Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1318/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Neymətova Esmira Zahir qızının cavabdeh “İdeal İnşaat” MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Neymətova Esmira Zahir qızı tərəfindən verilmiş “qətnaməyə izah verilməsi” barədə ərizə üzrə (Açar sözlər: qətnaməyə izah verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Səmədov Rəşid Əfraim oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli, 09 yanvar 2026cı il tarixli qərardadından cavabdeh “İdeal İnşaat” MTK tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Neymətova Esmira Zahir qızı cavabdeh “İdeal İnşaat” MTK-ya qarşı «sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, məhəllə 17 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilə dair maliyyə arayışının və ümumi yığıncaq qərarından (protokolundan) çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(009)- 1995/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, “İdeal-İnşaat” MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, məhəllə 17 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Neymətova Esmira Zahir qızına verilməsi öhdəliyinin “İdeal-İnşaat” MTK-ya həvalə edilməsi qət edilmişdir.
3. Hazırda Neymətova Esmira Zahir qızı məhkəməyə “qətnaməyə izah verilməsi” barədə ərizə ilə müraciət etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, icra prosesində məsul şəxslər və sənədləri təqdim etməli olan qurumlar bildirirlər ki, guya qətnamədə “Neymətova Esmiranın adına verilsin” ifadəsi birbaşa qeyd olunmadığı üçün mənzilə dair sənədlərin onun adına təqdim edilməsi mümkün deyil. Bu yanaşma qətnamənin mahiyyətinin qəsdən təhrif edilməsi və icrasının mümkünsüz hala salınmasıdır.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli, 09 yanvar 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(009)-1995/2025 nömrəli qətnaməsinin nəticə hissəsində qət edilən “İdeal-İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, məhəllə 17 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Neymətova Esmira Zahir qızına verilməsi öhdəliyi “İdeal-İnşaat” MTK-ya həvalə edilsin” sözləri “İdeal-İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, məhəllə 17 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilə Neymətova Esmira Zahir qızının xüsusi mülkiyyət hüququnu əldə etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilməsi üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin Neymətova Esmira Zahir qızının adına və Neymətova Esmira Zahir qızına verilməsi öhdəliyi “İdeal-İnşaat” MTKya həvalə edilsin” kimi izah edilməsi qərara alınmışdır.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməsində məqsədi ondan ibarət olmuşdur ki, yekunda sözügedən mənzil ilə bağlı xüsusi mülkiyyət hüquqlarını təsdiq edən sənəd əldə etsin. Qətnamənin ərizədə göstərilən səbəbdən icrasız qalmağı məhkəmə aktının icrasının məcburiliyi prinsipinə zidd olmaqla yanaşı, eyni zamanda iddiaçının məhkəmə aktı vasitəsi ilə çatmaq istədiyi məqsədindən cavabdehin yaxud digər 3-cü şəxslərin qəsdən yaxud bilməyərəkdən öhdəlikdən əsassız olaraq yayınmaları səbəbindən məhrum qalmasına əsas yaradır. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, qətnamənin nəticə hissəsinə izah verilməli və iddiaçıya sözügedən mənzilə dair xüsusi mülkiyyət hüquqlarını əldə etmək üçün qətnamədə qeyd olunan sənədlər onun adına və ona təqdim edilməlidir.
Şikayətin dəlilləri:
7. Cavabdeh “İdeal İnşaat” MTK Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1995/2025 nömrəli, 09.01.2026-cı il tarixli qərardadından şikayət vermişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, “İdeal İnşaat” MTK sənədlərin verilməsindən imtina etmir. Belə ki, “İdeal İnşaat” MTK mənzil üzərindəki hüquqların Həsənov Aydın Xanhüseyn oğlunun (2017-ci ildə vəfat edib) adına olduğunu sübut edən sənədləri (müqavilə və order) icra məmuruna təqdim etmişdir. 09.01.2026-cı il tarixli qərardadda sənədlərin məhz “Neymətova Esmira Zahir qızının adına” tərtib edilməsi öhdəliyi qoyulub. MTK ilə iddiaçı arasında müqavilə yoxdursa, MTK-nın saxta maliyyə arayışı (ödəniş edilmədiyi halda) verməyə məcbur edilməsi qanunsuzdur və “İdeal İnşaat” MTK tərəfindən icrası mümkün deyil. Belə ki, “İdeal İnşaat” MTK Neymətova Esmira Zahir qızı ilə hər hansı müqavilə bağlamamış, ondan hər hansı ödəniş qəbul etməmişdir. Bu səbəbdən ona maliyyə arayışının verilməsi də qeyri-mümkündür. İş materiallarından aydın olur ki, E.Neymətova mənzili X.Həsənovdan (A.Həsənovun oğlundan) alsa da, bu keçid MTK-nın daxili protokollarında rəsmiləşməyib. MTK-nın birbaşa E.Neymətovaya sənəd verməsi gələcəkdə digər vərəsələrin haqlı iddialarına və MTK-nın maddi məsuliyyətinə səbəb olacaqdır. Eləcə də, E.Neymətova ödənişi (62.920 manat) MTK-ya deyil, fərdi şəxs olan X.Həsənova etmişdir. MTK-nın kassasına daxil olmayan vəsait barədə E.Neymətovanın adına “maliyyə arayışı” verilməsi mühasibat uçotu qaydalarının pozulmasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibin yaranmasına səbəb olur. Məhkəmə onları faktiki olaraq saxta sənəd hazırlamağa məcbur edir. Həmçinin, E.Neymətovanın aralarında müqavilə bağladığı A.Həsənovun oğlu Həsənov Xəqani Aydın oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu onun iştirak etdiyi əməliyyatların şəffaflığını şübhə altına alır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
10. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
11. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdeh “İdeal İnşaat” MTK-nın şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli, 09 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Cavabdehin şikayətində göstərdiyi dəlil ondan ibarətdir ki, mübahisəli mənzilə dair sənədlərin Həsənov Aydın Xanhüseyn oğlunun (2017-ci ildə vəfat edib) adına olduğu halda, qərardadda sənədlərin məhz “Neymətova Esmira Zahir qızının adına” tərtib edilməsi öhdəliyinin qoyulması, həmçinin MTK ilə iddiaçı arasında müqavilə olmadığı halda, MTKnın saxta maliyyə arayışı (ödəniş edilmədiyi halda) verməyə məcbur edilməsi qanunsuzdur və “İdeal İnşaat” MTK tərəfindən icrası mümkün deyil.
14. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə qiymət verərək qeyd edir ki, tərəflər arasında olan mübahisəyə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(009)-1995/2025 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, iddiaçının iddiası təmin edilmiş, cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
15. Hazırda isə birinci instansiya məhkəməsi tərəfindən icra mərhələsində olan anlaşılmazlığın aradan qaldırılması üçün qətnaməyə qeyd edilən qərardadla izah verilmişdir. Cavabdeh isə qərardaddan verdiyi şikayətində qanuni qüvvəyə minmiş qətnamədə müəyyən edilmiş faktlara yenidən qiymət verilməsini tələb edir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan mübahisəyə qanuni qüvvəyə minmiş qətnamə ilə qiymət verildiyindən və icra mərhələsində olan anlaşılmazlığın aradan qaldırılması ilə bağlı iddiaçının müraciəti əsasında birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qətnaməyə izah verildiyindən, cavabdehin şikayətində göstərdiyi dəlil əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D I:
Cavabdeh “İdeal İnşaat” MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2025 nömrəli, 09 yanvar 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov