Məhkəmə qərarları › İş №2(3-6)-1481/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1481/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1481/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış sahəsinə köçürülmə) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı iddiaçı4 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Işin halları

1. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi ** saylı Mənzil-Kommunal Istismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi *** saylı ünvanda yerləşən yaşayış evində aşağıda adları göstərilən vətəndaşlar qeydiyyatdadılar: 1971-ci il təvəllüdlü iddiaçı4 ##.##.1989-cu ildə qeydiyyatdadır, yaşayıb, hal-hazırda yaşamır, 2004-cü il təvəllüdlü iddiaçı2 - qeydiyyatdadır, 2007-ci il təvəllüdlü iddiaçı1-qeydiyyatdadır, 2001-ci il təvəllüdlü iddiaçı3 -qeydiyyatdadır, 1953cü il təvəllüdlü Cavabdeh - ##.##.2005-ci ildən qeydiyyatdadır, yaşayır.

2. Məhkəmənin soğrusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.1971-ci il təvəllüdlü iddiaçı4 ##.##.2003-cü il tarixdən, ##.##.2001-ci il təvəllüdlü iddiaçı3 ##.##.2016-cı il tarixdən, ##.##.2004-cü il təvəllüdlü iddiaçı2 ##.##.2016-cı il tarixdən və ##.##.2007-ci il təvəllüdlü iddiaçı1 ##.##.2016-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, *** saylı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı4 1988-ci ildə babası və nənəsi ilə birlikdə Ermənistan Respublikasından Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, *** saylı evə köçüb orada yaşamağa başlamışdır. Dayısı da onlarla birlikdə həmin evdə yaşayırdı. Bir neçə il yaşadıqdan sonra dayısı cavabdehlə ailə qurmuş və cavabdeh Cavabdeh qeyd edilən evə gəlin gəlmişdir. Bir neçə ildən sonra babası və nənəsi ölmüşdür. Orada yaşadığı müddətdə cavabdeh Cavabdeh daim iddiaçı ilə mübahisə edərək, onu oradan uzaqlaşdırmağa çalışmışdır. Cavabdeh dəfələrlə dayısını öyrədirdi ki, iddiaçını qeydiyyatdan çıxartsın, dayısı isə buna razılıq vermirdi. Cavabdehin iddiaçıya olan təzyiqlərindən sonra iddiaçı bir müddət kirayələrdə yaşamağa məcbur olmuşdur. Babasına və nənəsinə daim iddiaçı baxmış və 1989-cu ildən bu günə qədər həmin evdə qeydiyyatdadır. Digər iddiaçılar da onun övladlarıdır və onlar dünyaya gəldikdən sonra həmin evə qeydiyyata alınmışlar. Sözügedən yaşayış sahəsi özbaşına tikilidir və cavabdehlə birlikdə iddiaçılar da həmin evdə qeydiyyatdadırlar. Iddiaçılar kirayədə (Bakı şəhəri, Salatın Əsgərova 162) yaşayır və evin kirayə haqqını ödəməkdə çətinlik çəkir. Başqa yaşayış evi olmadığına görə böyüyüb boya başa çatdığı və övladları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, *** saylı evə köçüb orada yaşamaq qərarına gəlmişlər. Lakin cavabdeh Cavabdeh iddiaçıları ora buraxmır. Bu səbəbdən də iddia qaldırılır. Mübahisə edilən evə cavabdehlə bərabər hüquqlara malikdirlər. Belə ki, ailə üzvü kimi mübahisəli evdə yaşamışlar və hər biri həmin ünvanda qeydiyyatdadır. Mübahisə edilən mənzildə ailə üzvü kimi yaşadığından həmin mənzilə istifadə hüququ vardır. Iddiaçıların başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də, cavabdehin iddiaçıları həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Ona görə də, iddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrum edilən mənzilə köçürülməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın təmin edilməməsi və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarına, Qüvvədən düşmüş Mənzil Məcələsinin 53, 60, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 180.1, 180.2-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 216- 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı iddiaçı4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin yaşayış sahəsinə 1988-ci ildə köçməyini, orada 2022-ci ilədək yaşamağını, həmin tarixdən sonra cavabdehin yeganə vərəsəsi oğlunun ölümündən sonra qardaçı oğlunun həmin evi ələ keçirmək niyyəti ilə əlaqədar onun həmin yaşayış yerindən məhrum edilməyini araşdırmamışdır. Məhkəmə düzgün olmayaraq belə qərara gəlmişdir ki, guya iddiaçı 1990-ci ildən həmin mənzili tərk edib getmişdir və uzun müddət yaşamamağı və bu barədə mübahisə qaldırmamağı mənzilə ehtiyacının olmamasını göstərir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyil və sübutlarla təkzib olunur. Məhkəmə mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan normalara əsasən işin hallarına qiymət vermək əvəzinə, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanaraq işin hallarına hüquqi qiymət verir. Bu isə MPM-nin 217-ci maddəsinə ziddir. Belə ki, həmin evə köçürülməyi 1988-ci ildə olub, həmin vaxt isə 1983-cü ildən qüvvədə olan Mənzil Məcəlləsinin maddələri tətbiq edilməlidir. Köhnə Mənzil Məcəlləsinin 53, 60 və 123 maddələrinin tələbləri işin hallarına düzgün tətbiq edilməmişdir. Işin halları ondan ibarətdir ki, iddiaçı 1988-ci ildə mübahisəli mənzilə köçmüş və 2022-ci ilədək orada yaşamışdır. Bundan əlavə cavabdehin həmin mənzilə mülkiyyət hüququ yoxdur və tikili özbaşına tikilidir. Bu isə o deməkdir ki, cavabdeh qədər həmin mənzilə istifadə hüququ qazanmışdır və cavabdehin onu bu hüququndan və mənzilindən məhrum etməsi qanunsuzdur. Lakin məhkəmə işin bu hallarına düzgün qiymət verməmişdir. Bu da tamamilə əsassızdır və mənim Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququmu pozmuşdur. 1982-2009 illərdə qüvvədə olmuş Mənzil Məcələsinin 53 və 123-cü maddələrinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. iddiaçı4 1988-ci ildə babası və nənəsi ilə birlikdə Ermənistan Respublikasından Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, *** saylı evə köçüb orada yaşamağa başlamışlar. Dayısı da onlarla birlikdə həmin evdə yaşayırdı. Bir neçə il yaşadıqdan sonra dayısı cavabdehlə ailə qurmuş və cavabdeh Cavabdeh qeyd edilən evə gəlin gəlmişdir. Bir neçə ildən sonra babası və nənəsi ölmüşdür. Mübahisəli evdə 2022-ci ilədək yaşamışdır. Belə ki, cavabdeh Cavabdeh övladı 2022-ci ildə öləndən sonra ona baxacaq şəxs yalnız iddiaçı idi, belə bir şəraitdə cavabdeh Cavabdeh qardaşı oğlu onu öyrətdi və Cavabdeh məcbur etdi ki, onu evə buraxmasın. Onun məqsədi ilə o idi ki, iddiaçını və övladlarını bu evdən çıxarsın, Cavabdeh xəstə və qoca adamdır, öləndən sonra həmin evə sahib çıxsın. Bu hadisələr isə 2022-ci ildə cavabdeh Cavabdeh oğlunun ölümündən sonra başladı. Həmin vaxta qədər iddiaçı mübahisəli evdə yaşamışdır. Bundan sonra isə cavabdehin qanunsuz olaraq onu mənzildən məhrum etməyi nəticəsində bir müddət kirayələrdə yaşamağa məcbur olmuşdur. 1982-2009 illərdə qüvvədə olmuş Mənzil Məcələsinin 60- cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Iddiaçı mübahisəli mənzili tərk edib getməmişdir, ##.##.2021-ci ildə cavabdehin övladı X1 öləndən sonra bir müddət də həmin evdə yaşayanda cavabdeh Sayad Tağıyevin özünə iddiaçı baxmışdır. Lakin cavabdehin qardaşı oğlu evi ələ keçirmək niyyətinə düşəndən sonra Sayyad Tağıyevanı iddiaçıya qarşı dolduraraq iddiaçını evə buraxmadılar. Bu da 2022-ci ilin əvvəllərinə təsadüf edir. Həmin vaxtdan sonra bir müddət kirayədə qalmış və başqa yaşayış yeri olmadığından həmin evə köçürülməyi barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Işin faktiki hallarından görünür ki, iddiaçı 1988-ci ildə mübahisəli mənzilə köçmüşdür, həmin vaxtdan da istifadə hüququ qazanmışdır. Mənzilindən məhrum edilməyi isə 2022-ci ilin əvvəllərindən başlamışdır. Cavabdehin bu hərəkətləri isə qanunsuz olmuş, belə ki, həmin yaşayış yeri özbaşına tikilidir, cavabdehin həmin evə dair sərəncam vermək hüququ yoxdur, mənim kimi onun da sahiblik və istifadə hüququ vardır. Hesab edir ki, prosessual normanın tələbləri pozulmuş, məhkəmə tərəflərin hüquq bərabərliyi və faktlar əsasında işə baxmamışdır. Işə baxanda görünür ki, istifadə hüququnun olmasına və evə köçürülmə tələbinin əsaslı olmasına dair iddiaçı olaraq sübutlar təqdim etmişdir. Bunun əksinə cavabdeh öz etirazının dəlili olaraq iddiaçının istifadə hüququnun itirilməsinə dair heç bir dəlil təqdim etməmişdir. Məhkəmə isə iş üçün mühüm əhəmiyyəti olan halları araşdırmayıb. Məhkəmə iş üzrə əlaqəli məhkəmə aktlarını araşdırmadan iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul etməklə maddi və prosesual hüquq normalarının tələblərini pozub. Mülki Prosesual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu ##.##.1997-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, qətnamə o zaman əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yəni məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Bizim qətnamə isə bu tələblərə cavab vermir. Mülki Prosesual Məcəllənin 218.1ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim subutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin maddi hüquqi əsaslandırmasına baxanda da aydın görünür ki, maddi hüquq normaları işin hallarına düzgün tətbiq olunmamış və işin halları düzgün araşdırılmayaraq , işin hallarına uyğun düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddiaçının həmin yaşayış sahəsinə 1988-ci ildə köçməyini, orada 2022-ci ilədək yaşamağını, həmin tarixdən sonra cavabdehin yeganə vərəsəsi oğlunun ölümündən sonra qardaşı oğlunun həmin evi ələ keçirmək niyyəti ilə əlaqədar iddiaçının həmin yaşayış yerindən məhrum edilməyini araşdırmamışdır. Məhkəmə düzgün olmayaraq belə qərara gəlmişdir ki, guya iddiaçı 1990-ci ildən həmin mənzili tərk edib getmiş və uzun müddət yaşamamağı və bu barədə mübahisə qaldırmamağı mənzilə ehtiyacının olmamasını göstərir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyil və sübutlarla təkzib olunur. Hesab edirəm ki, məhkəmə mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan normalara əsasən işin hallarına qiymət vermək əvəzinə, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanaraq işin hallarına hüquqi qiymət verir. Bu isə MPM-nin 217 maddəsinə ziddir. Belə ki, mənim həmin evə köçürülməyim 1988-ci ildə olub, həmin vaxt isə 1983-cü ildən qüvvədə olan Mənzil Məcəlləsinin maddələri tətbiq edilməlidir. Köhnə Mənzil Məcəlləsinin 53, 60 və 123 maddələrinin tələbləri işin hallarına düzgün tətbiq edilməmişdir. Işin halları ondan ibarətdir ki, 1988-ci ildə mübahisəli mənzilə köçmüş və 2022-ci ilədək orada yaşamışdır. Bundan əlavə cavabdehin həmin mənzilə mülkiyyət hüququ yoxdur və tikili özbaşına tikilidir. Bu isə o deməkdir ki, cavabdeh qədər həmin mənzilə istifadə hüququ qazanmış və cavabdehin iddiaçının bu hüququndan və mənzilindən məhrum etməsi qanunsuzdur. Lakin məhkəmə işin bu hallarına düzgün qiymət verməmişdir. Iş üzrə birinci instansiya tərəfindən müəyyən edilmiş istifadə hüququnun olmamasına dair dəlillər sübut olunmur. Lakin bunun əksinə mübahisəli mənzilə dair istifadə hüququnun yaranması və həmin mənzilə köçürülməyi barədə tələbinin əsaslı olması təqdim olunmuş sübutlarda öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, 20 ildir həmin mübahisəli mənzildən çıxmağı səbəbindən istifadə hüququ itirilmişdir. Lakin bu işin hallarına uyğun deyil. Belə ki, 2022-ci ilin əvvəllərindən həmin mənzilə buraxılmır və yaşayış yerindən məhrum edilmişdir. Bütün bu hallar onu göstərir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin elə məhkəməni özünün müəyyən etdiyi işin hallarına uyğun gəlmir.

b) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı4 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər iddiaçılar və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin

11. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

12. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

13. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

16. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

17. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakterI daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda qətnamə iddiaçı iddiaçı4 tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən qətnamə iddiaçı iddiaçı4 aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı iddiaçı4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.

33. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddiaçı4 Mənzil Kommunal Istismar Sahəsinin arayışına əsasən 1989-cu ildən qeydiyyata alınmaqla yaşamışdır. Lakin işin mübahisəsiz halına əsasən iddiaçı ailə qurduqdan sonra mübahisəli ünvanı tərk etmiş və özünü başqa ünvanda yaşayış sahəsi ilə təmin etmişdir. Daha sonrakı tarixlərdə isə iddiaçı iddiaçı4 ailə üzvü olan digər iddiaçılar da həmin ünvanda qeydiyyata alınmışlar. iddiaçı4 fərqli olaraq digər iddiaçılar isə ümumiyyətlə mübahisəli mənzildən yaşayış sahəsi kimi istifadə etməmişlər. Qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi özbaşına tikili olmaqla həmin əmlak üzərində bu və ya digər şəxsin hüquqları təsbit edilməmişdir.

35. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı hazırda yaşamağa başqa yerlərinin olmadığını, kirayə ev tutub yaşamağa maddi cəhətdən imkanının çatmadığını qeyd etsə də, qeyd edilən dəlillər iddianın əsaslılığına dəlalət etmir. Iddiaçı ötən 20 ildən də çox müddət ərzində həmin mənzilin onların yeganə yaşayış sahəsi olmasına dair tələb irəli sürməmişdir. Iddiaçının özünün də qeyd etdiyi kimi, ailə qurduqdan sonra həmin ünvanda davamlı yaşamamış, nənəsinə görə müəyyən dövrlərdə gedib gəlmişdir. Iddiaçının qeyd etdiyi hallar onlara kifayət qədər uzun müddətdən sonra həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi qənaətinə gəlmək üçün əsas sayıla bilməz.

36. Birinci instansiya məhkəməsi iddiaçının pasport qeydiyyatında olduğu və özbaşına tikili statusunda olan yaşayış sahəsindən ötən 20 ildən daha artıq müddətdə yaşayış sahəsi kimi istifadə etməməsini, həmin ünvanda ona aid hər hansı əmlakın olmamasını, həmin ünvanda yaşamaqla hər hansı kommunal ödənişin icrasında iştirak etməmələrini, həmin ünvana hər hansı hüquqlarının yaranmadığını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı iddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı iddiaçı4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar