Məhkəmə qərarları › İş №2(3-6)-157/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-157/2026

23.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-157/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2423/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Kirayəyə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə kirayəçi hərbi qulluqçu leytenant Cavabdeh arasında bağlanılmış 173 nömrəli xx.xx.2015ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ünvan 1rəli binada 173 nömrəli mənzil ünvanında yerləşən dövlət mənzil fonduna aid, yaşayış sahəsi 50,92 kv.m. olan 2 otaqlı yaşayış sahəsini kirayə haqqı ödəməklə müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh 3 nəfər ailə üzvləri ilə birlikdə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayə müqaviləsinin 2.4.11.-ci bəndindən müəyyən olunur ki, bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 gündən artıq olmamaq şərti ilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayə verənə təhvil vermək kirayəçinin vəzifəsidir. Bakı qarnizonu üzrə mənzil komissiyasının 18 nömrəli xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmış, Qarnizonun yaşayış fondunda boşaldılmış xidməti yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş, fikir mübadiləsi aparılaraq komissiya N №-li hərbi hissənin baş leytenantı Cavabdeh 3 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 saylı evin 20 saylı mənzilinin verilməsi və onunla bağlanmış əvvəlki kirayə müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 138 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubuna əsasən “ünvan 2 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 3 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaş Cavabdeh ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsinin həyata kpeçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ünvan 5 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması, ünvan 5 ünvanında yerləşən mənzilə dair vətəndaş Cavabdeh ilə daimi icarə müqaviləsinin bağlanılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 5 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş Cavabdeh adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi qərara alınmışdır. İcarəyə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 №-li Mənzil-İstismar sahəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 №-li evin, sahəsi 148,21 kv.m. olan 5 otaqdan ibarət 20 №-li mənzilin təhvil-təslim aktında göstərilmiş qaydada və vəziyyətdə icarəçiyə müddətsiz icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Yasamal RİH başçısının xx.xx.2019-cu il tarixli 138 saylı sərəncamına əsasən verilmiş Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 15 saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14, M3, m1) Cavabdeh istifadə hüququ qeydə alınmışdır. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 1 saylı MİŞ-nin rəisi A.Həsənov tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 173 №-li, xx.xx.2015-ci il tarixli kirayə müqaviləsi əsasında ünvan 6 ünvanda verilən 2 otaqlı, sahəsi 50,92 kv.m. olan xidməti yaşayış sahəsinə köçərkən müvafiq hallar meydana gəldikdə şərtsiz olaraq mənzili təhvil verəcəyi barədə iltizam imzalaması, 173 №-li, xx.xx.2015-ci il tarixli kirayə müqaviləsinin 2.4.11-ci yarımbəndinə əsasən bu müqavilə ləğv edildikdən və ya xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 gündən artıq olmamaq şərti ilə) kirayəçi yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayəyə verənə təhvil verməli olması, hal-hazırda MN ilə əmək münasibətində olmaması ilə əlaqədar olaraq Cavabdeh yaşadığı xidməti mənzili xx.xx.2025-ci il tarixədək təhvil verməsi, qeyd olunan müddətdə mənzili təhvil vermədiyi təqdirdə kirayə müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq tədbirlərin görülməsi barədə xəbərdar edilərək, mənzilin təhvil verilməsi və bununla bağlı əlaqəli məsələlərin həlli üçün MN Mİİ-nin Mənzil bölməsinə müraciət etməsi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh ünvan 5 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu ilə Cavabdeh ünvan 7 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və xx.xx.2005-ci il tarixli 173 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 7 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Cavabdeh ünvan 5 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra Cavabdeh ünvan 7 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, sözügedən xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonluna aid olan xidməti yaşayış sahəsində “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, mənzillə təmin olunmuş, lakin aprel ayına qədər möhlət istəyir, belə ki, hal-hazırda mənzildə yaşayan şəxs Azərbaycan hüdudlarından kənardadır, aprel ayında gəlib evi ona təhvil verəcək. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-2423/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ünvan 8 ünvanında yerləşən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması və Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Cavabdeh ünvan 9 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu ilə dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Cavabdeh 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 5 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə ona ünvan 5 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra cavabdehə ünvan 8 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, həmin xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonluna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı ilə əlaqədar həmin fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh ünvan 5 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Cavabdehin hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 4 saylı evin 173 saylı mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondunun balansındadır, həmin mənzil cavabdehə dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər verilmişdir (3 nəfər ailə tərkibi ilə). Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 4 saylı evin 173 saylı mənzilindən “mənzillə təmin edilmədən” məcburi çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1, 91.2, 102.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2423/2025 saylı saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ona qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh ünvan 5 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu ilə Cavabdeh ünvan 7 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və xx.xx.2005-ci il tarixli 173 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 7 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Cavabdeh ünvan 11 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra Cavabdeh ünvan 7 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, sözügedən xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonluna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, iddia tələbinə dair nümayəndənin izahatını və iş materialını sadalayaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə işin həqiqi hallarını qiymətləndirərkən nəzərə almamışdır ki, məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, işin həqiqi halı heç də iddiaçının göstərdiyi kimi deyildir. Belə ki, ona yaşayış üçün Müdafiə Nazirliyi tərəfindən ayrılmış digər mənzil Bakı şəhəri Yasamal rayonu, S.Dağlı küçəsi ev 14, mənzil 20 – sənəd üzərində ona verilsə də, faktiki olaraq ona təhvil verilməmişdir. Ona daimi yaşayış üçün ayrılmış mənzildə başqa şəxs yaşayır, həmin mənzil boş deyildir və bunu iddiaçı tərəf də bilir. Dəfələrlə iddiaçı tərəfə müraciət edərək, ona ayrılmış mənzilin boşaldılması, onun istifadəsinə və sahibliyinə faktiki təhvil verilməsini xahiş etmiş, lakin iddiaçı tərəf bu istiqamətdə müsbət addım atmamışdır. Hər dəfə ona vəd verilmişdir ki, mənzil boşaldılaraq ona yaşayış üçün təhvil veriləcəkdir, lakin buna əməl edilməmişdir. Ona görə də o, hazırda ailə üzvlərilə birgə yaşadığı Mətbuat prospekti, ev 4 mənzil 173dən çıxa bilmir. Həmin mənzildən çıxarılırsa, həmin gün ailə üzvlərilə birgə küçədə qalacaqdır. Başqa yaşayış yeri yoxdur. Bunu iddiaçı tərəf də bilir. Lakin ona sənəd üzərində ayrılmış mənzilin istifadəsinə və sahibliyinə verilməsini təmin etməmişdir. O, mənzildə qanuni əsaslarla yaşayır, mənzildən çıxarılması Konstitusiyanın 43-cü mddəsi ilə qorunan hüquqlarının kobudcasına pozulması ilə nəticələnər. İddiaçı bağladığı kirayə müqaviləsinin 2.4.11-ci bəndinə əsasən, müqavilə ləğv edildikdən sonra 30 gün ərzində onun mənzili təhvil verməli olması şərtləşdirilmişdir. İş materiallarından isə müəyyən olunduğu kimi müqavilə ləğv olunmamışdır. Hazırda da onun mənzildə yaşayışına dair kirayə müqaviləsi qüvvədədir və bu halda, onun mənzildən çıxarılması qanuni əsaslarla yaşadığı mənzildən məhrum edilməsi deməkdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, 2022-ci ilin may ayından pensiyaya çıxmışdır. Ev sənəd üzərində onun adınadır, amma ev ona təhvil verilməmiş, evdə Kamal Hacıyev adlı şəxs yaşayır. K.Hacıyev hal-hazırda ölkə ərazisində deyil, xaricdədir, onun telefon zənglərinə cavab vermir. Evdə də onun əşyaları vardır. Evin qapısı bağlıdır, hazırda heç kəs yaşamır. O, Səbail rayonundakı evdə yaşayır, Yasamal rayonundakı evdə isə yaşayış vardır. Yasamal rayonundakı evə dair ona çıxarış verilmişdir. Bu məsələ ilə bağlı rəhbərliyə müraciət etmiş, ona başqa ev verildiyi üçün yaşadığı evdən çıxmalı olması bildirilmişdir. 2019-cu ildən ona mənzilin açarı verilməmişdir. Mənzil ona təhvil verilənədək hazırda yaşadığı mənzildə qalmasına icazə verilməsini xahiş edir. O, evi zəbt edən şəxsin evdən çıxarılması üçün məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, cavabdeh apellyasiya şikayəti verilməkdə məqsədi vaxt uzatmaqdır. Çünki cavabdeh onlardan vaxt istəmiş, onlarda zabit yoldaşı olaraq ona vaxt vermişlər. Mənzili olmayan hərbiçilər olduğu halda cavabdeh iki mənzili özündə saxlayır. 2019-cu ildən cavabdehə mənzil verilmiş, cavabdehin mənzilə dair çıxarı da vardır. Bakı şəhəri Yasamal rayonundakı mənzildən kimsə çıxmırsa bu artıq cavabdehin öz problemidir. Hazırda Bakı şəhəri Yasamal rayonundakı mənzildə heç kəs yaşamır. Cavabdehin dayısının tanışı olub, o, da öz əşyalarını mənzilə yığmışdır. Cavabdehin dayısı da hərbiçi olmuşdur. Bakı şəhəri, Yasamal rayonundakı ev cavabdehə verildiyi zaman faktiki olaraq orada heç kəs yaşamamışdır. Həmin ev əvvəldən, yəni 2019-cu ildən cavabdehin adına olmuşdur. Ev cavabdehə verilərkən cavabdehlə oranı zəbt edən şəxsin aralarında sonuncunun müvəqqəti orada yaşaması barədə razılıq olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Maddə 103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”. Bənd 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Bənd 2.1.Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Bənd 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Bənd 3.5.Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdehə hazırda yaşadığı mənzil 173 nömrəli xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən iş yerindən verilmiş, müqavilə şərtlərinə əsasən, cavabdeh kirayə müqaviləsi ləğv edildikdən sonra razılaşdıqları müddətdə, lakin 30 gündən artıq olmamaq şərti ilə yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. Apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh bağladığı kirayə müqaviləsinə xitam verilmədiyini bildirsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı qarnizonu üzrə mənzil komissiyasının 18 nömrəli xx.xx.2019-cu il tarixli protokoluna əsasən, yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmış, Qarnizonun yaşayış fondunda boşaldılmış xidməti yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş, fikir mübadiləsi aparılaraq komissiya N №-li hərbi hissənin baş leytenantı Cavabdeh 3 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 saylı evin 20 saylı mənzilinin verilməsi və onunla bağlanmış əvvəlki kirayə müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, icarəyə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 nömrəli Mənzil-İstismar sahəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 №-li evin, sahəsi 148,21 kv.m. olan 5 otaqdan ibarət 20 №-li mənzili təhvil-təslim aktında göstərilmiş qaydada və vəziyyətdə icarəçiyə müddətsiz istifadəyə verilmişdir. Kollegiya qeyd edir ki, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətləri ərzində istifadə etmələri üçün verildiyindən bu münasibətlərə xitam verilməsinin əsaslarından biri də, əmək və ya qulluq münasibətlərinə, habelə seçkili vəzifədə qalmağa xitam verilməsidir. Göründüyü kimi tərəflər arasında bağlanmış 173 nömrəli, xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə kirayəyə verənin səlahiyyətli şəxsinin qərarı ilə hələ xx.xx.2019-cu il tarixdə xitam verildiyi, cavabdehin müddətsiz istifadəsinə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, dövlət mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 №-li evin, sahəsi 148,21 kv.m. olan 5 otaqdan ibarət 20 №-li mənzili verildiyi halda, iddiaçı ilə 2022-ci ildən əmək münasibətlərinə xitam verilmiş cavabdeh iddiaçının xx.xx.2025-ci il tarixli xəbərdarlığını aldıqdan sonra da, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsini, yəni ünvan 8 ünvanında yerləşən yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Kollegiya Cavabdeh müddətsiz istifadəsinə verilmiş mənzilin kənar şəxsin nəzarətində olması səbəbindən hazırkı mənzildən çıxmamasına dair dəlili üzrə qeyd edir ki, bu dəlili cavabdehin xidməti mənzildə yaşamaqda davam etməsi üçün əsas ola bilməz. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 15 saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14,M3,m1) Cavabdeh istifadə hüququ qeydə alınmışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 158.1.,158.1.2.,158.2.,158.4-cü maddələrinin tələblərinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdehə ailəsi ilə birlikdə hələ 2019-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 15 saylı evin 20 saylı mənzili ayrılsa da, cavabdeh 2022-ci ildə iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini bilsə də, müddətsiz istifadəsinə verilən mənzilə daxil olmasında maneələrin olması ilə bağlı əmlak hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməmişdir. Bağmayaraq ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərinin tam həcmdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2423/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar