Məhkəmə qərarları › İş №2(3-6)-1099/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1099/2026

22.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1099/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı3, Yusifov İntiqam Məcid oğlu, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı (* saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1099/2026 (Açar sözlər: miras əmlakının dairəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçılar iddiaçı3, Yusifov İntiqam Məcid oğlu, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı (* saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «torpaq sahəsi üçün ödənilmiş pul vəsaitinin mirasa daxil edilməsi və həmin pul vəsaitindən iddiaçı3 1/5 hissədə aid olan miras payına uyğun 2400.0 ABŞ dolları pulun cavabdehdən tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddiaçı3, Yusifov İntiqam Məcid oğlu, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin miras kütləsinə daxil edilməklə, ödənilmiş pul vəsaitindən hər birinə 1/5 hissədə pay tanınması və həmin paya mütənasib olaraq pul vəsaitinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 100,0 m2 (1 sot) torpaq sahəsinin ##.##.2020-ci il tarixdə vəfat etmiş iddiaçı3 Ümid oğlundan qalmış miras əmlak kütləsinə daxil edilməklə, həmin torpağa görə ödənilmiş 12.000 ABŞ dolları məbləğində vəsaitdən onların hər birinə 1/5 hissədə pay ayrılmaqla, hər birinə 2.400 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Sonradan, * saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

3. Daha sonra, iddiaçıların hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və hazırda cavabdehin istifadəsində olan 100 m2 torpaq sahəsi üçün ##.##.2020-ci il tarixdə vəfat etmiş mərhum iddiaçı3 Ümid oğlu tərəfindən ödənilmiş 12.000 ABŞ dolları pul vəsaitinin mirasa daxil edilməsi, həmin pul vəsaitindən iddiaçılar iddiaçı3, Yusifov İntiqam Məcid oğlunun, iddiaçı2 və iddiaçı1 hər birinin payına uyğun 2.400 ABŞ dolları pulun cavabdeh Cavabdeh tutulması və onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ataları iddiaçı3 Ümid oğlu ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-II seriyalı, ****** saylı ölüm haqqında şəhadətnamə verilmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2020-ci il tarixdə 1545 nömrəsi ilə qeyd edilmişdir. Bundan sonra mərhumun övladları olan iddiaçılar - iddiaçı3, Yusifov İntiqam Məcid oğlu, iddiaçı1 və azyaşlı X1 * saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilən V-**/**** saylı vərəsəlik işi üzrə ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2020-ci il tarixdə vəfat etmiş iddiaçı3 Ümid olunun vərəsələri kimi tanınmışlar. Vərəsəlik işinə əsasən müəyyən edilir ki, vərəsələr hər biri mirasdan 1/5 hissədə pay almalıdırlar. Vərəsəlik işi açılan zaman şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ## ####### 2014-cü il tarixdə iddiaçı3 Ümid oğluna verilmiş ******************** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 569,8 m2 olan fərdi yaşayış evi göstərilmişdir. Lakin sonradan iddiaçılar atalarından qalan digər miras əmlak - ünvan 3 ünvanında yerləşən 100.0 m2 (1 sot) torpaq sahəsinin də mirasa daxil edilməsi üçün * saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisinə müraciət etmişlər. Sonuncu tərəfindən iddiaçılara ##.##.2025-ci il tarixli *** nömrəli məktub verilmiş, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair iddiaçıların atası mirasqoyan iddiaçı3 Ümid oğlu ilə Məmmədova Sevinc Yusif qızı arasında ##.##.2006-cı il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür: «Biz, aşağıda imza edənlər Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 38-də yaşayan Məmmədova Sevinc Yusif qızı və Bakı şəhəri, Nəsimi r-nu, M.Qasımov küçəsi, ev 18-də yaşayan iddiaçı3 Ümid oğlu müqaviləni aşağıdakı məzmunda bağladıq: 1. Mən, Məmmədova Sevinc Yusif qızı ünvan 2 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsindən 100 m2 torpaq sahəsini satmaq üçün iddiaçı3 Ümid oğlu ilə sövdələşib ondan qabaqcadan 12.000 ABŞ dolları almışam. 2. Mən, Məmmədova Sevinc Yusif qızı bir daha təsdiq edirəm ki, həmin torpağa görə iddiaçı3 Ümid oğlundan 12.000 ABŞ dolları almışam. 3. Mən, Məmmədova Sevinc Yusif qızı öhdəmə götürürəm ki, həmin torpaqla əlaqədar hər hansı bir mübahisə olarsa, bütün məsuliyyəti öz üzərimə götürürəm. 4. Mən, Məmmədova Sevinc Yusif qızı öhdəmə götürürəm ki, qiymətlərin dəyişməsindən asılı olmayaraq həmin torpağa, onun dəyərinə və qarşı heç bir iddia etməyəcəyəm. 5. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər Məmmədova Sevinc Yusif qızı tərəfindən ödənilir. 6. Həmin müqavilə iki nüsxədən ibarət tərtib və təsdiq edildi, birinci nüsxəsi Bakı şəhəri ** saylı dövlət notariat kontorunda saxlanıldı, ikinci nüsxəsi isə iddiaçı3 Ümid oğluna verildi.» Göründüyü kimi, ünvan 3 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsindən 100 m2 torpaq sahəsi 12.000 ABŞ dolları müqabilində miras qoyan iddiaçı3 Ümid oğlu tərəfindən alınmış, ölən günə kimi də özünün tam istifadə və sahibliyində olmuşdur. Belə olan halda həmin torpaq sahəsi miras kütləsinə daxil olmaqla, ondan vərəsələrə pay verilməli, və ya həmin torpaq sahəsindən bütün vərəsələrin bərabər istifadə imkanları təmin edilməlidir. Buna baxmayaraq, həmin torpaq sahəsindən hazırda yalnız bir vərəsə, hazırki iddia tələbi üzrə cavabdeh olan Cavabdeh təkbaşına istifadə edir və digər vərəsələrin, yəni iddiaçıların hüquqlarını pozur. Bundan öncə iddiaçılar tərəfindən cavabdehə qarşı həmin torpaq sahəsində mərhum ataları tərəfindən inşa edilmiş sənədsiz fərdi yaşayış evinə köçürülmə ilə bağlı məhkəməyə iddia verilmiş, həm torpaq sahəsinin, həm də üzərində inşa eidlmiş fərdi yaşayış evinin mərhum atalarına məxsus olması bildirilmişdir. Həmin məhkəmə işi üzrə iddiaçıların iddia tələbi rədd edilmiş, lakin qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə bir sıra hallar müəyyən edilmişdir. Belə ki, qeyd edilən iş üzrə şahid qismində izahat verən X3 (mübahisəli torpağı satan Məmmədova Sevinc Yusif qızının əri) ifadəsində bildirmişdir ki, «mübahisəli torpaq sahəsi onun olmuşdur. Həmin sahəni Məcid kişiyə 12000 ABŞ dollarına satmışdır. Alğısatqı müqaviləsini Məcidlə bağlamışdır. Satdığı yer 1 sota yaxın olmuşdur.» Şahidin bildirdiyinə görə həmin 1 sot hissə sonradan artırılan tikilinin altında yerləşən giriş hissədən ibarət olmuşdur. Həmin məhkəmədə şahidin və cavabdeh Cavabdeh özünün də etiraf etdiyi kimi, məlum olur ki, mübahisəli torpaq sahəsi atası tərəfindən alınsa da, həmin torpaq sahəsi üzərində cavabdeh ev tikmişdir. Belə olan halda, aşkardır ki, miras qoyan iddiaçı3 Ümid oğlundan qalmış miras əmlak kütləsinə daxil olan torpaq sahəsindən bu gün cavabdeh tək faydalanır. Cavabdehin sonradan həmin torpaq sahəsinin dəyərini guya atasına qaytarması barədə isə, cababdehin özünü ifadəsindən başqa hər hansı digər mötəbər sübut yoxdur. Cavabdeh öz hərəkətləri ilə digər vərəsələrin hüquqlarını davamlı şəkildə pozur. Cavabdehin bu hərəkətlərini qanunsuz hesab edirlər, onunla bu barədə dəfələrlə danışıqlar aparmaları fayda verməmişdir, bunun nəticəsi olaraq hazırki iddia ilə məhkəməyə müraciət edirlər.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 402.4, 1151.1-ci maddələri, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayətləri eyni məzmunda tərtib olunmuş və iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

12. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mübahisə olduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

14. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

15. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

16. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

17. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

18. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

20. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki iş üzrə qətnamədən iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin iddiaçılara aid hissələrdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, mübahisələndirilən hissədə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. İşin halları ondan ibarətdir ki, iddiaçılar və cavabdeh bacı-qardaşdırlar. Onların ataları iddiaçı3 Ümid oğlu ##.##.2020-ci il tarixdə vəfat etmiş və vərəsələr hər biri mirasdan 1/5 hissədə pay hüququ əldə etmişlər. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi miras kütləsini təşkil etmişdir. Bundan əlavə iddiaçı3 Ümid oğlu ilə Məmmədova Sevinc Yusif qızı arasında ##.##.2006-cı il tarixdə bağlanmış ilkin öhdəlik müqaviləsinə əsasən Məmmədova Sevinc Yusif qızı ünvan 2 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsindən 100 m2 torpaq sahəsini satmaq üçün iddiaçı3 Ümid oğlu ilə sövdələşib ondan qabaqcadan 12.000 ABŞ dolları almışdır. İddiaçılar hazırda həmin torpaq sahəsindən cavabdehin təkbaşına istifadə etməsini əsas gətirərək onun alınması üçün mərhum iddiaçı3 tərəfindən ödənilmiş pul vəsaitinin miras kütləsinə daxil edilməsini, həmin pul vəsaitinin paylarına uyğun olaraq cavabdehdən onların xeyrinə tutulmalı olmasını iddia edirlər. Cavabdeh isə iddianı qəbul etməyərək həmin pulu nəticə etibarilə özünün ödəyini bildirmişdir.

31. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

32. Qanunvericiliyin tələblərindən göründüyü kimi miras əmlakın dairəsinə miras qoyanın sağlığında daşıdığı öhdəliklərlə yanaşı mülkiyyətində olan əmlak, pay, payın dəyəri, yaxud əmlak hüquqları daxildir. Həmçinin mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırki işin hallarından göründüyü kimi iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinə dair mərhum ataları iddiaçı3 mülkiyyət hüquqları qeydə alınmamış, öldüyü məqamadək mülkiyyətində olan əmlaklar siyahısında yer almamışdır. Bu halda iddiaçıların həmin əmlakı miras kütləsi hesab edərək müvafiq pay tələb edə bilmələri üçün hüquqi əsas mövcud olmamışdır.

33. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçıların mərhum ataları iddiaçı3la Məmmədova Sevinc Yusif qızı arasında öhdəlikdən irəli gələn ilkin müqavilə bağlanmışdır və hazırda iddiaçılar ən yaxşı halda əmlakın özü ilə bağlı deyil, MM-in 1151-ci maddəsində qeyd edilən əmlak hüququ ilə bağlı qanunla nəzərdə tutulmuş hallarda gözlənti irəli sürə bilərdilər. Lakin göründüyü kimi sözügedən müqavilə 2006-cı ildə bağlanmışdır və Mülki Məcəllənin 402.4-cü maddəsinə görə, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

34. Hazırki iş üzrə də ilkin müqavilə 2006-cı ildə bağlansa da, növbəti 1 il ərzində əsas müqavilənin bağlanması baş tutmamış, sonradan müqavilənin digər tərəfi Sevinc Məmmədova da vəfat etmiş və nəticədə mərhum iddiaçı3 həmin əmlakla bağlı əmlak hüquqları əldə edə bilməsi üçün də əsas mövcud olmamışdır. Odur ki, mübahisəli torpaq sahəsinin, yaxud onun üçün ödənilmiş pul vəsaitinin miras əmlaka daxil edilməsi mümkün deyildir.

35. Kollegiya o cümlədən cavabdeh Cavabdeh həmin torpaq sahəsinə təkbaşına sahiblik etməsi və torpağın dəyərinin sonuncudan tələb edilməsi ilə bağlı iddiaçıların tələblərinə münasibətdə isə qeyd edir ki, eyni tərəflər arasında daha öncə də evə köçürülmə ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə aparılmış araşdırma zamanı sözügedən məsələlərə münasibət bildirilmişdir.

36. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e*(***)****/**** saylı qətnaməsindən görünür ki, iddiaçılar iddiaçı3 və Yusifov İntiqam Məcid oğlunun cavabdeh Cavabdeh qarşı «evə köçürülmə və s.» tələbinə dair iddiası və birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı «evə köçürülmə və s.» tələbinə dair iddiaları rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Həmin qətnamə ilə pul verildiyi iddia edilən torpaqla cavabdehin evinin yerləşdiyi torpağın üstüstə düşməməsi, yəni, mübahisə edilən torpaq sahəsi ilə üzərində tikili inşa edilmiş torpaq sahəsi eynilik təşkil etməməsi, digər torpaq sahəsinin üzərindəki tikilinin cavabdehin öz vəsaiti hesabına inşa etməsi müəyyən edilmişdir. O cümlədən həmin iş üzrə şahid qismində dindirilən mərhum Məmmədova Sevinc Yusif qızının həyat yoldaşı X3 ifadəsində mərhum iddiaçı3 torpaq sahəsini oğlu Nizami üçün aldığını bildirmişdir. Sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 2(103)- ***/**** saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

37. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin, yaxud onun alınması üçün ödənilmiş pul vəsaitinin miras əmlak kütləsinə daxil edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Buna görə də apellyasiya şikayəti təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar