Məhkəmə qərarları › İş №2(3-6)-1328/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1328/2026

09.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1328/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin tam olaraq boşaldılması, sökülməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün, apellyatorun nümayəndələri (övladı) X1 və (vəkili) Vəkil, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbləri barədə məlumat

1. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus və ünvan 2 ünvanında yerləşən mənzil üzərində cavabdehin mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehin və onun ailə üzvlərinin həmin sahədən çıxarılması, sahənin tam olaraq boşaldılması və sökülməsi üçün MMC-yə təhvil verilməsi, sahənin MMC tərəfindən sökülməsi, həmin mənzilin əvəzinə MMC tərəfindən cavabdehə, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,5 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin verilməsi, mənzil MMC tərəfindən cavabdehə təhvil verilənədək MMC tərəfindən cavabdehə hər ay cəmi 500 manat məbləğində kirayəyə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyini nəzərə alaraq Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında iddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi MMC-yə həvalə edilmişdir. ##.##.2023-cü il tarixli, **** nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqavilə ilə ##.##.2022-ci il tarixli, *** saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2022-ci il tarixli, MİHO/2.1.2-2-2022- **** nömrəli cizgisinə əsasən həmin küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi Bakı ŞİH tərəfindən iddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı ##.##.2023-cü il tarixdən hesablanır və icarəçi hər il 161,740 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddiaçı MMC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli, *-**/*-****/**** saylı məktubdan görünür ki, Komitənin ##.##.2023-cü il tarixli, *-**/*-*-***/**** nömrəli sərəncamı ilə təsdiq edilmiş, həmin küçələrinin əhatəsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, faktiki olaraq ümumi sahəsi 30 kv.metr olan fərdi yaşayış evinin xxxxsi olan cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Belə ki, cavabdeh öz mülkiyyət (və ya sahiblik) hüququndan sui-istifadə edərək əsassız olaraq böyük miqdarda gəlir əldə etmək istəyir və bu səbəbdən cavabdeh iddiaçı MMC ilə müqavilə bağlamaqdan yayınır. Cavabdehin bu hərəkətləri sərəncamın vaxtlı-vaxtında icrasına süni maneələr yaradır bu isə öz növbəsində artıq gözlənti hüquqları yaranan digər sakinlərin hüquqlarının pozulmasına səbəb olur. Əslində isə iddiaçı MMC cavabdehin mülkiyyət hüququnu heç bir formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Yaşayış sahələri artıq sökülmüş və sayı 200 nəfərə yaxın olan sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı MMC üzərinə öhdəlik götürmüşdür. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Cavabdehin hüquqdan sui-istifadəsi nəticəsində isə həmin şəxslərin hüquqları kobud surətdə pozulur, MMC isə maliyyə itkisi ilə üz-üzə qalır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını, mənzil boşaldılmasını, iddiaçı MMC tərəfindən sökülməsini, bunun əvəzində iddiaçı MMC tərəfindən cavabdehə həmin küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,5 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil verilməsini, cavabdehin və ailə üzvlərinin mübahisəli mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil onlara təhvil verilənədək iddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 500 manat məbləğində kirayə haqqı ödənilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçı MMC-yə aid edilməsini, iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 550 manat pul vəsaitinin iddiaçı MMC-dən tutularaq qiymətləndirici şirkətə - “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin iddiaçı MMC-dən tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna ödənilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı MMC tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı ŞİH-nin sərəncamı Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır. İddiaçı MMC ilə sözügedən ərazidə yaşayan digər sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı xxxxlərin mənzillərinin qanuni sahələrinə 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir. Cavabdeh, mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 500 manat məbləğində kirayə haqqı ödənilməlidir. Kirayə haqqının məbləğinə münasibətdə məhkəmə bildirir ki, “X3 Mərkəzi” MMC-nin rəyindən görünür ki, fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olan hissəsinin (45,51 kv.m) hazırki dövrə olan orta aylıq kirayə haqqı (yuvarlaqlaşdırılaraq) 350 manat təşkil edir. Göstərilənlərə əsasən iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı MMC özəl hüquqi şəxs olmaqla, onun xeyrinə mülkiyyət hüququna məhkəmə qaydasında xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas mövcud deyildir. İddiaçı MMC-nin istinad etdiyi mübahisəli söküntü-tikinti layihəsi dövlət ehtiyacları üçün həyata keçirilən layihə deyil və buna görə də, Konstitusiyanın mülkiyyət hüququnun təminatına dair müddəaları Rayon Məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Eyni zamanda, Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehə verilməsi nəzərdə tutulmuş yaşayış sahəsinin konkret ünvanı, təhvil verilmə müddəti və öhdəliyin icrasını təmin edən hüquqi mexanizm müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, qətnamənin icrasında gələcəkdə problemlər yarana bilər. Bunlardan başqa Rayon Məhkəməsi nəzərə almamışdır iddiaçı MMC cavabdehə məxsus mənzili söküb, həmin ərazidə yeni bina inşa etmək istəyirsə cavabdehə məxsus mənzilin qiyməti ilə bağlı cavabdeh ilə razılığa gəlməli idi. d) apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Apellyator olan cavabdeh və onun nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

8. Cavabdeh əlavə olaraq bildirdi ki, o və onun ailə üzvlər (əri Əhməd Rəhimov, qızı Aysu Rəhimova və oğlu Rəcəb Rəhimov) ona məxsus olan mənzildə qeydiyyatadırlar, lakin yaşamırlar, başqa ünvanda yaşayırlar. MMC isə onun ailə üzvlərinin maraqlarını nəzərə almaq istəmir.

9. Cavabdehin nümayəndəsi (vəkili) əlavə olaraq bildirdi ki, Rayon Məhkəməsinə verilmiş rəydə qiymətləndirici mütəxəssis cavabdehə məxsus mənzilin ölçüsünü səhv, yəni az göstərmişdir. Çünki mütəxəssis mənzilin sahəsini içdən-içə ölçmüşdür. Halbuki, mənzilin sahəsi çöldən-çölə ölçülsə idi, müəyyən ediləcək idi ki, mənzilin sahəsinin ölçüsü daha çoxdur. Belə olan halda 20 % əlavə sahə nəzərə alınmaqla MMC tərəfindən cavabdehə daha geniş ölçüyə malik olan mənzil verilməli idi. Cavabdeh verdiyi izahatda Rayon Məhkəməsinə bildirmişdir ki, əgər MMC ona ümumi sahəsi 68,8 kv.metr olan təmirli mənzil verərsə, o MMC ilə razılığa gələ bilər. Lakin MMC cavabdehin təklifini qəbul etməmişdir. Cavabdehin müraciəti əsasında “xxxx” MMC tərəfindən mübahisəli yaşayış sahəsi ölçülmüş və müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzilin tikinti altı sahəsi 56,6 kv.metr, ümumi daxili sahəsi 47,6 kv.metr, mənzilin qiyməti isə 283.000 manat təşkil edir. Odur ki, “xxxx” MMC-nin hazırda verdiyi ##.##.2026-cı il tarixli rəylər nəzərə alınmalıdır.

10. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, sökülməli olan yaşayış sahəsinə görə cavabdehə kompensasiya verilərkən, sahənin ölçüləri cavabdehin təklif etdiyi kimi içdən-içə deyil, çöldən-çölə hesablanmalıdır. Çünki cavabdeh və onun ailə üzvləri divarların altında olan sahədən onsuzda istifadə edə bilmirdilər. Bundan başqa nəzərə alınmalıdır “X3 Mərkəzi” MMC tərəfindən verilmiş ##.##.2025ci il tarixli rəy daha mötəbər rəydir, nəinki “xxxx” MMC tərəfindən cavabdehlərə verilmiş rəy. Çünki “X3 Mərkəzi” MMC həmin rəyi məhkəmənin qərardadına əsasən vermiş və səhv rəy verməsinə görə cinayət məsuliyyətinin daşıması barədə xəbərdar edilmişdir. “X3 Mərkəzi” MMC-nin rəyində isə qeyd edilib ki, cavabdehə məxsus mənzilin içdəniçə olan sahəsi 45,51 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” isə görünür ki, cavabdehə məxsus mənzilin sahəsi 30 kv.metrdir. Buna baxmayaraq, MMC, təklif etmişdir ki, cavabdehə kompensasiya olaraq verilməli olan 2 otaqlı, təmirli mənzilin sahəsi 55,5 kv.m olsun ki, bu da, cavabdehə məxsus mənzilin faktiki sahəsindən 20 % artıqdır. Cavabdehə daha geniş ölçülü mənzilin verilməsi mümkün deyil. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Məhəmməd Naxçıvani küçəsi, ev 32-də yerləşən və ümumi sahəsi 67 kv.metr olan mənzilin 30 kv.m hissəsi hazırkı iş üzrə cavabdehin mülkiyyətindədir.

13. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı sərəncamından görünür ki, həmin sərəncam, Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyi nəzərə alınmaqla Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə əsasında iddiaçı MMC-nin istifadəsinə verilməsi və həmin ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin MMC-yə həvalə edilməsi məqsədi ilə verilmişdir.

14. Qeyd edilən sərəncamın icrası ilə bağlı MMC ilə ##.##.2023-cü il tarixdə “Torpağın icarəyə verilməsi haqqında” **** nömrəli müqavilə bağlanmış və sərəncamda qeyd edilən ərazidə həmin söküntü-tikinti və abadlıq işlərinin həyata keçirilməsi üçün, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi Bakı ŞİH tərəfindən iddiaçı MMC-yə 49 il müddətinə, ##.##.2023-cü il tarixdən hesablanmaqla illik 161.740 manata icarəyə verilmişdir.

15. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı ŞİH başçısının ##.##.2022-ci il tarixli, *** saylı sərəncamı ilə yaşayış və qeyri yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə MMC-yə ayrılmış 4,32 hektar torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgini ##.##.2022-ci il tarixli məktubla MMC-yə göndərmişdir.

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun ##.##.2025-ci il tarixli rəyindən görünür ki, cavabdehə məxsus mənzilin daxilə baxış keçirilməsi üçün şərait yaradılmadığından həmin yaşayış sahəsinin texniki vəziyyətini qiymətləndirmək mümkün olmamışdır.

17. Cavablandırılması üçün qarşısında qoyulmuş sualları “X3 Mərkəzi” MMC ##.##.2025-ci il tarixli rəylə aşağıdakı kimi cavablandrmışdır: - iddia ərizəsində qeyd edilən mübahisəli evin cavabdehin mülkiyyətində olan hissəsinin daxili parametrləri (içdən-içə) üzrə faktiki sahəsi 45,51 kv.m təşkil edir; - tikilinin konstruktiv dayanıqlığının, istismar təhlükəsizliyinin və inşaat norma və qaydalarına uyğunluğunun müəyyən edilməsi haqqında sualın cavablandırılması mümkün olmamışdır, çünki bu sualın cavablandırılması yalnız inşaat-texniki və konstruktiv ekspertiza səlahiyyətinə daxildir; - fərdi yaşayış evinin qəzalı vəziyyətdə olub-olmamasmın, istismar müddətinin başa çatıb-çatmadığının və ümumilikdə tikilinin texniki təhlükəsizliyinin müəyyən edilməsi haqqında sualın cavablandırılması mümkün olmamışdır, çünki bu sualın cavablandırılması yalnız inşaat-texniki və konstruktiv ekspertiza səlahiyyətinə daxildir; - bütün göstərilənləri nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir kı, evin cavabdehin mülkiyyətində olan hissəsinin (45,51 kv.m.) orta bazar dəyəri 112.000 manat təşkil edir; - aparılmış təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan 45,51 kv.m sahənin hazırki dövrə olan orta aylıq kirayə haqqı təxmini 350 manat təşkil edir.

18. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlara əsasən işin halı kimi müəyyən olunur ki, yuxarıda qeyd edilən ünvanda yerləşən, ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçı MMC-nin istifadəsinə icarə əsasında 4,32 ha torpaq sahəsi verilmişdir. Həmin ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi MMC-nə həvalə edilmişdir. Cavabdehə məxsus olan rəsmi sənədlərə əsasən sahəsi 30 kv.metr, faktiki isə daha çox olan mənzilin yerləşdiyi tikili də həmin ərazinin hüdudlarındadır. MMC, təxminən 200 nəfər sakinlə artıq müqavilələr bağlanmış və onların evlərini sökmüşdür. Lakin cavabdeh və bir sıra sakinlər, onların mülkiyyətində olan mənzillərin sökülməsi ilə bağlı kompensasiya, əvəzləşdirmə məsələlərində MMC ilə razılığa gələ bilməmişlər. Buna görə də, iddiaçı MMC hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

19. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçı MMC-nin irəli sürdüyü tələbin hüquqi əsasının, daha sonra həmin tələbin cavabdeh və onun ailə üzvlərinə münasibətdə tətbiq edilməsinin qanuniliyinin ayrıca qiymətləndirilməsi zəruridir. Çünki apellyasiya şikayətinin dəlilləri də məhz bu hüquqi məsələlərin düzgün həll olunmaması ilə əsaslandırılmışdır.

20. Odur ki, Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə İ.). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (maddə 43; hissə İ.).

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi, 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla xxxxnin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda xxxxlərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. xxxxlərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər xxxxlərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqe rəhbər tutulmalıdır.

25. Apellyasiya araşdırılması ilə müəyyən olunur ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən şəhərsalma və yenidənqurma tədbirlərinin həyata keçirilməsi barədə müvafiq sərəncam qəbul edilmiş, həmin layihənin icrası iddiaçı MMC-yə həvalə edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, həmin layihə çərçivəsində yerləşən digər daşınmaz əmlak sahiblərinin böyük əksəriyyəti (təxminən 200 nəfər) ilə razılıq əldə edilmiş, amma bir neçə sakin, o cümlədən cavabdehlə razılıq əldə olunmadığından layihənin həmin hissəsinin icrası mümkünsüz olmuşdur. Bu hallar tərəflər arasında mübahisə doğurmur və iş materiallarında olan yazılı sübutlarla təsdiq edilir.

26. Cavabdeh iddiaçı MMC ilə razılığa gələ bilməməsini onunla əsaslandırır ki, ona məxsus mənzilin sahəsi içdən-içə deyil, çöldən-çölə, yəni divarların altındakı sahə nəzərə alınmaqla ölçülməli və həmin ölçüyə 20 % əlavə edilməklə ona ümumi sahəsi 68,8 kv.metr olan 1 ədəd təmirli mənzil verilməlidir.

27. Cavabdehin bu dəlilinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehə məxsus olan 1 mərtəbəli mübahisəli yaşayış sahəsinin divarlarının qalınlığı, yəni divarların altındakı sahənin nəzərə alınması MMC-yə münasibətdə ədalətsizdir. Belə ki, MMC tərəfindən də cavabdehə kompensasiya olaraq verilməsi nəzərdə tutulmuş mənzilində divarları var və iddiaçının təklif etdiyi qaydada hesablama aparılarsa, onda MMC cavabdehə məxsus mənzilin divarlarına görə ikiqat kompensasiya verməli olacaq.

28. Digər tərəfdən qeyd edilməlidir ki, “Reyestrindən verilmiş çıxarışdan” görünür ki, cavabdehə məxsus mənzilin sahəsi 30 kv.metrdir. “X3 Mərkəzi” MMC-nin işı baxmış Rayon Məhkəməsinə verdiyi rəydə qeyd edilib ki, cavabdehə məxsus mənzilin içdən-içə olan sahəsi 45,51 kv.m təşkil edir. İddiaçı MMC də, “X3 Mərkəzi” MMC-nin verdiyi rəyi nəzərə alaraq iddia tələbini dəqiqləşdirmiş və onun tərəfindən cavabdehə kompensasiya kimi təhvil verilməli olan 1 ədəd təmirli mənzilin sahəsinin 36 kv.metrdən 55,5 kv.metrə qaldırmışdır.

29. İş materiallarından görünür ki, işin baxılmasında iştirak etmiş cavabdeh, “X3 Mərkəzi” MMC-nin Rayon Məhkəməsinə verdiyi rəyi mübahisələndirməmiş, həmin rəyi şübhə altına ala biləcək başqa rəyi Rayon Məhkəməsinə təqdim etməmiş, əlavə və ya təkrar qaydada qiymətləndirmənin keçirilməsi barədə Rayon Məhkəməsinə vəsatət verməmişdir. Buna baxmayaraq, artıq apellyasiya icraatı zamanı o, “xxxx” MMC tərəfindən ona verilmiş rəyi Məhkəməyə təqdim edərək, həmin rəyin bir başa nəzərə alınmasını və ya rəyə əsasən əlavə ekspertizanın təyin edilməsini xahiş etmişdir.

30. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.).

31. MPM-in 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab etmişdir ki, apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş həmin rəy yeni sübut olduğundan artıq apellyasiya araşdırılmasının predmeti ola bilməz, buna görə “əlavə ekspertizanın təyin edilməsi haqqında” cavabdehin vəsatəti təmin edilməməli və həmin rəy sübut kimi nəzərə alınmamalıdır.

33. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdehə məxsus yaşayış sahəsinin içdən-içə hesablanmasının düzgün olmasını, həmin sahəsinin faktiki ölçüsünun 45,51 kv.m təşkil etməsini işin müəyyən edilmiş halı kimi qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsini bu mövqeyinə dair dəlilləri əsassızdır. Buna görə də, Rayon Məhkəməsinin qətnaməsi müzakirə edilən bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İş materiallarından görünür ki, cavabdeh, məhkəmə baxışı iclaslarında iştirak edərkən ona verilməsi təklif edilən mənzilin ölçüsündən daha geniş ölçüsü olan mənzilin və ya 400.000 manat məbləğində kompensasiyanın verilməsini iddiaçı MMC-yə təklif etmişdir və bu kimi təkliflərinin əsaslı olmasını təsdiq edə biləcək sübutlarını Rayon Məhkəməsinə təqdim etməmişdir.

35. Cavabdehin nümayiş etdiyi mövqedən görünür ki, o, hüquqdan sui-istifadə edir, nəticə də isə MMC-nin, (MMC qalsın bir kənara) “xxxx” yerləşən və MMC ilə razılığa gəlmiş digər mənzillərin sahiblərinin (təxminən 200 ailə) qanunla qorunan hüquqları pozulur.

36. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3.). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.). xxxx qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın (maddə 152.5.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.).

37. İddia tələbinin verilməsi, istismara yararsız və müasir tələblərə cavab verməyən yaşayış sahəsinin xxxxdən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb xxxxnin istifadəsinə qaytarılması məqsədi daşıyır. Tikinti işlərini aparan MMC tərəfindən cavabdehə edilən təklif, onun üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir. Lakin işin hallarından müəyyən edilir ki, cavabdeh, iddiaçı MMC-nin müvafiq sərəncamla onun üzərinə qoyulmuş vəzifənin icra etmək məcburiyyətdə qalmasında sui-istifadə etmək, bununla da iddiaçı MMC-nin hesabına əsassız olaraq maddi nemət əldə etmək istəyir ki, bu, yəni hüquqdan sui-istifadə etmə yolverilməzdir.

38. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddiaçı MMC-nin irəli sürdüyü iddia tələbini cavabdehə münasibətdə əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsini bu kimi nəticəsinə aid dəlilləri əsassızdır. Buna görə də, Rayon Məhkəməsinin qətnaməsi müzakirə edilən bu hissədə də dəyişdirilmədən saxlanılmalıdır.

39. Apellyasiya şikayətində cavabdeh həmçinin bildirir ki, iddiaçı MMC özəl hüquqi şəxs olmaqla, onun xeyrinə mülkiyyət hüququna məhkəmə qaydasında xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas mövcud deyildir. İddiaçı MMC-nin istinad etdiyi mübahisəli söküntü-tikinti layihəsi dövlət ehtiyacları üçün həyata keçirilən layihə deyil və buna görə də, Konstitusiyanın mülkiyyət hüququnun təminatına dair müddəaları Rayon Məhkəməsi tərəfindən nəzərə alınmalı idi.

40. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı MMC, müvafiq icra orqanının, yəni dövlətin səlahiyyətli qurumunun qəbul etdiyi sərəncam əsasında, sərəncamda qeyd edilən ərazidə söküntü-tikinti və abadlıq işlərini görmək vəzifəni daşıyır.

41. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya şikayətinin qeyd edilən bu dəlili də əsassızdır.

42. İşə baxmış Rayon Məhkəməsi iddiaçı MMC-nin tələbinin iddia ərizəsində “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslərə qarşı olan hissəsini də təmin etmişdir.

43. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi səhvdir və qüvvədə olan prosessual normalara uyğun deyil. Çünki MPM-in tələblərinə görə, hər hansı şəxsin hüquq və vəzifələrinə təsir göstərən məhkəmə aktının qəbul edilməsi üçün həmin şəxsin hüquqi statusu müəyyən edilməli, onun işdə iştirak etmək hüququ təmin olunmalı və həmin şəxsə münasibətdə əhəmiyyət kəsb edən hallar araşdırılmalıdır.

44. İş materiallarından görünür ki, iddia ərizəsində “cavabdehin ailə üzvləri” ifadəsindən istifadə olunsa da, həmin şəxslərin kimliyi, mübahisəli yaşayış sahəsində hansı hüquqi əsasla yaşadıqları, cavabdehlə hüquqi münasibətlərinin xarakteri, yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması, habelə onların müstəqil hüquq subyekti kimi işdə iştirakının təmin edilməsi ilə bağlı hər hansı məlumat müəyyən edilməmişdir. İş materiallarında həmin şəxslərin şəxsiyyətini, hüquqi statusunu və yaşayış hüququnu təsdiq edən mötəbər sübutlar mövcud deyildir və işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddia tələbinin dəqiqləşdirilməsi və “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslərin şəxsiyyətini müəyyənləşdilməsi, onların işin baxılmasına cəlb edilməsi istiqamətində hər hansı prosessual hərəkət etməmişdir.

45. MPM-nin 387.2.4-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, qətnamə şikayətin dəlillərindən ləğv edilməlidir.

46. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslər qarşı tələbin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməməlidir. f) apellyasiya baxışının nəticəsi

47. Beləliklə göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, MPM-in 119, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı tarixli qətnamə qismən, yəni iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslərə aid hissəsinin təmin edilməsi hissədə ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə, yəni cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmmməd İbn Hinduşah Naxçıvani küçəsi, 32 ünvanında yerləşən mənzildən çıxarılması, mənzil boşaldılması və iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsi, bunun əvəzində iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,5 (əlli beş tam onda beş) kv.m olan 1 (bir) ədəd 2 (iki) otaqlı yeni, təmirli mənzilin verilməsi, yeni mənzil cavabdehə təhvil verilənədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayəyə haqqının ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 550 (beş yüz əlli) manat pul vəsaitinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq qiymətləndirici şirkətə - “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul vəsaitinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar