Məhkəmə qərarları › İş №2(3-6)-112/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-112/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-112/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 3) ünvanında yerləşən mənzil üzərində cavabdeh Cavabdeh istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 3) ünvanında yerləşən mənzil onun, yəni iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Cavabdeh onun oğludur və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Baxmayaraq ki, cavabdeh həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, o, faktiki olaraq həmin ünvanda yaşamır. Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsi arayış təqdim edərək cavabdehin 2022-ci ilin dekabr ayından etibarən həmin ünvanda yaşamadığını təsdiq etmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, ümumiyyətlə cavabdehin həmin mənzilə dair hər hansı hüquqları da yaranmamışdır. Çünki həmin mənzil bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi hazırda cavabdeh qismində çıxış edən şəxs onun oğlu olsa da, o, hesab edir ki, oğlu faktiki olaraq həmin ünvanda uzun müddət yaşamadığından, həmçinin onun həmin mənzilə dair hər hansı hüquqları olmadığından onun yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. Konstitusiya Məhkəməsinin qərarında övladın istifadə hüququnun mövcudluğunun servitutla əlaqəliliyi konkret olaraq göstərilmişdir. Bu zaman nəzərə alınmalı olan cəhət övladının mülkiyyətində olan əmlakdan istifadəni zəruri edən ehtiyac meyarıdır, belə ki, övladı uzun müddətdir mülkiyyətində olan əmlakda yaşamır. Onun həmin yaşayış sahəsində yaşamasına ehtiyacı mövcud deyil, başqa yaşayış sahəsi seçərək həmin yaşayış sahəsində faktiki yaşamamaqdadır. Göstərilən hal isə, servituta birbaşa xitam əsasıdır. Odur ki, o, hesab edir ki, övladının istifadə hüququna kompensasiya ödənilmədən, yaşamaması nəzərə alınmaqla, ehtiyacının həmin yaşayış sahəsinə olmaması əsas götürülməklə xitam verilməlidir. Beləliklə, onun ##.##.1993-cü il təvəllüdlü övladını (cavabdehi) saxlamağa məcbur olmaması, eyni zamanda sonuncunun öz valideynindən özünün saxlanılmasını qanunvericiliklə tələb edə bilməməsi, həmçinin cavabdehin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, hazırda cavabdehin mənzilə dair istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, lakin mübahisə ailə münasibətlərini ehtiva etdiyindən aidiyyəti üzrə ümumi məhkəməyə müraciət olunmasının zəruriliyi izah edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 3) iddiaçı İddiaçı mülkiyyətindədir, cavabdeh onun ailə üzvü olan oğlu Cavabdeh həmin ünvanda qeydiyyatdadır. İddiaçı cavabdehin hazırda həmin mənzildə yaşamaması, onun həmin yaşayış sahəsindən istifadə hüququnun olmamasına əsaslanaraq, onun istifadə hüququna xitam verilməsini tələb etsə də, məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ mövcuddur və onun hazırda başqa yaşayış sahəsində yaşaması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan sübutlarla cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxdığı təsdiq edilsə də, onun daimi əsaslarla ölkəni tərk etməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi qanunsuz olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir

7. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödenilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkaməsinin qərarında övladın istifadə hüququnun mövcudluğunun servitutla əlaqəliliyi konkret olaraq göstərilmişdir. Bu zaman, nəzərə alınmalı olan cəhət övladın iddiaçının mülkiyyətində olan əmlakdan istifadəni zəruri edən ehtiyac meyarıdır ki, övladı uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan əmlakda yaşamır. Onun həmin yaşayış sahəsində yaşamasına ehtiyacı mövcud deyil, başqa yaşayış sahəsi seçərək həmin yaşayış sahəsində faktiki yaşamır. Odur ki, cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən, yaşamaması nəzərə alınmaqla, həmin yaşayış sahəsinə ehtiyacının olmaması əsas götürülməklə xitam verilməlidir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

12. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Həmçinin, artıq iki ildir ki, mübahisəli mənzildə yaşamadığını, başqa ünvanda yerləşən kirayə tutduğu mənzildə yaşadığını bildirdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

14. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş *** saylı ##.##.2024-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ** saylı evin * saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin ##.##.2022-ci il tarixdən həmin ünvanda yaşamır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, ** saylı evin * saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9A mkr, ** saylı evin * saylı mənzili (yeni qaydalarla: ünvan 2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

17. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, ##.##.1992-ci il təvəllüdlü X2 və ##.##.1993-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar.

18. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən sorğuya baxılmış və arayış verilmişdir ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ** saylı evin * saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin yaşamır.

19. İkinci apellyasiya baxışı zamanı ## ##### 2026-cı tarixli məktub ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçı İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 3) ünvanında yerləşən mənzilə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

24. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatını və apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş sübutları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.”

28. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə istifadə hüququ olan şəxsin həmin mənzildən istifadə etməməsi və daimi əsaslarla digər yaşayış sahəsinə getməsini qiymətləndirmək üçün həmin şəxsin başqa yaşayış sahəsi əldə etdiyini təsdiq edən sübutlarla yanaşı, onun yaşayış sahəsindən uzun müddət istifadə etmədiyini və yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını qiymətləndirməyə imkan verən digər sübutlar da təqdim edilə bilər.

29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində qeyd edilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

30. Qanunun qeyd edilən normasından göründüyü kimi, şəxsin mülkiyyətində yaşayış sahəsi olmadığı halda da, bağladığı mülki müqavilələr və digər əsaslarla daimi yaşayış yerini dəyişməsi mümkündür. Bu səbəbdən şəxsin yaşayış sahəsindən daimi əsaslarla getdiyini iddia edən şəxsin üzərinə məhkəmə tərəfindən cavabdehin digər yaşayış sahəsi əldə etməsi barədə sübut təqdim etmək vəzifəsi qoyulması və işdə belə bir sübut olmaması əsası ilə iddianın rədd edilməsi qanuni əsaslandırma hesab edilə bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi onun öz davranışı və yaşayış sahəsinə münasibəti nəticəsində yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamamış (tərəflərin izahatlarına əsasən işin mübahisəsiz halı kimi müəyyən edilmişdir), yaşayış sahəsindən faktiki istifadə etməmiş, həmin sahənin saxlanılması üzrə xərclərdə iştirak etməmişdir. Cavabdeh tərəfindən yaşayış sahəsini tərk etməsinin məcburi xarakter daşımasına, mənzilə qayıtmasına maneələrin mövcud olmasına və ya istifadə hüququnu davam etdirmək niyyətinə dair məhkəməyə mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir.

32. Kollegiya nəzərə alır ki, yaşayış sahəsindən istifadə hüququ mütləq və formal hüquq olmayıb, həmin hüququn mövcudluğu şəxsin yaşayış sahəsi ilə real və davamlı bağlılığını tələb edir. Şəxsin uzun müddət könüllü olaraq yaşayış sahəsindən istifadə etməməsi və faktiki olaraq başqa yaşayış yerində məskunlaşması həmin hüququn saxlanılması üçün hüquqi əsasın aradan qalxdığını göstərir.

33. Bu baxımdan cavabdehin istifadə hüququna xitam verilməsi onun mənzil hüquqlarına əsassız müdaxilə kimi qiymətləndirilə bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmadığından və istifadə hüququna xitam verilməsi onun könüllü olaraq yaşayış sahəsini tərk etməsi ilə şərtləndiyindən, ona kompensasiya ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil edir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

37. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilə dair cavabdeh Cavabdeh (##.##.1993-cü il təvəllüdlü) istifadə hüququna xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar