Məhkəmə qərarları › İş №2(3-6)-150/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-150/2026

03.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-150/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətində olan evindən cavabdehlərin və ailə üzvlərinin çıxarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 Naim oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətində olan evindən cavabdehlərin və ailə üzvlərinin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2indən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və azyaşlı uşaqları ilə birgə cavabdehlərə məxsus əşyaların cavabdehlərin hesabına boşaldılması və çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ qrup əlildir, ailəlidir, birgə nikahdan 3 övladı var. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra-1, 77/251 saylı fərdi ev onun xüsusi mülkiyyətindədir. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (qeydiyyat nömrəsi FM 021621) 61 nömrəli reyestr kitabının 9215 nömrəli vərəqində xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Ona məxsus fərdi evə cavabdeh əmi Cavabdeh1 o zaman başqa yaşayış evi olmadığından ondan müəyyən zamanda yaşamağa icazə istəmiş, o, Cavabdeh1 müəyyən vaxta yaşamağa icazə vermişdir. Lakin sonradan cavabdeh onun ailə vəziyyətini, onun gözdən əlil olmağından sui-istifadə edərək evinin digər otaqlarını zəbt edərək ora əvvəlcə arvadı Mirvarini, uşaqlarını yerləşdirmiş, daha sonra isə gəlinlərini də onun icazəsi olmadan yerləşdirməklə özbaşınalıq etmişdir. O, dəfələrlə cavabdehlərin ona məxsus evdən çıxmasını xahiş etsə də, cavabdeh xahişi nəzərə almadan ona məxsus fərdi evin özünə məxsus olmasını iddia etmişdir. Hətta cavabdehlər ona qarşı "mənzil yaşayış hüququnun tanınması və qeydiyyata alınma" iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1356/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 cavabdehlər İddiaçı, Nümayəndə Duman qızına və Binəqədi RPİ-yə qarşı "mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınma" tələbinə dair iddiası əsassız olduğundan iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Hal-hazırda cavabdehlər azmış kimi gəlinləri və azyaşlı uşaqları ilə onun evini zəbt edərək orada yaşamağa davam edirlər, evdən çıxmaq belə bilmirlər. Dəfələrlə aralarında evlə bağlı mübahisə yaranmış, Binəqədi RPİnin 7-ci Polis Bölməsində mübahisəli ailə kimi qeydiyyatdadırlar və ona məxsus evini yandırmaqla hədələyir. O, mülkiyyətində olan evdə öz istəyi ilə hərəkət edə bilmir, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fərdi evindən istifadə edə bilmir. Cavabdehlərin özbaşına hərəkətləri ilə ona məxsus evindən öz evi kimi qəbul edərək onun iradəsinə zidd olaraq orada məskunlaşmış və yaşamaqdadır. Onun gözdən əlil olmağını istifadə edərək Cavabdeh1 istədiyi kimi hərəkət edir, dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, ona məxsus evini boşaltmaq, orada cavabdehlərə və ailə üzvlərinə məxsus əşyalarını belə çıxartmaq istəmir. Qeyd edir ki, artıq onun ailə üzvləri, oğulları böyümüş, onların evlənməsi və ona məxsus evdə yerləşməsi cavabdehlərin qanuna zidd hərəkətİəri nəticəsində qeyri-mümkündür. Cavabdehlər bu illər ərzində onun evindən kobud qaydada istifadə edir və hal-hazırda etməkdədir. Hesab edir ki, onun iradəsinə zidd olaraq cavabdehlər və onun ailə üzvləri evində yaşamaqda davam etməsi iddiaçı olaraq onun evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktik sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Beləliklə, hazırkı mübahisə üzrə cavabdeh onun iradəsinə zidd olaraq ora köçərək yaşamışdır, evinin boşaldılmasını cavabdehlərdən tələb etdikdə, kobud rəftara rast gəlir. Cavabdehlər özbaşına hərəkətləri ilə hədə-qorxu gəİməklə onu və yaxınlarını bezdirmişdir. Hesab edir ki, həmin fərdi evi onun mülkiyyət hüququ daşınmaz əmİak dövlət reyestrində qeydiyyata alınmış, lakin həmin evin sahiblik, istifadə və sərəncam vermək hüquqları Cavabdeh1 və onun ailə üzvləri tərəfindən kobud surətdə pozulmuş və bunun qarşısı alınmalıdır.

3. Cavabdehlər iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdilər ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinə “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək onların ünvan 2dən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi aşağıda göstərdiyi səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı onlarla yaxın qohumdur. O, hazırkı iş üzrə iddiaçının əmisidir. Mübahisəli ev onun mərhum atası X8 tərəfindən 1988-ci ildə alınmışdır. X8 onu pasport qeydiyyatına salmışdır. Mübahisəli evə bitişik boş torpaq olduğu üçün o, 1989-cu ildə öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evini inşa etmişdir. 1990-cı ildə öz vəsaiti hesabına inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1ci sıra, 251A saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh1 öz yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 251A fərdi evə bu günə kimi qaz, su, işıq bələdiyyə vergisi ödəyir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Rəşad Qoşqarlı) ilə iddia tələbi təmin edilmiş, Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və azyaşlı uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evindən öz hesablarına əşyaları ilə birlikdə çıxarılması, Cavabdeh1 100 (yüz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qərara alınmışdır.

5. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əlavə olaraq da qeyd etdi ki, artıq neçənci iclasdır ki, cavabdehlər və onların vəkilləri məhkəmə iclaslarına gəlmirlər, qəsdən yayınırlar, rayon məhkəməsində işə baxılarkən də onlar belə davranmışlar, iclaslara gəlmirdilər, məqsədləri isə işə baxılmasını uzatmaqdır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi.

10. Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdehlərin iştirakını təmin etmək məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salınsa da, apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin vəkili ərizə yazaraq iclasın təxirə salınmasını xahiş etmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Məhkəmə nəzərə almışdır ki, mənzil məsələsi ilə bağlı, həm də cavabdehin özünün şikayətinə əsasən keçirilən məhkəmə iclaslarında cavabdehin özünün şəxsən iştirak etmək imkanı olduğu halda, onun məhkəmə iclaslarına davamlı olaraq gəlməməsi və bunun üzürlü səbəbləri barədə məlumat verməməsi anlaşılan deyildir.

11. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanına dair hüquq subyekti İddiaçı adına xx.xx.2003-cü il tarixdə texniki pasport tərtib edilmişdir.

13. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

14. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(001)-1356/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 cavabdehlər İddiaçı, Nümayəndə və Binəqədi rayon Polis İdarəsinə qarşı “mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X3, X2, Nümayəndə, X1, X5, X4 ünvan 3 ünvanında qeydiyyatdadırlar.

16. AB seriyalı 017270 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür.

17. Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 77/251 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 251A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.

19. Ödəniş qəbzlərindən görünür ki, Qarayev X6 rayonu, Xutor qəsəbəsi, 1-ci sıra, ev (bina) 1024, mənzil 251 ünvanı üçün ödənişlər etmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi texniki pasporta əsasən 306.4 kv.m olsa da, faktiki olaraq 337.0 kv.m təşkil edir. Əlavə 30.6 kv.m torpaq sahəsi istifadə olunur. Torpaq sahəsinin üzərində mövcud olan fərdi yaşayış evinin texniki pasportu ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Belə ki, "A" literli tikilidə rekonstruksiya işləri aparılaraq tikintialtı sahəsi 51.3 kv.m olan əlavə sahələr və “B” literli tikilidə isə rekonstruksiya işləri aparılaraq tikintialtı sahəsi 58.5 kv.m olan ikinci mərtəbə inşa edilmişdir. "A" literli tikilidə qeyd olunan 4,5,6,7 və 8 saylı sahələr vətəndaşın qohumunun istifadəsindədir. Torpaq sahəsinin və üzərində yerləşən yaşayış evlərinin faktiki olaraq yerləşməsini əks etdirən sxem mütəxəssis rəyinə əlavə olundu (koordinatlar göstərilməklə).

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2479/2025 saylı qərardadın surətindən görünür ki, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası:

22. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

27. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. İddia tələbini təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarınən Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır. İddiaçı özünə məxsus fərdi evdə cavabdeh olan əmisi Cavabdeh1 və onun ailə üzvlərinə müvəqqəti olaraq yaşamağa icazə vermişdir. Lakin sonradan cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamışdırlar. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneə yaradırlar. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və azyaşlı uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evindən öz hesablarına əşyaları ilə birlikdə çıxarılmalıdırlar.

46. Cavabdeh apellyasiya şikayətində həmin evi öz vəsaiti hesabına 1989-cu ildə tikdiyini və iddiaçının onu aldadaraq həmin evə çıxarış aldığını qeyd etmişdir.

47. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən kifayət qədər əsaslı, mötəbər sübutları Məhkəməyə təqdim etməmişdir.

48. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

50. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

51. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkanından istifadə edərək cavabdehlərin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

54. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

55. Məhkəmə həm də qeyd edir ki, hazırkı mülki iş üzrə təyin edilən 2 məhkəmə kollegiyasının iclasında da cavabdehlərin iştirak etməməsi və iclasa gəlməməklərinin səbəbləri barədə Məhkəməyə məlumat verməmələri də apellyasiya şikayətinin tutarlı dəlillərinin olmadığını, buna görə də onun məhkəmə prosesindən yayındığını göstərir.

56. Beləliklə də, hazırkı halda iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, eləcə də cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

57. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

58. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə onun şikayətinə münasibətədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi hazırkı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar