Məhkəmə qərarları › İş №2(3-10)-37/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-37/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-37/2026 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, ləğv, təmin) X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-1079/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh1 Nəcəf oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Nəcəf oğlu və Cavabdeh2 müştərək qaydada 300000 manat və dövlət rüsumu kimi ödənilmiş 590 manat məbləğində pulun, vəkil xidmətinə ödənilən 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1079/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 Nəcəf oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə işin icraatına Cavabdeh1 Nəcəf oğluna münasibətdə xitam verilməsi qərara alınmışdır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun atasıdır. Atasına vermiş olduğu etibarnamə əsasında atası 06 noyabr 2020-ci ildə Cavabdeh1la ilkin müqavilə bağlamışdır. Bu müddət ərzində müxtəlif məhkəmə mübahisələri getmişdir. Həmin işlər üzrə qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(107)-885/2024 saylı qətnaməsi qəbul edilmiş və qətnaməyə əsasən İddiaçı 300.600 (üç yüz min altı yüz) manat məbləğində pulun alınıb Cavabdeh1 Nəcəf oğluna verilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, «iş materiallarından görünür ki, həm ilkin müqavilə bağlanarkən, həm də sözü gedən pul məbləği alınarkən cavabdeh İddiaçı onun vermiş olduğu 04 avqust 2020-ci il tarixli etibarnamə əsasında sonuncunun atası Cavabdeh2 təmsil etmişdir. Qanunun tələbinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Belə olan halda təmsilçi qismində çıxış etmiş Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxs olduğundan hazırkı iddia tələbləri ona qarşı yönələ bilməzdi». Qeyd etmişdir ki, iş materiallarında Cavabdeh1 300000 (üç yüz min) manatı mədaxil etməsinə dair qəbz olsa da, həmin vəsaitin ona verilməsinə dair qəbz mövcud deyildir. Cavabdeh2 isə həmin 300000 (üç yüz min) manatın mövcud olmadığından bankdan da almadığını göstərir. "xxxx"ın məhkəmələrə təqdim etdiyi mədaxil qəbzinin surətindən görünür ki, həmin vəsait Cavabdeh1 tərəfindən banka 06 noyabr 2020-ci il tarixdə saat 16:38-də daxil edilmişdir. İlkin Müqavilənin surətindən görünür ki, müqavilə həmin gün saat 17:10-da bağlanmışdır. Bundan sonra bank Cavabdeh2 çek yazmışdır. Cavabdeh2la Cavabdeh1 arasında olanlardan o xəbərsizdir. Ancaq həmin vəsait ona çatmamışdır. Halbuki, Cavabdeh2 verdiyi etibarnamə üzrə onun taprışığı ilə hərəkət etdiyindən həmin vəsaiti ona ödəməli idi.

4. Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-1079/2025 nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Güləndam Quliyeva) İddiaçı Cavabdeh2 qarşı 300000 (üç yüz min) manat pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xidmət haqqının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 359.1, 359.3, 362.1, 404.1, 560.2, 777.1, 778.2, 778.3 və 782.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 590 manat məbləğində dövlət rüsumu ödənmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 885/2024 saylı iddiaçı Cavabdeh1 Nəcəf oğlunun cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı iddiası üzrə qətnaməsindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-39/2024 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 300,600 (üç yüz min altı yüz) manat məbləğində pul alınıb iddiaçı Cavabdeh1 Nəcəf oğluna verilməsi, cavabdeh İddiaçı dövlət rüsumunun əvəzi olan 590,60 (beş yüz doxsan manat altmış qəpik) manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh1 Nəcəf oğluna verilməsi, iddia tələbi müqavilənin ləğv edilməsi və Cavabdeh2 aid hissələrdə təmin edilməməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli ilkin müqavilədən görünür ki, satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 və alıcı Cavabdeh1 Nəcəf oğlu arasında ilkin müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər xx.xx.2021-ci il tarixədək əsas şərtləri bu ilkin alqı-satqı müqaviləsində müəyyən edilmiş xx.xx.2017-cı il tarixdə “X8” MMC və İddiaçı arasında başlanmış 27 №li müqaviləyə, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli “X8” MMC tərəfindən verilmiş maliyyə arayışlara əsasən İddiaçı məxsusdur, İddiaçı “X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə 400 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyib və İddiaçı heç bir borcu yoxdur. Həmin müqavilənin 4.2 bəndinin şərtləri tam yerinə yetirilsə tərəflər Bakı Şəhəri, Yasamal Frayonu, X9 Massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlamağı öz öhdələrinə götürürlər. Müqavilənin 2.1-ci bəndində göstərilir ki, satıcı bu müqavilə qüvvəyə mindiyi andan 12 (on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X10, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının DƏDRX dövlət reyestrdən çıxarışı, yüklülüyünə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması üçün tələb olunan bütün digər zəruri sənədləri əldə etməklə alaraq mənzili alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən əmlak, yəni Bakı şəhəri, Yasamal rayonu, X10, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 310.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 4.2-ci bəndində göstərilir ki, “ikinci tərəf”-satıcı ilkin müqavilənin bağlanması anında 300.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ilə “birinci tərəf” – satıcıya ödəyir. Qalan 10.000 manatı isə alıcı satıcıya alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmək şərti ilə həmin müqavilə rəsmiləşdirilir. Müqaviləni satıcı İddiaçı əvəzinə etibarnamə əsasında çıxış edən atası Cavabdeh2 imzalamışdır. xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Nərimanov filialından verilmiş xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 Nəcəf oğlu ilkin alqı-satqı müqaviləsi üzrə 300000 manat təhvil vermişdir.

7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün qeyd etsədə, onların tövsifində səhv buraxmışdır. Etibar edilən Cavabdeh2 onun atası olsa da, həmin müqaviləni bağlayarkən onun adından hərəkət etmişdir. Məhz Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-39/2024 saylı qətnaməsini ləğv edən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 885/2024 saylı qətnaməsində göstərilmişdir ki, «63. təmsilçi qismində çıxış etmiş Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxs olduğundan hazırkı iddia tələbləri ona qarşı yönələ bilməzdi». Qətnamə üzrə müəyyən edilmişdir ki, « 7 . İş materiallarında olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzdən görünür ki, notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh1 Nəcəf oğlu Cavabdeh2 hesabına ilkin alqı-satqı müqaviləsi üzrə 300.000 manat pul keçirmiş və həmin məbləğ Cavabdeh2 tərəfindən götürülmüşdür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 həmin vəsaiti almadığını bildirməklə, dolayısı ilə həmin vəsaiti ona vermədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə qətnaməsi bu tələblərə riayət edilmədən qəbul edilmişdir. İddiaçı və cavabbehin iştirak etdiyi və qanuni qüvvəsini aldığı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 885/2024 saylı qətnaməsi ilə Cavabdeh1 ödədiyi 300000 manat pulu İldırım Əskərova verməsi, həmin pulu alarkən müqavilə tərəfi olmadığından, müqavilə tərəfi İddiaçı olduğundan həmin vəsaitin məhz müqavilə tərəfi İddiaçı olduğundan Cavabdeh1 iddiası İddiaçı münasibətdə əsaslı olmasına dair hallar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə həmin qətnamə üzrə müəyyən edilmiş faktlara dair yeni subyektiv mülahizə irəli sürməkdə haqlı olmamışdır.

9. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)- 1079/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Apellyasiya şikayəti verən iddiaçı Əskərov X2 Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-1079/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

22. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının vermiş olduğu etibarnamə əsasında atası, yəni cavabdeh 06 noyabr 2020-ci ildə Cavabdeh1 Nəcəf oğlu ilə ilkin müqavilə bağlamışdır. xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Nərimanov filialından verilmiş xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 Nəcəf oğlu ilkin alqı-satqı müqaviləsi üzrə 300000 manat təhvil vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 885/2024 saylı iddiaçı Cavabdeh1 Nəcəf oğlunun cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı iddiası üzrə qətnaməsindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-39/2024 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 300,600 (üç yüz min altı yüz) manat məbləğində pul alınıb iddiaçı Cavabdeh1 Nəcəf oğluna verilməsi, cavabdeh İddiaçı dövlət rüsumunun əvəzi olan 590,60 (beş yüz doxsan manat altmış qəpik) manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh1 Nəcəf oğluna verilməsi, iddia tələbi müqavilənin ləğv edilməsi və Cavabdeh2 aid hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər qətnamənin surəti onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda həmin qətnamə icra mərhələsindədir. Bununla belə iddiaçı iddia edir ki, qeyd olunan qətnamə üzrə onun tərəfindən Cavabdeh1 Nəcəf oğluna verilməli pul məbləği ona çatmamışdır. Əlavə olaraq bildirir ki, Cavabdeh2 verdiyi etibarnamə üzrə onun taprışığı ilə hərəkət etdiyindən həmin vəsaiti ona ödəməli olduğu halda bunu etməmişdir. Məhkəmədə izahat verən Cavabdeh2 isə ümumiyyətlə həmin məbləğin onun tərəfindən qəbul edilmədiyini, buna baxmayaraq oğlunun ona qarşı pul tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 iddiaçının ondan tələb etdiyi pul məbləğini Cavabdeh1 Nəcəf oğlundan almadığına münasibətdə qeyd edir ki, əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin qeyd olunan məbləği Cavabdeh1 Nəcəf oğlundan qəbul etməsi müəyyən edilmişdir. Bu hal hazırki iş üzrə yenidən sübut edilmir. İddiaçının həmin məbləği cavabdeh tərəfindən ona verilməməsi barədə iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh ata-oğuldur. Onların yaxın münasibətləri var. Cavabdeh 2012-ci ildən oğlunun verdiyi etibarnamələr əsasında müxtəlif vaxtlarda sonuncunun adından əmlak alğısatqısına və digər müqavilələrə dair hərəkətlər yerinə yetirmişdir. Qeyd olunan mübahisə üzrə isə işin halından göründüyü kimi iddiaçı atası ilə birlikdə hərəkət etmişdir. Bu onun əvvəlki məhkəmə icraatı üzrə verdiyi izahatlardan da öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehin iddianı etiraf etməsi də maraqlı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan məhkəmə bu etirafı qəbul etmir. Göstərilənlər o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının məhkəmə qətnaməsi ilə ondan tutulması qət edilmiş məbləğin atasından tələb etməklə iddia verməkdə məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını mümkünsüz hala gətirmək olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 590 manat dövlət rüsumu və 300 manat vəkil xidmət haqqı İddiaçı özünə aid edilməlidir.

24. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılazşmır.

25. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 İddiaçı atasıdır. İddiaçının vermiş olduğu etibarnamə əsasında atası, yəni cavabdeh 06 noyabr 2020-ci ildə Cavabdeh1 Nəcəf oğlu ilə ilkin müqavilə bağlamışdır. xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Nərimanov filialından verilmiş xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 Nəcəf oğlu ilkin alqı-satqı müqaviləsi üzrə 300000 manat təhvil vermişdir. Əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)- 885/2024 saylı qətnamə) cavabdehin qeyd olunan məbləği Cavabdeh1 Nəcəf oğlundan qəbul etməsi müəyyən edilmişdir.

26. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, oğlu İddiaçı, həmçinin digər vəfat etmiş oğlu 2012-ci ildə ona etibarnamə vermişdir. Həmin vaxtdan bəri oğullarının adına müxtəlif müqavilələr bağlayır, maşın, ev və s. Alqı-satqı işləri görürdü. Cavabdeh1 əvvəllər tanımamışdır. 2020-ci ildə bir tanışı vasitəsi ilə Cavabdeh1 tanımış, İlham ona girov əmlak qoymasını, əvəzində isə ayda 10 min manat gəlir gətirəcəyi vədi ilə ət ticarəti ilə məşğul olmağı təklif etmişdir. Həmin vaxt Cavabdeh1 yalnız sənədləşmə işlərinin aparılması üçün 6 min dollar olmuş, müqavilə formal xarakter daşımışdır. Belə ki, həmin şəxsdən hər hansısa bir məbləğdə pul almamışdır. Notariusda olarkən 300.000 manat məbləğində pulun sadəcə hesaba yatırılıbçıxarılması prosesi olmuşdur. Notariusda aparılan ödənişlə bağlı əməliyyatdan məlumatı olmamış, ona hər hansısa məbləğdə pul çatmamışdır. Həmin vaxtdan sonra Cavabdeh1la nə qədər görüşmək üçün əlaqə yaratmağa çalışsa da, Cavabdeh1 müxtəlif bəhanələr yayınmışdır. Cavabdeh1 Rusiya Federasiyasına getməsi ona məlum olmuşdur. Bakı şəhərində polis idarəsinə və məhkəməyə bu məsələlər ilə bağlı müraciəti olmuşdur. Oğlu İddiaçı bu məsələlərdən heç bir xəbəri olmamışdır. İcra qurumuna çağırıldıqdan sonra oğlu Qulu bu barədə ona bildirmiş, Quluya həll edəcəyini demişdir. Məhz bu səbəbdən oğlu İddiaçı və özünün cavabdeh sırasında çıxarılması üçün məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermiş, iddia tələbi ona qarşı xitam edilmiş, lakin İddiaçı cavabdeh olaraq qalmışdır. Notariusda olarkən müqaviləyə və pul ilə bağlı qəbzə özü qol çəkmişdir. İddiaçı ilkin müqavilədən xəbəri olmamış, bütün hərəkətləri özü etmişdir.

27. Göründüyü kimi, müqaviləni satıcı İddiaçı əvəzinə etibarnamə əsasında çıxış edən atası Cavabdeh2 imzalamış, müqaviləyə görə alıcı (Cavabdeh1) 300000 manat pul vəsaitini təhvil vermiş, həmin pul vəsaitinin İddiaçı verilməsi təsdiqini tapmamışdır.

28. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. (MM-nin 782.1-ci maddə). Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. (MM-nin 782.2-ci maddə).

29. Tapşırığın icrasının nəticələri, şübhəsiz ki, tapşırığı vermiş şəxsə mənsub olmalıdır. Bu ümumi qəbul edilmiş bir anlayışdır. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə etdiklərinin hamısını vəkalət verənə verməyə borcludur. Tapşırığın icrası nəticəsində pul əldə edilərsə, vəkalət alan onu vaxtında vəkalət verənə verməlidir, əks halda pulun verilməsinin gecikdirildiyi müddət üçün vəkalət alan faizlər ödəməlidir.

30. Lakin iş materiallarında tapşırığın icrası nəticəsində alınmış 300000 manat pulun Cavabdeh2 tərəfindən İddiaçı verilməsi təsdiq edən hər hansı sənəd və ya sübut mövcud deyildir.

31. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-1079/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)- 1079/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh2 300000 manat pul vəsaiti, 590 manat ödənilmiş dövlət rüsumu və vəkil xidmətinə ödənilən 300 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar