Məhkəmə qərarları › İş №2(3-6)-1295/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1295/2026

05.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1295/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti * saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin *** saylı Mənzil Kommunal Istismar Sahəsinin *** saylı, ##.##.2025-ci il tarixli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzildən qeydiyyatdadır. Mənzildə Şuşa şəhərinin köçkünləri olan cavabdeh2, cavabdeh3 və cavabdeh1 yaşayır.

3. X9nin ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** saylı məktubuna əsasən Şuşa şəhərindən məcburi köçkün cavabdeh2, həyat yoldaşı cavabdeh3 və övladı cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, (keçmiş Sadıqcan küçəsi) Ceyhun Həsənov küçəsində yerləşən * saylı yataqxanada müvəqqəti məskunlaşmış, özü və ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

5. Iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 və icra hərəkətləri həyata keçirilərkən mənzildə olan digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin əmlak üzərində onun mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Artıq 30 ildən çoxdur ki, bu mənzildə Şuşa şəhərindən məcburi köçkün olan cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 yaşayırlar. Bu gün də cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan mənzilindən istifadəyə davam edirlər. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən köçüb yaşamaları üçün başqa yaşayış sahəsi təklif olunsa da, cavabdehlər həmin yaşayış sahəsini qəbul etməyərək, mənzilindən çıxmamışlar. Hazırda onlar mənzilindən çıxmaları barədə tələbinə əməl etmirlər. Cavabdehlərin mənzilindən istifadə edərək orada yaşamaları onun iradəsinə uyğun olmamaqla, qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır.

7. Cavabdehlər məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişlər ki, onlar 1992ci ildə Şuşa şəhərinin işğal olunması nəticəsində öz doğma torpaqlarından qovulmuşlar və öz evlərini tərk edən gündən Bakı şəhərində məskunlaşmışlar. Artıq 30 ildən çoxdur ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Əsədov küçəsi, ev 4-də yerləşən ** saylı mənzildə yaşayırlar. Qeyd edilən mənzil Bakı şəhəri Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmuşdur. Yaşadıqları bina əvvəl yataqxana olmuşdur və onlar ora yerləşdikdə bina yataqxana tipli idi. Iddia ərizəsi ilə tanış olduqda, məlum olmuşdur ki, iddiaçının həmin mənzilə hüquqları onlar mənzilə yerləşdikdən 32 il sonra - yəni ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Yaşadıqları müddət ərzində hazırki iddiaçı haqqında heç bir məlumatları olmayıb və onu tanımırlar. Heç bir zaman onlara hər hansı müraciəti olmamışıdır. 2014-cü ildə X2 adlı vətəndaş Bakı şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı və üçüncü şəxs cavabdeh2 qarşı icarə müqaviləsi bağlanılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdi. Lakin Ali Məhkəmənin ## ####### 2015-ci il tarixli qərarına əsasən (iş №: 2-1(102)- 963/15) iddia mümkünsüz hesab edilmişdir. Məlumdur ki, ## ###### 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqrama əsasən Şuşa şəhərində çoxmənzilli binaların və fərdi evlərin inşası nəzərdə tutulmuşdur. O da məlumdur ki, artıq ilkin olaraq Şuşa şəhərində binalar tikilmiş və Şuşa sakinlərinə təhvil verilmişdir. Onlarda ailə olaraq X9nə Şuşa şəhərinə qayıtmaq üçün müraciət etmişlər və dəfələrlə Komitənin sədri, Şuşa şəhər Icra Hakimiyəti başçısının qəbulunda olmuşdur. Komitədə ona bildirilmişdir ki, ilkin mərhələdə köçürüləcək ailələrin siyahısında onların ailəsinin adı yoxdur. Lakin, buna baxmayaraq onların ailəsinin adı növbəti mərhələlərdə köçürüləcək ailələr siyahısında vardır. Növbəti mərhələlərdə onların ailənin Şuşa şəhərinə köçürülməsi nəzərdə tutulur. Onların məcburi köçkün ailəsi kimi müvəqqəti istifadələrinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək fikirləri yoxdur. Əksinə yaşadıqları mənzili mütəmadi olaraq təmir etmişlər və təhvil aldıqları vəziyyətdən daha yararlı və təmirli vəziyyətə gətirmişlər. Beləliklə də, mövcud qanunvericiliyə əsaslanaraq hesab edirlər ki, hazırki vəziyyətdə iddia ərizəsi təmin oluna bilməz.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh2, cavabdeh3, cavabdeh1 və icra hərəkətləri həyata keçirilərkən mənzildə olan digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsindəki * saylı evin 80-ci mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edlmişdir.

9. Qətnamənin əsaslarına görə, iş üzrə cavabdehlər məlum hadisələrlə əlaqədar Şuşa şəhərindən məcburi köçkün düşmüş və Bakı şəhərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzildə məskunlaşmışdırlar. İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnu Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 1992-93cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda 2020-2023cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Şuşa şəhəri işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzildən cavabdehlərin və onların ailə üzvlərinin çıxarılması tələbinə dair iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2- ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini Mülki Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli mənzilin iddiaçıya məxsus olması onunla öz təsdiqini tapır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzil tam hissədə xüsusi mülkiyyət kimi iddiaçı İddiaçı adına qeydiyyata alınmış və bu hal mübahisələndirilməmişdir. Bununla da, İddiaçı həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranmışdır. Ikinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin (cavabdehlərlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından, həmçinin *** saylı MKIS-in arayışından görünür ki, halhazırda Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki * saylı evin 80-ci mənzildə cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların digər ailə üzvləri yaşayır. Göstərilənlərlə yanaşı, mülki işin məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların digər ailə üzvlərinin mübahisəli mənzildə yaşaması üçün də hər hansı hüquqi əsası yoxdur. Yəni, mübahisəli mənzilin hazırki dövr üçün cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 və onların digər ailə üzvlərinin istifadəsinə verilməsi və ya mənzilin onlara satılması ilə bağlı hər hansı bir müqavilə mövcud deyildir. Bu hal isə, mübahisəli mənzilin cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin mövcudluğuna dəlalət edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə mənzili cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehlər 1992-ci ildə Şuşa şəhərinin işğal edilməsi nəticəsində öz doğma torpağından qovulmuş və nəticədə Bakı şəhərində məskunlaşmışlar. Hazırki evdə məskunlaşmaqları 1992-ci ilin may ayında Qaşqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi və Şuşa Şəhər Icra Hakimiyyəti tərəfindən təmin edilmişdir. Artıq 30 ildən çoxdur ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Əsədov küçəsi, ev 4, ** saylı mənzildə yaşayırlar. Yaşadıqları bina əvvəllər yataqxana olmuşdur və onlar evə yerləşdirilən zaman bina yataqxana tipli idi. Iddia ərizəsi ilə tanış olduqda, məlum olmuşdur ki, iddiaçının həmin mənzilə hüquqları ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Iddiaçı 30 il ərzində bir dəfə də olsun cavabdehlərə müraciət etməmiş və mənzilin ona aid olduğunu bildirməmişdir. ## ###### 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. X3 şəhərində çoxmənzilli binaların və fərdi evlərin inşası nəzərdə tutulmuşdur. Ailəlikcə X9nə Şuşa şəhərinə qayıtmaq üçün müraciət etmişlər. Dəfələrlə Şuşa Şəhər Icra Hakimiyyətində və Komitədə olmuşlar. Komitədə onlara bildirilmişdir ki, ilkin mərhələdə köçürüləcək ailələrin siyahısında onların ailəsinin adı yoxdur. Lakin, buna baxmayaraq, onların ailəsinin adı növbəti mərhələlərdə köçürüləcək ailələr siyahısında vardır. Növbəti mərhələlərdə onların ailəsinin Şuşa şəhərinə köçürülməsi nəzərdə tutulur. 1992-ci ildə yaşamaq üçün sahə ilə təmin olunduqları zaman həmin bina yataqxana tipli olmaqla yanaşı, mənzil 1 otaqdan ibarət və təmirsiz vəziyyətdə idi. Bu müddətdə mənzildə əsaslı təmir işləri aparmışdır və hazırda mənzil faktiki olaraq 2 otaqdan ibarətdir. Heç vaxt mənzili başqa şəxslərin istifadəsinə (satmaq, bağışlamaq, kirayəyə) vermək fikri olmamışdır. Iddiaçının bu haqda iddiası əsassızdır. Qanunvericiliyə əsasən 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Hal-hazırda başqa yerə köçmək üçün cavabdehlərin maliyyə imkanları və alternativ yaşayış sahələri yoxdur. Şuşa Şəhər Ictra Hakimiyyəti və Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq evlə təmin olunduqlarında hazırda istifadələrində olan evi tərk edəcəklər. Məhkəmə qətnamə çıxararkən və iddianı təmin edərkən, nəzərə almamışdır ki, cavabdehlər məcburi köçkün statusundadırlar və yaşamağa başqa yerləri yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli, **** nömrəli Sərəncamının 2-ci bəndində qeyd olunub ki, “Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.” Qeyd edilən Sərəncam hazırda qüvvəsindədir və bütün inzibati oraqnalar üçün icrası məcburidir. Məhkəmə qətnaməsi, ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunması deməkdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə baxışı ##.##.2025-ci il tarixə, saat 9:00-a təyin olunmuşdur. Cavabdeh məhkəməyə vaxtında gəlsə də həmin gün məhkəmə iclası olmamışdır. 1 saat gözlədikdən sonra ona məlumat verilmişdir ki, siz gedə bilərsiniz, qətnamə sizə göndəriləcəkdir. Cavabdeh məhkəmə iclasının keçirilmədiyi və qətnamə haqda heç bir məlumat verilmədiyi haqda şikayət etdikdən sonra, hakimin köməkçisi onu zala dəvət etdi. Yalnız bundan sonra hakim zala gəlib, qətnamənin nəticə hissəsini ona elan etdi. Iddia ilə bağlı bütün faktiki halların aydınlaşdırılması üçün Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin mütləq rəyi alınmalı idi. Lakin birinci instansiya məhkəməsi bunu etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Cavabdeh cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Digər cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının ## ### 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

21. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli, *** saylı Fərmanı: “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları digər qanunvericilik aktları ilə müqayisəli şəkildə təhlil olunaraq düzgün və əsaslı nəticəyə gəlinmişdir.

25. Işin hallarından görünür ki, cavabdehlərin həmin mənzildə müvəqqəti məskunlaşması iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozur.

26. Apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, iddiaçının həmin mənzilə hüquqları cavabdehlərin mənzilə yerləşdirilməsindən xeyli müddət sonra, ## ######## 2025-ci il tarixində qeydiyyata alınmışdır, onlar mənzildə öz vəsaitləri hesablarına əsaslı təmir işləri aparmışlar, heç vaxt mənzili başqa şəxslərin istifadəsinə vermək - satmaq, bağışlamaq, kirayəyə vermək fikirləri olmamışdır.

27. Məhkəmə kollegiyası bu dəlillərə münasibətdə qeyd edir ki, qeyd olunan xüsusatlar şəxsin özünəməxsus olan mənzil üzərində hüquqlarından məhrum edilməsi və ya hüquqlarının həyata keçirilməməsi üçün əsas deyildir. Bundan başqa, işin hallarından görünür ki, mübahisə predmeti olan mənzil üzərində iddiaçının hüququ qeydə alınana qədər mənzil üzərində hüquqlar onun anasına məxsus olmuşdur.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar