sərəncamvermə səlahiyyəti məhdudlaşdırılmış olardı ki, bu da Konstitusiyanın 29-cu maddəsi ilə ziddiyyət təşkil edərdi. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
16. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
17. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. 29-cu maddənin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
19. 29-cu maddənin VI hissəsinə əssən sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
20. 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati
21. qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
27. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
c) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
V. Apellyasiya baxışının hədləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
52. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır və heç kəs məhkəmə qərarı olmadan öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun müdafiəsi hüquqi dövlət prinsipinin əsas elementlərindən biri olmaqla, şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarının təmin edilməsinə xidmət edir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla əmlaka sərbəst sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək hüququna malikdir. Həmin Məcəllənin 157.2ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını tələb edə bilər.
54. Bununla yanaşı, mülki hüquqların həyata keçirilməsi zamanı dürüstlük prinsipi və hüquqdan sui-istifadə edilməsinin yolverilməzliyi də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 16.1 və 560-cı maddələrinin tələblərinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız digər şəxslərə zərər vurmaq məqsədilə istifadə edilməməlidir. Digər tərəfin güvəndiyi və uzun müddət əsaslandığı əvvəlki davranışa zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
55. Kollegiya ilk növbədə tələbin mahiyyətinə diqqəti yönəldərək qeyd edir ki, hazırki halda tələb üç hissədən ibarətdir;
1. Cavabdeh Cavabdeh Babək şəhəri Qoşadizə məhəlləsində yerləşən 0,1598 ha. torpaq sahəsində mövcud olmuş iddiaçıya məxsus cavabdeh tərəfindən qanunsuz sökülmüş tikililərin dəyəri - 15.000 (on beş min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi:
2. Cavabdehin iddiaçının həyətində qanunsuz olaraq inşa etdirdiyi tikilinin cavabdehin öz hesabına sökülməsi;
3. Cavabdehin bütün ailə üzvləri ilə birlikdə həyətdən çıxarılması.
56. Mülki işin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən 0,1598 ha. torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyəti kimi qeydə alınmışdır. Eyni zamanda iş üzrə mübahisəsiz haldır ki, cavabdeh Cavabdeh həmin torpaq sahəsində uzun illər ərzində fasiləsiz yaşamış, orada yaşayış evi inşa etmiş və torpaq sahəsindən açıq və etirazsız şəkildə istifadə etmişdir. Iş materiallarında olan ##.##.2000-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı cavabdehə yalnız əmlakı idarə etmək üçün deyil, həm də həmin əmlak üzərində sərəncam vermək, satmaq, dəyişmək, bağışlamaq və digər hüquqi hərəkətləri həyata keçirmək barədə geniş səlahiyyət vermişdir. Bundan başqa, həmin tarixli notarial qaydada təsdiqlənmiş qəbzdən müəyyən edilir ki, iddiaçı cavabdehdən 1000 ABŞ dolları almış və mübahisəli yaşayış evinin sonradan alğı-satqı yolu ilə cavabdehin adına keçirilməsinə razılıq vermişdir. Qeyd olunan tarixdə iddiaçının həyat yoldaşı Sona Hüseynova da ərizə verərək həmin torpaq sahəsinin satılmasına etirazının olmadığını bildirmişdir (Qeyd olunmalıdır ki, həmin tarixdə iddiaçının digər ailə üzvləri azyaşlı olmuşlar). Iş materialları ilə həmçinin müəyyən olunur ki, cavabdehin torpaq sahəsində tikinti aparması və həmin ərazidə yaşaması təxminən 25 il ərzində iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
57. Mübahisəli hal isə ondan ibarətdir ki, iddiaçı mübahisəli torpaq sahəsini cavabdehə satmadığını, hazırda həmin əmlakın mülkiyyətçisi olduğunu bildirərək cavabdehin və ailə üzvlərinin torpaq sahəsində yaşamasını və tikili inşa etməsini qanunsuz hesab edir, onların torpaq sahəsindən çıxarılmasını, tikilinin cavabdehin hesabına sökülməsini və cavabdeh tərəfindən sökülmüş köhnə tikililərin dəyərinin ödənilməsini tələb edir.
58. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallar göstərir ki, cavabdehin mübahisəli torpaq sahəsində məskunlaşması və tikinti aparması iddiaçının xəbəri və ilkin razılığı əsasında baş vermişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilmiş geniş səlahiyyətli etibarnamə, habelə 1000 ABŞ dollarının alınmasına dair qəbz, özünün və həyat yoldaşının mübahisəli əmlakı cavabdehin öz adına keçirməsinə razılıq vermələrinə dair ərizələri tərəflər arasında bu əmlaka dair faktiki münasibətlərinin mövcudluğunu təsdiq edir. Bu sənədlər cavabdehin torpaq sahəsindən istifadə etməsinin özbaşına və gizli xarakter daşımadığını aydın şəkildə göstərir. Cavabdehin ötən illər ərzində bu torpaq sahəsindən istifadəsi və tikinti aparması özbaşına zəbt və ya açıq qanunsuzluq nəticəsində deyil, məhz iddiaçının əvvəlki davranışına, verdiyi etibarnaməyə və tərəflər arasında formalaşmış faktiki münasibətlərə əsaslanmaqla baş vermişdir.
59. Məhkəmə haqlı olaraq nəzərə almışdır ki, cavabdeh 25 ilə yaxın müddət ərzində həmin torpaq sahəsində açıq və fasiləsiz şəkildə yaşamış, yaşayış evi tikmiş, torpaq sahəsindən sahib kimi istifadə etmişdir. Iddiaçı isə bu uzun müddət ərzində cavabdehin hərəkətlərinə qarşı hər hansı vaxtında və effektiv hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Bu hal cavabdehdə həmin istifadənin hüquqa uyğun olması barədə legitim inam və etimad formalaşdırmışdır.
60. Mülki hüququn əsas prinsiplərindən biri olan dürüstlük və hüquqdan sui-istifadəyə yol verilməməsi prinsipi baxımından da məhkəmənin gəldiyi nəticə tam əsaslıdır. Iddiaçı uzun illər boyu cavabdehin torpaq sahəsində yaşayış evi tikməsinə və orada yaşamasına faktiki olaraq etiraz etməmiş, yalnız 25 ildən sonra mübahisə qaldırmışdır. Belə vəziyyətdə cavabdehin tikdiyi yaşayış evinin sökülməsini və onun ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququn dürüst həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin tikintiyə çəkdiyi xərclər və formalaşmış faktiki vəziyyət nəzərə alınmadan yalnız mülkiyyət hüququna istinad edilərək tikilinin sökülməsi tələb edilərsə, bu, tərəflərin mənafeləri arasında ədalətli tarazlığın pozulmasına səbəb olar. Belə müdaxilə cavabdeh üçün həddən artıq ağır və qeyriproporsional
61. nəticələr doğura bilər.
62. Eyni zamanda iş materiallarında cavabdehin iddiaçıya məxsus tikililəri qəsdən sökməsi və ya iddiaçıya konkret maddi zərər vurması barədə mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, istinad edilən halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Iddiaçı isə iddia etdiyi zərərin həcmini, tikililərin cavabdeh tərəfindən söküldüyünü və bunun nəticəsində ona ziyan dəydiyini sübut edə bilməmişdir.
63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
64. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
65. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
66. Məhkəmənin cavabdehi vicdanlı sahib kimi qiymətləndirməsi də işin hallarına uyğundur. Cavabdeh torpaq sahəsində iddiaçının verdiyi etibarnaməyə, yazılı razılığa və tərəflər arasında formalaşmış faktiki münasibətlərə əsaslanaraq tikinti aparmışdır. Bu səbəbdən cavabdehin davranışı qərəzli və ya özbaşınalıq kimi qiymətləndirilə bilməz.
67. Bundan başqa, məhkəmə tərəflərə kompensasiya mexanizminin tətbiqi imkanını izah etmiş, lakin iddiaçı tərəf həmin prosessual imkandan istifadə etməmişdir. Bu da göstərir ki, birinci instansiya məhkəməsi tərəflərin mənafeləri arasında balans yaratmağa çalışmış, lakin iddiaçı yalnız cavabdehin çıxarılması və tikilinin sökülməsi tələbində israr etmişdir.
68. Apellyasiya şikayətinin əsas arqumenti ondan ibarətdir ki, etibarnamənin müddəti 3 il olmuş və həmin müddət bitdiyindən cavabdehin torpaq sahəsindən istifadə hüququ qalmamışdır. Lakin bu arqument işin faktiki hallarını və mülki hüququn əsas prinsiplərini nəzərə almır. Belə ki, məhkəmə tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh torpaq sahəsindəki tikintini və yaşayışı iddiaçının razılığı və davranışına güvənərək həyata keçirmişdir. Iddiaçı uzun illər ərzində cavabdehin həmin ərazidə yaşamasına, tikili inşa etməsinə, əmlaka faktiki sahiblik etməsinə etiraz etməmiş, nə məhkəməyə, nə də digər səlahiyyətli orqanlara müraciət etmişdir. Iddiaçının apellasiya baxışı zamanı verdiyi izahatdan məlum olmuşdur ki, onun yaxın qohumları hazırda da həmin kənddə yaşayır (hətta bacısı cavabdehlə qonşudur) və 2005-ci ildə o anasının vəfatı ilə bağlı kəndə gələrək yas mərasimində iştirak etmişdir. Yəni onun bu 25 il ərizndə öz mülkiyyəti ilə ümumiyyətlə maraqlanmaması onun hazırki halda tələbində haqlı olması qənaətinə gəlməyə əsas vermir.
69. Iş materialları ilə müəyyən olunur ki, ##.##.2000-ci il tarixli etibarnamə 3 il müddətinə verilmiş və həmin müddət bitdikdən sonra etibarnamənin hüquqi qüvvəsi başa çatmışdır. Lakin hazırkı mübahisədə həlledici məsələ yalnız etibarnamənin formal qüvvədə olub-olmaması deyil, tərəflər arasında uzun illər ərzində formalaşmış faktiki münasibətlərin hüquqi nəticələrinin qiymətləndirilməsidir. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq nəticəyə gəlmişdir.
70. Iddiaçı şikayətində qeyd etmişdir ki, məhkəmə cavabdehin torpaq sahəsi üzərində müstəqil qeydiyyata alınmış mülkiyyət hüququnun mövcud olduğunu göstərməmiş və belə bir nəticəyə gəlməmişdir. Əksinə qeyd olunmalıdır ki, məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olduğunu qəbul etmişdir. Bununla yanaşı, məhkəmə cavabdehin uzun illər ərzində iddiaçının iradəsi və davranışları nəticəsində formalaşmış faktiki istifadəsini, torpaq sahəsində öz vəsaiti hesabına yaşayış evi inşa etməsini və həmin istifadənin uzun müddət iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə almaqla hazırki nəticəyə gəlmişdir.
71. Apellyasiya şikayətində göstərilən “cavabdehin dövlət qeydiyyatına alınmış hüququ yoxdur” arqumenti özlüyündə iddianın avtomatik təmin edilməsinə əsas vermir. Çünki mülki qanunvericilik yalnız qeydiyyata alınmış hüquqların deyil, həm də vicdanlı davranış nəticəsində yaranmış qanuni mənafelərin qorunmasını nəzərdə tutur. Məhkəmə tərəfindən cavabdehə “mülkiyyət hüququ” tanınmamış, yalnız tərəflərin hüquq və mənafeləri arasında tarazlığın qorunması baxımından onun uzunmüddətli faktiki vəziyyəti nəzərə alınmışdır.
72. Iş materiallarından görünür ki, iddiaçı cavabdehə verdiyi etibarnamədə yalnız sadə istifadə hüququ verməmiş, ona bütün əmlak üzərində geniş sərəncam səlahiyyətləri tanımış, eyni zamanda pul vəsaiti almaqla əmlakın gələcəkdə cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Bu hallar tərəflər arasında sırf müvəqqəti istifadə münasibətindən daha geniş faktiki əmlak münasibətlərinin mövcudluğunu göstərir. Cavabdehin uzun illər ərzində həmin torpaq sahəsində yaşayış evi tikməsi və orada ailəsi ilə birlikdə yaşaması da məhz bu etimada əsaslanmışdır.
73. Şikayətdə qeyd olunan “əgər alğı-satqı münasibəti var idisə, niyə rəsmiləşdirilməmişdir” arqumenti də məhkəmənin gəldiyi nəticəni təkzib etmir. Çünki iş üzrə mübahisə alğı-satqı müqaviləsinin etibarlı bağlanıb-bağlanmaması barədə deyil, cavabdehin torpaq sahəsində uzunmüddətli və iddiaçı tərəfindən dözümlə qarşılanmış istifadəsinin nəticələrinin qiymətləndirilməsi barədədir. Məhkəmə də cavabdehin qeydiyyata alınmış mülkiyyət hüququnun mövcud olduğunu deyil, iddiaçının uzun illər ərzində formalaşdırdığı hüquqi və faktiki vəziyyətə zidd olaraq birdən-birə cavabdehin çıxarılmasını tələb etməsinin dürüstlük və hüquqdan sui-istifadəyə yol verilməməsi prinsipləri ilə uzlaşmadığını qeyd etmişdir.
74. Birinci instansiya məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, iddiaçı 25 ilə yaxın müddət ərzində cavabdehin torpaq sahəsində yaşamasına, tikinti aparmasına və həmin əmlaka sahib kimi davranmasına etiraz etməmişdir. Belə uzunmüddətli passiv davranış cavabdehdə hüquqi etimad yaratmışdır. Mülki hüququn əsas prinsiplərinə görə isə şəxsin əvvəlki davranışı ilə yaratdığı etimada sonradan zidd mövqe tutması və digər tərəfin mənafelərini nəzərə almadan hüququnu həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
75. Buna görə də birinci instansiya məhkəməsi cavabdehin “mövcud olmayan hüququnu” deyil, işin konkret hallarından irəli gələn və qanunla qorunan faktiki mənafelərini nəzərə almış, tərəflərin qarşılıqlı münasibətlərini kompleks şəkildə qiymətləndirməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin həmin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.
76. Iddiaçının “uzun müddət ölkə hüdudlarından kənarda olması” dəlilinə gəlincə kollegiya qeyd edir ki, bu hal onun mübahisəli torpaq sahəsi ilə bağlı hüquqi münasibətlərdən tam xəbərsiz olması və ya həmin münasibətlərə nəzarət etmək imkanından məhrum olması kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, cavabdeh torpaq sahəsində gizli deyil, aşkar şəkildə yaşamış, həmin ərazidə yaşayış evi inşa etmiş və uzun müddət fasiləsiz istifadə etmişdir. Iddiaçı tərəfindən isə bu müddət ərzində cavabdehin istifadəsinə qarşı hər hansı vaxtında hüquqi tədbir görülməsi müəyyən olunmamışdır. Məhkəmə də məhz bu passiv davranışı və onun cavabdehdə formalaşdırdığı hüquqi etimadı nəzərə almışdır.
77. Iddiaçının cavabdeh tərəfindən köhnə tikililərin sökülməsi nəticəsində ona 15.000 manat ziyan vurulması barədə tələbi də sübutlarla təsdiq edilməmişdir. Iş materiallarında cavabdehin konkret olaraq hansı tikilini sökdüyünü, həmin tikilinin hansı vəziyyətdə olduğunu və iddiaçıya real zərər dəydiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Mütəxəssis rəyində yalnız torpaq sahəsində köhnə tikili qalıqlarının olması qeyd edilmiş, lakin həmin tikililərin cavabdeh tərəfindən qanunsuz sökülməsi və ya bunun nəticəsində iddiaçıya konkret maddi zərər vurulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən isə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Iddiaçı bu sübutetmə yükünü yerinə yetirə bilməmişdir.
78. Iş üzrə müəyyən edilmiş hallar göstərir ki, cavabdehin torpaq sahəsində istifadəsi iddiaçının əvvəlki razılığı və davranışına əsaslanmış, cavabdeh uzun illər vicdanlı sahib kimi həmin əmlakdan istifadə etmiş, iddiaçı isə uzun müddət ərzində bu münasibətə etiraz etməmişdir. Cavabdehin qanunsuz zəbt, zorakı müdaxilə və ya qəsdən zərər vurması halları sübuta yetirilməmişdir. Buna görə də iddia tələblərinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və ədalətlidir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
79. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədən düzgün qətnamə qəbul edilmişdir.
80. Bu səbəbdən də iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
82. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.