Məhkəmə qərarları › İş №2(3-1)-61/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-61/2026

01.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-61/2026 01.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Qərardad İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi (Açar sözlər: Məhkəmə aidiyyəti, notariat hərəkətləri, vərəsəlik şəhadətnaməsi, mülki və inzibati məhkəmə icraatı, məhkəmə müdafiəsi hüququ və iddia ərizəsinin icraata qəbulundan imtina) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət

1. İddiaçının vəkili-nümayəndəsi Vəkil "26" fevral 2026-cı ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, X1 miras qalmış Şərur rayonu, Muğanlıq Müslüm kəndində yerləşən 0.10 hektar torpaq sahəsinin yalnız İddiaçı tərəfindən faktiki qəbul edilməsini nəzərə alaraq, sözügedən torpaq sahəsinə onun adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).

b) İddia tələbi üzrə qəbul edilən məhkəmə aktı

2. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Şərur rayon * saylı Notariat kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır (iş vərəqə 15-17).

c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qısa əsaslandırılması.

3. Şərur Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsini, notariat kontoruna qarşı qaldırılan "vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinin publik hüquq münasibətlərindən irəli gələn inzibati mübahisə (məcburetmə haqqında iddia) hesab olunması, bu səbəbdən mübahisəyə mülki deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması və Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın mülki məhkəmə icraatı qaydasında yolverilməzliyi ilə əsaslandırmışdı.

ç) Məhkəmə aktından verilmiş şikayət

4. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından narazı qalan iddiaçı tərəf "03" mart 2026-cı il tarixdə şikayətlə müraciət edərək, sözügedən məhkəmənin qərardadının ləğv olunması, iddia ərizəsinin Şərur Rayon Məhkəməsinin icraatına qəbul olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 21-25).

d) Şikayətin əsaslandırılması

5. İddiaçı tərəf şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə təcrübəsinin sabitliyini və davamlılığını təmin etmək məqsədilə, habelə mübahisələrin sırf notariusun hərəkətinin və ya qərarının özü ilə deyil, bir qayda olaraq, həmin hərəkət və ya qərarın əsasını təşkil edən mülki hüquq münasibətləri (mülki hüquq və öhdəliklərlə) ilə bağlı olduğunu, tam və ədalətli tədqiq ediləcəyini nəzərə alaraq notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması təcrübəsinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etməsinə dair qərarı da mülki hüquq institutlarından biri olan vərəsəlik institutu ilə birbaşa bağlı olduğundan sözügedən məsələyə də ümumi məhkəmədə baxılmalı idi.

6. Şikayət edən birinci instansiya məhkəməsinin maddi hüquq normasının pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələrinə, 62 və 130-cu maddələrinə, “Notariat haqqında Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2025-ci tarixli qərarına, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinə, prosessual hüquq normasının pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad etmişdi.

e) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə

7. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə verilmiş şikayət əsaslı hesab edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara almışdır (iş vərəqə 30-33)

8. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “13” mart 2026-cı il tarixdə daxil olmuşdur.

II. Şikayətə qarşı etirazın dəlilləri.

9.Şikayətə qarşı etiraz daxil olmamışdı.

III. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

10. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

11. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

12. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçı tərəfin şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.

IV. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

14. - 60-cı maddəsinin İ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;

15. - 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

b) "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun:

16. -17-ci maddəsinin 3-cü hissəsindən aydın olur ki, dövlət notariusunun apardığı notariat hərəkətlərinin sırasına vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi aiddir;

17. - 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.

c) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. -1321.1-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər;

19. -1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir;

20. -1325.1-ci maddəsinin tələbinə görə vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir;

21. -1325.2-ci maddəsində qeyd edilir ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.

ç) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

22. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

23. - 152.1 və 152.1.3-cü maddələrinin mahiyyətinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır;

24. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktları:

25. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli qərarda qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir;

26. "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" ## ### 2025-ci il tarixli qərarda göstərilir ki, qanunvericilikdə bu məsələ ilə bağlı müəyyən boşluqların olmasına baxmayaraq, notariat fəaliyyətinin mahiyyəti mülki hüquq münasibətlərinin sabitliyinə xidmət etdiyi üçün bu növ mübahisələr inzibati deyil, mülki məhkəmə aidiyyətinə aiddir.

e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli qərarının:

27. 8-ci bəndində qeyd edilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. MPM-in 445.0.6-cı, İPM-in 8.1.3-1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi

28. Kollegiya iş materiallarını və verilmiş şikayəti qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə inzibati və mülki məhkəmə icraatının hüdudları, habelə notariat fəaliyyətinin hüquqi təbiəti dəqiq müəyyən edilməlidir. İnzibati prosessual qanunvericiliyin mahiyyətinə görə, inzibati məhkəmələr publik hüquq münasibətlərindən irəli gələn mübahisələrə baxsa da, bu, heç də bütün dövlət orqanlarının və ya publik funksiya daşıyan şəxslərin hərəkətlərinin avtomatik olaraq inzibati məhkəməyə aid olması demək deyildir.

29. Mübahisənin aidiyyəti müəyyən edilərkən, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinə, yəni mübahisənin əsasında mülki hüquq və öhdəliklərin dayanıbdayanmamasına xüsusi diqqət yetirilməlidir. Vərəsəlik hüquq münasibətləri öz mahiyyətinə görə xüsusi hüquq (mülki hüquq) sahəsinə aiddir. Notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi isə inzibati sərəncamverici akt deyil, tərəflər arasında mövcud olan mülki hüquqları (mirasın qəbulu və mülkiyyət hüququnun keçməsini) təsdiqləyən bir hərəkətdir.

30. Birinci instansiya məhkəməsi notariusun imtinasını publik hakimiyyət səlahiyyətinin icrası kimi qiymətləndirərək işin inzibati məhkəməyə aid olduğu qənaətinə gəlsə də, nəzərə almamışdır ki, vərəsəlik şəhadətnaməsi ilə bağlı yaranan fikir ayrılıqları əsas etibarilə mülki hüquqların müəyyən edilməsinə yönəlmişdir. Bu növ mübahisələr mülki dövriyyənin subyektləri arasında yaranan hüquqi maraqların toqquşması fonunda çıxış etdiyi üçün onların həlli mülki məhkəmə icraatı qaydasında, ümumi məhkəmələrin yurisdiksiyası daxilində mümkündür.

31. Mübahisələrin aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli qərarının 8-ci bəndində xüsusi olaraq qeyd edilmişdir ki, notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyəti qanunvericilikdə dəqiq müəyyənləşdirilməmişdir. Bu səbəbdən, Plenum məhkəmə müdafiəsi hüququnun effektivliyini təmin etmək məqsədilə izah etmişdir ki, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək bu növ şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməlidir.

32. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu hüquqi müəyyənlik prinsipindən çıxış edərək, vətəndaşların məhkəməyə əlçatanlığını təmin etmək üçün bu növ mübahisələrin mülki yurisdiksiyada saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan Plenum qərarının məcburi xarakterli izahına zidd olaraq, mübahisəni inzibati məhkəməyə aid etməklə iddiaçının qanunla müəyyən edilmiş məhkəmədə işinə baxılması hüququnu (Konstitusiyanın 62-ci maddəsi) məhdudlaşdırmışdır.

33. Bundan əlavə, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi özlüyündə bir mülki hüquq faktının (mirasın qəbulu) rəsmi təsdiqi prosesidir. Əgər notarius vərəsəlik hüququnun mövcudluğuna dair şübhələr və ya digər mülki hüquqi maneələr səbəbindən şəhadətnamə verməkdən imtina edirsə, bu imtinanın qanuniliyini qiymətləndirmək üçün məhkəmə ilk növbədə mülki qanunvericiliyin normalarına (vərəsəliyin əsasları, payların müəyyən edilməsi və s.) müraciət etməlidir. Bu isə mübahisənin mahiyyət etibarilə mülki xarakter daşıdığını bir daha təsdiq edir.

34. Kollegiya xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün ## ### 2025-ci il tarixli qərarında notariat hərəkətləri ilə bağlı yaranan mübahisələrin aidiyyəti məsələsinə aydınlıq gətirərək bildirmişdir ki, notariat fəaliyyətinin mahiyyəti mülki hüquq münasibətlərinin sabitliyinə xidmət edir. Konstitusiya Məhkəməsinin bu mövqeyi ondan irəli gəlir ki, notariusun imtinası və ya hərəkəti, bir qayda olaraq, tərəfin mülki hüququnun (vərəsəlik, mülkiyyət və s.) reallaşmasına maneə yaradır. Belə olan halda, mübahisənin predmeti inzibati idarəetmə deyil, məhz mülki hüququn müdafiəsidir.

35. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin ## ####### 2020-ci il tarixli Plenum qərarında qeyd edildiyi kimi, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən hüquqtəsdiqedici sənəddir. İddiaçı tərəf məhz bu sənədin verilməməsi ilə vərəsəlik hüququnun (mülki hüququnun) rəsmiləşdirilməsinin mümkünsüzlüyünü iddia edir.

36. Xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarında olan Şərur Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı mərhum X1 vərəsəsi olması və mirası qəbul etməsi faktı artıq təsdiq edilmişdir. Mülki- Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə icraatında mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, notariusun məhkəmə tərəfindən artıq müəyyən edilmiş hüquqi faktı (mirasın qəbulunu) nəzərə almadan "müddətin keçməsi" əsası ilə şəhadətnamə verməkdən imtina etməsi birbaşa mülki hüquq münasibətlərindən doğan mübahisədir və bu mübahisə mülki məhkəmə icraatı qaydasında, mülki hüququn rəsmiləşdirilməsi tələbi kimi baxılmalıdır.

37. Kollegiya qeyd edir ki, cavabdeh tərəf (notarius) ## ###### 2026-cı il tarixli imtina qərarını "vərəsəliyin açılma müddətinin buraxılması" ilə əsaslandırmışdır. Lakin mülki qanunvericiliyin mahiyyətinə görə, mirasın açılmasından sonra müəyyən edilmiş 6 aylıq müddət mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuşdur. Əgər vərəsə mirası qanunla müəyyən edilmiş qaydada (istər ərizə verməklə, istərsə də faktiki sahibliklə) qəbul etmişdirsə, vərəsəlik şəhadətnaməsinin alınması üçün hər hansı məhdudlaşdırıcı müddət mövcud deyil.

38. Hazırkı işdə iddiaçının vərəsəlik hüququ və mirası qəbul etməsi faktı Şərur Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq müəyyən edildiyi halda, notariusun "vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən keçmişdir" arqumenti ilə imtina etməsi birbaşa Mülki Məcəllənin 1322-ci maddəsinin (şəhadətnamənin istənilən vaxt verilməsi) tətbiqi ilə bağlı mülki-hüquqi xarakterli mübahisə yaradır. Bu səbəbdən, həmin imtina əsasının qanuniliyini yoxlamaq notariat prosedurunun deyil, mülki qanunvericiliyin tədqiqi predmeti olduğu üçün işə məhz mülki məhkəmə tərəfindən baxılmalıdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu məqam mübahisənin mahiyyətini müəyyən edir. Belə ki, məhkəmə inzibati qaydada notariusun "hərəkətsizliyini" və ya prosedur qaydaları pozub-pozmadığını deyil, mülki qaydada iddiaçının qanuni qüvvəyə minmiş qətnamə ilə təsdiq olunmuş vərəsəlik hüququnun şəhadətnamə formasına keçirilməsinə hər hansı maddi-hüquqi maneənin olub-olmamasını araşdırmalıdır. Notariusun imtinası inzibati prosedurun pozulmasından daha çox, şəxsin qazanılmış mülki (vərəsəlik) hüququnun rəsmiləşdirilməsinə qarşı yönəldiyi üçün bu mübahisə xalis mülki iddiadır.

40. Beləliklə, birinci instansiya məhkəməsi araşdırmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə mirasın qəbulu faktı müəyyən edildiyi halda, şəhadətnamənin verilməsi üçün Mülki Məcəllənin 1322-ci maddəsində nəzərdə tutulan "istənilən vaxt" prinsipi qarşısında hər hansı digər maddi-hüquqi maneə mövcuddurmu?

41. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilən İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsi isə (inzibati orqanın müvafiq hərəkəti etməyə məcburetmə) hazırkı mübahisəyə şamil edilə bilməz. Çünki "Notariat haqqında" Qanunun 41-ci maddəsi xüsusi norma olaraq notariat hərəkətindən imtina barədə şikayətlərin verilməsi qaydasını müəyyən edir və Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarı ilə bu maddənin mülki məhkəmə icraatı qaydasında tətbiqi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə aidiyyəti ilə bağlı hər hansı fikir ayrılığı yarandıqda, şəxsin məhkəmə müdafiəsi hüququnun təmin edilməsi və mülki hüquq münasibətlərinin üstünlüyü prinsipləri rəhbər tutulmalıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mülki məhkəmə aidiyyətinə aid olan bir mübahisənin "inzibati mübahisə" kimi xarakterizə olunması tərəflərin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu və 62-ci maddəsində nəzərdə tutulmuş qanuni məhkəmədə işə baxılmaq hüququnu pozur. Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tətbiqi üçün iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması faktı birmənalı olmalıdır. Lakin yuxarıda göstərilən yuxarı məhkəmə instansiyalarının hüquqi mövqeləri bu növ işlərin məhz ümumi məhkəmələrin yurisdiksiyasında olduğunu təsdiq edir.

43. Qeyd olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi haqqında qərardadı ləğv edilməli, iddia ərizəsi isə icraata qəbul edilməsi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yəni iddiaçının vəkili-nümayəndəsi Vəkil verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir.

44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1 və 385.1.1-ci maddələrinin mahiyyətinə görə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir.

45. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

46. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

47. - iddiaçının vəkili-nümayəndəsi Vəkil Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından verdiyi şikayət təmin olunmalı;

48. - Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı tam ləğv edilməli;

49. -İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsinin mahiyyəti üzrə baxılması ilə bağlı mülki prosessual qanunvericilikdən irəli gələn hərəkətləri yerinə yetirmək üçün mülki iş Şərur Rayon Məhkəməsinə qaytarılmalıdır.

50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

51. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

52. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

VI. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçının vəkili-nümayəndəsi Vəkil Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından verdiyi şikayət təmin olunsun. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsinin mahiyyəti üzrə baxılması ilə bağlı mülki prosessual qanunvericilikdən irəli gələn hərəkətləri yerinə yetirmək üçün mülki iş Şərur Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar