Məhkəmə qərarları › İş №2(3-1)-132/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-132/2026

29.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-132/2026 29.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiyası İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin yenidən qurulmasına, əlavə tikililərin inşa edilməsinə, təmirinə çəkilmiş xərcin ona verilməsi tələbi (Açar sözlər: apellyasiya şikayətindən imtina edilməsi və onun qəbulu) iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin yenidən qurulmasına, əlavə tikililərin inşa edilməsinə, təmirinə çəkilmiş xərcin ona verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı "17" oktyabr 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 9/10 hissəsinin mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən 0.0275 hektar həyətyanı torpaq sahəsində inşa etdiyi ümumi sahəsi 121 kvadratmetr olan fərdi yaşayış evinin yenidənqurma işlərinə, əlavə tikililər inşa etməyinə, təmirinə çəkdiyi 38000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 1977-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində doğulmuşdur. Orada böyüyüb boya-başa çatmış, ailə qurmuşdur. Atasının sağlığında, onun razılığı ilə ata evini sökmüş, əlavə tikililər aparmış yenidən quraraq ailəsi ilə orada yaşamışdır. Atasının vəfatından sonra da orada tikinti işlərini davam etdirmişdir. Həmin illərdə tikinti aparmağına, orada işlər görməyinə heç kimin narazılığı olmamışdır. Cavabdeh Cavabdeh ilə olan məhkəmə mübahisələrindən sonra ünvan 2 ünvanında 0.0275 hektar həyətyanı torpaq sahəsi üzərindəki sahəsi 21.10 kvadratmetr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/10 hissə onun, 9/10 hissə isə Cavabdeh mülkiyyətində olmaqla sənədləşdirilmişdir. Köhnə ata evini söküb yenidən tikməyi, əlavə tikililər inşa etməyi nəticəsində hazırda köhnə evləri 2 mərtəbəli, sahəsi 121 kvadratmetr olan yaşayış evinə çevrilmişdir. Bu işləri görərkən evin onun olduğunu düşünmüş, ona görə bütün qazancını evə xərcləmişdir. Bir neçə il davam edən bu işlərə ümumilikdə 38000 manat xərci çıxmışdır. Hazırda isə cavabdeh müxtəlif məhkəmələr açaraq onu ünvan 1 ünvanında yerləşən evdən çıxarmaq istəyir. Bu səbəbdən də orada gördüyü işlərə çəkdiyi 38000 manat xərcin ona ödənilməsini istəyir. Tikinti işlərinin aparılması ilə bağlı müxtəlif ekspertizaların verdiyi rəylərlə də orada tikinti işlərinin aparıldığı öz təsdiqini tapır.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 1 ünvanında 0.0275 hektar həyətyanı torpaq sahəsində İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə çəkilən xərcin dəyəri olan 20.500 (iyirmi min beş yüz manat) manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdi (iş vərəqə 95-103).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdı ki, mübahisəli əmlak tərəflərin birgə mülkiyyətində olsa da, həmin əmlaka çəkilmiş xərclərə münasibətdə Mülki Məcəllənin 217-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən əmlakın yenidən qurulması və təmiri əmlakın ümumi mülkiyyət olmasından əvvəl aparılmışdır. Buna görə də, məhkəmə hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin, yəni əsassız varlanma ilə bağlı müddəaların təşkil etdiyi qənaətinə gəlmişdir.

5. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən fərdi yaşayış evinin yenidən qurulmasına, əlavə tikililərə və təmirə çəkilmiş xərclərin 22778.00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının əmlakın 1/10 hissəsinə mülkiyyət hüququ olduğunu nəzərə alaraq, həmin hissədə çəkilən xərc çıxılmaqla cavabdehin payına düşən xərcin, yəni 20500 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

6. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh tərəf ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnaməni ləğv edərək, evinin yenidən qurulmasına və təmirinə çəkilmiş xərclərin real bazar qiymətlərinə uyğun yenidən müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin etməklə ekspertizanın gəldiyi nəticəyə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 131-138).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

7.Cavabdeh tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdi ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdı. Məhkəmə əsassız varlanma ilə bağlı Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsaslanaraq, X3 ekspert rəyini əsas götürmüş və qətnaməni məhz bu sübutun üzərində qurmuşdur. Lakin qənaətinə görə, ekspert rəyi ehtimallara əsaslanmaqla yanaşı, materiallara və xidmətlərə çəkilən xərcləri real bazar qiymətlərinə uyğun olmayan şəkildə şişirtmişdir. 8.Evin dam örtüyü üçün heç bir usta pulu ödənilməmişdir, bu işi atası Nurəddin, qardaşı Namiq və qonşusu Əhməd görmüşdür. Həmçinin, evin dirəkləri köhnə ata evinin dirəkləri olmuş, taxta döşəmələr qayınanası tərəfindən gətirilmiş, parketlər əmisi tərəfindən pay verilmiş və hamama beton yoldaşının köməkliyi ilə tökülmüşdür. Hesablamalarda bunun kimi bir çox saxtakarlıqlara yol verilmişdir. 9.Ekspert rəyindəki ziddiyyətlərlə bağlı birinci instansiya məhkəməsinə etiraz ərizəsi göndərmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozaraq, şahidləri məhkəməyə dəvət edib dindirməmiş, cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdir. Məhkəmə ekspert rəyinin natamam və ziddiyyətli olmasını nəzərə almadan, bu uyğunsuzluqları aradan qaldırmaq üçün Mülki-Prosessual Məcəllənin 102.1-ci maddəsinə əsasən əlavə ekspertiza təyin etməmişdir.

10. Məhkəmə iddiaçının tələb etdiyi məbləğin həqiqətən xərclənib-xərclənmədiyini, tikinti işlərinin faktiki həcmini və istifadə olunmuş materialların vəziyyətini (yeni və ya ikinci əl olmasını) obyektiv şəkildə araşdırmamışdır.

11. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozmasını və ya düzgün tətbiq etməməsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci və 1092-ci (həmçinin 157.5-ci) maddələrinə, prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini əsaslandırarkən isə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 9.1, 9.3, 101.6, 101.7, 102.1, 174.2-ci və 206.1-ci maddələrinə istinad etmişdir.

c) Apellyasiya şikayətinin icraata qəbulu.

12. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “03” iyul 2026-cı ildə daxil olmuş və kollegiyanın eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Izahatlar və işin gedişatı.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı cavabdeh Cavabdeh ərizə ilə kollegiyaya müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, həmin apellyasiya şikayətindən imtina etdiyini və bunun nəzərə alınmaqla apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Iddiaçı İddiaçı isə cavabdehin verdiyi apellyasiya şikayətindən onun imtina etməsinə etiraz etmədiyini bildirmişdi.

IV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətindən imtinanı qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi

16. Cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinə əsasən, tərəflər pozulmuş hüquqlarının müdafiəsi zərurətini özləri müəyyən edirlər. Məhkəməyə müraciət etmək, iddia qaldırmaq və ya ondan imtina etmək, habelə məhkəmə aktından şikayət vermək və ya şikayəti geri götürmək birbaşa şəxsin iradəsindən asılıdır. Məhz bu prinsipdən çıxış edərək, məqsədə nail olmaq üçün prosessual vasitələrin seçilməsi şəxsin sərbəst sərəncamındadır.

17. Apellyasiya şikayətindən imtina edilməsinin prosessual qaydası, onun hüquqi həlli və nəticələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 369.2-ci və 369.3-cü maddələrinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

18. Yuxarıda qeyd edilən prosessual norma blanket xarakterli olmaqla, həmin Məcəllənin 191-ci maddəsinə göndərsə də, sonuncu qeyd edilən prosessual normanın mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, o apellyasiya şikayətindən imtinanın qəbul edilibedilməməsinin hüquqi əsaslarını yox, 369-cu maddə kimi müvafiq müraciətdən imtina edilməsinin prosessual qaydasını, onun hüquqi həllini və nəticələrini müəyyən edir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə nəzər yetirdikdə aydın olur ki, iddiadan imtina olunmasının qəbul edilməzliyinin hüquqi əsasları həmin Məcəllənin 52.5-ci maddəsində öz əksini tapıb.

20. Belə ki, həmin prosessual normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

21. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiadan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365 və 369.3-cü maddələrinin tələbi baxımından apellyasiya şikayətindən imtinanın qəbul olunmazlığını əsasən iki hüquqi əsasla:

22. - onun qanuna zidd olması;

23. - hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması ilə şərtləndirmişdi.

24. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasını yuxarıda qeyd edilən hüquqi meyarlar üzrə tədqiq etdikdə aydın olur ki, hazırda apellyasiya şikayətindən imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5ci maddəsində göstərilən hallar mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, həmin tərəfin apellyasiya şikayətindən imtinası qəbul olunmalı, Cavabdeh münasibətdə sözügedən prosessual müraciət üzrə apellyasiya icraatına xitam verilməli və bununla bağlı qərardad qəbul edilməlidir. Çünki Mülki-Prosessual Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

25. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsaslanmaqla belə hesab edir ki, işdə iştirak edən şəxsə apellyasiya şikayətindən imtina etməsinin hüquqi nəticəsi izah edilməlidir.

26. Sözügedən halın hüquqi nəticəsi isə Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsində öz əksini tapıb ki, həmin normaya görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

27. Yekunda kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.6-cı maddələrinin mahiyyətindən həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olması aydın olur.

28. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə ## #### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 102,60 (bir yüz iki manat, altmış qəpik) manat məbləğində rüsum onun özünə geri qaytarılmalıdır.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

30. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

31. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.2, 11.1, 12.2, 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin yenidən qurulmasına, əlavə tikililərin inşa edilməsinə, təmirinə çəkilmiş xərcin ona verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Cavabdeh Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə ## #### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödədiyi 102,60 (bir yüz iki manat, altmış qəpik) manat məbləğində rüsum ona geri qaytarılsın. Işdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar