Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-195/2026 12.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ərizəçi “doğum faktının müəyyən edilməsinə tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, e-2(5-112)-133/2026 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixində Bakı şəhərində ev şəraitində dünyaya gətirdiyi qız övladının doğulması faktının müəyyən edilməsi barədə,övladının doğumu haqqında akt qeydində adının “X2” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin dekabr ayında Bakı şəhərində Ruslan adlı şəxslə tanış olaraq, onunla faktiki nikah münasibətinə girmiş, bir neçə ay onunla birlikdə yaşamışdır. Bu münasibətdən xx.xx.2024-cü il tarixində Bakı şəhərində ev şəraitində bir qız uşağı dünyaya gətirmişdir. Qızına Yağmur adını qoymuşdur. Hal-hazırda qız övladının doğum haqında şəhadətnaməsi yoxdur, buna görə də o, hazırda yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixində anadan olmuş övladına doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Binəqədi rayon Qeydiyyat şöbəsi xx.xx.2026-cı il tarixli məktubla ərizəsinə imtina məktubu vermişdir və doğum faktıın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 05 fevral 2026-cı il tarixli, e- 2(5-112)-133/2026 saylı qərardadı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, bu qərardad qanuni qüvvəsini aldıqdan sonra ərizəçiyə qaytarılması qərara alınmış, eyni zamanda ərizəçiyə izah edilmişdir ki, ərizənin qaytarılması, yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan Ərizəçi şikayət verərək Balakən Rayon Məhkəməsinin 05 fevral 2026cı il tarixli, e-2(5-112)-133/2026 saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilib mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində anadan olmuş övladını doğum evində deyil, ev şəraitində dünyaya gətirmişdir. O, Balakən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinə şəxsən müraciət etmişdir ki, övladının doğumu haqqında tibi arayış versin. X1 bildirmişlər ki, məhkəmə onlara sənəd verəcəyi təqdirdə onlar arayış verə bilərlər. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşadığından və övladı Bakı şəhərində ev şəraitində doğulduğundan, yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixində anadan olmuş övladına doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Binəqədi Rayon Qeydiyyat şöbəsi xx.xx.2026-cı il tarixli məktubla ərizəsinə imtina məktubu vermişdir və doğum faktıın müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyini bildirmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Göründüyü kimi, övladı tibb müəssisəsindən kənarda doğulduğundan və ev şəraitində doğulduğundan, övladının doğumu haqqında tibbi şəhadətnamə də verilmir. Azərbaycan Respubliaksı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi xx.xx.2026-cı il tarixli məktubla xx.xx.2024-cü il tarixində anadan olmuş övladına doğum haqqında şəhadətnamə verilməsindən imtina etdiyi üçün o qanuni əsaslarla rəsmi qeydiyyatda olduğu yer üzrə Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həm Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi, həm də Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi Azərbaycan Respubliaksında fəaliyət göstərən dövlət qurumudur və hər ikisi eyni funksiyanı həyata keçirir. İmtina məktubunun Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən deyil, həm də Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsindən almağı ərizənin geri qaytarılması üçün əsas deyildir və onun məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdırır və ev şəraitində dünyaya gətirdiyi azyaşlı övladının Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də hesab etmişdir ki, məhkəmənin qərardadı qanuni hesab edilə bilməz. Balakən Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, e-2(5-112)-133/2026 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, e-2(5-112)-133/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; - 307.2.2. şəxsin öhdədə olması faktının; - 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; - 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; - 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; - 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; - 307.2.7. bədbəxt hadisə faktının; - 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; - 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; - 307.2.10. atalığın etiraf olunması faktının; - 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; - 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hazırkı iş materiallarından görünür ki, Ərizəçi qızının doğumunu təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübutları ərizəsində qeyd etməmiş, bu barədə sübutları, o cümlədən Balakən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsindən doğumunun qeydə alınmaması barədə sənədi ərizəsinə əlavə etməmişdir. O, həmçinin doğumun qeydə alınması üçün özünün qeydiyyat yeri üzrə Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etməmiş, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin imtina məktubunu ərizəsinə əlavə etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4-cü bəndində göstərilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan hüquq normalarının məzmunundan, habelə məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Hazırkı işin materiallarından görünür ki, Ərizəçi qızının doğumunu təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübutları ərizəsində qeyd etməmiş, bu barədə sübutları,o cümlədən Balakən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsindən doğumunun qeydə alınmaması barədə sənədi ərizəsinə əlavə etməmişdir.O, həmçinin doğumun qeydə alınması üçün özünün qeydiyyat yeri üzrə Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etməmiş, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin imtina məktubunu ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ...qanunverici şəxsin rəsmi qeydə alındığı yeri və şəxsin yaşadığı yeri bir-birindən fərqləndirmiş, yəni qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia ərizələrinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini müəyyən etdiyi halda, imperativ qaydada müəyyən etmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir. Belə olan halda məhkəmə aidiyyətinin müəyyən olunması üçün ərizə verən şəxsin yaşayış yeri barədə sənədi ərizəsinə əlavə etməsi zəruridir. Ərizəçi isə yaşayış yeri barədə də arayışı ərizəsinə əlavə etməmiş, ərizəsində isə Balakən rayonunda deyil, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşadığını göstərmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsi 05 fevral 2026-cı il tarixli, e-2(5-112)-133/2026 saylı qərardadı ilə ərizəçinin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də ərizəçinin Balakən Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, e-2(5-112)-133/2026 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, e-2(5-112)-133/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(3-10)-195/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-195/2026
12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver