Məhkəmə qərarları › İş №2(3-6)-1145/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1145/2026

19.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-1145/2026 19.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iş üzrə (açar sözlər: şikayətin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “işdən çıxarılma əmrinin dəyişdirilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6251/2025 nömrəli iş üzrə xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli qərardadlarından cavabdeh tərəfindən verilmiş şikayətlərə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “işdən çıxarılma əmrinin dəyişdirilməsi və pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilməklə əmrin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ödənilmiş kompensasiya məbləğinin yenidən hesablanması və Əmək Məcəlləsinin 77.3 və 77.4-cü maddələrinə əsasən mart və aprel aylarına uyğun hesablanmış 27.333,17 manat məbləğində kompensasiyanın müəyyən edilməsi, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq ödənilmiş 14.449 manat məbləğ nəzərə alınmaqla, qalan fərqin 12.883 iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2025-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödənişin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, məsrəflərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 6251/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC-nin Təchizat departamentinin direktoru İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş hesab edilməsi, 12.883,22 manat məbləğində işdən çıxarma müavinətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(011)- 6251/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunvericlikdə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, iş materialları əsasən müəyyən olunur ki, qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir. Halbuki, apellyasiya şikayətinin verilməsi üçün xx.xx.2026-cı il tarixi sonuncu gün olmuşdur. Bununla da cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir.

6. Qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alındıqdan sonra cavabdehin nümayəndəsi tərəfindən teleqram vasitəsilə göndərilmiş müddətin bərpasına dair müraciət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir.

7. Daha sonra cavabdeh xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(011)- 6251/2025 nömrəli qərardadı ilə cavabdehin ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, bununla yanaşı, cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

9. Cavabdeh məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadının “ötürülmüş müddətin bərpa edilməməsi” hissəsindən şikayət verərək onun ləğv edilməsini və müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti xx.xx.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmiş, lakin elektron imza ilə bağlı yaranmış texniki problem səbəbindən sistemdə təsdiqlənərək göndərilməsi mümkün olmamışdır. Problemin mövcudluğu barədə xx.xx.2026-cı il tarixində icra vərəqəsi daxil olan zaman məlumat əldə etmişlər. Bu zaman dərhal “887 – Məhkəmə Çağrı Mərkəzi” ilə əlaqə saxlanılmış və problem aradan qaldırıldıqdan sonra elə həmin gün şikayət imzalanaraq göndərilmişdir. Məhkəmə texniki xətanın sistem xarakterli olmamasını əsas götürərək müddətin üzrlü səbəbdən buraxılmadığı qənaətinə gəlmişdir. Lakin qanunvericiliyə əsasən yalnız sistem nasazlığını deyil, tərəfin iradəsindən asılı olmayan və prosessual hərəkətin vaxtında edilməsinə mane olan halları da üzrlü səbəb kimi qiymətləndirməlidir. Belə ki, xx.xx.2026-cı il tarixində apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yükləməklə cavabdeh məhkəmə qətnaməsi ilə razı olmadığına dair iradə ifadəsini bildirmiş, iradəsindən asılı olmayan səbəbdən, üzürlü olaraq prosessual müddəti ötürmüşdür. Eyni zamanda müddətin cəmi 3 gün ötürülməsi və cavabdehin dərhal müraciət etməsi, teleqram göndərməsi, həmçinin şikayəti faktiki təqdim etməsi onun prosessual hüquqlardan real və vicdanlı istifadə niyyətini təsdiq edir.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(011)-6251/2025 nömrəli qərardadı qismən ləğv edilməli və buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2(011)-6251/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarından aydın olur ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və şikayət məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır.

17. Bundan sonra, cavabdeh tərəfindən məhkəməyə müraciət olunaraq prosessual müddətin bərpa edilməsi xahiş edilmiş, lakin MPM-in tələblərinə uyğun olaraq müraciətə apellyasiya şikayəti əlavə edilməmişdir.

18. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə müddətin bərpası haqqında ərizə verilməklə yanaşı zəruri prosessual hərəkət də edilməlidir. Prosessual hərəkət edilmədiyi təqdirdə isə ərizəyə baxıla bilməz və geri qaytarılmalıdır.

19. Başqa sözlə, müddətin bərpası barədə müraciətə apellyasiya şikayəti əlavə olunmalı idi, çünki cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2026-cı il tarixli qərardadla geri qaytarılmışdır. Müddətin bərpa edilməsi barədə müraciət təmin ediləcəyi təqdirdə apellyasiya instansiyası məhkəməsinə göndəriləcək mülki iş materiallarında apellyasiya şikayəti mövcud olmayacaqdı.

20. Kollegiya birinci instansiya məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına münasibətdə məhkəmənin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

21. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.

22. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir.

23. Cavabdeh isə yalnız xx.xx.2026-cı il tarixdə, yəni qətnaməni rəsmi şəkildə qəbul etdikdən bir aydan çox müddət keçdikdən sonra ondan şikayət ilə məhkəməyə müraciət etmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür.

24. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(011)-6251/2025 nömrəli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(011)-6251/2025 nömrəli qərardadı qismən ləğv edilsin və iş, cavabdehin “şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair” müraciətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(011)-6251/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar