Məhkəmə qərarları › İş №2(3-6)-1455/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1455/2026

18.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1455/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürmə”) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2020ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, dalan 13 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ##.##.2012-ci il tarixdə ailə qurmuşdur. Nikahları həmin tarixdə rəsmi qaydada Bakı Nikah Evində qeydə alınmış və birgə nikahdan üç uşaq - ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh pasport qeydiyyatında Laçın şəhərində olsa da, ünvan 1 ünvanında yaşayır. O, həmin ünvana gəlin köçmüşdür və cehizləri həmin ünvana aparılmışdır. Ailə qurduqdan etibarən həmin mənzildə yaşamışdır. Hətta övladları həmin mənzildə anadan olmuşdur. Nikahları pozulanadək birlikdə həmin ünvanda yaşamışlar. Uşaqları həmin ərazidə məktəbə gedir. Nikahları pozulduqdan sonra o, kirayə çıxmaq məcburiyyətində qalmışdır. Buna baxmayaraq, hazırkı vaxtadək uşaqları həmin ərazidə yerləşən məktəbdə oxuyurlar. Məktəb dəyişmək də uşaqların psixologiyasına mənfi təsir edir. Onsuz da ailənin ayrılması uşaqlar üçün artıq dərəcədə çətindir. Uşaqlara yaşamağa öyrəşdikləri evdən ayrı yaşamaq da çətindir. Eyni zamanda, cavabdehin onlara verdiyi 738 manat pulla həm kirayə, həm təhsil, həm kommunal xərcləri, həm qida və eyni zamanda uşaqlar xəstələndikləri vaxt həkimlərin yazdığı reseptlərdəki dərmanları almaqda çox çətinlik çəkir. Onun başqa gəlir yeri yoxdur. Cavabdeh isə alimentdən başqa pul ödəmir. Övladlarına görə işləyə bilmir. Həmin mənzildən ona da yaşamaq hüququ verilməsini istəyir. Həmin mənzil böyük olmaqla yanaşı ayrıca küçəyə çıxışı olan mənzildir.

2. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - ##.##.2014-cü il tarixli, AZ-III seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X1 (atası Cavabdeh, anası X4) ##.##.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur; - ##.##.2016-cı il tarixli, AZ-III seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X2 (atası Cavabdeh, anası X4) ##.##.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur; - ##.##.2020-ci il tarixli, AZ-IV seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, X3 (atası Cavabdeh, anası X4) ##.##.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; - Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında ##.##.2012-ci il tarixdə Bakı Nikah Evində bağlanmış **** nömrəli akt qeydli nikahın pozulması, ##.##.2014-cü il təvəllüdlü X1, ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin himayəsində saxlanılmaları qət edilmişdir; - ##.##.2025-ci il tarixli, AZ-İ seriyalı, ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh və X4 arasında olan nikah Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha ##.##.2025-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ##.##.2025-ci il tarixdə 163 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh cavabdeh X5 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 13 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin iddiaçının atası X6 dair cavabdehlə aralarında ##.##.1992-ci il tarixdə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir; - ##.##.2025-ci il tarixli, ************ nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş *-**-*/*-***/**** nömrəli arayışdan müəyyən olunur ki, ünvan 4 ünvanında daimi qeydiyyatda olan Cavabdeh hazırda ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır və onun ailə tərkibi aşağıdakı kimidir: 1) anası 1952-ci il təvəllüdlü Əliyeva Mübarək İsmayıl qızı, 2) oğlu 2014-cü il təvəllüdlü X1, 3) oğlu 2016-cı il təvəllüdlü X2 və 4) oğlu 2020-ci il təvəllüdlü X3.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33; Mülki Məcəlləsinin 152.1; Mənzil Məcələsinin 30; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119, 217.3, 217.4-cü maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2013-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının köçürülmə tələb etdiyi ev cavabdehin atasına məxsusdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, ünvan 2 13 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin iddiaçı Cavabdeh atası X6 dair cavabdeh X5 ilə aralarında ##.##.1992-ci il tarixdə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamənin tədqiqi ilə artıq aydın olur ki, cavabdehin atası mübahisəli fərdi yaşayış evinə dair gözlənilən mülkiyyət hüququna sahib olmuş, lakin bu hüquq onun vəfatından sonra (obyektiv olaraq oğlu tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt) reallaşdırılmışdır. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, dalan 13 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin cavabdehin atasına məxsus olması faktı iddiaçının özü tərəfindən də etiraf edilmiş və bu barədə məhkəmə icraatı gedişində ümumiyyətlə mübahisə edilməmişdir (iddiaçı ##.##.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının 02:01 – 02:08-ci dəqiqələrində qeyd edilən faktı, yəni mübahisəli fərdi yaşayış evinin cavabdehin atasına məxsus olması faktını etiraf etmişdir). Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mübahisəli fərdi yaşayış evinin cavabdehin atasına məxsus olması müəyyən edilsə də, iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsinə əsas verən hər hansı hüququnun, ən başlıcası istifadə hüququnun olubolmaması müəyyən edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında rəsmi nikah münasibətləri 2012-ci il tarixdə yaranmışdır. Belə olan halda, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının məcburi göstərişləri tətbiq edilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır). ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçının isə sözügedən fərdi yaşayış evinin mülkiyyətçisinin ailə üzvü, eləcə də mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmaması işin hallarından aydın görünür. Odur ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququnun mövcud olmadığı müəyyən olunur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı uşaqları ilə birlikdə evdən istifadə hüquqlarının tanınmasını yox, evə köçürülmələrini tələb etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş araşdırmanı sadəcə olaraq iddiaçı və uşaqlarının həmin evə köçürülmələri üçün əsasın (evdən istifadə hüququnun) olub-olmadığını müəyyən etmək məqsədilə aparmışdır. Əslində isə iddiaçının evə köçürülmə tələbinə dair iddiası onun özünə münasibətdə təmin edilmirsə, bu iddianın onun yanında qalan uşaqlara münasibətdə də təmin edilməsi ən başından istisna edilir. Ona görə ki, məhkəmə qətnaməsi ilə bu uşaqların məhz iddiaçının yanında qalması müəyyən edildiyindən həmin uşaqların məhz iddiaçının yanında olmasının onların mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Bu baxımdan məhkəmə hesab edir ki, həmin uşaqların yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi mübahisəli evdən istifadə hüququnun olması müəyyən edilsə idi belə, onların iddiaçıdan ayrı həmin evə köçürülməsi təmin edilə bilməzdi. Odur ki, iddia uşaqlara münasibətdə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı və imperativ qaydada heç kəsin yaşadığı mənzildən məhrum edilə bilməməsi təsbit edilmişdir. Başqa sözlə, hüquqi vəziyyətindən asılı olmayaraq bu norma bütün növ təyinatlı yaşayış sahələrinə şamil edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin dispozisiya şərtlərindən görünür ki, müvafiq hüquq normasının aidiyyəti hüquq münasibətlərinə tətbiqi üçün müəyyən kateqoriyadan olan şərtlər eyni anda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə normanın tətbiqi mümkün hesab edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinə köçürülmə tələb edən tərəf həmin evdə yaşamalı, obyektiv səbəblərdən yaşamaq hüququndan məhrum edilməli və bu məhrumetmə qanunsuz olmalıdır. Məhrumetmənin qanunsuz hesab edilməsi dedikdə, məhrum edənin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun, icarə, istifadə və s. hüquqlarının olmaması nəzərdə tutulur. İddiaçının mübahisəli fərdi yaşayış evində müəyyən müddət yaşaması, hazırda həmin evdə yaşamaq hüququndan məhrum olması müəyyən edilsə də, bu məhrumetmə qanunsuz əsaslarla söykənməmiş, məhrumetmə həmin evə dair qanuni gözləntisi (vərəsəlik hüququ) olan şəxs tərəfindən həyata keçirilmişdir. Belə olan halda, istinad edilən konstitusion normanın mühafizəsi hazırkı iş üzrə iddiaçıya aid edilməməklə mübahisənin sonuncunun xeyrinə tətbiqinə əsas vermir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 228.5; Mənzil Məcəlləsinin 30.1, 30.4; Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan aşağıdakı şərtlərin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir: 1)iş üzrə cavabdehin atası 2013-cü ildə rəhmətə getmiş və gedəndən sonra tərəflərin nikahı 2024cü ilə qədər davam etmişdir ; 2) əmlak cavabdehdə olunması etiraf etmiş, 2025-ci ildə iddia dövründə realizə söyləmiş, lakin rəsmi sənəd təqdim edilməmişdir; 3)uşaqlar həmin ərazidə məktəbə getməyə davam edir və cavabdehin həmin fərdi evdə yaşadığı davam edir; 4) məhkəmə tərəfindən cavabdehin iddiada qeyd olunan fərdi yaşayış evi cavabdehin sahibliyində və istifadəsindir şifahi formada evin realizə olunması söyləsə də, məhkəməyə rəsmi sənəd təqdim edilmədən qətnamə çıxmışdır; 5) iddiaçının maddi vəziyyəti nəzərə alınmamışdır. Belə ki, məhkəmə qətnaməsində istinad olunan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin 1-ci cümləsi qeyd olunmuş, lakin həmin maddənin 2ci cümləsi nəzərə alınmamışdır, orada isə iddiaçının maddi imkanını nəzərə alaraq mənzildən istifadə hüququnun saxlanılması nəzərdə tutulmuşdur. Nikah dövründə anadan olmuş 3 uşağın və iddiaçının hüquqları pozulmuşdur. Məhkəmənin işin obyektiv, tam və hərtərəfli araşdırılmasında maraqlı olmadığı və öz vəzifə funksiyalarını tam icra etmədiyi üçün qət etdiyi qətnamə əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin ədalətli həllini təmin etməmiş, hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, gəlin köçərkən həmin mübahisəli ünvana köçdüyünü, birgə nikah dövründə evdə təmir-tikinti işləri apardıqlarını, boşanana qədər 13 il müddətində həmin evdə yaşadığını, üç övladı olduğunu və hal-hazırda kirayədə qaldıqlarını, ödənilən alimentin yarısını kirayə haqqı kimi verdiyini qeyd etmiş və qeyd edilənlərə əsasən şikayətinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş və qeyd etmişdir ki, mübahisələndirilən əmlak mülkiyyətində deyil, eyni zamanda qeyd edilən əmlak artıq satılmışdır, iddiaçı ilə birgə nikah münasibətlərindən üç uşaq doğulmuşdur və həmin uşaqlar hazırda anaları ilə birlikdə yaşayırlar, uşaqların saxlanılması üçün aliment də ödəyir, iddiaçı uşaqları saxlaya bilmədiyi halda uşaqlara baxmağa hazırdır, özü isə anası ilə birlikdə dövlət tərəfindən Laçın rayonunda onlar üçün təmin edilmiş evdə yaşayır. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin II hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

9. Nəzərə alınmalı olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

11. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli qərarına əsasən: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

13. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə nikah münasibətləri üzrə hər hansı hüquqi nəticələrin hazırki münasibətlərə təsir göstərmədiyi müəyyən edilir. Apellyator tərəfindən cavabdeh ilə münasibətlər zamanı yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. İddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli evə hər hansı hüququ olmasını təsdiq edə bilməmişdir.

14. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, dalan 13 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin cavabdehin atasına məxsus olmuşdur. Qanunvericiliyin təhlili müəyyən edir ki, mülkiyyət hüququna malik olan şəxsə münasibətdə istifadə hüququ olan şəxslərin ilk növbədə mülkiyyətçinin (keçmiş) ailə üzvləri kimi bir-birilərilə bağlılığı olmalıdır. Mübahisə edilən münasibətdə belə halın mövcudluğu sübuta yetirilmir. Belə ki, ailə qanunvericiliyi ailə üzvləri sırasına ər-arvad, valideynlər və uşaqların daxil olmasını müəyyən edir (Ailə Məcəlləsinin 2.1-ci maddəsi).

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İzah edilməlidir ki, iddiaçının birgə nikah dövründə qeyd edilən ünvanda yerləşən tikiliyə tikintitəmir xərclərini tələb etmək hüququ hazırki tələbin predmeti olmadığından müzakirə predmeti ola bilməz, lakin mötəbər sübutedici hallar əsasında iddiaçı müvafiq tələblə müraciət edə bilər.

17. Kollegiya qeyd edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalı və əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar