Məhkəmə qərarları › İş №2(3-6)-1188/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1188/2026

21.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1188/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “sosial sığorta ayları üzrə ödənilməmiş pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndələri nümayəndə3 və nümayəndə1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. Iddiaçı cavabdehlər “xxxx” PHŞ-ə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona ödənilməmiş sosial sığorta haqları olaraq ümumilikdə 2.011,68 manat məbləğdə pulun cavabdeh PHŞ tərəfindən onun fərdi şəxsi hesabına köçürülməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pulun PHŞdən onun xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçının verdiyi ərizəyə əsasən DSMF-nın Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdehlər sırasından çıxarılaraq işə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 24 ildir ki, cavabdeh PHŞ-də (əvvəlki “xxxx” ASC) işləmiş və hazırda pensiyaya çıxmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iddiaçı işçi olaraq sosial “sığortalı şəxs” olmuş və işlədiyi dövrdə iddiaçının maaşından məcburi dövlət sosial sığorta haqları qanunvericiliyə uyğun şəkildə tutulmalı və DSMF-ya köçürülməli idi. Lakin DSMF-dan alınmış məlumatlara əsasən iddiaçıya məlum olmuşdur ki, bir neçə ay üzrə, yəni 2011-ci ilin aprel-oktyabr ayları üzrə 123,30 manat, 2022-ci ilin may-sentyabr ayları üzrə 821,07 manat, 2023-cü ilin yanvarsentyabr ayları üzrə 703,14 manat, 2024-cü ilin yanvar-aprel ayları üzrə 706,28 manat onun adına sosial sığorta ayırmaları hesablanmamış və DSMF-ya köçürülməmişdir. Bu isə iddiaçının pensiya kapitalının azalmasına və sosial təminat hüquqlarının pozulmasına səbəb olmuşdur. Aparılmış hesablamala əsasən müəyyən edilir ki, cavabdeh PHŞ tərəfindən sosial sığorta haqları üzrə iddiaçının şəxsi hesabına köçürülməli olan vəsait ümumilikdə 2.011,68 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun pozulmuş hüquqları bərpa olunmalı və qeyd edilən məbləğdə pul cavabdeh PHŞ tərəfindən onun fərdi şəxsi hesabına köçürülməlidir. b) iddia tələbinə dair cavabdehin və üçüncü şəxsin münasibəti haqqında məlumat

4. Cavabdeh PHŞ məhkəmə iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılsa da, iddiaya münasibətini əks etdirə biləcək yazılı mülahizəsini (etirazını) Rayon Məhkəməsinə təqdim etməmiş, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbin barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

5. Bu halın işin baxılmasına mane olmamasını nəzərə almış Rayon Məhkəməsi işə cavabdeh PHŞ-in nümayəndəsinin iştirakı olmadan baxmışdır.

6. İş üzrə üçüncü şəxs olan DSMF-nın Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı iddia tələbinə qarşı yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Həmin Qanuna əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Qısacası məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət funksiyası qanunvericiliyə əsasən Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bu səbəbdən sosial sığorta haqlarının ödənilməməsinə görə III şəxs olan Filial məsuliyyət daşımamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun və aidiyyəti qaydaların tələblərinə əsasən ödənilən sosial sığorta haqları sığortaolunan şəxslər arasında proporsional qaydada bölüşdürülür. Bu baxımdan konkret məbləğin birbaşa yalnız iddiaçının fərdi şəxsi hesabına köçürülməsi texniki baxımdan mümkün deyil.

7. İş üzrə üçüncü şəxs olan həmin Filialın nümayəndəsi nümayəndə3 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat vermişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya ödənilməmiş sığorta haqqlarına görə 2.011,68 manat məbləğində pulun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Filialda iddiaçının fərdi şəxsi hesabına ödənilməsi öhdəliyinin cavabdeh PHŞ-in üzərinə qoyulmasını və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pulun cavabdeh PHŞ-dən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıya münasibətdə “işəgötürən” olan cavabdeh PHŞ iddia ərizəsində qeyd edilən məbləğdə pul vəsaitini iddiaçının işlədiyi dövrdə iddiaçının maaşından məcburi dövlət sosial sığorta haqqı kimi tutub, qanunvericiliyə uyğun şəkildə DSMF-ya köçürülməli idi. Lakin bunu etməmişdir. Buna görə də, iddia əsaslı hesab edilərək, təmin edilməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

10. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın qismən təmin edilməsini, ödənilməmiş 2.011,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının cavabdeh PHŞ-dən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, ödənilən sosial sığorta haqları avtomatlaşdırılmış qaydada bütün sığortaolunanlar arasında proporsional bölüşdürülməli olduğundan konkret olaraq yalnız iddiaçının fərdi şəxsi hesabına köçürülməsi barədə qətnamənin icrası mümkün olmayacaqdır. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət funksiyası Dövlət Vergi Xidmətinə aid olduğundan Mərkəzi Filial yalnız təqdim edilən məlumatların fərdi şəxsi hesablarda qeydə alınmasını həyata keçirmişdir. Buna görə də qətnamədə müəyyən edilmiş qaydada konkret məbləğin birbaşa iddiaçının hesabına köçürülməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Apellyatorun nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərini müdafiə etdilər və şikayətinin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, Fond şəxsin hesabına həmin 2.000 manat məbləği köçürə bilmədiyi üçün qətnamə icra edilmir. Belə ki, məbləği şəxsin hesabına köçürmək üçün başqa işçilərin hesabından götürmək lazımdır ki, bu da digər işçilərin hüquqlarını pozur. Dövlət Sosial Müdafiə Fondunda ayrı-ayrı şəxslərin yox, müəssisələrin hesabı olur, yəni müəssisə tərəfindən dövlət sosial haqları ödənildikdə həmin hesaba köçür və hesabda olan pul işçilər arasında “Fərdi Uçot haqqında” Qanununa əsasən proporsional qaydada bölünür.

13. Cavabdeh PHŞ-in nümayəndəsi və iddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri haqqında Məhkəməyə məlumat verməmişlər.

14. Bu hal işin apellyasiya qaydasında baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı, təxminən 24 il ərzində cavabdeh PHŞ-də (əvvəlki “xxxx” ASC) işləmiş və hazırda pensiyaya çıxmışdır.

17. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş “Sığortaolunanın hesabdan çıxarışlardan” görünür ki, “sığortaolunan şəxsin” – iddiaçının məcburi dövlət sosial sığorta haqları 38.766,45 manat məbləğində hesablanmış, 36.546,86 manat məbləğində ödənilmişdir. Pensiya kapitalı 51.786,84 manat təşkil edir. “Sığortaedən” – cavabdeh Təşkilat iş üzrə üçüncü şəxs olan Filialda uçotdadır. 2011-ci ilin aprel-oktyabr ayları üzrə 123,30 manat, 2022-ci ilin may-sentyabr ayları üzrə 821,07 manat, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 703,14 manat, 2024-cü ilin yanvar-aprel ayları üzrə 706,28 manat, cəmi isə 2.353,79 manat iddiaçının adına sosial sığorta ayırmaları hesablanmamış və DSMF-ya köçürülməmişdir. 2025-ci il tarixdə iddiaçıya cəmi 342,11 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

18. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdeh PHŞ tərəfindən iddiaçıya aid (2.353,79 - 342,11=) 2.011,68 manat məbləğdə sosial sığorta haqqını DSMF-ya köçürməmişdir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin birinci hissəsinə görə, hər kəsin sosial təminat hüququ vardır.

20. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, sığortaedən məcburi dövlət sosial sığorta haqlarını tam və vaxtında ödəməyə borcludur.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinin mənasına görə, işəgötürən işçilərin sosial sığorta hüquqlarının təmin edilməsinə cavabdehdir.

22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

23. Apellyasiya şikayətində qeyd edilən dəlillərə gəldikdə isə müəyyən edilir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, iddia tələbinin apellyasiya şikayətində qeyd edilən qaydada təmin edilməsi və ödənilməmiş 2.011,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının cavabdeh PHŞ-dən tutularaq birbaşa iddiaçıya ödənilməsi pensiyaçı olan iddiaçının maraqlarına ziddir o baxımdan ki, həmin məbləğ iddiaçının fərdi şəxsi hesabına köçürüldüyü halda iddiaçıya ödənilməli olan pensiyasının məbləği son nəticədə artacaq. g) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırkı apellyasiya icraatının başlanmasına əsas olmuş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

28. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki hazırkı iddianın qiyməti 2.011,68 manatdır, MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə hazırkı apellyasiya icraatının başlanmasına əsas olmuş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar