Məhkəmə qərarları › İş №2(3-6)-1364/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1364/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1364/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu 010454000107099 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSSQnin maksimal qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, İran sobanın maksimal qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 73440 m3 itki hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu 010454000107099 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 240 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 17280 m3 itki hesablanmışdır. Abonent kodu 010454000107099 olan abonent saldosundan görünür ki, abonent İddiaçı ##.##.2023-ci il tarixli akt əsasında 8812.80 manat, ##.##.2024-cü il tarixli akt əsasında 2073.60 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində olan X2 Agentliyinin Bakı filialının aparıcı müfəttişi X1 ##.##.2026-cı il tarixli mütəxəsis rəyindən müəyyən olunur ki, Cavabdeh İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanı üzrə (abonent kodu: 010454000107099) sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə görə 2023-2024-cü illər ərzində 2 aktla 10.861,2 manat dəymiş ziyan hesablanaraq onun borc kimi abonent hesabına daxil edilmişdir. 2023-cü ilin ## #### tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. "Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşçi qaydasında aparılan araşdırmalar (evdə hazırda yaşayış olmadığından istehlakçı ilə telefon əlaqəsi saxlanıldı) İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanında (abonent kodu: 010454000107099) aşağıda sadalanan qaz qurğularından istifadə olunduğu müəyyən edililmişdir: 1 ədəd PQ-3 markalı qaz plitəsi 1 ədəd qənaətli su qızdırıcısı 1 ədəd su qızdırıcısı kombi Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydalan”nın 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2023-cü il

1. ##.##.2023-cü il tarixli ******* №-li akt üzrə: 1 ədəd su qızdırıcısı kombi, üçün – 2.6 m3 x 12 saat x 74 gün = 2308.8 m3 1 ədəd PQ-3 qaz plitəsi üçün – 0.9 m3 x 12 saat x 90 gün = 972 m3 1 ədəd qənaətli su qızdırıcısı üçün – 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3 Cəmi 4900.8 m3 “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat tarif təyin edildiyini nəzərə alaraq dəymiş zərər itirilmiş qazın dəyəri 1200 m3 x 0,12 manat = 144 manat manat, 1300 m3 x 0,20 manat = 260 manat, 2400,80 m3 x 0,25 manat = 600,20 manat, cəmi 1004.20 təşkil edə bilər. 2024-cü il 1.##.##.2024-cü il tarixli ******* №-li akt üzrə: 1 ədəd su qızdırıcısı kombi, üçün – 2.6 m3 x 12 saat x 90 gün = 2808 m3 1 ədəd PQ-3 qaz plitəsi üçün – 0.9 m3 x 12 saat x 90 gün = 972 m3 1 ədəd qənaətli su qızdırıcısı üçün – 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3 Cəmi 5400 m3 “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat tarif təyin edildiyini nəzərə alaraq dəymiş zərər itirilmiş qazın dəyəri itirilmiş qazın dəyəri 1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat; 2900 m3 x 0,25 manat = 725 manat olmaqla cəmi 1129 manat təşkil edə bilər. Bu məbləğlərdən istehlakçı tərəfindən cəmi 36,30 manat ödənilmişdir. Qeyd etmək lazımdır ki, 2023-2024-cü illər ərzində Cavabdeh istehsalat Birliyi tərəfindən tərtib edilmiş 2 akt üzrə aparılmış hesabatlar qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından həmin aktlar üzrə hesablanmış 10.861,2 manat dəymiş ziyan məbləği borc kimi cavabdehin abonent hesabına daxil edilməməli idi.

Birinci instansiya məhkəməsində icraat

İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 10.861,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanı üzrə *************** nömrəli abonent kodu onun adınadır. Uzun müddətdir ki, həmin ünvanda yaşamır. 2021-ci ildə bir müddət həmin evi qızı və kürəkəninə müvəqqəti yaşamağa vermiş, lakin qızının ailəsi 2023-cü ildə dağıldıqdan sonra həmin ünvanda heç kim yaşamamışdır. Qızının xəbəri olmadan keçmiş kürəkəni 2023-cü ilin mart ayında təbii qazdan bir dəfə qeyri-qanuni istifadə etmişdir. Bunu bildikdən sonra qarşısını almışdır. Hal-hazırda qazdan qeyri-qanuni istifadə olunmur. Dəfələrlə həmin ünvanda yaşayış olmadığını görərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən qərəzli şəkildə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0381630, ******* saylı aktlar tərtib olunmuşdur. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazıldığını öyrənmiş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı akt, ##.##.2024-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması 10.861,2 manat göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cərimə tam qərəzli şəkildə yazılmışdır. Həmin mənzildə 2023-cü ildən heç kim yaşamır. Cavabdeh təbii qazdan qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, həmin qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmalı idi. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktının tərtib edilməsi şübhə doğurur və reallığa uyğun deyildir. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa, sayğacın təmir edilməsinin tərəfindən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən qərəzli şəkildə borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini izah etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Əsassız borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyinə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqların müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Tərtib edilmiş əsassız aktlar ucbatından 10.861,2 manat borc yazılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək izahatında bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması, kənar xəttə qoşulma halları olmuşdur və bunun əsasında aktlar tərtib edilmişdir. Bundan başqa, iddiaçı özü də bir dəfə qanunsuz qoşulmanın olduğu etiraf edir. Həmin halların nəzərə alınaraq, nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı istifadəsində olan *************** saylı abonent koduna əsassız olaraq hesablanmış 10.861,2 (on min səkkiz yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində borcun silinməsinin cavabdeh Cavabdeh İstehsalat Birliyinə həvalə edilməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 122,58 (yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus *************** nömrəli abonent kodu üzrə cavabdeh tərəfindən müxtəlif tarixlərdə tərtib olunmuş aktlar əsasında borc hesablanmış, həmin borclar abonentin saldo borcuna daxil edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, borcun tərkibi aşağıdakılardan ibarət olmuşdur: - ##.##.2023-ci il tarixli ******* nömrəli akt üzrə – 8812.80 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt üzrə – 2073.60 manat. Beləliklə, mübahisələndirilən aktlar və onlara bağlı hesablamalar əsasında abonentə cəmi 10.886,4 manat borc yazılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının silinməsini xahiş etdiyi borcu məhz göstərilən aktların qanunsuz tərtib edilməsi və hesablamaların əsassız olması ilə əsaslandırır, cavabdeh isə aktların qanuni olduğunu, istehlakçının kənar qoşulma etdiyini və bunu özünü də etiraf etdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında 2023-cü ilin mart ayında üçüncü şəxs (kürəkəni) tərəfindən qaz sayğacından kənar istifadə faktının baş verdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bu izahatı yalnız qanunsuz istifadə faktının mövcudluğunu təsdiq edir, lakin cavabdeh tərəfindən hesablanmış borcun həcmini və məbləğini avtomatik olaraq əsaslandırmır. Belə ki, qanunsuz istifadə faktının mövcudluğu ilə yanaşı, cavabdeh tərəfindən istehlak edilmiş qazın həcmi, istifadə müddəti, hesablamanın metodikası, borcun konkret necə formalaşması barədə məhkəməyə etibarlı və obyektiv sübutlarla təqdim edilməlidir. İş materiallarından görünür ki, ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş, aktlarda abonentin imzası mövcud deyil, həmçinin həmin aktların iddiaçıya vaxtında təqdim edilməsi və ya onun bu aktlarla tanış edilməsinə dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən göstərilən aktlar birtərəfli qaydada tərtib edilmiş sənədlər kimi qiymətləndirilir və mübahisəli borcun məbləğini təsdiq edən yetərli sübut hesab edilə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar istehlak olunmuş qazın konkret həcmini, borcun hesablanmasının şəffaf mexanizmini və iddiaçının vaxtında məlumatlandırıldığını təsdiq etmədiyindən, hesablanmış 10.886,4 manat borcun hüquqi əsaslarının mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən, qanunsuz qaz xəttinə qoşulmaya görə təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materialları ilə müəyyən edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən hesablanmış borc məbləği qanuni və əsaslandırılmış sübutlarla təsdiq olunmadığından, iddia təmin edilərək, iddiaçı İddiaçı istifadəsində olan *************** saylı abonent koduna əsassız olaraq hesablanmış 10861.2 manat məbləğində borcun silinməsi cavabdeh Cavabdeh İstehsalat Birliyinə həvalə edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3, 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5, 9.4-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”na dair ## ### 2011-ci il tarixli, ** saylı Qərarının 1.3, 1.4, 3.4.1, 6.5-6.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh Cavabdeh İstehsalat Birliyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 10.861,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazid, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İBnə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçı İddiaçı aid olan 100454000107099 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” ## #### 2000-ci il tarixli, *** saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” ## ###### 2009-cu il tarixli, *** saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında göstərmişdir ki, Lerik rayonunda yaşayır. Sabunçu rayonundakı evi tikib qızına vermişdir. Ona cavabdeh heç nə bildirmədən, bildiriş vermədən, iştirakı olmadan barəsində akt tərtib etmişdir. 2023-cü ilin aprelində və 2024-cü ildə aktlar tərtib edilib. 2025-ci ilin # ####### ayında Bakı şəhərinə gələrkən borcunun olmasını bilmişdir. Qızı kirayədə yaşamasın deyə o, qızına evdə yaşamağa icazə vermişdir. Kürəkəni qaza müdaxilə etmişdir. Necə müdaxilə etdiyini bilmir, turba çəkmişdir. Qızı bunu bilən kimi ona zəng etmiş, o da dərhal gəlib qarşısını almışdır. Onlar evdə uzağı 1 həftə, 10 gün qalıblar, çox qalmamışlar. Bu hal cəmisi bir 2023-cü ilin aprel ayında dəfə olmuşdur. Aktları cavabdeh qeyriqanuni yazmışdır. Qızı ilə kürəkəni onun evində qaldıqları vaxt nə qədər qaz işlətdiklərini bilmir. Evdə İran peçi işlədilir, qoşulma apreldə olub, qaza çox da ehtiyac olmayıb. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh İstehsalat Birliyinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11.

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.

1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

10. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2 Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6 Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh iddiaçıya sonuncunun cavabdehə məxsus qaz xəttinə qanunsuz qoşulması nəticəsində tərtib etdiyi aktlara və tələbnamələrə əsasən vurulmuş maddi ziyan hesablamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı mənzilində yaşayan qızının ailə üzvü tərəfindən 2023-cü ilin aprel ayında qanunsuz qoşulma faktının olmasını etiraf edərək, digər hallarda cavabdehə məxsus qaz xəttinə qoşulma hallarının olmadığını bildirmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinin, iddiaçının isə iddia tələbində istinad etdiyi halların yoxlanılması üçün mülki işin apellyasiya instansiyasında baxışı zamanı alınmış Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının aparıcı mütəxəssisi X1 oğlunun ## #### 2026-cı il tarixli mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, işçi qaydasında aparılan araşdırmalar (evdə hazırda yaşayış olmadığından istehlakçı ilə telefon əlaqəsi saxlanıldı) İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanında (abonent kodu: 010454000107099) aşağıda sadalanan qaz qurğularından istifadə olunduğu müəyyən edililmişdir: 1 ədəd PQ-3 markalı qaz plitəsi, 1 ədəd qənaətli su qızdırıcısı, 1 ədəd su qızdırıcısı kombi. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydalan”nın 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2023-cü il

1. ##.##.2023-cü il tarixli ******* №-li akt üzrə: 1 ədəd su qızdırıcısı kombi, üçün – 2.6 m3 x 12 saat x 74 gün = 2308.8 m3 1 ədəd PQ-3 qaz plitəsi üçün – 0.9 m3 x 12 saat x 90 gün = 972 m3 1 ədəd qənaətli su qızdırıcısı üçün – 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3 Cəmi 4900.8 m3 “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat tarif təyin edildiyini nəzərə alaraq dəymiş zərər itirilmiş qazın dəyəri 1200 m3 x 0,12 manat = 144 manat manat, 1300 m3 x 0,20 manat = 260 manat, 2400,80 m3 x 0,25 manat = 600,20 manat, cəmi 1004.20 manat təşkil edə bilər. 2024-cü il 1.##.##.2024-cü il tarixli ******* №-li akt üzrə: 1 ədəd su qızdırıcısı kombi, üçün – 2.6 m3 x 12 saat x 90 gün = 2808 m3 1 ədəd PQ-3 qaz plitəsi üçün – 0.9 m3 x 12 saat x 90 gün = 972 m3 1 ədəd qənaətli su qızdırıcısı üçün – 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3 Cəmi 5400 m3 “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il ## ####### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat tarif təyin edildiyini nəzərə alaraq dəymiş zərər itirilmiş qazın dəyəri itirilmiş qazın dəyəri 1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat; 2900 m3 x 0,25 manat = 725 manat olmaqla cəmi 1129 manat təşkil edə bilər. Bu məbləğlərdən istehlakçı tərəfindən cəmi 36,30 manat ödənilmişdir. Qeyd etmək lazımdır ki, 2023-2024-cü illər ərzində Cavabdeh istehsalat Birliyi tərəfindən tərtib edilmiş 2 akt üzrə aparılmış hesabatlar qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından həmin aktlar üzrə hesablanmış 10.861,2 manat dəymiş ziyan məbləği borc kimi cavabdehin abonent hesabına daxil edilməməli idi. Kollegiya qeyd edir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, təbii qazdan iddiaçı tərəfindən sayğacdan kənar 2023-cü ilin aprel ayında qanunsuz qoşulma nəticəsində istifadə edilməsi faktı etiraf olunduğundan, mütəxəssis rəyi ilə sayğacdan kənar qoşulma halında iddiaçıdan 2023-cü ilin aprel ayında tərtib olunan akta əsasən 1004,20 manat maddi ziyanın tələb edilməsinin mümkün olması müəyyən edildiyindən, cavabadeh iddiaçı tərəfindən etiraf olunmayan dövrlər üzrə tərtib etdiyi aktlar üzrə iddiaçının təqsirini sübuta yetirə bilmədiyindən, iddiaçı İddiaçı (abonent kodu 010454000107099) cavabdeh tərəfindən əsassız olaraq hesablanmış (10.861,2-1004,20 manat = 9.857 manat) 9.857 manat məbləğində borc cavabdeh Cavabdeh İB tərəfindən silinməli, borcun məbləği isə 1004,20 manat müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, iddiaçıya hesablanmış borcun silinməsi barədə düzgün nəticəyə gəlsə də, silinməli olan borc məbləğini düzgün müəyyən etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azəriqaz İB-in apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı İddiaçı (abonent kodu: 010454000107099) əsassız olaraq hesablanmış 9.857 manat məbləğində borc cavabdeh Cavabdeh İB tərəfindən silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar