Məhkəmə qərarları › İş №2(3-6)-1010/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1010/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1010/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan ünvan 1 ünvanında (abonent kodu: 100415200200080) təbii qazdan istifadə ilə bağlı əsassız hesablanmış 6.151,16 manat borc silinsin. 2.Tələb onunla əsaslandırılıb ki, ##.##.2019-cu il tarixdə cavabdeh Cavabdeh İB-nin əməkdaşları iddiaçının evində qaz sayğacına baxış keçirib, sayğacı iddiaçının xəbəri olmadan çıxarıb aparıb və yerinə yeni mexaniki sayğac quraşdırıblar. Bu barədə akt tərtib edilib, həmin aktda köhnə sayğacda nasazlıq olduğu qeyd olunub. Sonradan dəymiş zərər hesablanıb, 4.860 kub.m qaza görə 6.151,16 manat məbləğində cərimə yazılıb. İddiaçı həmin cərimə ilə razı deyil, çünki qaz sayğacı evdən kənarda – daş hasarın üstündə yerləşir, evdən kənarda yerləşən qaz sayğacına görə iddiaçı məsuliyyət daşımır. 3.Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, *************** saylı abonentə cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 486 manat borc, qalıq və aktlar üzrə 2022-ci ilin aprel ayında hesablanmış 9,70 manat borc, cəmi 495,70 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.Cavabdeh Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Apellyasiya şikayətində qətnamənin ləğvi xahiş olunsa da, şikayətin dəlillərindən görünür ki, iddiaçı qətnamənin iddianın rədd edilməsinə aid hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə tələbi həll edərkən onun əsasından kənara çıxa bilməz. İddia tələbinin əsası ondan ibarətdir ki, ##.##.2019-cu il tarixdə tərtib olunmuş akt qanunsuzdur, odur ki, həmin akta əsasən hesablanmış borc silinməlidir. Birinci instansiya məhkəməsi aktın qanunsuz olduğunu müəyyən edib və akta əsasən hesablanmış borcun silinməsini qət edib. Qalan borc akta əsasən hesablanmayıb, sayğacın göstəricilərinə əsasən qaz sərfiyyatına görə hesablanıb. Belə ki, abonentin saldosundan görünür ki, həmin ünvanda qazdan istifadəyə görə sonuncu ödəniş 2023-cü ilin fevral ayında olub, bu tarixdən sonra heç bir ödəniş həyata keçirilməyib. Əgər iddiaçı hesab edirsə ki, istifadə olunan qazın həcmini sayğac düzgün qeydə almayıb, belə halda göstərilən əsasla həmin borcu mübahisələndirə bilər. 9.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərini və iddianın əsasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi sayğacın göstəricilərinə əsasən hesablanmış borcun silinməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar