Məhkəmə qərarları › İş №2(3-10)-209/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-209/2026

05.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-209/2026 05.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin cavabdeh Cavabdeh İbrahim oğluna qаrşı (açar sözlər: Torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin nümayəndəsi Xiyalov İlkin Zabit oğlunun, Cavabdeh - Cavabdeh İbrahim oğlunun vəkili İsmayılov Azər Həşim oğlunun iştirakı ilə, İddiaçı Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin cavabdeh Cavabdeh İbrahim oğluna qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətiüzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Zaqatala Rayon Bələdiyyəsinin Cavabdeh İbrahim oğluna ünvanlanmış *** nömrəli ## ######## 2024-cü il tarixli məktubundan görünür ki, Zaqatala şəhəri Vaqif İsmayılov küçəsi ünvanında yerləşən daşınmaz əmlakın qarşısında yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsində onun tərəfindən inşa edilmiş tikilinin 10 gün müddətində sökülməsi və torpağın geri qaytarılması tələb edilmişdir.

2. İş materiallarında olan Zaqatala Rayon Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclasının protokolundan çıxarışdan görünür ki, bələdiyyənin İqtisadi İnkişaf Komissiyasının sədri Ramin Ağakişiyevin təklifi nəzərə alınmış, Zaqatala şəhəri Vaqif İsmayılov küçəsində (keçmiş Vidadi küçəsi döngə 3) yerləşən mağazanın mülkiyyətçisi və Yuxarı Tala kənd sakini Cavabdeh İbrahim oğlu tərəfindən mağazaya bitişik olmaqla mağazanın qarşısında, yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsində qanunsuz olaraq aparılmış tikintinin sökülərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət olunması, qərarın icrasına nəzarət Bələdiyyənin İqtisadi İnkişaf Komissiyasının sədri Ramin Ağakişiyevə həvalə edilməsi qərara alınmışdır.

3. İş materiallarında olan “xxxx” X2 ** saylı Zaqatala Ərazi İdarəsinin ## ### 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 sakini Cavabdeh İbrahim oğlu tərəfindən Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi, döngə 3) ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasına bitişik olmaqla həmin binanın qarşısında yerləşən 111 kv.m torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən Zaqatala rayonu Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan yollar, küçələr ərazisində yerləşir.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi qeyri-yaşayış obyektinin öz hesabına sökülməsinə, torpağın əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala bələdiyyəsi adından çıxış edərək bildirir ki, cavabdeh Cavabdeh İbrahim oğlu tərəfindən Vaqif İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi döngə 3) ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasına bitişik olmaqla həmin binanın qarşısında (yolun səki hissəsində) Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi zəbt edilərək qanunsuz olaraq tikinti-quraşdırma işləri aparmışdır. Zaqatala bələdiyyəsi tərəfindən Cavabdeh İbrahim oğluna tərəfindən qanunsuz quraşdırılmış tikilinin sökülərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, qanunsuz tikili sökülməmiş və bələdiyyə torpağı əvvəlki vəziyyətinə qaytarılmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri yalnız qanuni icazə əsasında aparıla bilər. Cavabdeh tərəfindən hər hansı rəsmi icazə alınmadan tikinti-quraşdırma işləri həyata keçirilərək vətəndaşların sərbəst hərəkət hüquqlarını pozmuşdur. Zəbt olunmuş torpaq sahəsi yolun səki hissəsinə aid olmaqla ümümi istifadədə olan torpaqlar kateqoriyasına aid olduğundan həmin torpaq sahəsinin alqısatqı olunması məqsədə uyğun deyil.

6. Cavabdeh Cavabdeh İbrahim oğlu iddia ərizəsinə etirazla müraciət edərək iddiaçı Zaqatala bələdiyyəsinin o cavabdeh Cavabdeh İbrahim oğluna qarşı bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz inşa edilmiş qeyri-yaşayış obyektinin öz hesabıma sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı e-*(***)-***/**** saylı mülki iş üzrə iddia ərizəsinə etirazımı sübut qismində qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı bildirmişdir ki, cavabdeh Cavabdeh İbrahim oğlu tərəfindən Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi, döngə 3) ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasına bitişik olmaqla həmin binanın qarşısında (yolun səki hissəsində) Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi zəbt edilərək qanunsuz olaraq tikinti-quraşdırma işləri aparılmışdır. Zaqatala bələdiyyəsi tərəfindən o cavabdeh Cavabdeh İbrahim oğluna qanunsuz quraşdırılmış tikilinin sökülərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, qanunsuz tikili sökülməmiş və bələdiyyə torpağı əvvəlki vəziyyətinə qaytarılmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri yalnız qanuni icazə əsasında aparıla bilər. Cavabdeh tərəfindən hər hansı rəsmi icazə alınmadan tikintiquraşdırma işləri həyata keçirilərək vətəndaşların sərbəst hərəkət hüquqlarını pozmuşdur. Zəbt olunmuş torpaq sahəsi yolun səki hissəsinə aid olmaqla ümümi istifadədə olan torpaqlar kateqoriyasına aid olduğundan həmin torpaq sahəsinin alqısatqı olunması məqsədəuyğun deyildir. İddia ərizəsində iddiaçının istinad etdiyi fakt və halları bütünlüklə nəzərdən keçirmişdir. İddia ərizəsinin dəlilləri ilə razılaşmır, onu qəbul etmir və etirazını aşağıdakılarla əsaslandırır, ##.##.2024-cü il tarixli aktdan görünür ki, o cavabdeh Cavabdeh ibrahim oğluna məxsus Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin önündə iddiaçı Zaqatala bələdiyyəsinə mülkiyyətinə aid uqodiyası yollar və küçələr olmaqla, ümumi istifadədə olan torpaq sahəsinin (səkinin) təqribən 60 kv.m. hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan quraşdırma işləri aparmışdır. Bundan başqa, o sahibkar Cavabdeh ibrahim oğlu tərəfindən iddiaçı Zaqatala bələdiyyəsinə ##.##.2024-cü il tarixli müraciət göndərilərək, mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısındakı 60 kv.m. torpaq sahəsinin icarəyə verilməsini xahiş etmişdir. Bundan əlavə, yenə o sahibkar Cavabdeh İbrahim oğlunun tərəfindən iddiaçı Zaqatala bələdiyyəsinə ##.##.2024cü il tarixli ərizə göndərilərək, xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi (keçmiş Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3) ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə bitişik, piyadaların gediş-gəliş yoluna açılan, pilləkənin hər iki tərəfi boyu hissələri olmaqla, cəmi 60 kv.metr torpaq sahəsinin icarəyə verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Belə ki, həmin topraq sahəsinin icarə istifadələrinə verilməsi orada sahibkarlıq fəaliyyətinin normal təşkilinin və həyata keçirilməsinin təmin edilməsindən ötrü əhəmiyyət kəsb edir. Ərizəsində bildirmişdir ki, daimi müşahidələrindən aydın olur ki, icarəyə verəcəyi həmin torpaq sahəsi piyadaların gediş-gəlişinə hər hansı formada ciddi maneçilik yaratmır. Tərəfindən Zaqatala bələdiyyəsinə ##.##.2025-ci il tarixli ərizə ilə təkrar müraciət edilərək, o, fərdi sahibkar Cavabdeh İbrahim oğluna ##.##.2005-ci il tarixdən tam xüsusi mülkiyyət hüququ ilə məxsus Zaqatala şəhəri, Vidadi küçəsi (hazırda Vaqif İsmayılov küçəsi), döngə 3 ünvanında yerləşən faydalı sahəsi 465.1 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətinin normal və səmərəli həyata keçirilməsindən ötrü ona bitişik, piyadaların gediş-gəliş yoluna açılan, pilləkənin hər iki tərəfi boyu hissələri olmaqla, Zaqatala Bələdiyyəsinə məxsus cəmi 60 kv.metr torpaq sahəsinin icarə haqqı ödənilməklə icarə qaydasında istifadə etməsi ilə bağlı ərizəsi üzrə qanunamüvafiq qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişəm. Təəssüf ki, iddiaçı Zaqatala bələdiyyəsinin sədrinin *** nömrəli ##.##.2025-ci il taixli məktubu iiə ərizəsinin təmin edilmədiyi bildirilmişdir. Fikrincə, bələdiyyə sədrinin bu cavabı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2ci maddəsinin tələblərinə ziddir. Qanunun həmin normasında bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, adıçəkilən torpaq sahəsinin sahibkar olaraq, ona icarəyə verilib- verilməməsi məsələsinə bələdiyyə sədri tərəfindən təkbaşına baxılmışdır. Xüsusilə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə görə ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Lakin, həmin Qanunun 11-ci maddəsində bu torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi qadağan edilməmişdir. İddia ərizəsində boşaldılması tələb edilən torpaq sahəsinin ölçüsü ##.##.2024-cü il tarixli aktda 60 kv.m göstərildiyi halda, iddia ərizəsində bu ölçü əsassız artırılaraq, 111 kv.m. yazılmışdır. Qeyd edir ki, iddiaçı Zaqatala bələdiyyəsinin hazırda sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsinə bitişik yolun səki hissəsində tikinti-quraşdırma işlərinin nə vaxt aparıldığını iddia ərizəsində göstərməmişdir. Halbuki, iddia ərizəsində istinad edilən tikintiquraşdırma işləri məlum məhkəmə qətnaməsi əsasında ona məxsus qeyri-yaşayış kompleksindən çıxarılmış İmran Mustafayev tərəfindən quraşdırılmış və uzun illər ərzində heç bir mübahisə olmadan fasiləsiz olaraq, ondan istifadə edilmişdir. Fikrincə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ona məxsus qeyri-yaşayış kompleksindən İmran Mustafayev çıxarılanadək mövcud olmuş qanunsuz tikinti-quraşdırmanın sökülməsinin ondan tələb etməməsi, eyni faktiki hala münasibətdə fərqli davranmasının, bununla da ayrı-seçkiliyə yol verməsinin səbəb və əsasları barədə işləri maşınadək, Zaqatala bələdiyyəsinin sədri məhkəməyə izahat verməlidir. Daha sonra, ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda ünvan 8 3) ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binasına bitişik olmaqla, həmin binanın qarşısında yerləşən 111 kv.m. torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən, Zaqatala rayonu Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan yollar, küçələr ərazisində yerləşdiyi bildirilir. Lakin nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 12.1-ci maddəsinin tələbinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İddiaçı isə məhkəməyə belə çıxarış təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin düzgün həlli üçün önəmli olan halların, yəni, sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

8. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı İddiaçı mülkiyyətində olan Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 111 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti cavabdeh Cavabdeh İbrahim oğlunun hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh İbrahim oğlundan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Cavabdeh İbrahim oğlu mübahisənin predmeti olan tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini təkzib etmir və onun etirazı yalnız həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması ilə əsaslandırmışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.

11. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 89, 107, 115.0.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh İbrahim оğlu apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nə cəsində çıxarıldığına görə ləğv edilməli və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Zaqatala bələdiyyəsi ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edəndə barəsində mübahisə gedən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışı məhkəməyə təqdim etməlidir. Lakin, ünvan 8 3) ünvanında yerləşən ona məxsus qeyriyaşayış binasına bitişik olmaqla, həmin binanın qarşısında yerləşən 111 kv.m. torpaq sahəsinin onun mülkiyyətində olmasına dair Zaqatala bələdiyyəsi sübut qismində ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilən TEKUİS məlumat bazasına əsaslanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticədə barəsində mübahisə gedən torpaq sahəsinin Zaqatala bələdiyyəsinin mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa deyil, ** saylı Zaqatala Ərazi İdarəsinin məktubunda göstərilən TEKUİS məlumatına əsaslanmışdır. Hesab edir ki, TEKUİS məlumatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışı əvəz edə bilməz. Bu hal da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Bildirir ki, Zaqatala bələdiyyəsinin təşəbbüsü ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda göstərilir ki, cavabdeh Cavabdeh İbrahim oğluna məxsus Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin önündə iddiaçı Zaqatala bələdiyyəsinə mülkiyyətinə aid torpaq sahəsinin (səkinin) təqribən 60 kv.m. hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan quraşdırma işləri aparılmışdır. Lakin, iddia ərizəsində boşaldılması tələb edilən torpaq sahəsinin ölçüsü əsassız olaraq artırılaraq, 111 kv.m. yazılmışdır. Bundan başqa, Zaqatala bələdiyyəsi hazırda sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsinə bitişik yolun səki hissəsində tikinti-quraşdırma işlərinin nə vaxt aparıldığını iddia ərizəsində göstərməmişdir. Halbuki, iddia ərizəsində istinad edilən tikinti-quraşdırma işləri məlum məhkəmə qətnaməsi əsasında ona məxsus qeyri-yaşayış kompleksindən çıxarılmış İmran Mustafayev tərəfindən hələ bələdiyyələr yaradılandan əvvəl quraşdırılmış və uzun illər ərzində heç bir mübahisə olmadan fasiləsiz olaraq, ondan istifadə edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ona məxsus qeyri-yaşayış kompleksindən İmran Mustafayev çıxarılanadək mövcud olmuş qanunsuz tikintiquraşdırmanın sökülməsinin ondan tələb etməməsi, eyni faktiki hala münasibətdə fərqli davranmasının, bununla da ayrı-seçkiliyə yol verməsinin səbəb və əsasları barədə Zaqatala bələdiyyəsinin sədri məhkəməyə izahat verməlidir. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e- *(***)-***/**** saylı qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh İbrahim oğlunun vəkili İsmayılov Azər Həşim oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinin nümayəndəsi Xiyalov İlkin Zabit oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

22. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

23. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 180. Özbaşına tikinti və onun nəticələri - 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

32. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

33. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

34. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

35. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

36. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

37. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

48. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

50. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilməlidir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

54. Müəyyən edilmişdir ki, Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi, döngə 3) ünvanında yerləşən ünvan 1 sakini Cavabdeh İbrahim oğlunun mülkiyyətində olan torpaq sahəsinin önündə yerləşən 111 kv.m torpaq sahəsi Zaqatala rayonu Zaqatala bələdiyyəsinin mülkiyyəti kimi TEKUİS məlumat bazasında qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində Cavabdeh İbrahim oğlu tərəfindən həmin torpaq sahəsi istifadə edilir və üzərində qeyri-yaşayış obyekti inşa edilmişdir. Zaqatala Rayon Bələdiyyəsi iddia ərizəsi ilə müraciət edərək tikilinin cavabdehin hesabına sökülməsini tələb etmişdir. Cavabdeh Cavabdeh İbrahim oğlu iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini tələb etmişdir.

55. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Zaqatala Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Həmin məhkəmənin iş üzrə çıxardığı qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

56. Cavabdeh tərəf mübahisənin predmeti olan tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini təkzib etmir və onun etirazı yalnız həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması ilə bağlıdır.

57. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.

58. Kollegiyanın iclasında cavabdehin vəkili bildirmişdir ki, cavabdeh ##.##.2024-cü il tarixdə həmin 60 kv.m sahənin ona icarəyə verilməsi ilə bağlı bələdiyyəyə müraciət etmişdir. Daha sonra ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə təkrarən müraciətlər etmişdir. X5 sədrinin *** nömrəli ##.##.2025-ci il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. Hesab edirik ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2ci maddəsinin tələblərini pozmuşdur. Yəni demək istədikləri odur ki, qanunun tələblərinə görə mübahisəli torpaq sahəsi icarəyə verilə bilər.

59. Kollegiya bununla bağlı ilk növbədə qeyd edir ki, cavabdehin icarəyə götürmək istədiyi yer (sahə) yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsidir. Həmin səkinin istifadə və icarəyə verilməsi mümkün deyildir.

60. İkincisi, mülki qanunvericiliyinin tələbinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllə, 390.1, 390.3-cü maddələr).

61. Cavabdehin apellyasiya şikayətində qeyd etdmişdir ki, ...Zaqatala bələdiyyəsinin təşəbbüsü ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda göstərilir ki, cavabdeh Cavabdeh İbrahim oğluna məxsus Zaqatala şəhəri, Vidadi küçəsi, döngə 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin önündə iddiaçı Zaqatala bələdiyyəsinə mülkiyyətinə aid torpaq sahəsinin (səkinin) təqribən 60 kv.m. hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan quraşdırma işləri aparılmışdır. Lakin, iddia ərizəsində boşaldılması tələb edilən torpaq sahəsinin ölçüsü əsassız olaraq artırılaraq, 111 kv.m yazılmışdır.

62. Bu səbəbdən apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X2 ** saylı Zaqatala Ərazi İdarəsinə cavabdeh Cavabdeh İbrahim oğlu tərəfindən Zaqatala şəhəri, Vaqif İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi döngə 3) ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış binasına bitişik inşa edilmiş tikilinin ölçüləri barədə (tikilinin eni, uzunluğu və hündürlüyü göstərilməklə) rəsmi məlumatın Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı sorğu verilmişdir.

63. Sorğuya cavab olaraq ** saylı Zaqatala Ərazi İdarəsinin ## ### 2026-cı il tarixli, *- **-*-**/*-****/**** saylı məktubunda qeyd edilmişdir ki; - Zaqatala şəhəri, V.İsmayılov küçəsi (keçmiş Vidadi küçəsi, döngə 3) ünvanında yerləşən Cavabdeh İbrahim oğluna məxsus qeyri-yaşayış binasına bitişik inşa edilmiş tikilinin sahəsi 74.0 kv.m, ölçüləri; uzunluğu – 29.60 m, eni - 2.50 m, hündürlüyü isə 2.70 m təşkil edir.

64. Səlahiyyətli orqanın mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ölçülərinə dair vermiş olduğu məlumat (rəy) hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin məlumatı (rəyi) sübut növü kimi qəbul edir və onunla razılaşır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxladığından qətnamə ilə qət edilmiş torpaq sahəsinin ölçüsü iş üzrə alınmış mütəxəssis məlumatına (rəyinə) uyğun dəyişdirilməlidir.

66. Kollegiya apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinə bələdiyyənin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsi olması işin mübahisələndirilməyən halı olmaqla yanaşı, küçə, keçid, yol və səkilər yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kateqoriyasına aid ümumi istifadədədirlər. Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları bələdiyyələrin mülkiyyətinə aid torpaqlar hesab olunur.

67. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ## ######## 2020-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, ...məhkəmələr nəzərə almalıdırlar ki, əşya hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

68. Belə olan halda, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması barədə dəlili əsassızdır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, 60. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

70. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

71. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

72. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh Cavabdeh İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin ölçüsü hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. İş üzrə məhkəmə xərci (mütəxəssis tədqiqatının dəyəri) olan 95 manat məbləğində pul cavabdeh Cavabdeh İbrahim оğlundan tutulmalı və iddiaçı Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh İbrahim оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilərək Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid 74 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti cavabdeh Cavabdeh İbrahim oğlunun hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci (mütəxəssis tədqiqatının dəyəri) olan 95 manat məbləğində pul cavabdeh Cavabdeh İbrahim оğlundan tutularaq iddiaçı Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar