Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1225/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov İlham Məmməd oğlunun sədrliyi və məruzəsilə, Qasımov Fərrux Hüseynağa oğlu və Rüstəmli Məhəmməd Əli oğlundan ibarət tərkibdə, İddiaçı Məmmədov Vüqar Cəbrayıl oğlunun cavabdeh Kokinova Tatyana Alekseyvnaya qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(5-103)-1225/2026 saylı, 10 fevral 2026-cı il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Məmmədov Vüqar Cəbrayıl oğlu cavabdeh Kokinova Tatyana Alekseyvnaya qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli y/m “AB” massivi, ev 129, mənzil 71 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzili 25.07.2022-ci il tarixdə cavabdehdən alqı-satqı yolu ilə almış və cavabdeh mübahisəli mənzildə yaşamır. Odur ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2026-cı il tarixli, e-2(5-103)- 500/2026 saylı ilə qərardadı ilə (hakim Leyla Talıbova) ərizənin qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2026-cı il tarixli, e-2(5-103)- 500/2026 saylı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və qərardad ləğv edilməlidir. Belə ki, cavabdehin həmin mənzilə əmlak hüquqları mövcud olmaqla həmin mənzili alqı-satqı müqaviləsi əsasında ona satmış və müqavilənin 13-cü bəndində öhdəlik götürmüşdür ki, 25.08.2022-ci ildə qeydiyyatdan çıxacaqdır. Lakin öhdəliyə əməl etmədiyinə görə və həmin mənzil alqı-satqı müqaviləsindən öncə cavabdehə məxsus olduğundan hazırkı tələbə məhkəmə tərəfindən baxılmalıdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə icraata qəbul məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin qəbulundan imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, tələblə bağlı Suraxanı rayon Polis İdarəsinə və Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, eyni zamanda aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina MPM-in 153-cü maddəsində öz əksini tapmışdır. Belə ki, MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göründüyü kimi, iddianın yolverilməzliyi əsasları üzrə iddia ərizəsi geri qaytarıla bilər. Həmin əsaslardan biri də, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasıdır. Ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması, tələbin ümumiyyətlə hüquqi xarakter daşımaması və ya məhkəmənin səlahiyyətinə aid olmaması, ikinci halda isə, tələbə məhkəmə qaydasında baxılmalı olsa da, ona mülki məhkəmə qaydasında deyil, məsələnin digər ixtisaslaşmış məhkəmə (inzibati) icraatının predmeti olması başa düşülür. Qeyd olunan halda isə, MPM-in 152-ci maddəsində nəzərədə tutulan qaytarma halından fərqli olaraq, şəxs yenidən həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmaq imkanı olmur. Məhkəmə isə bu nəticəyə gəlmək üçün, tələbin mahiyyəti üzrə qərar qəbul etmədən, ilkin prosessual şərtlər daxilində araşdırma aparmaqla bu nəticəyə gəlməlidir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iş üzrə iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edir və cavabdehin həmin hüququnun olub-olmaması məsələsi mübahisəlidir. Belə olan halda: cavabdehin əvvəlki mülkiyyətçi olması, alqı-satqı müqaviləsi bağlanması, qeydiyyatdan çıxmaq öhdəliyinin icra olunmaması kimi hallar işin mahiyyəti üzrə araşdırılmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbinə görə yaşayış sahəsindən istifadə hüququnun xitam verilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan, iddianın mahiyyəti üzrə nəticəyə gələrək ərizənin qəbulundan imtina etməklə MPM-in 152, 153 və 261-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının tələbi formal olaraq yaşayış sahəsindən istifadə hüququnun xitamına yönəldiyindən, bu tələbin düzgün hüquqi kvalifikasiyası və əsaslılığı yalnız işə mahiyyəti üzrə baxılarkən müəyyən edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyü məsələsinə buna müvafiq zərurət yarandığı təqdirdə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilər. Belə ki, MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2026-cı il tarixli, e-2(5-103)- 500/2026 saylı qərardadı ləğv edilsin və iş iddia ərizəsinin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1225/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1225/2026
01.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver