Məhkəmə qərarları › İş №2(3-6)-1454/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1454/2026

12.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1454/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimova Esmira Akif qızının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İbrahimova Esmira Akif qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.2007-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, İbrahimova (Əliyeva) Esmira Akif qızı ##.##.2007-ci il tarixdə Bakı şəhəri *** nömrəli tam orta məktəbdə “günü uzadılmış” qrup tərbiyəçi vəzifəsi (peşəsi) üzrə işə qəbul edilmişdir.

2. ##.##.2015-ci il tarixli, *******000101 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İbrahimov Esmira Akif qızının Bakı şəhəri *** nömrəli tam orta məktəbdə əmək fəaliyyətini “günü uzadılmış” qrup tərbiyəçisi peşəsi üzrə davam etdirməsi qərara alınmışdır.

3. ##.##.2025-ci il tarixli, * nömrəli protokolundan çıxarışdan müəyyən olunur ki, həmkarlar ittifaqı təşkilatı günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etməmişdir.

4. ##.##.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyi üçün 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir.

5. ##.##.2025-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən müəyyən olunur ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbin “Günü uzadılmış qrup” üzrə tərbiyəçi vəzifəsində çalışan İbrahimova Esmira Akif qızı ilə bağlanmış *******000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ##.##.2025-ci il tarixdən xitam verilməsi və işçinin ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş “0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İbrahimova Esmira Akif qızı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinin ləğv olunması, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə məktəbdə günü uzadılmış qrupda tərbiyəçi vəzifəsinə işə bərpa olunması və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbi ilə əvəz edilməsini xahiş etmiş və müvafiq əvəzetmə məhkəmə tərəfindən həyata keçirilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2007-ci ildən cavabdeh Bakı şəhəri Təhsil İdarəsinin *** saylı tam orta məktəbinə işə qəbul olmuş və əmək müqaviləsi ləğv edilənə ##.##.2025-ci il tarixinədək (~18 il) həmin məktəbdə günü uzadılmış qrupda tərbiyəçi peşəsində işləmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi təxminən ~18 il müddətində əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. İddia tələbinin halları ilə bağlı qeyd edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh *** saylı Tam Orta Məktəbinin ##.##.2025-ci il tarixli, *** saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” hissəsinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” ## ######## 2025-ci il tarixdən xitam verilmişdir. Cavabdeh məktəb tərəfindən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsasları ilə əmək müqaviləsinə xitam verilsə belə, ixtisar proseduru qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə aparılmışdır. Belə ki, cavabdeh məktəb Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuş işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməsi vəzifəsini yerinə yetirməmişdir. Eləcə də, hazırki iddia ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən göründüyü kimi ##.##.2007-ci il tarixindən əmək müqaviləsi ##.##.2025-ci il tarixdə xitam verilənədək ~18 il cavabdeh *** saylı tam ota məktəbində günü uzadılmış qrupda tərbiyəçi peşəsində işləyir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, iddiaçı həmin işəgötürənlə bağlanmış əmək müqaviləsi ilə müəyyən olunan 18 il əmək stajına uyğun olaraq ştatının ixtisar olunması barədə azı doqquz təqvim həftə qabaq rəsmi xəbərdar edilməli idi. Eyni zamanda, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni ştatının ixtisar edilməsi əsasları ilə xitam verilməsinə baxmayaraq, cavabdeh *** saylı tam orta məktəbin ştat cədvəlində həmin ştat vahidi qalmaqdadır. Yəni cavabdeh məktəbin ştat cədvəlində işlədiyi vəzifənin ştat vahidi nə əmək müqaviləsinə xitam verilməsindən əvvəl, nə də ki, əmək müqaviləsinə xitam verilməsindən sonra ixtisar edilməmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə iddiaçının işlədiyi ştatın ixtisar olunmasına dair rəsmi xəbərdarlığın ona təqdim edilməsinə, eyni zamanda, ixtisarın aparılması üçün əsas olmuş qərara (sərəncama, əmrə) istinad olunmur, son haqq-hesabın, ixtisarla bağlı ödənilməsi nəzərdə tutulan işdənçıxma müavinətinin ödənilməsi və digər zəruri məlumatlar qeyd olunmamışdır. AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən,əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman sonuncu iş günü aparılmalı olan hesablaşmalar aparılmamış, yəni bu halda son haqq-hesab ödənilməmişdir. Əmək müqaviləsinə ştatların ixtisarı əsasları ilə xitam verildiyini nəzərə alaraq, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuş, əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti də ödənilməmişdir. Bundan başqa, iddiaçı əmək müqaviləsinin ləğv olunduğu ##.##.2025-ci il tarixinədək işlədiyi müddətə görə əmək haqqı da sonuncu iş günü ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İddiaçının əmək haqqı kartına ##.##.2025-ci il tarixində cavabdeh məktəb tərəfindən pul vəsaiti köçürülmüşdür. Lakin, bu pulların təyinatı məlum deyildir. Göstərilənlərlə yanaşı, cavabdeh məktəb tərəfindən iddiaçıya əmək kitabçası və işdənçıxma əmri sonuncu iş günü ##.##.2025-ci il tarixində deyil, ##.##.2025-ci il tarixində təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülmüş maddi hüquq norması nəzərə alınarsa, işəgötürən olaraq əsaslandırılmış əmri ilə işçinin tanış etməmiş, əmrin surətini və əmək kitabçasını sonuncu iş günü müvafiq qaydada ona təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsinə əsasən, məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə göstərilən əsaslarla ləğv edildiyindən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin ikinci hissəsinə əsasən, ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında məktəbin ##.##.2025-ci il tarixli, *** nömrəli əmri əsassız hesab edilməli və ləğv olunaraq iddiaçı işə bərpa olunmalıdır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın təmin edilməsi, İbrahimova Esmira Akif qızının əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla ləğvi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru nümayəndə2 tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş *** nömrəli əmrin ləğv edilməsi, İbrahimova Esmira Akif qızının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinin “günü uzadılmış” qrup müəlliməsi vəzifəsinə bərpa edilməsi, İbrahimova Esmira Akif qızına ##.##.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən hesablanaraq ödənilməsi qət edilmişdir.

10. Məhkəmə iddianı təmin edərkən göstərmişdir ki, müvafiq əmrin qəbul edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının ##.##.2025-ci il tarixli, * nömrəli protokolundan çıxarışa əsasən, həmkarlar ittifaqı təşkilatı günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədikləri ilə bağlı iradə ifadəsini açıq şəkildə bildirmişdir. Digər tərəfdən, işəgötürən tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilir ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyinə görə 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir.

11. Baxılan iş üzrə işəgötürən işçini ən azı doqquz təqvim həftəsi əvvəldən rəsmi şəkildə xəbərdar etməmiş, doqquz həftəni iki aya bərabər tutmaqla, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödəmişdir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli həddində işdənçıxarma müavinəti ödənilməsi, yəni xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı alternativ həll qaydası birbaşa əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş olsa da, bu qayda işçinin razılığının alınması kimi mühüm şərtlə məhdudlaşdırılmışdır. Lakin, baxılan iş üzrə işçinin belə bir razılığı olmamış, cavabdeh tərəfindən bu razılığın olmasına dair mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsi, Əmək Məcəlləsinin 2, 70-ci maddəsinin “b”, 71.1, 71.3, 77.1-77.4, 80.1, 80.2, 83.1. 83.3, 83.4 və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətində göstərilmişdir ki, Şagirdinqrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdirilir. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərir. ## ######## 2025-ci i l tarixinə qədər *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoruna günuzadılmış qruplarda qalmaq istəmələri ilə bağlı az sayda ərizə daxil olmuş, bu səbəbdən qrupun açılması mümkün olmamışdır. Qrupun açılmadığı və ştat ixtisarının zəruri olduğu yalnız 15 sentyabr tarixində tədris ilinin başlanılması zamanı müəyyən edilmişdir və bu səbəbdən məktəb direktorunun müəyyən müddəti gözləmək üçün imkanı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh məktəbin direktoru apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlmədiklərindən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

19. Maddə 70 “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

20. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

21. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

22. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

23. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

24. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında.

25. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

26. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

27. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

28. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

29. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

30. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

31. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

33. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin hallarından göründüyü kimi, İbrahimova (Əliyeva) Esmira Akif qızı ##.##.2007-ci il tarixdən Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qrup üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə Bakı şəhəri *** nömrəli tam orta məktəbin “günü uzadılmış” qrup üzrə tərbiyəçi vəzifəsində çalışan İbrahimova Esmira Akif qızı ilə bağlanmış *******000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla – işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə ##.##.2025-ci il tarixdən xitam verilməsi və işçinin ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş “0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Müvafiq əmrin qəbul edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının ##.##.2025-ci il tarixli, * nömrəli protokolundan çıxarışa əsasən, həmkarlar ittifaqı təşkilatı günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədikləri ilə bağlı iradə ifadəsini açıq şəkildə bildirmişdir. Digər tərəfdən, işəgötürən tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilir ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyinə görə 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

44. İşçinin əmək stajının on ildən çox olması nəzərə alındıqda, işəgötürən şəxsi təşəbbüsü ilə əmək müqaviləsini ləğv etməzdən azı doqquz təqvim həftəsi əvvəl işçini bu barədə, yəni ştatların ixtisarı ilə bağlı xəbərdar etməli olduğu halda, bunu etməmiş və əmək qanunvericiliyi ilə imperativ olaraq müəyyən edilmiş sözügedən öhdəlik işəgötürən tərəfindən pozulmuşdur.

45. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

46. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

47. Lakin hazırki iş üzrə işəgötürən işçini ən azı doqquz təqvim həftəsi əvvəldən rəsmi şəkildə xəbərdar etməmiş, doqquz həftəni iki aya bərabər tutmaqla, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödəmişdir.

48. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli həddində işdənçıxarma müavinəti ödənilməsi, yəni xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyi ilə nəzərdə tutulsa da, bu qayda işçinin razılığının alınması şərti yol veriləndir. Hazırda işçinin belə bir razılığı olmamış, cavabdeh tərəfindən belə razılığın olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

49. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məktəb direktorunun işçiyə vaxt vermək imkanının olmaması əmək qanunvericiliyində işçinin nəzərdə tutulmuş hüquqlarının pozulmasına əsas ola bilməz.

50. Kollegiya birinci instansiya məhkəməsini mövqeyi razılaşaraq qeyd edir ki, ixtisarın qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu isə aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.

51. Belə olduqda kollegiya cavabdeh tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulan və iş yerlərinin ixtisarı zamanı icrası məcburi olan hərəkətlərin edilməməsi qənaətinə gəlir və cavabdeh tərəfindən təqdim edilmiş dəlilləri formal hesab edir.

52. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Həmin maddənin 2-ci hissəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini 80-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

53. Hazırki halda həmkarlar ittifaqı təşkilatı əsaslı araşdırma aparmadan həmin gün ərzində “əsaslandırılmış” yazılı qərar qəbul edərək işəgötürənə formal məktub ünvanlamışdır.

54. Belə ki, məktubun məzmunundan görünür ki, həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış, obyektiv araşdırma aparmamış, heç bir iclas keçirilmədən formal razılıq vermişdir. Bu da iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulması deməkdir. Nəzərə alınmalıdır ki, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradılır. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Göründüyü kimi, təşkilatın vəzifəsi formal rəy vermək deyil, işçinin hüquqlarını müdafiə etməkdir.

55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

56. Apellyasiya şikayətlərində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən cavabdeh tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar