Məhkəmə qərarları › İş №2(3-10)-244/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-244/2026

31.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-244/2026 31.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Q Ə R A R D A D Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Kərimov Əyyub Vaqif oğlundan ibarət tərkibdə, iddiaçılar Kuloşvili Kişminaz Jordanovna və Kulaşvili Tamazi Şotayeviçin cavabdeh Ramazanlı Elməddin Elşən oğluna qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair (Şəki regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər) mülki iş üzrə Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)- 241/2025 nömrəli qərardadından cavabdeh Ramazanlı Elməddin Elşən oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsi ilə iddiaçılar Kuloşvili Kişminaz Jordanovna və Kulaşvili Tamazi Şotayeviçin cavabdeh Ramazanlı Elməddin Elşən oğluna qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir (hakim Mirheydər Zeynalov). İddiaçı Kuloşvili Kişminaz Jordanovna 12 yanvar 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti vermiş və eyni zamanda, apellyasiya şikayətinə əlavə etdiyi “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsində Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün, buraxılmış prosessual müddəti üzrlü hesab edərək, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir (apellyasiya şikayətini və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəni həmin iddiaçının nümayəndəsi (vəkili) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Qadaşlı Məhəmməd Allahyar oğlu imzalamışdır). Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadı ilə “Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın ərizəsi təmin edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh Ramazanlı Elməddin Elşən oğlu 09 fevral 2026-cı ildə şikayət verərək, Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadını ləğv edib, iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş Qax Rayon Məhkəməsinin 12 fevral 2026-cı il tarixli qərardadı ilə Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadından cavabdeh Ramazanlı Elməddin Elşən оğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən, Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadından cavabdeh Ramazanlı Elməddin Elşən oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə - işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)- 241/2025 nömrəli qərardadından cavabdeh Ramazanlı Elməddin Elşən oğlu tərəfindən verilmiş şikayət təmin edilməli və işin yuxarıda qeyd edilən konkret halları və aşağıda təsvir olunanlara əsasən “Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)- 241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə qəbul edilmiş Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadı ləğv edilərək, qərardadla həll edilməli olan məsələ həll olunmaqla, iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, 2(024)-241/2025 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd olunanlar müəyyən olunur: - İş üzrə 24 iyun 2025-ci ildə iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın, onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Qadaşlı Məhəmməd Allahyar oğlunun və digər tərəflərin iştirakı ilə keçirilən məhkəmə baxış iclasında Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2025-ci il tarixli, 2(024)- 241/2025 nömrəli qətnamə ilə iddiaçılar Kuloşvili Kişminaz Jordanovna və Kulaşvili Tamazi Şotayeviçin cavabdeh Ramazanlı Elməddin Elşən oğluna qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi təmin edilməmiş və həmin qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 14 iyul 2025-ci ildə yerləşdirilməklə - imzalanaraq həmin tarixdə də iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın nümayəndəsi Qadaşlı Məhəmməd Allahyar oğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə yanaşı, qəbul edilmiş həmin məhkəmə qətnaməsinin surəti iddiaçı Kuloşvili Kişminaz Jordanovnaya poçt vasitəsilə də göndərilmişdir. Həmin qətnamənin göndərilməsi ilə əlaqədar “Azərpoçt” tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında “Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı Kuloşvili Kişminaz Jordanovnaya ünvanında qətnamənin göndərildiyi pöçt göndərişi 22 iyul 2025-ci ildə qəbul edilmişdir (i/v: 144-182). - Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən narazı qalan iddiaçı Kuloşvili Kişminaz Jordanovna 18 avqust 2025-ci ildə apellyasiya şikayəti (apellyasiya şikayətini nümayəndəsi (vəkili) Qadaşlı Məhəmməd Allahyar oğlu imzalamışdır) versə də, həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilərək, təqdim edilmədiyindən Qax Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardadda apellyatora “qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ” da izah edilmişdir. Həmin qərardad apellyasiya şikayətini imzalayaraq məhkəməyə təqdim etmiş iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın nümayəndəsi Qadaşlı Məhəmməd Allahyar oğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 06 sentyabr 2025-ci ildə yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir (i/v: 183-196). - İddiaçı Kuloşvili Kişminaz Jordanovnanın hazırkı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə edilmiş “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi (apellyasiya şikayətini və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəni həmin iddiaçının nümayəndəsi (vəkili) Qadaşlı Məhəmməd Allahyar oğlu imzalamışdır) isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 12 yanvar 2026-cı ildə Qax Rayon Məhkəməsinin icraatına daxil olmuşdur (i/v: 199-217). Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, məhkəmə tərəfindən poçt vasitəsi ilə göndərilən Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)- 241/2025 nömrəli qətnaməsi iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın ünvanında 22 iyul 2025-ci ildə qəbul olunmuş və bunu təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə” iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, həmin qətnamə iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın nümayəndəsi Qadaşlı Məhəmməd Allahyar oğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə isə 14 iyul 2025-ci ildə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Eyni zamanda, Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən həmin apellyator tərəfindən birinci dəfə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilərək, təqdim edilmədiyindən Qax Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardad isə iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın nümayəndəsi Qadaşlı Məhəmməd Allahyar oğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 06 sentyabr 2025-ci ildə yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir. Lakin, iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın hazırkı apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 12 yanvar 2026-cı ildə, yəni qətnamə tərəflərə təqdim edildiyindən təxminən 5 aydan artıq müddət keçdikdən sonra Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda təsvir olunanlarla təsdiq olunur ki, iddiaçı Kuloşvili Kişminaz Jordanovna 22 iyul 2025-ci ildə rəsmi qaydada almış olduğu Qax Rayon Məhkəməsinin 24 iyun 2025ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən 12 yanvar 2026-cı ildə apellyasiya şikayətini verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) ay müddətini) buraxmış və bu müddətin bərpa olunması üçün verilmiş ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı məlum qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası, “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizənin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, apellyasiya şikayətini imzalamış nümayəndənin həmin ərizədə qeyd olunan şəxsi problemləri iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü halı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici Mülki-Prosessual Məcəllədə kifayət qədər böyük - bir aylıq müddət müəyyən etmiş (maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (maddə 133). Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Eləcə də, bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti – “müddət bərpası” barədə hazırkı ərizənin və apellyasiya şikayətinin verildiyi 12 yanvar 2026-cı ildə iddiaçı Kuloşvili Kişminaz Jordanovna tərəfindən buraxılmış olmuş və məhkəmə araşdırması zamanı həmin müddətin buraxılmasının səbəblərinin üzürlü olması müəyyən edilməmişdir. Ona görə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadından cavabdeh Ramazanlı Elməddin Elşən oğlu tərəfindən verilmiş şikayət təmin edilərək, Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadı ləğv edilməli və iddiaçı Kuloşvili Kişminaz Jordanovnanın “Qax Rayon Məhkəməsinin qəbul etdiyi 24 iyun 2025-ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi rədd olunmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadından cavabdeh Ramazanlı Elməddin Elşən oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(024)-241/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Kuloşvili Kişminaz Jordanovnanın “Qax Rayon Məhkəməsinin 24 iyun 2025ci il tarixli, 2(024)-241/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar