Məhkəmə qərarları › İş №2(3-6)-1485/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1485/2026

12.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1485/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı mülki iş (Açar sözlər: «sənədlərin təqdim edilməsi, iddianın qismən etirafı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bağırova-X1 tərcüməçiliyi, İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, cavabdeh “xxxx” MTK-nın nümayəndəsi İskəndərov Saleh Etibar oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MTK-nın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## ##### 2018-ci il tarixli Əvəzləşdirmə müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan ## #### 2020-ci il tarixli ** saylı Əlavəyə əsasən “xxxx” ünvan 3 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan 79,54 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə güzəştli faiz əlavə etməklə təmirli (mənzil aksessuarları daxil olmamaq şərti ilə), divaraltı sahəsiz 95 kv.m. və təmirsiz, divaraltı sahələr ilə birlikdə 52 kv.m., hər kvadrat metr üçün 1300 (min üç yüz), ümumi qiyməti 67.600 (altmış yeddi min altı yüz) manat məbləğində vəsait ödəmək şərti ilə ümumi sahəsi 147 kv.m-dən ibarət olan, binanın 2-ci blok, 4-cü mərtəbəsində 3 otaqlı mənzili “Mülkiyyətçi”-yə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən onlara məxsus olan mənzili (qeyri-yaşayış sahəsini) söküntü üçün “xxxx” MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.

2. ##.##.2020-ci il tarixli kassa mədaxil orderində göstərilib ki, İddiaçı tərəfindən “xxxx” MTK-nın hesabına 67.600 manat məbləğində ödəniş edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi nümayəndə2 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda göstərilib ki, onun mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir.

4. İddiaçı “xxxx” MTK-ya ünvanlandığı ##.##.2025-ci il tarixli ərizədə protokoldan çıxarış və maliyyə arayışının verilməsindən imtina edilməsinin səbəbinin yazılı şəkildə göstərilməsini xahiş edib.

5. “xxxx” MTK isə İddiaçı ünvanlandığı ##.##.2025-ci il tarixli cavab məktubunda göstərb ki, «“xxxx” MTK tərəfindən zəruri sənədlərin təqdim edilməsi üçün kooperativə üzvlüyünüz və üzvlük öhdəliklərinizi icra etməyiniz mütləqdir. Həmçinin, binanın idarə olunması və kommunal xidmətlər üzrə ödənişlərin aparılması ilə bağlı MTK qarşısında öhdəliklərinizi də 2024-cü ilin yanvar ayından etibarən bu günə kimi icra olunmamışdır. Yuxarıda qeyd olunanlar həll olunduqdan sonra müraciətinizdə göstərilən məsələyə MTK-nın iclasında baxılacaqdır».

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında inşa etdiyi yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 147 kv.metrdən ibarət mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənziltikinti kooperativinin maliyyə arayışının, həmin mənzilə dair “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) verilməsi öhdəliyinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 100 (yüz manat) dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

7. İddiada göstərilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ## ###### 2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş ## ###### 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-tikinti şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə “xxxx” MMC arasında ## ###### 2016-cı il tarixində müqavilə bağlanmışdır. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ## ##### 2018-ci il müqaviləyə əsasən satıcı “xxxx” ünvan 3 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan 79,54 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə güzəştli faiz əlavə etməklə təmirli (mənzil aksessuarları daxil olmamaq şərti ilə), divaraltı sahəsiz 95 kv.m. və təmirsiz, divaraltı sahələri ilə birlikdə 52 kv.m., hər kvadrat metr üçün 1300 (min üç yüz), ümumi qiyməti 67.000 (altmış yeddi min) manat məbləğində vəsait ödəmək şərti ilə ümumi sahəsi 147 kv.m-dən ibarət olan, binanın 2-ci blok, 4-cü mərtəbəsində 3 otaqlı mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və müqaviləni şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdeh qarşısında müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Mənzil dəyəri tam olaraq ödənildiyindən həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edən zaman, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsas gətirilərək, qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlərin (maliyyə arayışı və ümumi yığıncağın protokoldan çıxarışı) təqdim edilməli olması bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh “xxxx” MTK müraciət edərək, protokoldan çıxarışın və maliyyə arayışının ona verilməsini tələb etmişdir. Lakin cavabdeh pul tələb etmək məqsədilə qeyd edilən sənədlərin - maliyyə arayışının və ümumi yığıncağın qərarının (protokoldan çıxarış) verilməsindən əsassız olaraq imtina edir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə yazılı şəkildə müraciət edərək, qeyd olunan sənədlərin verilməsini tələb edəndən sonra, cavabdeh tərəfindən ona ##.##.2025-ci il tarixli, ** saylı cavab məktubu göndərilmişdir. Həmin məktubda kommunal xidmətlərə dair borcunun olduğuna görə qeyd edilən sənədlərin verilməsini mümkünsüz olduğu qeyd edilmişdir. Kommunal borcun olub-olmamasını tələb etdiyi sənədlərin verilməsinə imtina üçün əsas ola bilməz. Cavabdehin belə bir hüququ hər hansı normativ aktla müəyyən edilməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın təmin edilərək ünvan 3 ünvanında yerləşən binanın 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m-dən ibarət olan 3 otaqlı ** nömrəli mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının, “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsi və iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh “xxxx” MTK-dan alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı ilə “xxxx” MMC arasında ##.##.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsi imzalanmış, həmin müqaviləyə və ona ##.##.2020-ci il tarixli əlavəyə əsasən cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarını sökməyi və həmin sahədə yeni binalar tikməyi, söküləcək binada mülkiyyətçiyə məxsus ümumi sahəsi 79,54 kv.metr sahəsi olan mənzilin əvəzinə, ümumi 67.000 manat məbləğində vəsait ödənilməsi şərti ilə mülkiyyətçiyə ümumi sahəsi 147 kv.metr sahəsi olan mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ##.##.2020-ci il tarixində 67.600 manat məbləğində ödəniş edilmişdir. İddiaçı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən ona müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və maliyyə arayışının verilməsi üçün cavabdehə yazılı ərizə ilə müraciət etmiş, lakin cavabdeh kommunal xidmətlər üzrə ödənişlərin aparılmamasını əsas gətirərək həmin sənədləri verməkdən yazılı şəkildə imtina etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, sözügedən hüquqmüəyyənedici sənədlərin – MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh “xxxx” MTK-ya həvalə edilməsini xahiş edir, cavabdeh “xxxx” MTK isə iddianı qismən etiraf edərək, maliyyə arayışının verilməsi hissəsində qəbul edir, lakin mənzilin layihəsində dəyişiklik edilməsini əsas gətirərək protokoldan çıxarışın verilməsi hissəsində iddia tələbini qəbul etmir. İddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər iddiaçı İddiaçı məxsus mənzilin alınıb MTK tərəfindən sökülməsi və iddiaçıya əlavə 67.600 manat ödənilməsi şərti ilə mənzil verilməsi barədə razılığa gəlmişlər, iddiaçı öhdəliyini yerinə yetirərək mənzilini MTK-ya təhvil vermiş, nəzərdə tutulan əlavə ödənişi etmiş, lakin MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Mənzil-tikinti kooperativi üzvünün mənzilə mülkiyyət hüququ əldə etməsi şərtləri Azərbaycan Respublikasının Mülki və Mənzil Məcəllələrində qeyd edilmişdir. İddiaçı pay haqqını tam ödəmiş, beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnu qeydiyyata almaq üçün müvafiq sənədləri tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə, cavabdeh iddianı qismən qəbul edərək, iddiaçının tam ödənişi etməsi səbəbindən maliyyə arayışını tələb etməkdə haqlı olduğunu etiraf etsə də və maliyyə arayışını iddiaçıya təqdim edə biləcəklərini bildirsə də, cavabdeh tərəf məhkəməyə müraciət etmədən öncə və məhkəmə prosesləri boyunca həmin arayışı da iddiaçıya təqdim etməmiş, əsassız olaraq öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehin iddia tələbinə etirazının dəlili kimi göstərdiyi “layihənin iddiaçı tərəfindən dəyişdirilməsi” və ya yazılı imtina məktubunda göstərdiyi “kommunal xərclərin ödənilməməsi” və s. kimi hallar isə onun öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması üçün tutarlı əsas kimi qəbul edilə bilməz. Buna görə də müqavilənin icrasının təmin edilməsi, yəni mənzilin İddiaçı mülkiyyətinə keçməsi məqsədilə ünvan 3 ünvanında yerləşən binanın 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.mdən ibarət olan 3 otaqlı ** nömrəli mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının, “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh “xxxx” MTK (nümayəndəsi İskəndərov Saleh Etibar oğlu) verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş edib göstərir ki, “xxxx” MMC tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş və ümumi sahəsi 147 kv.m. olan Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 46/48, B bloku,mərtəbə 4, ** saylı mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı ##.##.2021-ci il tarixindən etibarən həmin ünvanda yaşamaqdadır. Lakin İddiaçı tərəfindən ona təhvil verilmiş mənzildə qanunsuz yenidən layihələndirmə işləri aparılmışdır. Belə ki, ümumi sahəsi 147 kv.m. olan ** saylı bir mənzil təhvil verilsə də, İddiaçı tərəfindən sonradan qanunsuz konstruktiv dəyişikliklər aparılmış və həmin mənzil iki ayrı mənzilə bölünərək iki ayrı giriş qoyulmuşdur. Bununla da, binanın xüsusilə də, həmin mərtəbənin dayanıqlılığına zərər dəymiş və konstruktiv zərər dəymişdir. Bu səbəbdən də, sakinə ümumi yığıncağın prokolundan çıxarışın verilməsi mümkün olmamışdır. Belə ki, prokoldan çıxarışda yazılacaq sahə və mənzil ünvanı reallıqdakı vəziyyətlə üst-üstə düşməyəcəkdir. İddiaçıya aid mənzilin yerləşdiyi mərtəbənin təsdiq edilmiş layihəsi iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən həmin sübut müzakirə edilməmiş, həmin sübuta qətnamədə ümumiyyətlə yer verilməmişdir. Həmçinin, iddiaçı tərəfindən hər hansı layihədən kənara çıxma hərəkətlərinin edilmədiyi barədə sübut təqdim edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

11. İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 məhkəmə iclasında təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdeh “xxxx” MTK-nın nümayəndəsi İskəndərov Saleh Etibar oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Əvvəla, iddiaçı tərəfindən ona təhvil verilmiş mənzildə qanunsuz yenidən layihələndirmə işləri aparıldığı, ümumi sahəsi 147 kv.m. olan ** saylı bir mənzil təhvil verilsə də, sonradan qanunsuz konstruktiv dəyişikliklər aparılması və həmin mənzilin iki ayrı mənzilə bölünərək iki ayrı giriş qoyulması, binanın xüsusilə də, həmin mərtəbənin dayanıqlılığına zərər dəyməsi, konstruktiv zərər dəyməsi, bu səbəbdən də, sakinə ümumi yığıncağın prokolundan çıxarışın verilməsinin mümkün olmadığı, belə ki, prokoldan çıxarışda yazılacaq sahə və mənzil ünvanı reallıqdakı vəziyyətlə üst-üstə düşməyəcəyi, iddiaçıya aid mənzilin yerləşdiyi mərtəbənin təsdiq edilmiş layihəsi iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən həmin sübut müzakirə edilmədiyi, həmin sübuta qətnamədə ümumiyyətlə yer verilmədiyi, iddiaçı tərəfindən hər hansı layihədən kənara çıxma hərəkətlərinin edilmədiyi barədə sübut təqdim edilməməsi tələb edilən sənədlərin iddiaçıya verilməsindən imtina etmək üçün əsas deyildir. İddiaçı qeyd olunan sənədləri cavabdehlə bağladığı ## ##### 2018-ci il tarixli Əvəzləşdirmə müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan ## #### 2020-ci il tarixli ** saylı Əlavənin şərtlərinə əsasən, yəni müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyinə görə tələb edir və tələb etməkdə də haqlıdır. Müqavilənin şərtlərinə görə cavabdeh də öz öhdəliklərini icra etməlidir və tələb edilən sənədləri iddiaçıya verməlidir. Lakin həmin sənədləri vermədiyi üçün iddiaçı da bunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalır.

27. Bununla yanaşı, cavabdeh məhz iddiaçının qanunsuz konstruktiv dəyişikliklər aparmasına və həmin mənzilin iki ayrı mənzilə bölərək iki ayrı giriş qoymasına, bununla da binanın, xüsusilə də, həmin mərtəbənin dayanıqlılığına və konstruktiv zərər dəyməsinə dair də məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Cavabdeh iddiaçıdan layihədən kənara çıxma hərəkətlərinin etmədiyinə dair sübut təqdim etmək tələb edilmədiyini göstərsə də iddiaçıdan bu cür sübut təqdim etmək tələb edilə bilməz. Çünki neqativ sübut edilmir, cavabdeh belə bir hala istinad edirsə sübut etmə yükü onun üzərinə düşür, ancaq məhz iddiaçının bu cür dəyişiklik etdiyini sübut edə bilmir. Apellyasiya baxışı zamanı da iddiaçı məhz cavabdehin bu cür dəyişikliklə mənzili ona təhvil verdiyini bəyan etdi, cavabdeh tərəf isə bunu təkzib edə bilmədi. Bir də ki, iddaçı cavabdehdən ümumi yığıncağın prokolundan çıxarışda yazılacaq sahə və mənzilin ünvanının reallıqdakı vəziyyətə uyğun yazılmasını və verilməsini tələb etmir, tələb etdiyi ancaq müqavilə şərtlərinə uyğun ümumi yığıncağın prokolundan çıxarışdır ki, cavabdeh də bunun verilməsindən qeyd olunan hallara istinad edərək imtina edə bilməzdi.

28. Başqa sözlə cavabdeh yalnız bu halı əsas gətirib tələb edilən sənədləri iddiaçıya verməkdən imtina edə bilməz. Bu hal ona dəlalət edir ki, cavabdeh tələb olunan sənədləri iddiaçıya verməməklə qeyd etdiyi halların iddiaçı tərəfindən aradan qaldırılmasına nail olmaq üçün təsir yaxud təzyiq vasitəsi kimi istifadə edir. Bu yolverilməz haldır. Çünki bununla iddiaçının mənzil üzərində əmlak hüquqları, o cümlədən gözlənilən mülkiyyət hüququnu pozmuş olur. O başqa məsələ ki, cavabdeh həqiqətən hesab edirsə ki, bunun üçün faktiki və qanuni əsas var, o zaman bəyan etdiyi dəyişikliyin aradan qaldırılması üçün yaxud komunal xərcləri vermədiyi yaxud bunun üçün yeni müqavilə bağlamadığı halda məhkəmə qaydasında iddia irəli sürə bilər. Lakin cavabdehin iddiaçıya qarşı bununla bağlı hansısa tələbi yoxdur. Buna görə də cavabdeh öz məqsədinə çatmaq düzgün vasitə seçməmiş, bununla da iddiaçının qeyd olunan hüquqlarını pozmuşdur.

29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar