Məhkəmə qərarları › İş №2(3-1)-53/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-53/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-53/2026 14.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbi (Açar sözlər: paylı mülkiyyətdəki daşınmaz əmlaka olan hüquqa kompensasiya verilməklə xitam vermə, barışıq sazişi, icraata xitam verilməsi və dispozitivlik prinsipi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı X3 və cavabdeh Cavabdeh iştirakları ilə, X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. X3 "21" aprel 2025-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 30000 (otuz min) manat kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılıb dəyərinin bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-02).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ## ##### 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1222004336 qeydiyyat nömrəsi ilə 1/2 hissə özünün, ## ###### 2014-cü il tarixdə dövlət reyestrində 1214005218 qeydiyyat nömrəsi ilə 1/2 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh ilə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən payının naturada ayrılmasına dair iddia qaldırmış, lakin Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiası rədd edilmişdir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.0088 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.4 kvadratmetr olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi, daşınmaz əmlakın açıq hərracda satılması üçün ilkin satış qiymətinin 40.011 (qırx min on bir) manat müəyyən edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsinin Cavabdeh alınaraq X3 ödənilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddia təmin edildiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 190 (bir yüz doxsan) manatın cavabdeh Cavabdeh tutularaq “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdi (iş vərəqə 107-117).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlakın 1/2 hissəsinin iddiaçı X3, 1/2 hissəsinin isə cavabdeh Cavabdeh mülkiyyətində olması və bu əmlakda olan payların naturada bölünməsinin mümkün olmaması işin mübahisəsiz hallarıdır. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə payın naturada ayrılması tələbi artıq rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir və hazırkı məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, payın naturada ayrılması mümkün olmadıqda, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi hüququna malikdir. "X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2025-ci il tarixli rəyinə əsasən, əmlakın bazar dəyəri 40.011 (qırx min on bir) manat müəyyən edilmişdi və məhkəmə bu rəyi mötəbər sübut kimi qəbul etmişdi. Məhkəmə iclasında tərəflər arasında kompensasiyanın ödənilməsi barədə razılıq əldə olunmamışdır, iddiaçı 20.000 manat kompensasiya tələb etsə də, cavabdeh işsiz olduğunu və bu məbləği ödəməyə imkanı olmadığını bildirmişdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə görə, mülkiyyətçiyə payın naturada ayrılması əvəzinə kompensasiya ödənilməsi onun razılığı ilə mümkündür. Iddiaçı payının ayrılması üçün kompensasiya ödənilməsinə, bu mümkün olmadıqda isə əmlakın hərracda satılıb satış pulunun bölünməsinə razılığını ifadə etmişdir. Məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətin istənilən mülkiyyətçisi, payın həcmindən asılı olmayaraq, pul kompensasiyasının ödənilməsi tələbini irəli sürə bilər.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

5. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, həmin qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 141-146).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, qətnamə ilə razılaşmır. Belə ki, işə baxan məhkəmə ona qarşı qərəzli mövqe göstərərək ondan qarşı tərəfə 20.000 manat kompensasiya ödəməyi iddiaçıya isə ona 15.000 manat kompensasiya ödəməyi təklif edib. Məhkəmə iclasının videoyazısında da qeydə alınıb. Sözügedən yaşayış sahəsi nənəsi X2 tərəfindən ona bağışlanmış torpaq sahəsində tikilmişdir. O, yalnız 2010-cu ilin may ayında yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırıb. Onun savadsızlığı nəticəsində iddiaçının ½ pay hüququ yaranmışdır. Keçmiş həyat yoldaşı və övladları uzun müddətdir ki, başqa yerdə kirayədə yaşayırlar. Bütün kommunal və sığorta ödənişləri onun tərəfindən ödənilmişdir. Iddiaçının pay hüququ müəyyənləşsə də xərclər onun tərəfindən qarşılanmışdır. Bu gün o illərlə əziyyət çəkdiyi zəhməti ilə qurub-yaratdığı evindən məhrum olmaq istəmir. Hərraca çıxarılması istənilən əmlak onun mülkiyyətidir və onun tikildiyi ildə o, evli olmayıb. Bu gün onun iddia etdiyi məbləğdən də artıq məbləği o, iddiaçının müalicəsinə xərcləyib. Hətta evin əşyaları da Validə tərəfindən bir otağa yığılmış 8 il həmin otaq bağlı qalmışdır. Buna görə də məhkəmənin qətnaməsini ədalətsizlik kimi qəbul edir.

7. Qeyd edir ki, sözügedən əmlak birgə nikah dövründə əldə olunmayıb, o həmin evi 1989-cu il tarixdə tikib. Evin texniki pasportundan da aydın görünür ki, bu ev hansı tarixdən mövcud olmuşdur. O, iddia ərizəsi ilə müraciət edib keçmiş həyat yoldaşının ona məxsus evdən çıxarılmasını istəyib. Lakin onun istər hüquqi cəhətdən savadsız olmağı, istərsə də latın qrafikalı əlifbanın hərflərini tanımamağı onun tələbini düzgün ifadə edə bilməməyi ilə nəticələnmişdir. 3 illik iddia müddətini ötürən iddiaçı tərəfindən verilmiş yanlış tələb nəticəsində ona ½ pay müəyyən olunmuşdur. Bir haldaki o, onlara ev vermək istəyirdisə niyə 4 il gözləyib sonra pay verirdi? Buradan aydındır ki, bu onun savadsızlığından baş vermişdir.

8. Məhkəmə mübahisəli evi iddia edən şəxsin bu günə qədər heç bir kommunal ödənişi ödəmədiyini görmüş, lakin heç bir araşdırma aparmamışdır. Bir haldaki Validə Məmmədova ev iddiasındadır nə üçün heç bir kommunal və sığorta ödənişinə dair qəbz təqdim edə bilmir?

9. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb iddianın rədd olunması barədə qanuni və əsaslı qərar qəbul edəcəkdir.

10. Şikayət edən birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı və 37-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdi.

c) Apellyasiya şikayətinin icraata qəbulu.

11. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “02” mart 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Prosesin gedişi.

13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, mübahisəni həll edərək aralarında razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər:

14. - Cavabdeh Cavabdeh, ünvan 1 ünvanında yerləşən 0.0088 hektar torpaq sahəsi və üzərində yerləşən 69.4 kvadratmetr sahəli fərdi yaşayış evindəki 1/2 payın əvəzi (kompensasiya) olaraq, iddiaçı X3 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ## #### 2026-cı il tarixinədək ödəməyi öhdəsinə götürür;

15. -Iddiaçı X3 bəyan edir ki, 15.000 (on beş min) manat məbləğində kompensasiya tam şəkildə ona ödənildikdən sonra, sözügedən daşınmaz əmlakdakı 1/2 (yarım) payına dair mülkiyyət hüququndan Cavabdeh xeyrinə imtina edəcəkdir;

16. -X3, müəyyən edilmiş məbləği aldığı andan etibarən həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində Cavabdeh adına rəsmiləşdirilməsi və özünün həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün zəruri olan bütün prosessual hərəkətləri (notarial qaydada razılıq verilməsi, ərizələrin imzalanması və s.) icra etməyi öhdəsinə götürür;

17. -Tərəflər bu barışıq sazişinin şərtləri tam icra olunduqdan sonra, sözügedən daşınmaz əmlaka dair bir-birlərinə qarşı gələcəkdə hər hansı maddi və ya mənəvi tələb irəli sürməyəcəklərini, bununla da aralarındakı hüquqi mübahisənin tam və qəti şəkildə həll olunduğunu qəbul edirlər;

18. -Tərəflər razılaşırlar ki, bu işlə bağlı indiyədək çəkdikləri bütün məhkəmə xərcləri (dövlət rüsumu və s.) hər bir tərəfin öz üzərində qalır və qarşı tərəfdən tələb olunmur.

IV. Apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış barışıq sazişini qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi.

19. X3 və Cavabdeh tərəfindən imzalanaraq kollegiyaya təqdim edilmiş barışıq sazişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin;

20. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

21. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər;

22. - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər;

23. - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır;

24. - 191.1-ci maddəsinin mahiyyətinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər;

25. - 370.1 və 370.2-ci maddələrinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

26. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3cü maddəsinə əsasən mülki məhkəmə icraatı tərəflərin dispozitivliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, mülki prosesin tərəfləri öz maddi və prosessual hüquqlarından öz mülahizələrinə görə istifadə etməkdə, o cümlədən mübahisəni məhkəmə çəkişməsi yolu ilə deyil, qarşılıqlı razılaşma (barışıq sazişi) yolu ilə həll etməkdə sərbəstdirlər. Tərəflərin barışıq sazişi bağlamaq iradəsi məhz qanunvericiliklə təsbit olunmuş bu fundamental prinsipdən irəli gəlir.

27. Mülki işin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı tərəflər qarşılıqlı güzəştlər əsasında razılığa gələrək barışıq sazişi bağlamış və yazılı şəkildə rəsmiləşdirərək təsdiq olunması üçün məhkəməyə təqdim etmişlər.

28. Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olmazsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmazsa, məhkəmə onu təsdiq edir.

29. Hazırkı işdə X3 və Cavabdeh paylı mülkiyyətdə olan daşınmaz əmlakın dəyəri və ödəniləcək kompensasiya məbləği barədə könüllü razılığa gəlmişlər və bu razılaşma imperativ hüquq normalarını pozmur. Sazişin şərtləri üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə toxunmur. Işdə iştirak edən şəxslərin hüquqları bu sazişlə məhdudlaşdırılmır, əksinə mübahisənin bu şəkildə həlli tərəflər arasındakı hüquqi münaqişəni tam aradan qaldırır. Bu səbəbdən də kollegiya belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə hər hansı qanuni maneə mövcud deyil.

30. Kollegiya sözügedən barışıq sazişinin təsdiq edilməli olması nəticəsinə gəldiyindən bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin hüquqi nəticələri elə həmin prosessual norma ilə tənzimlənir.

31. Belə ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0-cı və 261.0.5-ci maddələrinin mahiyyətindən də görünür ki, tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir.

33. Həmçinin həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

34. Bundan başqa Mülki-Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

35. Göstərilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin:

37. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

38. -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir;

39. - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.

40. Hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtlərindən aydın olur ki, məhkəmə xərci onu çəkmiş tərəflərin özünə aid edilir.

41. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

42. - Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli;

43. - X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış "14" aprel 2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməli;

44. -- cavabdeh Cavabdeh, ünvan 1 ünvanında yerləşən 0.0088 hektar torpaq sahəsi və üzərində yerləşən 69.4 kvadratmetr sahəli fərdi yaşayış evindəki 1/2 payın əvəzi (kompensasiya) olaraq, iddiaçı X3 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ## #### 2026-cı il tarixinədək ödəməyi öhdəsinə götürür;

45. --iddiaçı X3 bəyan edir ki, 15.000 (on beş min) manat məbləğində kompensasiya tam şəkildə ona ödənildikdən sonra, sözügedən daşınmaz əmlakdakı 1/2 (yarım) payına dair mülkiyyət hüququndan Cavabdeh xeyrinə imtina edəcək;

46. --X3, müəyyən edilmiş məbləği aldığı andan etibarən həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində Cavabdeh adına rəsmiləşdirilməsi və özünün həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün zəruri olan bütün prosessual hərəkətləri (notarial qaydada razılıq verilməsi, ərizələrin imzalanması və s.) icra etməyi öhdəsinə götürür;

47. --tərəflər bu barışıq sazişinin şərtləri tam icra olunduqdan sonra, sözügedən daşınmaz əmlaka dair bir-birlərinə qarşı gələcəkdə hər hansı maddi və ya mənəvi tələb irəli sürməyəcəklərini, bununla da aralarındakı hüquqi mübahisənin tam və qəti şəkildə həll olunduğunu qəbul edirlər;

48. --tərəflər razılaşırlar ki, bu işlə bağlı indiyədək çəkdikləri bütün məhkəmə xərcləri (dövlət rüsumu və s.) hər bir tərəfin öz üzərində qalır və qarşı tərəfdən tələb olunmur;

49. -tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli;

50. - iddiaçı X3 və cavabdeh Cavabdeh çəkdiyi məhkəmə xərcləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onu çəkmiş tərəfin özünə aid edilməli;

51. -tərəflərə barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasının istisna edilməsi izah edilməlidir.

52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

53. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. V. Apellyasiya instansiyası məhkəməsinin barışıq sazişinin hüquqi həlli ilə bağlı gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

q ə r a r v e r d i:

X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış "14" aprel 2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh Cavabdeh, ünvan 1 ünvanında yerləşən 0.0088 hektar torpaq sahəsi və üzərində yerləşən 69.4 kvadratmetr sahəli fərdi yaşayış evindəki 1/2 payın əvəzi (kompensasiya) olaraq, iddiaçı X3 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ## #### 2026-cı il tarixinədək ödəməyi öhdəsinə götürür.

2. Iddiaçı X3 bəyan edir ki, 15.000 (on beş min) manat məbləğində kompensasiya tam şəkildə ona ödənildikdən sonra, sözügedən daşınmaz əmlakdakı 1/2 (yarım) payına dair mülkiyyət hüququndan Cavabdeh xeyrinə imtina edəcək.

3. X3, müəyyən edilmiş məbləği aldığı andan etibarən həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində Cavabdeh adına rəsmiləşdirilməsi və özünün həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün zəruri olan bütün prosessual hərəkətləri (notarial qaydada razılıq verilməsi, ərizələrin imzalanması və s.) icra etməyi öhdəsinə götürür.

4. Tərəflər bu barışıq sazişinin şərtləri tam icra olunduqdan sonra, sözügedən daşınmaz əmlaka dair bir-birlərinə qarşı gələcəkdə hər hansı maddi və ya mənəvi tələb irəli sürməyəcəklərini, bununla da aralarındakı hüquqi mübahisənin tam və qəti şəkildə həll olunduğunu qəbul edirlər. Tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan X3 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Iddiaçı X3 və cavabdeh Cavabdeh çəkdiyi məhkəmə xərcləri barışıq sazişinin şərtlərinə uyğun olaraq onu çəkmiş tərəfin özünə aid edilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar