Məhkəmə qərarları › İş №2(3-10)-205/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-205/2026

08.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-205/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh Hacıyev Pərviz Bəliyar oğluna qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətdə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh Hacıyev Pərviz Bəliyar oğlunun iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh Hacıyev Pərviz Bəliyar oğluna qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətdə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Hacıyev Pərviz Bəliyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin cavabdeh Hacıyev Pərviz Bəliyar oğluna qarşı meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətdə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Oğuz rayonu, Gənclik qəsəbə sakini Hacıyev Pərviz Bəliyar oğlu tərəfindən ** saylı RMTM-in Oğuz meşəbəyliyinin **a saylı meşə dolayının 62-ci kvartalının 4cü bölməsində 707397-4552497, 707442-4552516, 707470- 4552589, 707458-4552628 707415-455205 koordinatlarda yerləşən, özbaşına tutulmuş (zəbt edilmiş) 0.55 ha dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq ** saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu, Gənclik qəsəbəsi sakini Hacıyev Pərviz Bəliyar oğlu, ** saylı X3 Mərkəzinin (bundan sonra Mərkəz) Oğuz meşəbəyliyinin **a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində 707397-4552497, 707442-4552516, 707470- 4552589, 707458-4552628 707415-455205 koordinatlarda yerləşən dövlət meşə fonduna aid 0.55 ha ərazini turizm-rekreasiya məqsədilə qanunsuz olaraq zəbt etmiş və ərazidə 4x3x2.5 m ölçüdə yeri betondan dəmir dirəklər üzərində kənarları 1 m hündürlüyündə hörülmüş 1 (bir) ədəd təndirxana, 3x3x2.5 m ölçüdəkənarları kərpicdən yerinə beton tökülmüş 1 (bir) ədəd kabinet, 3x3x2.5 m ölçüdə 2 (iki) ədəd daşınan besedka üçün beton tökülmüş ərazi, 6x6x3 m ölçüdə kənarları kərpiclə hörülmüş plastik pəncərələri olan 1 (bir) ədəd (şüşəbənd) besedka, 4x3x2.5 m ölçüdə yerinə beton tökülmüş dəmir dirəklər üzərində 1 (bir) ədəd besedka, 6x4x3 m ölçüdə yerinə beton tökülmüş dəmir dirəklər üzərində 1 (bir) ədəd besedka, 3x10x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə beton tökülmüş 1 (bir) ədəd besedka, 6x15x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə beton tökülmüş 1 (bir) ədəd talvar, 3x3x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə beton tökülmüş 4 (dörd) ədəd besedka, 6x4x3 m ölçüdə kubik dirəklər üzərində 1 (bir) ədəd kotedj, 2x2x2.5 m ölçüdə mişar daşından 1 (bir) ədəd ayaqyolu, 1.5x1.5 m ölçüdə (yelləncək üçün) beton tökülmüş ərazi, 2.5x2.5 m ölçüdə beton tökülmüş açıqlıq, 5.5x4.5x3 m ölçüdə kubiklə hörülmüş 1 (bir) ədəd kotedj, 9x10x3 m ölçüdə mətbəxt binası, ona birləşik 9x1.7x3 m ölçüdə eyvan, 2x4x3 m ölçüdə zibil atmaq üçün quyu və çirkab sularının axıdılması üçün şambolardan ibarət tikinti-quraşdırma işləri aparmışdır. Pərviz Hacıyevə, ərazinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə təhvil verilməsi barədə ##.##.2025-ci il tarixində 3-14-27/2-H101- */**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid 0.55 ha torpaq sahəsi, əvvəlki vəziyyətə gətirilməklə hazırkı vaxtadək boşaldılmamışdır. Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinə məxsus Oğuz meşəbəyliyinin **a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində yerləşən cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş 0,63 ha meşə fondu torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə qadağa qoyulmaqla mütəxəsissin yerquruluşu planında göstərilmiş 1,2,3,4,5-ci döngə nöqtələri üzrə X, Y koordinatlarında olan tikililərin Hacıyev Pərviz Bəliyar oğlunun hesabına sökülməsi və həmin torpaq sahəsi boşaldılaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin sahibliyinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh Hacıyev Pərviz Bəliyar oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Hacıyev Pərviz Bəliyar oğlu izahatında göstərmişdir ki, özü fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, həmin orqanın əməkdaşları ona heç bir problem olmadığını, respublika səviyyəsində müqavilələr bağlanacağı halda ona da məlumat veriləcəyini və fəaliyyətini davam etdirə biləcəyini demişlər. Həmin şifahi razılıq əsasında torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçiriliməsi üçün tərəfindən tikililər inşa edilmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, həmçinin mülki işin aidiyyəti məsələsi üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ** saylı X3 Mərkəzinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsinin icraatı zamanı elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğu məlumatlarına əsasən cavabdeh Hacıyev Pərviz Bəliyar oğlunun ********** nömrəli VÖEN-lə (aktiv) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikililər cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün inşa edilmiş və hal-hazırda fəaliyyət göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı publik hüquqi şəxsdir, cavabdeh Hacıyev Pərviz Bəliyar oğlu isə fərdi sahibkarlıq statusuna malik olmaqla yanaşı, aralarındakı hazırkı mübahisə də cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, tərəflər arasındakı münasibət kommersiya fəaliyyətindən irəli gələn mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hacıyev Pərviz Bəliyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar