Məhkəmə qərarları › İş №2(3-10)-62/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-62/2026

03.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-62/2026 03.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X11 və X5 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əlisafa oğlunun iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tаrixli, 2(039)-15/2025 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əlisafa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ******* saylı çıxarışının surətindən məlum olur ki, İddiaçı1 və İddiaçı2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində mülkiyyətində (ümumi birgə) 1.2499 ha torpaq sahəsi vardır.

2. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 2715/2024 saylı məktub və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsi ərazisində **********58 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1.2499 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus 1.2499 hektar torpaq sahəsi naturada cavabdeh X7 tərəfindən istifadə edilir. İddiaçıya məxsus torpaq sahəsində mişar daşından tikili inşa edilmişdir. Torpaq sahəsində inşa edilmiş tikilinin kim tərəfindən inşa edilməsini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.

3. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)-1367/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı1 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair-faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi sənədində faktiki istifadəsində olan sahə göstərilməklə) hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır.

4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-196/2025 saylı qərarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1367/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə qalması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 1.2499 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin onun öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 57 saylı qərarına əsasən İddiaçı1 və İddiaçı2 Yevlax rayonu Aran qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.25 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi İddiaçı1 və oğlu İddiaçı2 ümumi birgə mülkiyyətlərindədirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən 1.2499 ha torpaq sahəsi İddiaçı1 adına qeydə alınmışdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh torpaq sahəsində tikdiyi damın böyük bir hissəsi iddiaçının torpaq sahəsində yerləşir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq o, iddiaçının torpaq sahəsində yerləşən damını sökməkdən imtina etmişdir. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. O, öz torpaq sahəsi ilə bağlı sahiblik – istifadə hüququnu həyata keçirə bilmir. Bundan əlavə cavabdehə məxsus texnika belə iddiaçının torpaq sahəsində saxlanıldığından o, torpağına keçməyə yol tapa bilmir. Cavabdehə məxsus heyvan-qara da ona böyük ziyan vurur.

7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş, eyni zamanda cavabdehin inzibati məhkəmədə mübahisələndirdiyi iddia tələbi də təmin edilməmişdir. Hazırda haqlı tərəf olaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında bildirmişdir ki, torpaq sahəsi rəylərə əsasən, Səlimə və Asifə məxsusdur, lakin o, orada çoban yaşayışı və tövlə inşa etmişdir. Həmin yerdə şəhid bacısı yaşayır. Odur ki, Asif və Səlimə ilə gələcəkdə razılaşma əldə olunmasına köməklik göstərilməsinə, bu mümkün olmadıqda isə tikililərin öz hesabına söküb aparmasını xahiş edərək müvafiq ərizəni məhkəməyə təqdim etmişdir.

10. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 28 noyabr 2025-ci il tаrixli, 2(039)-15/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı1 və İddiaçı2 RX seriyalı ******* nömrəli (**********58 reyestr nömrəli) çıxarışla xüsusi mülkiyyətində olan 1.2499 ha torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülməsi, Cavabdeh Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı1 və İddiaçı2 RX seriyalı ******* nömrəli (**********58 reyestr nömrəli) çıxarışla xüsusi mülkiyyətində olan 1.2499 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 77.1, 88, 121.1, 124, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əlisafa oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmənin qeyd olunan qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti kimi göstərilən torpaq sahəsində inşa edilmiş tikilinin onun tərəfindən inşa edilməsi barədə iddia ilə razı deyil və bu iddianın sübutlarla təsdiqlənmədiyini hesab edir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutların məzmunu həmin halın müəyyən edilməsi üçün kifayət etməmiş, bu məsələ iclasda tam şəkildə təsdiqini tapmamışdır. Buna baxmayaraq, məhkəmə müvafiq sübut qiymətləndirilməsi aparmadan və qənaətini yetərli əsaslandırmadan tikilinin onun hesabına sökülməsi barədə nəticəyə gəlmişdir. Bundan başqa Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 №-li qərarı ilə 5,58 ha torpaq sahəsinin mənə və səkkiz nəfər ailə üzvümə verilməsi barədə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsi üzrə pay bölgüsü hər hansı rəsmi sənədlə rəsmiləşdirilməmiş, birgə mülkiyyətçilər arasında bu barədə yazılı razılaşma və ya digər rəsmi sənəd tərtib edilməmişdir. Bununla belə, birgə mülkiyyətçilər arasında yaranmış şifahi razılaşmaya uyğun olaraq, mübahisəli torpaq sahəsinin və tikilinin yerləşdiyi hissənin bir qismi 2005-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuş şəhid X2 bacısı X3, digər qismi isə Yardımlı rayonunda yerləşən sərhəd zastavasında həqiqi hərbi xidmət keçdiyi dövrdə qar uçqunu hadisəsi nəticəsində dörd gün qar uçqununun altında qalıb xəsarət alaraq 2-ci dərəcə əlilliyi müəyyən edilmiş X1 faktiki istifadəsində olmuşdur. Mənim xeyrinə faktiki ayrılmış hesab etdiyi torpaq sahəsi isə iddiaçıların mülkiyyətində olduğu bildirilən torpaq sahəsi ilə həmsərhəd olmamış və onun qonşuluğunda yerləşməmişdir. Bu səbəbdən, iddiaçıların məhz onun cavabdeh qismində cəlb etmələrinin hüquqi əsasının mövcud olmadığı qənaətindədir və cavabdehin düzgün müəyyən edilməməsi barədə prosessual məsələ qaldırır. 1) Mübahisəli tikilinin (damın) kim tərəfindən, nə vaxt və hansı əsasla inşa edilməsi faktı aydınlaşdırılmamışdır. Belə ki, “qanunsuz tikilinin sökülməsi” tələbinin təmin edilməsi üçün tikilinin məhz cavabdeh tərəfindən inşa olunması və cavabdehin həmin tikili üzərində faktiki sərəncamının mövcudluğu əsas faktiki şərtdir. Məhkəmə tikilinin onun tərəfindən inşa edilməsi barədə iddianı dəqiq müəyyən etmədən, sübutlarla təsdiqini göstərmədən sökülmə nəticəsinə gəlmişdir. 2) Tikilinin yerləşdiyi yerin (sərhəd xəttinin) dəqiq müəyyənləşdirilməsi, tikilinin hansı torpaq sahəsinə düşməsi və nə qədər hissəsinin iddiaçıların sahəsində yerləşməsi faktı aydınlaşdırılmamışdır. Belə ki, iddianın əsası “qonşu sahəyə keçmə/başqasının torpağında yerləşmə” iddiasıdır və bunun müəyyən edilməsi yalnız dəqiq sərhəd ölçüləri, plan-sxem, yerində baxış və ölçmə nəticələri ilə mümkündür. Məhkəmə həmin dəqiqləşdirməni aparmadan “tikilinin böyük hissəsi iddiaçıların sahəsindədir” qənaətini qəbul etmişdir ki, bu da nəticə üçün həlledici faktdır. 3) Cavabdehin xeyrinə xx.xx.2001-ci il tarixli, 57 saylı qərarla ayrılmış 5.58 ha torpaq sahəsinin faktiki yerləşdiyi ərazi, hüdudları və iddiaçıların sahəsi ilə həmsərhəd olubolmaması faktı aydınlaşdırılmamışdır. Belə ki, ona faktiki ayrılmış sahə iddiaçıların sahəsi ilə qonşuluqda olmayıb; bu isə həm iddiaçıların “qonşu torpaq sahəsinin mülkiyyətçisi” kimi onun cavabdeh göstərməyinin əsaslılığını, həm də mübahisənin predmetinin düzgün müəyyən edilməsini birbaşa təsir altına alır. Məhkəmə həmin torpaq sahələrinin bir-birinə münasibətini (qonşuluq/sərhəd) müəyyən etmədən cavabdehin düzgünlüyü məsələsini araşdırmamışdır. Əgər bu hal araşdırılardısa, əsl cavabdehlərin dairəsi müəyyən olunardı. Belə ki, birgə mülkiyyətçilər arasında yaranmış şifahi razılaşmaya uyğun olaraq, mübahisəli torpaq sahəsinin və tikilinin yerləşdiyi hissənin bir qismi 2005-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuş şəhid X2 bacısı X3, digər qismi isə Yardımlı rayonunda yerləşən sərhəd zastavasında həqiqi hərbi xidmət keçdiyi dövrdə qar uçqunu hadisəsi nəticəsində dörd gün qar uçqununun altında qalıb xəsarət alaraq 2-ci dərəcə əlilliyi müəyyən edilmiş X1 faktiki istifadəsində olduğu müəyyən ediləcəkdi. 4) Cavabdehin iş üzrə düzgün müəyyən edilməsi (tikili ilə faktiki əlaqəsi olan şəxsin kim olması) faktı aydınlaşdırılmamışdır. Belə ki, tikili onun tərəfindən inşa edilməyibsə və onun payına düşən faktiki istifadə sahəsi iddiaçıların sahəsi ilə həmsərhəd deyilsə, iddia məhz onun əleyhinə yönəldilməməli və cavabdeh dairəsi dəyişməli idi. Cavabdehin düzgün müəyyən edilməməsi məhkəmənin nəticəsinin (iddianın təmininin) əsaslılığına şübhə yaradır. 5) İddiaçıların “torpaqdan istifadə edə bilməməsi”, “yola çıxışın bağlanması”, “texnikanın sahədə saxlanılması” kimi iddialarının konkret faktlarla (tarix, yer, vəziyyət, foto/video, akt, şahid) təsdiqi və bu halların məhz onun hərəkətlərindən yaranmasının aydınlaşdırılmamışdır. Belə ki, torpağın boşaldılması və söküntü kimi sərt müdaxilələr üçün iddiaçıların pozulmuş hüququnun real məzmunu və pozuntunun səbəbkarı dəqiq müəyyən edilməlidir. Bu faktlar dəqiqləşdirilmədən məhkəmənin “sahiblik-istifadə hüququ pozulur” qənaəti nəticə üçün yetərli əsas sayılmamalıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhəkəməsin 28 noyabr 2025-ci il tаrixli, 2(039)-15/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əlisafa oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı1 vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçılar və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

31. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

32. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

33. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əlisafa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

49. Müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində mülkiyyətində (ümumi birgə) 1.2499 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədləri vardır. Cavabdeh X7 tərəfindən iddiaçılara məxsus torpaq sahəsində mişar daşından tikili inşa etmişdir. İddiaçılar cavabdehə qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Yevlax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

50. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində Yevlax rayonu, Aran qəsəbəsi ərazisində **********58 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 1.2499 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilməsi, onun həmin torpaq sahəsində mişar daşından tikili inşa etməsi müəyyən edilmişdir.

51. Göründüyü kimi, iddiaçılar mülkiyyətində olan torpaq sahəsindəncavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin özünün olmasını bildirərək zəbt etməsi (tikili inşa etməsi) və bununla da iddiaçıların istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər işə baxan məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçıların istifadəsinə müdaxilə etməkdədir.

52. Bu faktlar iş üzrə alınmış mütəxəssis rəyi ilə təsdiq olunur.

53. İş üzrə verilmiş mütəxəssis rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası mütəxəssis rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir.

55. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

57. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək aşağıdakıları göstərir.

58. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2024-cü il tarixli, 2-1(116)-1481/2023 saylı qərardadı ilə iddiaçı X4 (həmin iş üzrə ümumibirgə mülkiyyətçilər Cavabdeh (hazırkı iş üzrə cavabdeh) və qeyriləri məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ Yevlax rayon Aran qəsəbəsində yerləşən 5,58 ha torpaq sahəsinə dair işlənmiş A seriyalı 881750 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin JN-0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının müvafiq səhifəsinə (4-cü səhifə) uyğun olaraq hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası iddiaçının ərizəsinə əsasən geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir.

59. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2- 1(116)-1367/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı1 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair-faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi sənədində faktiki istifadəsində olan sahə göstərilməklə) hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır.

60. Həmin inzibati iş üzrə məhkəmə araşdırmaları zamanı təqdim edilən rəylər əsasında müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən 1.2499 ha hissəsi **********58 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətə verilmiş torpaq sahəsində, qalan hissəsi isə iddiaçıya (Cavabdeh) məxsus JN- 0298 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının üzərində yerləşir.

61. Həmin inzibati iş üzrə həmçinin, müəyyən olunmurşdur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 57 saylı qərarı ilə X10 və ailə üzvlərinə (Cavabdeh da daxil olmaqla) 5.58 ha torpaq sahəsi verilmiş, bu barədə JN-0298 KOD 90100016 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 57 saylı qərarı ilə İddiaçı1h qızı və İddiaçı2 1.25 ha torpaq sahəsi verilmiş, bu barədə JN-0299 KOD 90100016 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-277/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Yevlax rayonu Aran qəsəbəsi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısında Cavabdeh adı qeyd edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Aran qəsəbədində yerləşən 1.2499 ha torpaq sahəsi İddiaçı1h qızının adına qeydiyyata alınmışdır.

62. Həmin inzibati iş üzrə həmçinin, müəyyən edilmişdir ki, JN-0298 nömrəli Dövlət Aktının və İddiaçı1 adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışın ayrı-ayrılıqda DWJ və TEKUİS bazası eynilik təşkil edir və **********58 reyestr nömrəli çıxarış TEKUİS əsasında verilmişdir. JN-0298 nömrəli Dövlət Aktının TEKUİS-ə əsasən mülkiyyətçisi Cavabdeh və ailə üzvləri. Torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin (kənd təsərrüfatına yararlı torpaq), faktiki sahəsi 5.58 ha təşkil edir. Digər subyektlərə məxsus torpaq sahəsi ilə üstüstə düşüb-düşmür. Cavabdeh naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti JN-0298 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətinə uyğun deyil. Sonuncunun naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası ilə JN- 0298 nömrəli Dövlət Aktının konfiqurasiyası arasında fərq (sahə ölçüləri) vardır. Cavabdeh naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi İddiaçı1 və ailə üzvləri, təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin (kənd təsərrüfatına yararlı torpaq), faktiki sahəsi 1.25 ha təşkil edir.

63. Həmin inzibati iş üzrə həmçinin, müəyyən edilmişdir ki, JN-0298 nömrəli Dövlət Aktı ilə qeydə alınmış torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası - əkin (kənd təsərrüfatına yararlı), mülkiyyətçisi - Cavabdeh və ailə üzvləridir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti JN-0298 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının (DWG məlumat bazasında) yerləşmə vəziyyətinə uyğun deyil. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən 1.2499 ha hissəsi **********58 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətə verilmiş torpaq sahəsində, qalan hissəsi isə iddiaçıya məxsus JN-0298 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının üzərində yerləşir. **********58 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətə verilmiş torpaq sahəsi 1.2499 ha-dır.

64. Eyni zamanda, həmin inzibati iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh naturada göstərdiyi və iddia edilən torpaq sahəsinin faktiki ölçüsü 5.83 ha təşkil edir. JN-0298 nömrəli Dövlət Aktının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti arasında fərq barədə məlumatlar rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə JN-0298 nömrəli Dövlət Aktının TEKUİS bazasında yerləşmə vəziyyəti arasında konfiqurasiya fərqi (sahə və həndəsi ölçüləri arasında) vardır. İddiaçı1 adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışın koordinatları TEKUİS-ə əsasən JN-0298 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşmür. İddiaçı1 adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışın koordinatları TEKUİS-ə əsasən JN-0299 nömrəli Dövlət Aktinın koordinatları ilə üst-üstə düşür.

65. Həmin inzibati iş üzrə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsininin vermiş olduğu 20 may 2025-ci il tarixli, 3-21-3-35/2-1791/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxs olan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə JN-0299 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında 1.25 ha torpaq sahəsi verilmişdir. İddiaçı1 adına qeydə alınmış 1.25 ha torpaq sahəsinə dair **********58 reyestr nömrəli çıxarışın koordinatları ilə JN-0299 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) eynilik təşkil edir.

66. Göründüyü kimi, yuxarıda şərh edilənlərlə cavadehin iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi və həmin zəbt etdiyi torpaq sahəsində də qanunsuz tikililər tikdiyi təsdiq olunur. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini, o cümlədən hazırkı iş üzrə verilmiş mütəxssis rəyinin mötəbərliyini şübhə altına alan dəlilərini əsassız sayır.

67. Kollegiya apellyasiya şikayətinin mübahisəli tikilinin (damın) kim tərəfindən, nə vaxt və hansı əsasla inşa edilməsi faktı aydınlaşdırılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdeh özü birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində bildirir ki, rəylərə əsasən mübahisəli torpaq sahəsi iddiaçılara məxsusdur. Lakin o, orada çoban yaşayış evi və tövlə inşa etmişdir. Asif və Səlimə ilə gələcəkdə razılaşma əldə olunmasına göməklik göstərilməsini xahiş edir. Alınmasa, öz hesabına söküb aparmaq istəyir (iş vərəqi 162).

68. Beləliklə, cavabdehin özü iddiaçılara məxsus torpaq sahəsinin zəbt etdiyini, orada qanunsuz tikililər inşa etdiyini etiraf edir, sonuncularla razılıq əldə olumayacağı təqdirdə tikililəri söküb aparacağını bildirir. Ona görə də sözü gedən dəlil də əsassız sayılmalıdır.

69. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini tam zəbt etdiyindən apellyasiya şikayətinin tikilinin yerləşdiyi yerin (sərhəd xəttinin) dəqiq müəyyənləşdirilməməsi, tikilinin hansı torpaq sahəsinə düşməsi və nə qədər hissəsinin iddiaçıların sahəsində yerləşməsi faktı aydınlaşdırılmaması barədə dəlilləri də əsassızdır.

70. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı1 iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

72. Buna görə də iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tikili inşa edərək zəbt edildiyi və bununla da iddiaçının mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

74. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

75. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

77. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

78. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tаrixli, 2(039)-15/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Əlisafa oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tаrixli, 2(039)-15/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar