Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1250/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı Abdullayeva Elza Şakir qızı, Abdullayeva Nərmin Möhtərəm qızı və Abdullayeva Səbrin Möhtərəm qızının cavabdeh Abdullayev Möhtərəm Qafar oğluna qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.01.2026-cı il tarixli 2(006)-3748/2025 nömrəli qərardadından iddiaçılar Elza Abdullayeva və Səbrin Abdullayevanın şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi 24.10.2025-ci il tarixli qətnamə qəbul edib. İddiaçılar Elza Abdullayeva və Səbrin Abdullayeva qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib, eyni zamanda apellyasiya şikayəti verib. Binəqədi Rayon Məhkəməsinin 16.01.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. İddiaçıların şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçılar müddətin bərpası barədə ərizəni onunla əsaslandırıblar ki, qətnamə 22.12.2025-ci il tarixdə onlara verilib. Lakin müəyyən olunur ki, qətnamənin surəti 24.11.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməklə iddiaçılara verilib. Apellyasiya şikayəti isə 05.01.2026-ci il tarixdə, yəni 1 ay 12 gün sonra verilib. Göründüyü kimi, şikayətvermə müddəti ötürülüb. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmir. Ona görə də məhkəmə MPM-in 133-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 16.01.2026-cı il tarixli 2(006)-3748/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1250/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1250/2026
31.03.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver