Məhkəmə qərarları › İş №2(3-6)-1110/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1110/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1110/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhər, Nəsimi rayonu, Mir Cəlal küçəsi, bina 6-da yerləşən ** saylı mənzildən cavabdehin özünün və cavabdehin ailə üzvlərinin çıxarılması, ##.##.2025-ci il tarixədək ödənilməmiş 1.000 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 1.400 manat, ##.##.2025-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək hər ay üçün aylıq 350 manat hesablanmaqla kirayə pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh arasında sadə yazılı formada bağlanmış “Kirayə müqaviləsinə” əsasən özünə məxsus və iddia ərizəsində qeyd edilən mənzili bir neçə il bundan əvvəl cavabdehə kirayəyə vermişdir. Onlar şifahi qaydada razılığa gəlmişlər ki, cavabdeh iddiaçıya hər ay 280 manat məbləğində kirayə haqqı ödəyəcək. Kirayə haqqının ödənilməsi ilə bağlı əvvəllər heç bir problem olmasa da, 2024-cü ilin ortalarından etibarən cavabdeh ödənişləri gecikdirməyə və kəsirlə ödəməyə başlamışdır. Cavabdeh bunu onun maliyyə vəziyyətində müvəqqəti çətinliklərin yaranması ilə izah etmiş, iddiaçı da cavabdehə etibar etdiyindən buna dözmüşdür. Bununla da, ##.##.2025-ci il tarixədək cavabdehin iddiaçıya 1.000 manat məbləğində kirayə haqqı borcu yaranmışdır. ##.##.2025-ci il tarixdən isə qarşılıqlı şifahi razılıq əsasında aylıq kirayə haqqı 350 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək olan dövr üçün yaranmış 1.400 manat kirayə haqqı borcunu da ödəməmişdir, baxmayaraq ki, iddiaçı cavabdeh ilə dəflərlə əlaqə saxlayaraq borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh, aralarında bağlanmış “Kirayə müqaviləsinin” şərtlərini pozduğuna görə ailəsi ilə birlikdə mənzildən çıxarılmalı, ##.##.2025ci il tarixədək ödənilməmiş 1.000 manat və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində ödənilməmiş 1.400 manat kirayə haqqı cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh və cavabdehin ailəsi iddiaçıya məxsus mənzildə hazırda da yaşamağa davam edirlər. Buna görə də, iddiaçı hesab edir ki, ##.##.2025-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək hər ay üçün aylıq 350 manat hesablanmaqla cavabdehdən onun xeyrinə kirayə haqqı tutulmalıdır. b) cavabdehin iddiaya dair münasibəti

3. İş üzrə cavabdeh ##.##.2025-ci il tarixdə keçirilmiş iclasda iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun iddiaçıya olan kirayə haqqı borcu 2.400 manat deyil, təxminən 600 manat məbləğdədir. Belə ki, o, 2025ci ilin yanvar ayı daxil olmaqla əvvəlki müddət üçün kirayə borcunu tam ödəmiş, 2025-ci ilin yanvar ayından sonrakı müddət üçün isə cəmi 110 manat ödəmişdir (cavabdeh, onun tərəfindən iddiaçının adına olan hesaba cəmi (30+30+50=) 110 manat məbləğində pulun ödənilməsini təsdiq edən 3 ədəd qəbzi Rayon Məhkəməsinə təqdim etmişdir). c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Növbəti məhkəmə baxışları iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş cavabdehin iştirakı olmadan işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə, iddianın qismən təmin edilməsini, cavabdehin və cavabdehin ailə üzvlərinin iddiaçıya məxsus mənzildən çıxarılmalarını, ##.##.2025-ci il tarixədək ödənilməmiş qalan kirayə haqqının ödənilməsi məqsədi ilə 2.290 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, ##.##.2025-ci il tarixdən qətnamə “mənzildən çıxarılma” hissəsində icra olunacaq tarixədək, hər ay üçün 350 manat hesablanmaqla kirayə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı arasında sadə yazılı qaydada bağlanmış “Kirayə müqaviləsinin” şərtlərini pozmuş, iddiaçıya məxsus mənzildə ailə üzvləri ilə birlikdə kirayədə yaşasa da, iddiaçı ilə aralarında razılaşdırılmış kirayə haqqını ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ##.##.2025-ci il tarixinə 2.400 manat məbləğində kirayə haqqı ödəməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən iddiaçıya cəmi 110 manat məbləğində pul ödənilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçıya 2.290 manat məbləğində kirayə haqqı borcu var. Buna görə də, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 2.400 manat deyil, 2.290 manat məbləğində pul tutulmalıdır. Bundan başqa müəyyən edilir ki, iddiaçı, cavabdehin özünün və cavabdehin ailə üzvlərinin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh, onunla iddiaçı arasında sadə yazılı qaydada bağlanmış “Kirayə müqaviləsinin” şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildə hazırda da yaşayır. Buna görə də, ##.##.2025-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək hər ay üçün aylıq 350 manat hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə kirayə haqqı tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, hazırda da ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, amma bu yaxınlarda həmin mənzili boşaldaraq iddiaçıya təhvil verəcək.

7. Cavabdeh apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh ilə iddiaçı arasında kirayə haqqının 280 manatdan qaldırılıb 350 manat olması barədə razılıq olmamışdır. Lakin Rayon Məhkəməsi kirayə haqqının 350 manat məbləğində olması ilə bağlı sübutların iddiaçı tərəfindən təqdim edilməməsini nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdehin iddiaçıya kirayə haqqı ilə bağlı borcu yoxdur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

8. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq (apellyasiya şikayətində göstərilənlərdən fərqli olaraq) bildirdi ki, onun iddiaçıya kirayə haqqı borcu var, lakin borc 2025-ci ilin fevral ayı daxil olmaqla sonrakı müddətə aiddir.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat

10. Hazırkı iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də, iddianın bir qisminin rədd edilməsi hissədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. O, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməsi barədə nəticə ilə razılaşmır.

12. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Hazırkı iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətı qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “cavabdehin ailə üzvlərinə” qarşı yönəlmiş tələbin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın “cavabdehin ailə üzvlərinə” qarşı yönəlmiş hissəsi təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində isə dəyişdirilməlidir.

14. Belə ki, iddia ərizəsində “cavabdehin ailə üzvləri” kimi qeyd olunmuş şəxslərin adları göstərilməmişdir. Belə olan halda şəxsiyyətləri müəyyən edilməmiş şəxslərə qarşı yönəlmiş qeyri-müəyyən iddia təmin oluna bilməz, bu qətnamənin məzmununa və tərtibinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə (MPM; maddə 149) ziddir. Lakin Rayon Məhkəməsi buna əhəmiyyət verməmiş iddiada “cavabdehin ailə üzvləri” kimi qeyd olunmuş şəxslərin şəxsiyyətini müəyyən etmədən, onları məhkəmə baxışına cəlb etmədən işə baxmış və onların hüquqlarına toxunan məsələni həll edərək, iddianın onlara qarşı yönəlmiş hissəsini təmin etmişdir.

15. MPM-in tələblərinin mənasına görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir (maddə 385.1.1.). Birinci instansiya məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, birinci instansiya məhkəməsinin məhkəmə aktı ləğv edilməlidir (maddə 387.2.4.).

16. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “cavabdehin ailə üzvlərinə” qarşı yönəlmiş tələbin təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməməlidir. g-1) işin mübahisəsiz halları

17. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatalardan işin mübahisəsiz halı kimi aşağıdakılar müəyyən edilir: - İddiaçı, onunla cavabdeh arasında ##.##.2017-ci il tarixdə sadə yazılı formada bağlanmış “Kirayə müqaviləsinə” əsasən özünə məxsus və iddia ərizəsində qeyd edilən mənzili bir neçə il bundan əvvəl cavabdehə kirayəyə vermişdir. - Onlar şifahi qaydada razılığa gəlmişlər ki, cavabdeh iddiaçıya hər ay 280 manat məbləğində kirayə haqqı ödəyəcək. - Kirayə haqqının ödənilməsi ilə bağlı əvvəllər heç bir problem olmasa da, sonradan bu kimi problemlər yaranmış, cavabdeh ödənişləri gecikdirməyə və kəsirlə ödəməyə başlamışdır. - İddia ərizəsi Rayon Məhkəməsinə daxil olduqdan sonra cavabdeh tərəfindən iddiaçıya 110 manat məbləğində pul ödənilmişdir. - Cavabdeh hazırda da həmin mənzildə yaşayır. g-2) işin mübahisəli halları

18. İddiaçı bildirir ki, onunla cavabdehin arasında olan razılığa görə, cavabdehin ona hər ay ödəməli olduğu kirayə haqqının məbləği 280 manat olsa da, ##.##.2025-ci il tarixdə qarşılıqlı şifahi razılıq əsasında aylıq kirayə haqqı 350 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə bildirir ki, onların arasında kirayə haqqının məbləğinin qaldırılması ilə bağlı razılıq olmamış, sonuncu və hazırda qüvvədə olan razılıq kirayə haqqının 280 manat məbləğində olması ilə bağlıdır. Bunları nəzərə alan Məhkəmə MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadən qeyd edir ki, Məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, əvvəlcə 280 manat məbləğində olmuş kirayə haqqının məbləğinin ##.##.2025-ci il tarixdən etibarən artırılmasını bildirən iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Nəticə: Buna görə də, qəbul edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilməli olan kirayə haqqının məbləği ##.##.2025-ci il tarixdən sonra da 280 manat olmuşdur.

19. İddiaçı bildirir ki, cavabdeh ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün yaranmış (350 manat x 4 ay=) 1.400 manat kirayə haqqı borcunu ödəməmişdir. Cavabdeh isə Rayon Məhkəməsinə verdiyi izahatda onun iddiaçıya 600 manat məbləğində kirayə haqqı borcunun olmasını etiraf etsə də, apellyasiya şikayətində bildirmişdir ki, onun iddiaçıya kirayə haqqı borcu yoxdur. Bundan fərqlı olaraq isə cavabdeh apellyasiya baxışı iclasında verdiyi izahatda iddiaçıya kirayə borcunun olmasını etiraf etmiş, lakin borcun 2025-ci ilin fevral ayı daxil olmaqla sonrakı müddətə aid olmasını bildirmişdir. Göründüyü kimi, cavabdeh, iş üzrə tərəf olaraq qanunla ona verilmiş hüquqdan suiistifadə edir, obyektiv izahat vermir. Nəticə: Buna görə də, qəbul edilməlidir ki, cavabdehin iddiaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün kirayə haqqı borcu var və (hazırkı qətnamənin 18-ci bəndində göstərilənlər nəzərə alınmaqla) borc (280 manat x 4 ay=) 1.120 manat məbləğindədir.

20. İddiaçı bildirir ki, ##.##.2025-ci il tarixədək olan dövr üçün cavabdehin ona cəmi 1.000 manat məbləğində kirayə borcu yaranmış və ödənilməmiş qalmışdır. Çünki cavabdeh hər ay ödəməli olduğu 280 manatı vaxtında ödəmirdi, ödəyəndə də kəsirlə ödəyirdi. Cavabdeh isə bildirir ki, ##.##.2025-ci il tarixədək olan müddətə görə onun iddiaçıya kirayə haqqı borcu yoxdur. Məhkəmə cavabdehin verdikləri məlumatların qeyri-dəqiq (bir-birindən fərqlı) olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı, ##.##.2025-ci il tarixədək olan dövr üçün cavabdehin ona 1.000 manat kirayə haqqı borcunun mövcud olmasını sübut etmək vəzifəsindən azad olmalıdır. Nəticə 1: Buna görə də, qəbul edilməlidir ki, müzakirə edilən dövr üçün cavabdehin iddiaçıya kirayə haqqı borcu var. Nəticə 2: Həmin borcdan 110 manatın ödənilməsi (işin mübahisəsiz halı) nəzərə alınaraq qəbul edilməlidir həmin borc 890 manat məbləğindədir.

21. Cavabdeh iddiaçıya məxsus mənzili bu yaxınlarda boşaldıb iddiaçıya təhvil verilməsini bildirsə də, işin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqda davam edir. Nəticə: Cavabdehin iddiaçıya məxsus mənzildə yaşamasının hüquqi əsası yoxdur. Cavabdeh həmin mənzili boşaltmalıdır.

22. Cavabdehin iddiaçıya məxsus mənzilə köçməsinin səbəbi onunla iddiaçı arasında bağlanmış “Kirayə müqaviləsi” olmuşdur. Onların arasında əldə olunmuş razılığa görə cavabdeh tərəfindən iddiaçıya hər ay 280 manat məbləğində kirayə haqqı ödənilməlidir (işin mübahisəsiz halı). Cavabdeh qeyd edilən razılaşmanın “kirayə haqqının ödənilməsi” ilə bağlı hissəsini pozsa da, həmin mənzildə hazırda da yaşayır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kirayə münasibəti davam edir. Nəticə: Belə olan halda qəbul edilməlidir ki, cavabdeh, ##.##.2025-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək hər ay üçün ayda 280 manat məbləğində kirayə haqqını iddiaçıya ödəməlidir. h) tətbiq edilməli olan hüquq haqqında məlumat

23. İş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin onlar arasında bağlanmış “Kirayə müqaviləsindən” irəli gəlməsini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (maddə 675). Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (maddə 684.1.). Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər (maddə 385.2.). Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur (maddə 697.1.).

24. Cavabdeh, onunla iddiaçı arasında bağlanmış “Kirayə müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi pozmasını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). g) apellyasiya baxışının nəticəsi

25. Qeyd edilən maddi hüquq normalarının tələblərini və apellyasiya baxışının nəticəsi ilə müəyyən edilmiş işin hallarını nəzərə alan Məhkəmə aşağıdakı nəticəyə gəlir: 25.1. İşə baxmış Rayon Məhkəməsi iddia ərizəsində “cavabdehin ailə üzvləri” kimi qeyd ediləm şəxslərə qarşı yönəlmiş tələbi təmin etməkdə səhv nəticəyə gəlmişdir. Buna görə də, həmin hissədə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin tələbin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 25.2. İşə baxmış Rayon Məhkəməsi cavabdehin yuxarıda qeyd edilən “Kirayə müqaviləsi” üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi pozmasını nəzərə alaraq cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılmasını qət etməkdə haqlı olmuşdur. Buna görə də, həmin hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 25.3. Cavabdehin həmin “Kirayə müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi pozmasını nəzərə almış Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə ##.##.2025-ci il tarixədək olan müddət, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə olan müddət və ##.##.2025-ci il müddətdən başlayaraq qətnamənin “mənzildən çıxarılma” hissəsi icra edilən müddətə görə hər ay kirayə haqqının tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Buna görə də, həmin hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 25.4. Cavabdehdən iddiaçının xeyrinə kirayə haqqının tutulması barədə Rayon Məhkəməsinin nəticəsi düzgün və işin hallarına uyğun olsa da, tutulmalı olan kirayə pulunun məbləğinin müəyyən edilməsi hissədə Rayon Məhkəməsinin nəticəsi səhvdir və işin haqlarına uyğun deyil. Buna görə də, həmin hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. 25.5. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

26. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddia ərizəsində “cavabdehin ailə üzvləri” qeyd edilmiş şəxslərə qarşı yönəlmiş tələbin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, “cavabdehin ailə üzvləri” qeyd edilmiş şəxslərə qarşı yönəlmiş tələb təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## #### 2025-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən digər hissəsi, yəni cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan kirayə pulunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ## ###### 2025-ci il tarixədək olan müddət üçün ödənilməmiş kirayə haqqı olaraq 890 (səkkiz yüz doxsan) manat, ## ###### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək olan müddət üçün 1.120 (min yüz iyirmi) manat, ## ### 2025-ci il tarixdən etibarən cavabdeh Cavabdeh iddiaçı İddiaçı məxsus mənzildən çıxarılana kimi olan müddət üçün hər ay kirayə haqqı olaraq 280 (iki yüz səksən) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## #### 2025-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, cavabdehin, onunla iddiaçı arasında bağlanmış “Kirayə müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi pozduğuna görə cavabdehin iddiaçıya məxsus olan və Bakı şəhər, Nəsimi rayonu, Mir Cəlal küçəsi, bina 6-da yerləşən ** saylı mənzildən cavabdehin çıxarılması, habelə cavabdehdən dən iddiaçının xeyrinə ##.##.2025-ci il tarixədək olan müddət, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə olan müddət və ##.##.2025-ci il müddətdən başlayaraq qətnamənin “mənzildən çıxarılma” hissəsi icra edilən müddətə görə kirayə haqqının tutulması barədə hissəsi dəyişdirilmədən saxlansın. Müəyyən edilsin ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddianın “pulun tutulması haqqında” tələbin bir qisminin təmin edilməməsi hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar