Məhkəmə qərarları › İş №2(3-6)-1012/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1012/2026

14.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1012/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi-vəkili X2, Cavabdeh Məmmədov Kəbutər Vaqif oğlu və onun nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ****** nömrəli, ##.##.1993-cü il tarixli orderin surətindən görünür ki, İddiaçı və onunla yaşayan bir nəfər Kərimova A.V ilə dəyişdirilmə qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.22 kv.m olan 2 otaqlı mənzilə köçürülmə hüququna malikdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Kərimova (Məmmədova) Kəbutər Vaqif qızı arasında ## ###### 1999-cu il tarixdə Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsində bağlanmış *** saylı nikah qeydiyyatının pozulması qət edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65, ** saylı mənzil ilkin olaraq ##.##.2005-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli 4Ə-10-**** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

4. Satıcı İddiaçı ilə alıcı X5 arasında ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.22 kv.m, yaşayış sahəsi 29.22 kv.m olan olan 2 otaqlı mənzili X5 49126 manata satmışdır.

5. X10 ilə alıcı İddiaçı arasında ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, **** saylı ünvanda yerləşən ümumi ölçüsü 0.12 ha olan torpaq sahəsini İddiaçı 10144.80 manata satmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2008ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi-vəkili vəkil1 ##.##.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən ##.##.2008-ci il tarixli 1108042924 qeydiyyat və ************ reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh nikahları ## ###### 2013-cü il tarixdə ləğv edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi İddiaçı tərəfindən tikilmişdir. Lakin fərdi yaşayış evi Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Tərəflər arasında nikah ləğv edilən vaxtdan cavabdeh Cavabdeh həmin torpaq sahəsində və torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayır və çıxmır. Bu isə İddiaçı mülkiyyət hüquqularını pozur. Hazırda iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ailə münasibətləri olmadığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməlidir.

10. Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, 1999-cu ildə cavabdehlə evlənmişlər. 2007-ci ildə Nizami rayonunda Naxçıvanski küçəsi 65 mənzil 19-da ona məxsus atasından qalmış iki otaqlı mənzili satıb Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivində həmin torpaq sahəsini almışdır. Orada 2008-2009- cu illərdə satdığı evin pulu ilə ev tikmişdir. Evi demək olar ki, tam tikmiş, üstünü vurmuş və içinin təmiri qalmışdı. Evin bir otağı hazır olan kimi köçüb yaşadılar. Dəqiq tarixi bilməsə də, 2013-cü ildə boşanmış, 2013-cü ilin sentyabrından isə özü evdən getmiş, kirayədə yaşamışdır. Ev ona məxsusdur, cavabdehin isə orada yaşamasını istəmir. Hazırda onun mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Cavabdeh tanıyır. Zabratda dəmir sexi vardır. Kəbutər xanım ondan gəlib pəncərə məhəccəri sifarişi vermişdir. 2018-ci ildə Kəbutər xanım ondan taxta qapıları sifariş vermişdi. 2016-cı ildə isə pəncərəsi üçün bildirdiyi “reşotkaları” yığdırmışdır. 2022-ci ildə döşəməsini qaşıtdırmaq üçün adamlar tapmış, qaşıyıb döşəməni laklamışlar. Vəsaiti ödəyən də Kəbutər xanım olmuşdur. Ona hansı usta lazım olarsa ona deyirdi, o da tapırdı, məsələn mala vuran usta axtarırdı, o, tapıb yönləndirdi. Bütün bunlar 2018-ci, 2022-ci ildə baş verib. İlk dəfə müraciət edəndə evin bir otağında mətbəxdə qalırdılar. Pərvizi görməmiş, ancaq elə bir yoldaşı olduğunu eşitmişdir. Bunlara baxmadığını eşitmişdir. Dediyi kimi usta tapmış, döşəməni lakladıqdan sonra Kəbutər xanımın verdiyi pulu ustaya vermişdir. Pəncərənin arxasına reşotkanı vurmuş, həmin reşotkanı quraşdırmağa gedəndə evdə döşəmənin çox bərbad vəziyyətdə olduğunu görmüşdür, otaqları demək olar ki, yox idi. Yenə də evin tavanı vurulsa da, çox yaxşı vəziyyətdə sayılmırdı. Qışda çox əziyyət çəkirdi, qaz və s. yoxdur. Kəbutər xanım həmin evdə qızı ilə yaşayırdı, əvvəlcə oğlu da onunla qalırdı, amma əri sonra oğlunu aldı.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, 2017-ci ilin sonlarında Savalana köçmüşdür. Kəbutər xanımı da orda görmüşdür. Orada ev var idi. Evin bəzi təmir işlərini Kəbutər xanım etmişdir. Qapıların quraşdırılmasını görmüşdür. Özü həm usta kimi, həm də qonşu kimi orada olmuşdur. Pərviz bəyi tanımamışdır, təxminən 2 ay əvvəl onu görmüşdür, qohumları onun Pərviz olduğunu demişlər. Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeyd edilən evdə təkcə Kəbutər xanım və qızının yaşadığını görmüş, Pərvizi orda yaşayan görməmişdir. Kəbutər xanımla qonşu kimi söhbət edəndə qapılardan söhbət düşdü, o evin içində olan ara qapıların quraşdırılmasını istəmiş, bunu da tanışı ilə özü etmişdir. Bu söhbətlər 2019-cu və ya 2020-ci ildə olub. Ona görülən işlərin haqqını Kəbutər xanım ödəyib.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Kəbutər xanımın adı nadir adlardan biri olduğu üçün yadında qalıb. Kimlərinsə vasitəsi ilə onunla çoxdan əlaqə saxlayıb. Savalan massivində evi olduğunu və həmin evi Dövlət Kadastrı və Reyestri orqanından qeydiyyatdan keçirmək istədiyini demişdi. O da kömək edə biləcəyini demiş, evin hansı sənədləri olduğunu soruşanda torpağın çıxarışı olduğunu demişdi. Evin layihəsi çəkilmiş, içəridə evin təmir işləri tam bitməmişdi. Sonra çıxarışın yoldaşının adına olduğunu görmüşlər. Layihə Kəbutərin adında, çıxarış Pərvizin adında idi. Sonra məlum oldu ki, yoldaşı ilə ayrılıblar, uzun müddətdir ki, orada yaşamır. İş yarımçıq qaldı, onun evini qeydiyyatdan keçirə bilmədilər. Pərvizi görməmiş və tanımamışdır. Orada yaşayan ancaq Kəbutəri görmüşdür. Mühəndislə ora bir neçə dəfə getmişlər. Səhv etmirsə evdə bir qızı da qalırdı. İlk dəfə təxminən 10 il əvvəl olardı ki, tanış olmuşlar. Sözügedən ev 2 mərtəbəli idi, evə girəndə sol tərəfdə mətbəx görünür, sonra otaqlar görünür, yan tərəfdən ikinci mərtəbəyə çıxış var idi. Həyətdə balaca tikili var idi. Deyəsən, gələcək üçün hansısa bir obyekt açmaq istəyirdilər. Arxa tərəfdə toyuq hini var idi. Evin otaqları tam təmirli deyildi. Pərvizi o evdə yaşayan görməmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Pərviz atası, Kəbutər anasıdır. 2013-cü ildə atası ilə anası boşandı. Boşanmaqlarına baxmayaraq, anası ilə o, sözügedən evdə qalırdı. Atası 2013-cü ildən o evdən çıxıb. Həmin evin dəqiq ünvanı yoxdur, hazırda küçə Mirvari Dilbazi küçəsi kimi gedir. Boşanmaqlarına bir ay qalmışdan qabaq atası evdən çıxıb getdi. Ata getməmişdən qabaq ev 2 mərtəbəli, 9 otaq boş sadə ev idi. Sadəcə bir otaqda suvaq var idi, tam təmirli deyildi. Amma atası gedəndə 2-ci mərtəbəsi də tikilmişdi, təmiri yox idi. Balaca yerdə hamam və tualet idi, arada balaca arakəsmə kimi pərdə qoyulmuşdu, digər tərəfi mətbəx idi. Atası gedəndən sonra otaqları anası ilə düzəltməyə başlamış, qapıları qoydurmuş, tavanı düzəltdirmiş, həyətdə yer düzəltmiş, tualet və hamamı düzəltmişlər. Atası onlara heç bir kömək etməyib, heç onun alimentini normal ödəməyib, sonralar atası ilə əlaqəsi olmadı. Atası evin onun adına keçirilməsini də istəmişdi, anası ona bunu məhkəmə edəcəksə razı olacağını bildirmişdi. 2009-cu ildən ora köçmüşlər. 2007-ci ildə Vosmoyda qalırdılar. Nənəsigildə qalanda o ev tikilirdi. Bütün qonşular şahiddir. Evdə qaz, su, işıq kimi ödənişlər atasının adındadır, amma ödənişlərini onlar etmişlər. Pəncərələrin ikisinin arxada reşotkası var, qabaqdakıların yoxdur. Pəncərələri də anası alıb. Dayısı anasının bağını satıb onun puluna pəncərələri, sement və tokları alıbdır.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 9.000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdeh Cavabdeh həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, kompensasiyanın ödənilməsi ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, habelə çıxarılmanın eyni vaxtda icra edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı aid edilməsi, cavabdeh Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq büdcəsinə ödənilməsi, mütəxəssis rəyinin dəyəri olan 150 manat məbləğində pul tərəflərdən müştərək qaydada, yəni iddiaçı İddiaçı və cavabdeh Cavabdeh hər birindən 75 manat olmaqla tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş olsa da, birgə vəsait hesabına deyil, nikahdan öncə iddiaçıya məxsus əmlakın satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Odur ki, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və cavabdehin həmin torpaq sahəsinə pay hüququ yoxdur.

17. Fərdi yaşayış evi isə birgə nikah dövründə 2008-2009-cu illərdə tikilmişdir. Ev daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməmişdir. 2009-cu ilin yanvar ayında tərəflər ailəlikcə həmin evə köçərək birlikdə yaşamışlar. Cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmış, hətta 2013-cü ildə nikahları pozulduqdan sonra da orada yaşamağa davam etmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır və onun sözügedən evdən istifadə hüququna malik olması işin mübahisələndirilməyən halıdır.

18. Məhkəmə müstəqil qiymətləndirici təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq rəy əldə edilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə baxış keçirilmiş, fərdi yaşayış evinin mansar hissəsi tamamilə təmirsiz, 1-ci mərtəbənin yalnız (25 kv.m) və mətbəxi orta təmirlidir, digər otaqlar isə təmirsiz, yaşayış üçün istifadəyə yararsız vəziyyətdədir. Tərəfindən həmin ərazidə monitorinq aparılmış, bu və bu tip 1 otaqlı fərdi yaşayış evlərinin kirayə haqqı 200-250 manat arası olduğu müəyyən edilmişdir.

19. Məhkəmə tərəfindən iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, tərəflərə 9.000 manat məbləğində (250*36 ay=9000 manat) kompensasiya verməklə mübahisəni yekunlaşdırması təklif edilmişdir. Məhkəmə 9.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin sahibi (mülkiyyətçisi) iddiaçıdır və o, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitəsi olan sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia) ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İstifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması halı qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Hazırda cavabdehin mübahisəli evə mülkiyyət hüququna əsaslanan hər hansı aidiyyəti müəyyən edilməmişdir, tərəflərin birgə yaşamalarının qeyri-mümkün olması halı isə mütləq qaydada nəzərə alınmalıdır. Belə ki, tərəflər arasında nikah pozulmuşdur, ailə münasibətlərinə xitam verilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 158.1.2, 158.2, 158.3, 158.4, 178.1, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, həmin evin üzərində iddiaçının mülkiyyət hüququ tanınmadığı üçün iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Mülki iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh həmin evdə birgə nikah dövründə yaşamışlar, 2013-cü ildə nikahları pozulduqdan sonra isə cavabdeh həmin evdə yaşamağa davam etmişdir. İşdə olan ##.##.2008-ci il tarixli Çıxarışla sübut olunur ki, torpaq sahəsi birgə nikah dövründə alınaraq üzərində ev tikilmişdir. İşdə olan şahid ifadələri ilə evin birgə vəsait hesabına tikilməsi sübut olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus ev satıldıqdan sonra hazırki torpaq sahəsi alınmışdır. Ev iddiaçının ata mülkü olmuş, ev satıldıqdan sonra iddiaçının qardaşına həmin pulla avtomobil alınmışdır. İddiaçıya düşən payla isə torpaq sahəsi alınmışdır. Torpaq sahəsi alınan vaxt onun da valideynləri vəfat etmişdir. Həmin vaxt valideynlərindən qalan miras əmlaklar bölünmüş və onun payına düşən hissə hesabına torpaq sahəsinin alınmasına köməklik etmiş, daha sonra isə hissə-hissə hazırki mübahisəli ev tikilmişdir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29, III hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

37. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

38. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

39.Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 40.Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 41.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 42.Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 43.Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

50. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Apelyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

55. İşin müəyyən edilmiş halı odur ki, İddiaçı ilə Kərimova (Məmmədova) Kəbutər Vaqif qızı arasında ## ###### 1999-cu il tarixdə nikah bağlanmış, həmin nikah ##.##.2013-cü il il tarixdə ləğv edilmişdir. Birgə nikahdan öncə, yəni ##.##.1993-cü il tarixli orderə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65, ** saylı mənzil ilkin olaraq ##.##.2005-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 49126 manata özgəninkiləşdirilmişdir. İddiaçı ##.##.2007ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, **** saylı ünvanda yerləşən ümumi ölçüsü 0.12 ha olan torpaq sahəsini 10144.80 manata almışdır. ##.##.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2008-ci ilin yanvar ayında həmin torpaq sahəsi boş sahə olmuş, birgə nikah dövründə 2008-2009-cu illərdə fərdi yaşayış evi tikilmişdir. Ev daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməmişdir. 2009-cu ilin yanvar ayında həmin 0.06 ha ölçülü torpaq sahəsində damı vurulmuş fərdi yaşayış evi mövcud olmuş və tərəflər ailəlikcə köçərək birlikdə yaşamışlar. Cavabdeh 2013-cü ildə nikahları pozulduqdan sonra da orada yaşamış, İddiaçı isə nikahları pozulduqdan sonra həmin evdən çıxmış bir müddət Rusiyada yaşamışdır. 2017-ci ildə eskiz layihəsinə əsasən 0.06 ha torpaq sahəsində tikilmiş bir mərtəbə+mansardlı fərdi evinin tikinti sahəsi 196.20 kv.m olub. Nikahları pozulduqdan sonra cavabdeh öz vəsaiti hesabına həmin evdə müəyyən təmir-tikinti işləri aparmışdır. Hazırda həmin evdə uşaqları və cavabdeh yaşayır. İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini və çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, daşınmaz əşya birgə nikah müddətində əldə edildiyindən tərəflərin birgə mülkiyyətidir.

56. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edib, cavabdehin istifadə hüququna xitam verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, iddiaçı özünə məxsus mənzili 2007-

57. ci ildə 49126 manata satmış, 15 gün sonra isə hazırki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini 0,12 ha 10144,80 manata almış, daha sonra torpaq sahəsini ½ hissəsini başqa şəxsə satmışdır.

58. Apellyasiya icraatı zamanı cavabdeh izahatında bildirmişdir ki, iddiaçı daha əvvəl yaşadığı mənzili satmış, həmin məbləğdən qardaşına avtomobil almışdır. Qalan pula isə hazırki torpaq sahəsini almışdır. Fərdi yaşayış evinin tikilməsinə isə onlar birgə vəsait xərcləmişlər. Belə ki, həmin vaxt onun valideynləri vəfat etdiyindən, o da “ata mülkündən” pay almışdır.

59. Kollegiya cavabdehin izahatını inandırıcı hesab edir. Belə ki, şahid ifadələri və cavabdehin izahatı biri-biriləri ilə məntiqi uzlaşır.

60. Tərəflərin birgə nikahından doğulmuş uşağı Fidan Kərimova bildirmişdir ki, 2013-cü ildə atası ilə anası boşanmışdır. Boşanmaqlarına baxmayaraq, anası ilə o, sözügedən evdə qalırdı. Atası 2013-cü ildən o evdən çıxıb. Atası evdən getməmişdən qabaq ev 2 mərtəbəli, 9 otaq boş sadə ev idi. Sadəcə bir otaqda suvaq var idi, tam təmirli deyildi. Amma atası gedəndə 2-ci mərtəbəsi də tikilmişdi, təmiri yox idi. Atası gedəndən sonra otaqları anası ilə düzəltməyə başlamış, qapıları qoydurmuş, tavanı düzəltdirmiş, həyətdə yer düzəltmiş, tualet və hamamı düzəltmişlər. Atası onlara heç bir kömək etməyib, heç onun alimentini normal ödəməyib, sonralar atası ilə əlaqəsi olmayıb. Atası evin onun adına keçirilməsini də istəmişdi, anası ona bunu məhkəmə edəcəksə razı olacağını bildirmişdi. 2009-cu ildən ora köçmüşlər. 2007-ci ildə “Vosmoyda” qalırdılar. Nənəsigildə qalanda o ev tikilirdi. Bütün qonşular şahiddir. Evdə qaz, su, işıq kimi ödənişlər atasının adındadır, amma ödənişlərini onlar etmişlər. Pəncərələrin ikisinin arxada reşotkası var, qabaqdakıların yoxdur. Pəncərələri də anası alıb. Dayısı anasının bağını satıb onun puluna pəncərələri, sement və tokları alıbdır.

61. Göründüyü kimi, F.Kərimova ifadəsində hələ əvvəlki mənzildə yaşadıqları dövrdə hazırki mübahisəli evin tikildiyini, evin tikintisini başa çatmağında cavabdehin iştirakını və vəsait cəlb etdiyini bildirir. Qeyd edilən ifadə şahid tərəfindən birinci instansiya məhkəməsində verilmiş, iddiaçı tərəf isə həm bu, həm də digər şahidlərin ifadəsini təkzib edən hər hansı sübut təqdim etməmişdir.

62. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər qonşu, usta və evin sənədləşməsində iştirak edən şəxslər olmuşlar.

63. Şahidlərin ifadəsi ilə müəyyən olunur ki, evin təmiri – yaşayış üçün yararlı hala gətirilməsi və sənədləşmə işlərinin aparılması yalnız cavabdeh tərəfindən həyata keçirilmişdir. Şahidlərin heç biri daha əvvəl iddiaçını tanımamış, həmin evdə görməmişlər.

64. Göründüyü kimi şahid ifadələri ilə evin cavabdehin birbaşa iştirakı ilə tikilməsi halı sübut olunur.

65. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində birgə nikah dövründə tikilmiş, qeydiyyata alınmamışdır.

66. Qanunun tələbinə görə birgə nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə vəsaiti hesabına əldə olunması ehtimal olunur və bunun əksini sübut etmək yükü onu iddia edənin üzərinə düşür.

67. İddiaçı mübahisəli evi şəxsi vəsiti hesabına tikib təmir etdiyini bildirsə də, buna dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, cavabdehin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, torpaq sahəsi iddiaçının vəsiti hesabına alınsa da, yaşayış evinin tikintisi və təmiri birgə vəsait hesabına həyata keçirilmişdir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin */**** nömrəli ## #### 2024-cü il tarixli “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarında göstərilmişdir ki, fərdi yaşayış evi özbaşına tikili olsa belə, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olsa da, fiziki obyekt olaraq özündə ər-

69. arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir və həmin ev münasibətdə tərəflərdən hər hansı birinin digərinə münasibətdə üstünlük hüququ yoxdur, ona görə də iddiaçı təkcə torpaq sahəsinin mülkiyyətçisi olması əsası ilə hazırkı iddia tələbini irəli sürə bilməz.

70. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və torpaq sahəsindən çıxarılması tələbi əsassızdır.

71. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2892/2025 nümrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar