Məhkəmə qərarları › İş №2(3-10)-686/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-686/2026

28.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-686/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (açar sözlər: Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh nümayəndəsi İsmayılov Elçin Afik oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (VÖEN: **********) qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunma və məcburi işburaxma dövrü üçün orta əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işəgötürən Cavabdeh MMCnin direktoru İsmayılov Elçin Afik oğlu ilə işçi İddiaçı arasında ##.##.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən işçi cəmiyyətdə sürücü vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin müddəti müəyyən edilməmiş və işçi həmin tarixdən əmək fəaliyyətinə başlamışdır. Müqaviləyə əsasən işçinin əmək funksiyası sürücü kimi fəaliyyət göstərməkdən ibarət olmuş, aylıq əmək haqqı 400 manat məbləğində müəyyən edilmiş, əmək haqqının ayda iki dəfə ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilədə əmək haqqına əlavə ödənişlərin daxil edilə biləcəyi göstərilmiş, iş vaxtı gündə 8 saat, həftəlik 40 saat müəyyən edilmiş, istirahət günləri şənbə və bazar günləri kimi müəyyən olunmuşdur. Müqavilədə işçinin illik məzuniyyət hüququnun 21 təqvim günü olduğu, Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə işəgötürənlə razılıq əsasında ödənişsiz məzuniyyətindən istifadənin mümkünlüyü, əmək şəraitinin normal olduğu, əməyin mühafizəsi, sanitariya və gigiyena normalarına uyğun iş şəraitinin təmin edilməsi, işçinin sosial müdafiəsi, sosial sığorta və digər təminatların nəzərdə tutulduğu, habelə tərəflərin qarşılıqlı hüquq və vəzifələri, maddi məsuliyyəti və əmək müqaviləsinə xitam verilməsi halları və qaydalarının müəyyən edildiyi qeyd olunmuşdur.

2. İş materiallarında olan ##.##.2024-cü il tarixli, ** saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdən etibarən Cavabdeh MMC-də sürücü vəzifəsinə təyin edilmişdir.

3. İş materiallarında olan ##.##.2024-cü il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdən etibarən şirkətin maddi vəziyyəti ilə əlaqədar öz hesabına məzuniyyətə buraxılmışdır.

4. İş materiallarında olan ##.##.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarəyə verənə məxsus “Nissan Navara” markalı, 23-BK627 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəçi Cavabdeh MMC-yə istifadəyə verilmişdir.

5. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru E.A.İsmayılov, baş mühasibi O.N.Abbasov və həkimi A.A.İsrafilov tərəfindən tərtib edilmiş ##.##.2025-ci il və ##.##.2025ci il tarixli aktlardan görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən cəmiyyətdə sürücü vəzifəsinə təyin edilsə də, müəssisənin fəaliyyət göstərməməsi səbəbindən öz hesabına məzuniyyətə buraxılmışdır. Həmin aktlarda ##.##.2025-ci il tarixdən etibarən iddiaçının məzuniyyətdən geri çağırılması üçün onunla dəfələrlə əlaqə saxlanıldığı qeyd olunsa da, iddiaçının buna məhəl qoymayaraq işə çıxmadığı göstərilmişdir.

6. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru İsmayılov Elçin Afiq oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, № ** saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə onun işində yol verdiyi nöqsana görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam verilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli məktubdan görünür ki, iddiaçının Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında araşdırma aparılmış, araşdırma nəticəsində iddiaçının həmin cəmiyyətdə sürücü vəzifəsində işlədiyi, əmək haqqının ödənilməsində gecikmələrə yol verildiyi, bəzi hallarda isə əmək haqqının tam ödənilmədiyi, həmçinin işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, cəmiyyətin direktoru İsmayılov Elçin Afik oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələrinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

8. İş materiallarında olan mediasiya sənədindən görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən tərəflərə mediasiyada iştirak etmələri barədə arayış verilmişdir. Sənəddə göstərilmişdir ki, mediasiya prosesi Göyçay * saylı Mediasiya Təşkilatında keçirilmiş, mediator qismində X3 iştirak etmişdir. Mediasiya sənədində mübahisənin predmeti olaraq əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbləri göstərilmişdir. Mediasiya prosesində iştirak edən tərəf iddiaçı İddiaçı olmuşdur. Mediasiyada iştirak etməyən tərəf Cavabdeh MMC olmuş, həmin tərəfə mediasiya ilə bağlı bildiriş ##.##.2025-ci il tarixdə göndərilmişdir. Mediasiya xidmətinin dəyəri ilkin sessiya üçün 50 manat, əlavə olaraq 10 manat təşkil etmiş və həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC (VÖEN: **********) tərəfindən sürücü vəzifəsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, həmin cəmiyyətdə əvvəlki sürücü vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2024-cü il tarixdə cavabdeh ilə əmək müqaviləsi bağlayaraq Cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdən əmək funksiyasını yerinə yetirməyə başlamışdır. Əmək fəaliyyəti dövründə işəgötürən tərəfindən verilmiş tapşırıqları yerinə yetirmiş, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri icra etmişdir. İşlədiyi müddət ərzində cavabdeh tərəfindən onun əmək hüquqları pozulmuş, xüsusilə əmək haqqı tam və vaxtında ödənilməmiş, bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin müraciətlər nəticəsiz qalmışdır. Əmək fəaliyyəti dövründə əmək haqqının ödənilməməsi ilə yanaşı, iş şəraiti ilə bağlı müəyyən çətinliklər mövcud olmuş, buna baxmayaraq o, əmək fəaliyyətini davam etdirmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən verilmiş əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin həmin əmrin verilməsi üçün qanuni əsaslar olmamış və işdən çıxarılması əsassız olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi nəticəsində işsiz qalmış və əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olmuşdur. Əmək fəaliyyəti dövründə işin icrası üçün şəxsi nəqliyyat vasitəsindən istifadə etmiş, lakin əmək münasibətlərinə xitam verildikdən sonra belə əmək haqqı və digər ödənişlər cavabdeh tərəfindən ödənilməmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətlər etmiş, lakin buna baxmayaraq əmək haqqının ödənilməsi təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin ##.##.2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, o, əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxmaya görə əmək haqqı cavabdehdən tutularaq ona ödənilməlidir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən hallara uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC (VÖEN: **********) tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki sürücü vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxdığı müddət üçün orta əmək haqqı hesablanaraq cavabdeh Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, İddiaçı işdən çıxarılması barədə verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli əmr qanuni əsaslar olmadan və prosedur qaydalarına riayət edilmədən qəbul edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 10, 11, 12, 42, 45, 68, 70, 71-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh Cavabdeh Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-*/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. İddia ərizəsi isə yalnız ##.##.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən işə bərpa və əmrin ləğvi kimi fərdi əmək mübahisələri üzrə 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməlidir. Bu müddət əmək mübahisələrində xüsusi xarakter daşıyır və məhkəmə tərəfindən nəzərə alınmalı idi. Hazırkı halda ##.##.2025-ci il tarixli xitam əmrindən sonra iddiaçı 1 ay ərzində məhkəməyə müraciət etməmişdir. İddia yalnız ##.##.2025-ci ildə verilmişdir. Bu isə qanunla müəyyən edilmiş 1 aylıq müddətin açıq-aşkar ötürülməsi deməkdir. Məhkəmə qətnamədə Əmək Məcəlləsinin 296-cı maddəsini qeyd etsə də, həmin normanı faktiki hallara tətbiq etməmiş, iddia müddətinin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verməmişdir. Bu isə maddi hüquq normasının düzgün tətbiq edilməməsidir. İş materiallarında olan mediasiya arayışından görünür ki, ilkin mediasiya sessiyası ##.##.2025-ci il tarixdə keçirilmişdir. Yəni mediasiya prosesi xitam əmrindən təxminən 2 ay 15 gün sonra baş tutmuşdur. Qanunvericiliyə görə mediasiya iddia müddətinin axımını dayandıra bilər. Lakin artıq ötürülmüş müddəti bərpa etmir. Başqa sözlə, iddiaçı 1 aylıq müddəti buraxdıqdan sonra mediasiyaya müraciət etməklə həmin müddəti yenidən başlada bilməzdi. Məhkəmə bu mühüm halı araşdırmamış, mediasiya sənədinin mövcudluğunu formal əsas kimi qəbul etmiş, lakin mediasiyanın müddətə təsirini hüquqi baxımdan qiymətləndirməmişdir. Məhkəmə iş materiallarında olan ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli aktlara düzgün hüquqi qiymət verməmişdir. Həmin aktlardan görünür ki, müəssisənin fəaliyyətinin bərpası ilə əlaqədar iddiaçının işə qayıtması üçün onunla dəfələrlə əlaqə saxlanılmağa cəhd edilmiş, lakin iddiaçı telefon zənglərinə cavab verməmiş, işə gəlməmiş və işə çıxmamasının səbəbləri barədə işəgötürənə hər hansı məlumat verməmişdir. İddiaçı təxminən 4 aydan artıq müddətdə əmək funksiyasını yerinə yetirməmiş, iş yerində olmamış və işəgötürənlə əlaqədən yayınmışdır. İşçinin uzun müddət üzrsüz səbəbdən işə çıxmaması, işəgötürənin qanuni göstərişlərinə məhəl qoymaması və onunla əlaqə saxlamağın mümkün olmaması əmək intizamının kobud şəkildə pozulması hesab edilir. Məhkəmə isə iddiaçının 4 ay ərzində işə gəlməməsi, telefon zənglərinə cavab verməməsi, işə çıxmamasının səbəblərini bildirməməsi və əmək funksiyasını yerinə yetirməməsi hallarını ümumiyyətlə qiymətləndirməmiş, bu halların əmək müqaviləsinə xitam verilməsi üçün əsas olub-olmamasını araşdırmamışdır. Bu isə iş üzrə əhəmiyyət kəsb edən faktiki halların natamam araşdırılması və sübutların düzgün qiymətləndirilməməsi ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-*/**** saylı qətnaməsinin ləğv ediməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi İsmayılov Elçin Afik oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

24. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

25. Maddə 43. Əmək müqaviləsinin məzmunu (...)

3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

26. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; (...).

27. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: (...). ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (...).

28. Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər (...).

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

29. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

30. Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. VI. Apellyasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qənaətini belə əsaslandırmışdır ki, iddiaçının ##.##.2025-ci il tarixdən işə çağırılmasına baxmayaraq işə çıxmadığını və bu halın ##.##.2025 və ##.##.2025-ci il tarixli aktlarla sənədləşdirildiyini iddia etsə də, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən bu iddialarını sübuta yetirməmişdir. Belə ki, iddiaçının məzuniyyətdən geri çağırılması barədə lazımi qaydada məlumatlandırılmasına dair məhkəməyə heç bir mötəbər sübut (bildiriş, poçt qəbzi və s.) təqdim edilməmişdir. İddiaçının bu barədə məlumatı olmadığını bildirməsi və cavabdehin məhkəmə iclasına gəlməyərək bu halı təkzib etməməsi, sözügedən aktların birtərəfli qaydada tərtib edildiyini göstərir.

45. Bundan başqa, məhkəmə qeyd edilmişdir ki, işəgötürən tərəfindən ##.##.2025-ci il tarixli, ** nömrəli xitam əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas gətirilmişdir. Lakin Məcəllənin 71-ci maddəsinin tələbinə görə, bu əsasla xitam yalnız o halda mümkündür ki, işçi qəsdən və ya səhlənkarlıqla öz vəzifə borclarını yerinə yetirməsin və bu hal müəssisənin fəaliyyətinə və ya işəgötürənin hüquqlarına ziyan vursun. İş materiallarında, xüsusən də X4 Xidmətinin ##.##.2025-ci il tarixli araşdırma materiallarında əksinə, cavabdehin özünün əmək qanunvericiliyini pozduğu, iddiaçının əmək haqqını vaxtında və tam ödəmədiyi, bu səbəbdən direktor Elçin İsmayılovun İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edildiyi təsdiq olunmuşdur. Bu faktlar iddiaçının deyil, məhz işəgötürənin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini aşkar edir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.

47. Göründüyü kimi, iddiaçı sürücü vəzifəsinə təyin edildikdən cəmi üç gün sonra, müəssisənin maddi vəziyyəti bəhanə gətirilərək ##.##.2024-cü il tarixli əmrlə öz hesabına məzuniyyətə buraxılmışdır. İşçinin faktiki olaraq işləmək iradəsinə baxmayaraq, işəgötürənin təşəbbüsü ilə uzun müddət ödənişsiz məzuniyyətdə saxlanılması onun Konstitusiya ilə təmin edilmiş əmək və layiqli əmək haqqı almaq hüququnun mahiyyət etibarilə məhdudlaşdırılmasıdır.

48. Bundan başqa mediasiya prosesinin nəticəsiz qalması və cavabdehin mediasiya sessiyalarında iştirakdan yayınması onun mübahisəni sülh yolu ilə həll etmək niyyətində olmadığını göstərir.

49. Ona görə də birinci instnasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı işdən çıxarılması barədə verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli əmr qanuni əsaslar olmadan və prosedur qaydalarına riayət edilmədən qəbul edilmişdir. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır.

50. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. İddia ərizəsi isə yalnız ##.##.2025-ci il tarixdə məhkəməyə verilmişdir. İddiaçı 1 ay ərzində məhkəməyə müraciət etməmişdir. İddia yalnız ##.##.2025-ci ildə verilmişdir. Bu isə qanunla müəyyən edilmiş 1 aylıq müddətin açıq-aşkar ötürülməsi deməkdir.

51. Kollegiya şikayətin həmin dəlilili ilə bağlı aşağıdakıları qeyd edir.

52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən 296-cı maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

53. İş materiallarında görünür ki, hazırkı işdə cavabdeh (işəgötürən) qanunun göstərilən normasının tələblərini pozaraq iddiaçıya (işçiyə) işdən çıxma əmrinin surətini və digər sənədləri yalnız iddiaçının vəsatəti əsasında birinci instaniya məhkəməsinin müvafiq sorğusundan sonra vermişdir. Belə olan halda iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müddəti (işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər) buraxmamışdır.

54. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarında gğstərmişdir ki, “...fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

55. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

56. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

57. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. ...”

58. İş materiallarında cavabdehin hazırkı mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizəsi yoxdur.

59. Apellyasiya şikayətinin iddiaçı təxminən 4 aydan artıq müddətdə əmək funksiyasını yerinə yetirməməsi, iş yerində olmaması və işəgötürənlə əlaqədən yayınması, onun uzun müddət üzrsüz səbəbdən işə çıxmaması, işəgötürənin qanuni göstərişlərinə məhəl qoymaması və onunla əlaqə saxlamağın mümkün olmaması əmək intizamının kobud şəkildə pozulması hesab edilməsi barədə dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarında İddiaçı ##.##.2024-cü il tarixdən etibarən şirkətin maddi vəziyyəti ilə əlaqədar öz hesabına məzuniyyətə buraxılmasına dair ##.##.2024-cü il tarixli əmrdən çıxarışda sonuncunun nə vaxt işə qayıtmalı (işə başlamalı) olması barədə göstərilməmişdir.

60. İşəgötürən (caabdeh) isə öz hesabına məzuniyyətə çıxmış iddiaçını lazımi qaydada işə çağırmasını təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmiş(edə bilməmiş)dir.

61. İş materiallarında olan və Cavabdeh MMC tərəfindən tərtib edilmiş və MMC-nin işçiləri tərəfindən imzalanmış 17 sentyabr və ## ######## 2025-ci il tarixli aktlarla da iddaçının işə geri çağrılması öz təsdiqini tapmır.

62. Nəhayət o da qeyd edilməlidir ki, cavabdeh işdən çıxarma əmrində qanunvericiliyin əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmasına dair tələbini pozmuşdur (bax: 28-ci bənd).

63. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yalnız mülahizələrdən ibarət olduğuna görə əsassız hesab edilməlidir.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

67. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar