Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1065/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “X4” X11 qarşı ödənilmiş əmək haqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: ödənilməmiş əmək haqqının və gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “X4” X11 qarşı ödənilmiş əmək haqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(009)- ****/**** nömrəli qətnaməsindən cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı “X4” MMC-nin layihələndirmə departamentində layihə rəhbəri vəzifəsində işləmiş, əmək müqaviləsi ##.##.2008-ci il tarixdə müddətsiz bağlanılmış, aylıq əmək haqqı 1650 manat təşkil etmişdir.
2. İddiaçı ##.##.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, ailə vəziyyəti ilə əlaqədar olaraq ona ##.##.2024-cü il tarixdən 2 ay müddətinə öz hesabına (ödənişsiz) məzuniyyət verilməsinə icarə verilməsini xahiş etmişdir.
3. “X4” MMC-nin ***/*-şh saylı, ##.##.2024-cü il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin Layihə rəhbəri İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinə kimi 2 ay müddətinə ödənişsiz məzuniyyətə (öz hesabına) buxarılmışdır.
4. “X4” MMC-nin **-A saylı, ##.##.2025-ci il tarixli əmrin surətindən görünür ki, “X4” MMCnin Layihələndirmə departamentinin Layihə rəbhəri 1 vahid ştatı ##.##.2025-ci il tarixdən etibarən ləğv edilməsi, işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən bu müəssisədə bağlanmış əmək müqaviləsinə uyğun əmək stajından asılı olaraq müvafiq məbləğdə işdənçıxarma müavinətinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən işçiyə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa şərait yaradılması məqsədi ilə işçi azı 1 iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
5. “X4” MMC-nin X9 Şövkət oğlu tərəfindən “X4” MMC-nin işçisi Layihə rəhbəri İddiaçı ünvanlanmış xəbərdarlıq bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq edirlər ki, müəssisənin struktur dəyişdirilməsi və işçi sayının ixtisarı ilə əlaqədar İddiaçı işlədiyi vəzifə ##.##.2025-ci ildən etibarən ixtisar olunacaqdır. Bu səbəbdən İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində 1 iş günü əmək haqqı saxlanılmaqla iş axtarılması məqsədi ilə şərait yaradılacaqdır. Həmçinin İddiaçı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü bəndinə əsasən müvafiq razılığı əsasında orta əmək haqqının 2 misli bir dəfəyə ödənməklə əmək müqaviləsinə xitam verilməsi təklif edilir. Əmrin əsası kimi ##.##.2025-ci il tarixli **-A saylı əmr göstərilmişdir.
6. İddiaçı tərəfindən “X4” MMC-nin X9 ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, ##.##.2025-ci il tarixinədək xəbərdarlıq müdddətini gözləməkdən imtina edir, ##.##.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
7. “X4” MMC-nin **-şh saylı, ##.##.2025-ci il tarixli əmrin surətindən görünür ki, “X4” MMC-nin Layihə rəhbəri İddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar olunması) tutduğu vəzifədən azad edilməsi, Insan Resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasında, elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsi həvalə edilməsi, mühasibatlıq şöbəsi işçi ilə onun son iş günündə, yəni ##.##.2025-ci il tarixdə son haqq-hesabın aparılması, işçiyə istifadə edilməmiş 15 gün əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi, həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqının bir dəfəyə ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçinin bu müəssisədə bağlanmış əmək müqaviləsinə uyğun əmək stajına əsasən orta aylıq əmək haqqı miqdarında müavinətin ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi xəbərdarlıq bildirişi, ##.##.2025-ci il tarixli **-A saylı əmr və işçinin ərizəsi göstərilmişdir.
8. Ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçıya ##.##.2025-ci il tarixdə 5000 manat, ##.##.2025-ci il tarixdə 1033,50 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, cəmi 7033,50 manat məbləğində son haqq-hesab ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş əmək haqlarının və hesablaşma məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla faizlərin qətnamənin qüvvəyə mindiyi tarixədək hesablanaraq “X4” MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə “X4” MMC-də ##.##.1998-ci ildən test və təlim qrupunun rəhbəri vəzifəsində müqaviləsiz işləmişdir. 2002-ci ildə şirkətdəki maliyyə krizis səbəbindən ayrılmışdır. BMT-nin Inkişaf Proqramı və Azərbaycan Respublikası (Azərbaycan tərəfini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təmsil edirdi) arasında olan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) layihəsində IKT üzrə milli ekspert və layihə uğurla başa çatdıqdan sonra TQDKda “xxxx” sektorunun müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildə şirkətin prezidenti cənab X6 dəfələrlə zəng edib ona çox ehtiyacı olduğunu bildirmiş və ona şirin vədlər edərək işə dəvət etmişdir. 2008-ci ilin iyun ayından 2025-ci ilin fevral ayının 4-nə kimi şirkətdə müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ilin ortalarından şirkətdə maliyyə krizisinin əlamətləri başlamışdır. Tələbə yoldaşı, qeyri-rəsmi onun müavini X1 vasitəsi ilə ona işdən çıxmaq üçün xəbərdarlıqlar gəlməyə başlamışdır. Dəfələrlə adını ixtisara düşənlər siyahısına salmışlar. Ona qarşı mənəvi təzyiqlər edilməyə başlanmışdır. Bu stresslər nəticəsində ##.##.2023-cü il tarixdə iş yerində insult keçirmiş və 22 sentyabr tarixində Əfəndiyev adına xəstəxananın reanimasiya şöbəsinə aparılmışdır. Insultun fəsadları əziyyətini hələ də çəkir. 2022-2024-cü illərdə maaşlar aylarla gecikdirilmişdir. Eyni zamanda qeyri-ayrı seçkilik edilirdi. Belə ki, IAMAS layihəsi ilə bağlı şöbələrin əməkdaşlarına maaşlar zamanında verilirdi. 2024-cü ilin noyabr ayında onu məcbur edilmişdir ki, öz xahişi ilə iki aylıq məzuniyyətə çıxmışdır. 2025-ci il yanvar ayının sonunda məzuniyyətdən qayıtmış və ona işdən çıxmaq barədə təzyiqlər artmışdır. 2025-ci ilin fevral ayının 4-də vəzifəsinin ixtisara salındığını bildirmişlər və o tarixdə ixtisara salınmaqla işdən çıxarılmışdır. Onun diabet xəstəsi olmasını diqqətə almamışlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hesablanmış 7033,50 manat ödənilmədi. Bu məbləğ üç dəfəyə aşağıdakı tarixlərdə ödəndi: ##.##.2025 – 5000 manat, ##.##.2025 – 1033,50 manat, ##.##.2025 – 1000 manat. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Aparılmış şəxsi hesablamalarına görə ##.##.2025-ci il tarixinə olan cərimə borcu 10925,43 manat təşkil edir. Ayrıca 2023-2024-cü illərdə dəfələrlə baş vermiş maaş gecikmələrinə görə təqribi cərimə məbləği 12000 manat təşkil edir. Bu gecikmələr müntəzəm olaraq bir neçə dəfə olmuşdur. Bəzən 5 aya qədər çəkmişdir. Bunu mühasibətdən alınan məlumatlar əsasında dəqiq hesablanması mümkündür.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(009)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı İddiaçı ilə əmək münasibətlərinə xitam verildiyi ##.##.2025-ci il tarixdən sonra işdən çıxması ilə əlaqədar son haqq-hesabının hər gecikdirilmiş gün üçün 1% olmaqla cəmi 9891,15 manat təşkil etməsi nəzərə alınaraq “X4” MMC-dən iddiaçı İddiaçı xeyrinə 9891,15 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, “X4” MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 118,91 manat məbləğində pulun tutulması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, məhkəmə iddia tələbinin iddiaçının işlədiyi müddətdə əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı 1% ödəncin tutulması hissəsi üzrə isə hesab etmişdir ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Bu səbəbdən məhkəmə həmin hissədə tələbin təmin edilməsini əsaslı hesab etməmişdir. Iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra son haqq-hesab kimi ödəniləcək məbləğ 7033,50 manat müəyyən edilmiş, lakin həmin məbləğ iddiaçıya qanunvericiliyin qeyd edilən normasında göstərilən tarixdə, yəni sonuncu iş günü deyil, gecikmə ilə ödənilmişdir. Belə ki, son haqq-hesabın 5000 manatı 128 gün gecikmə ilə, 1033,50 manatı 155 gün gecikmə ilə, 1000 manatı isə 189 gün gecikmə ilə iddiaçıya ödənilmişdir. Cavabdehin nümayəndəsi gecikmənin obyektiv səbəblərdən baş verdiyini, yəni təşkilata pul vəsaitinin daxil olmasında gecikmələr olduğu üçün iddiaçıya son haqq-hesabın verilməsi də gecikmə ilə həyata keçirildiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu dəlillərini əsaslı hesab etməmişdir. Cavabdeh tərəfindən ödənişin həyata keçirilməsinin obyektiv səbəbdən və işəgötürənin təqsiri nəticəsində baş verməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Iddiaçıya ödənilməli olan son haqq-hesab vaxtında verilməmişdir. Qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. Ilk növbədə, əmək haqqının verilməsi gecikdirilməli və gecikmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan son haqq-hesab gecikdirilməklə bağlı verildiyindən, cavabdehin nümayəndəsinin gecikmələrin dövlət təşkilatlarından göstərilən xidmətlərlə bağlı şirkətə edilən ödənişlərin vaxtında verilməməsi ilə əlaqələndirməsini isə məhkəmə məntiqli hesab etmədiyindən (son haqq-hesabın 6 ay müddətində gecikmə ilə bağlı verilməsi müəyyən edildiyindən və bu müddət ərzində hər hansı bir ödənişin edilməməsi ağlabatan olmadığından, pul köçürmələri ilə bağlı gecikmənin 6 ay müddətinə olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən), bununla da gecikdirilmənin işəgötürənin təqsiri üzündən baş verməsi qənaətinə gəlindiyindən, məhkəmə hesab etmişdir ki, son haqq-hesabın ödənilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün işçiyə bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə son haqqhesabın 5000 manatının 128 gün gecikdirilməklə, 1033,50 manatının 155 gün gecikdirilməklə, 1000 manatının 189 gün gecikdirilməklə verilməsini nəzərə alaraq gecikdirilmiş hər gün üçün 1% məbləğdə ödəncin aşağıdakı kimi olmasını nəzərə alıb: 5000 manat x 1% x 128 gün = 6400 manat, 1033,50 manat x 1% x 155 gün = 1601,15 manat, 1000 manat x 1% x 189 gün = 1890 manat. Beləliklə, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan son haqq-hesabın gecikdirilməklə verilməsi müəyyən edildiyindən, gecikdirilmiş günlər üzrə ödənilməli olan ödənc məbləğinin 9891,15 manat (6400+1601,15+1890=9891,15) həddində olması nəzərə alınmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 83.4, 144.2, 154.1, 292.1, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2023-cü il tarixli Qərarına, “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinə, X10 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - cavabdeh “X4” MMC-dən iddiaçı İddiaçı xeyrinə 9 891,15 manat ödəncin (penyanın) tutulmasına, habelə həmin məbləğə mütənasiib olaraq dövlət nəfinə 118,91 manat dövlət rüsumunun alınmasına dair hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı son haqq-hesab məbləğinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% miqdarında ödəncin (penyanın) tutulması barədə iddianın rədd edilməsi və qətnamənin iddianın təmin edilməməsinə dair hissəsində dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçı İddiaçı xeyrinə, son haqq-hesab öhdəliyinin (7033,50 manat) mərhələli ödənilməsi səbəb gətirilərək, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən 9891,15 manat məbləğində ödəncin (penyanın) tutulmasına qərar verilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, cavabdeh müəssisənin təqdim etdiyi mötəbər sübutları – bank çıxarışlarını, vergi borcu barədə rəsmi məlumatları və şirkətin strateji fəaliyyət modelini hüquqi qiymətləndirmədən kənar saxlamış, gecikmənin “işəgötürənin təqsiri” üzündən deyil, qarşısıalınmaz obyektiv amillər nəticəsində baş verdiyi faktını gözardı etmişdir. “X4” MMC 1990cı illərdən etibarən Azərbaycan Respublikasının strateji dövlət qurumları (DIN, DSX, XKX, Ədliyyə Nazirliyi və s.) üçün e-ID kartlar, biometrik identifikasiya və sərhəd nəzarəti sistemləri kimi mühüm proqram təminatı və infrastruktur layihələrini icra edir. Şirkətin gəlir strukturu sabit bazar dövriyyəsinə deyil, tamamilə layihə əsaslı dövlət sifarişlərinə bağlıdır. Hüquqi baxımdan vurğulayır ki, dövlət büdcəsinin təsdiqi prosesi, Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin büdcə təşkilatlarına mərhələli və qrafik üzrə ayrılması, habelə bu prosedurlar zamanı yaranan inzibati ləngimələr Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən “hamıya bəlli olan hallardır” və əlavə sübuta ehtiyacı yoxdur. Sifarişçi dövlət orqanları tərəfindən görülmüş işlərin haqqının büdcə yubanmaları səbəbindən vaxtında ödənilməməsi nəticəsində yaranan likvidlik problemi şirkətin subyektiv iradəsindən kənar olan, fəaliyyət spesifikasından doğan obyektiv iqtisadi zərurətdir. Iş materiallarına əlavə edilmiş bank çıxarışları sübut edir ki, 2024-cü il ərzində şirkətin ümumi kredit dövriyyəsi 763111,09 manat olsa da, ilin sonuna hesab qalığı cəmi 387 manat təşkil etmişdir. Bu, müəssisəyə daxil olan hər bir vəsaitin dərhal prioritet qaydada işçilərin əmək haqlarına və sosial ödənişlərə yönəldiyini, şirkətin sərəncamında hər hansı sərbəst maliyyə ehtiyatının qalmadığını təsdiq edir. Bundan əlavə, dövlət layihələri üzrə ödənişlərin yubanması fonunda yaranmış 1 275 085,33 manat məbləğində vergi borcuna görə vergi orqanları tərəfindən hesablarına bloklama və yönləndirmə sərəncamları tətbiq edilmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin “Qeyd” hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli Qərarına əsasən, görülmüş işin haqqının başqa işəgötürən (sifarişçi) tərəfindən ödənilməməsi və ya işəgötürənin iradəsindən kənar inzibati məhdudiyyətlər gecikməyə səbəb olduqda, işəgötürənin təqsiri istisna olunur. Beləliklə, iddiaçıya olan 7033,50 manat məbləğində əsas borcun artıq ##.##.2025-ci il tarixinədək tam ödənildiyini və gecikmənin qarşısıalınmaz iqtisadi-inzibati faktorlardan qaynaqlandığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin “təqsir” barədə qənaəti həm faktiki hallara, həm də maddi hüquq normalarına kökündən ziddir. Iş materiallarına əlavə olunmuş bank çıxarışları və layihə sənədləri birmənalı şəkildə təsdiq edir ki, “X4” MMC-nin bütün gəlir dövriyyəsi strateji dövlət layihələrinin icrası üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində “gecikməyə dair sübutların təqdim edilməməsi” barədə gəldiyi nəticə həm faktiki, həm də prosessual cəhətdən səhvdir. Belə ki, dövlət büdcəsinin təsdiqi prosesi, vəsaitlərin Maliyyə Nazirliyi tərəfindən büdcə təşkilatlarına mərhələli şəkildə ayrılması və bu prosedur zamanı yaranan inzibati-iqtisadi ləngimələr Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən “hamıya bəlli olan hallardır” və əlavə sübuta ehtiyacı yoxdur. Bu xüsusat hər hansı əlavə sübut tələb etməyən ümumi məlum fakt olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən bu reallığın hüquqi qiymətləndirmədən kənar saxlanılması işin hallarına birtərəfli yanaşıldığını sübut edir. Şirkətin 2024-cü il üzrə maliyyə vəziyyətinə dair təqdim edilmiş göstəricilər (763111,09 manat ümumi kredit dövriyyəsi fonunda ilin sonunda hesabda cəmi 387 manat qalıq) sübut edir ki, müəssisəyə daxil olan hər bir qəpik vəsait dərhal prioritet qaydada işçilərin əmək haqlarına yönəldilmişdir. Lakin dövlət layihələri üzrə ödənişlərin sifarişçi tərəfindən gecikdirilməsi zəncirvari şəkildə 1275085,33 manat məbləğində vergi borcunun yaranmasına və nəticədə bank hesablarına vergi orqanları tərəfindən inzibati bloklama sərəncamlarının tətbiqinə səbəb olmuşdur. Bu bloklama tədbirləri vəsaitlərin idarə olunmasını şirkətin subyektiv iradəsindən kənarlaşdıraraq əmək haqlarının ödənilməsini obyektiv şəkildə qeyri-mümkün etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin “Qeyd” hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərarına əsasən, əmək haqqının verilməsi yalnız işəgötürənin təqsiri üzündən gecikdirildikdə penya öhdəliyi yaranır. Qanunvericiliyin mahiyyətinə görə, görülmüş işin haqqının başqa sifarişçi (dövlət) tərəfindən ödənilməməsi nəticəsində yaranan gecikmələrdə işəgötürənin təqsiri istisna olunur. Birinci instansiya məhkəməsi gecikmənin məhz dövlət büdcə qrafikindən və inzibati bloklamalardan qaynaqlandığını görməzdən gələrək, bu obyektiv vəziyyəti səhvən müəssisənin “təqsiri” kimi tövsif etmişdir. Iddiaçı İddiaçı etiraf edir ki, 7033,50 manat məbləğində əsas son haqq-hesab borcu ona hələ ##.##.2025-ci il tarixinədək tam şəkildə ödənilmişdir. Şirkətin ağır maliyyə və inzibati məhdudiyyətlərlə üzləşdiyi bir dövrdə daxil olan vəsaitləri, ilk növbədə məhz işçiyə olan borcun bağlanmasına yönəltməsi işəgötürənin vicdanlı davranışını və qanunpərəstliyini təsdiq edir. Belə bir şəraitdə, obyektiv iqtisadi zərurətdən yaranan gecikməyə görə əsas borcun özündən də çox (9891,15 manat) ödəncin tutulması həm maddi hüquq normalarına, həm də ədalət prinsiplərinə kökündən ziddir. Eyni zamanda hakim, xüsusi bilik tələb edən sahə üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən, penya məbləğini (9891,15 manat) subyektiv qaydada hesablamışdır. Mürəkkəb riyazi və iqtisadi hesablamaların ekspert rəyi olmadan qətnaməyə daxil edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin (qətnamənin yalnız tədqiq olunmuş sübutlarla əsaslandırılması) kobud pozuntusudur. Məhkəmə penya (cərimə) tutarkən normanın mütləq şərti olan “işəgötürənin təqsiri” amilini formal araşdırmışdır. Maddənin “Qeyd” hissəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərarı imperativ şəkildə müəyyən edir ki, görülmüş işin haqqının başqa sifarişçi (bizim halda - dövlət) tərəfindən ödənilməməsi nəticəsində yaranan gecikmələrdə işəgötürənin təqsiri istisna olunur. Şirkətin strateji layihələr üzrə gəlirinin büdcə qrafikindən asılılığı və 1275085,33 manat vergi borcuna görə tətbiq olunan inzibati sərəncamlar təqsiri aradan qaldıran obyektiv maneələrdir. Məhkəmənin bu qanuni istisnanı nəzərə almaması maddi hüququn kobud pozuntusudur. Cavabdeh tərəf vergi bloklamalarını (1275085,33 manat borc) və bank hesabındakı 387 manat qalığı sübut edən sənədləri təqdim etsə də, məhkəmə bu mötəbər sübutları qiymətləndirmədən kənarda saxlamış və işin hallarına obyektiv yanaşmamışdır. Məhkəmə cavabdehin təqdim etdiyi 1275085,33 manat məbləğində vergi borcu, bank hesabındakı cəmi 387 manat qalıq və dövlət layihələrindən asılılığı sübut edən rəsmi sənədləri araşdırmadan kənarda qoymuşdur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin imperativ tələbi olan iddiaçının FIN kodu və şəxsiyyətini eyniləşdirən məlumatlar olmadan iddia ərizəsini icraata qəbul etmiş və qətnamə çıxarmışdır. Bu, məhkəmə tərəfindən prosessual forma tələblərinə laqeyd münasibətin göstəricisidir. O cümlədən, məhkəmə xüsusi bilik tələb edən sahə üzrə məhkəmə-mühasibat və maliyyə ekspertizası təyin etmədən, penya məbləğini (9 891,15 manat) subyektiv qaydada hesablamışdır. Mürəkkəb riyazi və iqtisadi hesablamaların ekspert rəyi olmadan qətnaməyə daxil edilməsi MPM-in 217.4-cü maddəsinin (qətnamənin yalnız tədqiq olunmuş sübutlarla əsaslandırılması) kobud pozuntusudur. MPM-in 82.1-ci maddənin tələbinə zidd olaraq, hamıya bəlli olan faktlara görə əlavə sübut tələb etmişdir. Dövlət büdcəsinin təsdiqi prosedurları, vəsaitlərin büdcə təşkilatlarına mərhələli ayrılması və strateji layihələr üzrə ödənişlərin yubanması ümumi məlum haldır. Qətnamədə “gecikməyə dair sübut təqdim edilməmişdir” qeydi bu prosessual normanın məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin birbaşa sübutudur. Birinci instansiya məhkəməsi işin ədalətli həlli üçün həlledici olan mühüm faktiki halları araşdırmadan kənarda qoymuşdur ki, bu da MPM-in 388-ci maddəsinə əsasən aktın əsassızlığına dəlalət edir. Məhkəmə, cavabdeh müəssisənin strateji gəlir strukturunun tamamilə dövlət layihələrinə (Ədliyyə Nazirliyi, DTX, DIN və s.) bağlı olması və vəsaitlərin büdcə qrafiki üzrə mərhələli daxilolma müddətlərini aydınlaşdırmamışdır. Xüsusilə, şirkətin bank hesablarına tətbiq olunmuş 1275085,33 manat məbləğində vergi borcu sərəncamlarının daxil olan vəsaitlər üzərində sərəncam vermək hüququnu necə məhdudlaşdırdığı və bu inzibati maneənin son haqq-hesabın ödənilməsinə təsiri faktı hüquqi qiymətini tapmamışdır. Həmçinin, 2024-cü ilin sonuna bank hesabında cəmi 387 manat qalıq olması faktı aydın göstərir ki, gecikmə subyektiv iradədən deyil, likvidliyin obyektiv yoxluğundan qaynaqlanmışdır, lakin məhkəmə bu reallığı aydınlaşdırmaqdan yayınmışdır. Məhkəmə qətnamədə müəyyən halların sübut olunduğunu iddia etsə də, həmin nəticələr MPM-in 389-cu maddəsinin tələblərinə zidd olaraq mötəbər sübutlara söykənmir. Işəgötürənin təqsirini təsdiq edən hər hansı maddi sübut təqdim edilə bilməmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin “Qeyd” hissəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhinə görə, sifarişçi tərəfindən ödənişin yubanması təqsiri istisna etdiyi halda, məhkəmə bu hüquqi faktın əksini sübut etmədən cərimə tətbiq etmişdir. Ən əsası, hökm olunmuş 9891,15 manat penya məbləği məhkəmə-mühasibat ekspertizası tərəfindən deyil, hakim tərəfindən təkbaşına hesablanmışdır ki, bu da xüsusi bilik tələb edən sahə üzrə rəy olmadan həmin rəqəmin “sübut olunmamış fakt” kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmənin gəldiyi nəticələr tərəflərin qarşılıqlı münasibətləri və işin real vəziyyəti ilə MPM-in 390-cı maddəsinə zidd olaraq kəskin ziddiyyət təşkil edir. Məhkəmə 6 aylıq gecikməni “ağlabatan deyil” kimi tövsif etsə də, 1,2 milyon manatlıq vergi bloklaması və bank hesabındakı kritik qalıq fonunda ödənişin edilməməsinin obyektiv iqtisadi zərurət olduğunu nəzərə almamışdır. Işəgötürənin hələ məhkəmə iddiası qaldırılmazdan əvvəl, ağır maliyyə şəraitində daxil olan ilk vəsaitləri iddiaçıya olan 7033,50 manat borcun tam bağlanmasına yönəltməsi onun vicdanlı davranışını sübut etdiyi halda, qətnamədə bu amilin işəgötürənin təqsirini istisna edən hal kimi qiymətləndirilməməsi ədalət prinsipləri ilə uyğunluq təşkil etmir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi Vəkil cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
18. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 178.1. Işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172- ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 290.2. Işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 292.1. Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.5. 5. Işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarı: “Konstitusiyanın 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməklə xarakterizə olunur”.
22. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2023-cü il tarixli Qərarı: “Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. ... Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. ... Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır”.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin qismən ləğv edilib, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Apellyasiya şikayəti 2 dəlillə əsaslandırılır: - gecikmənin işəgötürənin təqsiri üzündən deyil, qarşısıalınmaz obyektiv amillər nəticəsində baş verməsi; - xüsusi bilik tələb edən sahə üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən, penya məbləğini (9891,15 manat) subyektiv qaydada hesablamışdır.
27. Yəni, ödəmənin gecikdirilməsi işin mübahisələndirilməyən halıdır, mübahisələndirilən hal gecikmənin işəgötürənin təqsiri üzündən baş verməməsidir.
28. Birinci dəlilə münasibətdə cavabdehin arqumentinin hüquqi əsasını Əmək Məcəlləsinin 172.5ci maddəsinin qeyd hissəsi təşkil edir. Maddənin qeyd hissəsinin məzmunu aşağıdakı kimidir: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
29. Normada “işəgötürənin özündən asılı olmayan səbəblər”ə aşağıdakılar aid edilir: müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması; bankın müflisləşməsi; görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi.
30. Cavabdehin istinad etdiyi hal ilk 2 səbəblə bağlı deyildir, “görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi” halına istinad olunur.
31. Lakin cavabdeh bu halın mövcudluğu ilə bağlı nə birinci instansiya məhkəməsinə sübut təqdim etmiş, nə də apellyasiya şikayətinə bununla bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. Təqdim olunan sənədlər borcun mövcudluğu və qalıq vəsaitin məbləği ilə bağlıdır ki, həmin sənədlər “görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi” kimi qiymətləndirilə bilməz.
32. Birinci instansiya məhkəməsinin qətnaməsində haqlı olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan son haqq-hesab gecikdirilməklə bağlı verildiyindən, cavabdehin nümayəndəsinin gecikmələrin dövlət təşkilatlarından göstərilən xidmətlərlə bağlı şirkətə edilən ödənişlərin vaxtında verilməməsi ilə əlaqələndirməsini isə məhkəmə məntiqli hesab etmədiyindən (son haqq-hesabın 6 ay müddətində gecikmə ilə bağlı verilməsi müəyyən edildiyindən və bu müddət ərzində hər hansı bir ödənişin edilməməsi ağlabatan olmadığından, pul köçürmələri ilə bağlı gecikmənin 6 ay müddətinə olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən), bununla da gecikdirilmənin işəgötürənin təqsiri üzündən baş verməsi qənaətinə gəlindiyindən, məhkəmə hesab etmişdir ki, son haqq-hesabın ödənilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün işçiyə bir faizi məbləğində ödənc verilməlidir.
33. O cümlədən, apellyasiya şikayətinin digər bir dəlili olaraq qeyd olunmuşdur ki, məhkəmə xüsusi bilik tələb edən sahə üzrə məhkəmə-mühasibat və maliyyə ekspertizası təyin etmədən, penya məbləğini (9891,15 manat) subyektiv qaydada hesablamışdır.
34. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan penya məbləğinin hesablanması adi riyazi hesablama tələb etdiyindən hazırki iş üzrə məhkəmə - mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmamışdır və birinci instansiya məhkəməsi tərəfindən dəqiq hesablama aparılaraq düzgün nəticəyə gəlinmişdir.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(009)- ****/**** nömrəli qətnaməsindən cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.