Məhkəmə qərarları › İş №2(3-6)-1049/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1049/2026

24.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1049/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** nömrəli məktəb-liseyə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** nömrəli məktəb-liseydə Azərbaycan dili müəllimi vəzifəsində işləyib. 2.Tərəflərin arasındakı əmək müqaviləsinə cavabdehin direktorunun ##.##.2025ci il tarixli OU***********/e nömrəli əmri ilə xitam verilib. Əmrdə əsas kimi ona istinad olunub ki, iddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyib. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad olunub. Həmin normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. 3.İddiaçının öhdəsində birinci dərəcəli əlil olan və fəaliyyət qabiliyyəti olmayan övladı – ##.##.2000-ci il təvəllüdlü Fatimə Abbasova var. Bu hal aşağıda göstərilən sənədlərlə təsdiq olunur. 4.“Doğum haqqında” şəhadətnamədən görünür ki, iddiaçı həmin şəxsin anasıdır. “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, iddiaçı ilə övladının atası Ceyhun Abbasovun nikahı ləğv edilib, nikahın ləğvi ##.##.2010-cu il tarixdə qeydə alınıb. Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddaçının övladı Fatimə Abbasova fəaliyyət qabiliyyəti olmayan hesab edilib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının ##.##.2019-cu il tarixli *** nömrəli sərəncamından görünür ki, iddiaçı övladının qəyyumu təyin edilib. Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, iddiaçının övladı Fatimə Abbasova müddətsiz birinci dərəcəli əlildir. Həmin arayışda diaqnoz belə göstərilib: “Ağır dərəcəli əqli gerilik, ağır dərəcəli ifadə olunmuş kəmağıllıq qıcolma tutmaları ilə, tetraparez. Genarailizə olunmuş idopatik epilepsiya və epileptik sindromlar, uşaqlıqdan müşahidə olunan mioklonik tutmalar, tonik-klonik tutmalar, gün ərzində bir-iki dəfə. Kənar şəxsin qulluğuna möhtacdır”. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilən əsasla xitam verilməsi həmin Məcəllənin 79-cu maddəsi ilə qadağan edilib. Belə ki, iddiaçının öhdəsində birinci dərəcə əlil olan övladı var, əlilin daim qayğıya və qulluğa ehtiyacı var, iddiaçının nikahı pozulub, ailənin maddi və mənəvi yükü iddiaçının üzərindədir, bu səbəbdən iddiaçı sertifikasiya imtahanına hazırlaşa bilməyib. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, Əmək Məcəlləsinin 79-cu maddəsi hər hansı digər əsaslarla yox, məhz həmin maddədə sadalanan əsaslar üzrə əmək müqviləsinə işəgötürən tərəfindən xitam verilməsinin qarşısını alır. Hazırkı halda mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdeh Bakı şəhəri ** nömrəli məktəb-liseyin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi 10.İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla xitam verilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş əsaslarla xitam verilməsi qadağandır. Həmin qadağa iddiaçının əmək müqaviləsinə şamil olunur. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 11.Birinci, iddiaçının övladı Fatimə Abbasova orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs sayılır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, övladı birinci dərəcə əlildir. Mövcud qanunvericiliyə əsasən, əvvəllər istifadə olunan “birinci dərəcə əlillik” termini hazırda “orqanizmin funksiyalarının 81-100 faiz pozulması” ifadəsi ilə əvəzlənmişdir. 12.İkinci, iddiaçının övladı Fatimə Abbasova iddiaçının öhdəsində olan şəxs sayılır. Belə ki, o, fəaliyyət qabiliyyəti olmayan hesab edilib və iddiaçı onun qəyyumu təyin edilib. 13.Üçüncü, iddiaçının övladı Fatimə Abbasova iddiaçının ailə üzvü sayılır. Belə ki, onun 18 yaşı tamam olsa da, iddiaçı ilə birlikdə yaşayır. Odur ki, Əmək Məcəlləsinin 79cu maddəsində qeyd olunan “öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçi” əlaməti iddiaçıya şamil olunur. 14.Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü madəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri ** nömrəli məktəb-liseyin direktorunun ##.##.2025-ci il tarixli OU***********/e nömrəli əmri ləğv olunsun. İddiaçı Bakı şəhəri ** nömrəli məktəb-liseyin Azərbaycan dili müəllimi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar