Məhkəmə qərarları › İş №2(3-6)-1649/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1649/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1649/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Kərimov İlham Faiq oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Kərimov İlham Faiq oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evi (döngə 9, ev 1) iddiaçı Kərimov İlham Faiq oğlunun (bundan sonra: iddiaçı) istifadə və sahibliyindədir. Onunla cavabdeh Cavabdeh İstehsalat Birliyi (bundan sonra: cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd qızdırıcı radiator peçi (1/1) istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsilə istifadə edildiyi müəyyən edilmiş və bu əsasla ##.##.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz işləricilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 4.320 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 432 manat məbləğində pulun iddiaçıdan tutulması barədə ##.##.2020-ci il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmiş və bu cərimə məbləği iddiaçının abonent hesabına daxil edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda aktda iddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Kərimov İlham Faiq oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evə dair tərtib edilmiş ##.##.2020-ci il tarixli, ******* nömrəli akta əsasən əsassız hesablanmış 4.320 m3, yəni 2.289 manat məbləğində borcun onun *************** nömrəli abonent kodundan silinməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. ##.##.2020ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən evinin qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı çıxarılaraq aparılmış, yerinə yeni sayğac quraşdırılmışdır. Bu barədə akt tərtib edilmişdir. Həmin aktda təbii qazdan sayğacdan kənar istifadə edilməsi qeyd olunmuşdur. Halbuki, belə hal olmamışdır. O, akta imza etməkdən imtina etmişdir. Onlar başqa bir evin şəklini çəkərək ona təqdim etmişlər ki, guya ki, sayğacdan kənar istifadə edilməsi həmin evdən olmuşdur, ona məxsus ev başqa ünvanda yerləşir, yəni onlar tərəfindən çəkilən evin yanındadır. Bundan başqa, fotoşəkildə çəkilən qaz sayğacının qutusu onun divarında yoxdur, qonşunun divarındadır. Çəkilmiş şəkil də qonşunun qaz sayğacının qutusudur. Sonradan dəymiş zərər hesablanmış və ona 2.289 manat məbləğində cərimə yazılmışdır. O, həmin cərimə ilə razı deyil, sayğacdan kənar qazdan istifadə etməmiş, buna dair heç bir sübut yoxdur. Aktda hal şahidlərinin imzası yoxdur. Məcburiyyət qarşısındla qalaraq cavabdeh tərəfindən hesablanmış əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh Cavabdeh İstehsalat Birliyi iddiaya qarşı etirazlarla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında istehlakçı təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etdiyi üçün ona dəymiş ziyanın əvəzi olaraq 432 manat hesablanmışdır. İddiaçının qalan borcu onun debitor borcudur. “Qaz sayağacın çıxarılması quraşdırılması və istismara qəbul haqqında” ******* nömrəli aktdan açıq aydın müəyyən olunur ki, iddiaçı ##.##.2022 ci il tarixdə 2.284 manat debitor borcla sayğacı əvəzlənməsinə öz imzası ilə etiraf edərək qəbul etmiş və əməkdaşlar tərəfindən onun sayğacı dəyişdirilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən ##.##.2020-ci il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 518,40 manat dəymiş ziyan silinmişdir. (hakim X3)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İB nümayəndələri tərəfindən ##.##.2020-ci il tarixdə iddiaçıya məxsus ünvana baxış keçirilərək akt tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı həmin aktla bağlı Cavabdeh İB tərəfindən hər hansı (inzibati və ya cinayət) tədbirinin görülməsi ilə bağlı müvafiq orqana müraciət olunması müəyyən olunmadığından, belə deməyə əsas verir ki, qanunsuz qoşulma halı olmuşsa belə bu halın davam etməsinə “Azərqaz” İB-nin səlahiyyətli şəxsləri dolayı surətdə şərait yaratmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus ünvana “Azərqaz” İB-nin əməkdaşları tərəfindən ##.##.2020-ci il tarixdə tərtib edilmiş aktı qanuni və əsaslı hesab etmək olmaz. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus ünvana yerli baxış keçirilmiş baxış zamanı iddiaçı, cavabdeh “Azərqaz” İB-nin nümayəndəsi və “Azərqaz” İB Maştağa ərazisi üzrə məsul şəxsi iştirak etmişdir. Müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qaz sayğacı küçə hasarında yerləşməklə iddiaçının mənzilinin yerləşdiyi küçədə deyil, paralel olan digər küçədə yerləşməklə təxmini olaraq 100-120 metr iddiaçının mənzilindən aralı məsafədə yerləşir. Yəni İlham Kərimovun sayğaca müdaxilə etməklə sayğacdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmır və onun sayğacdan qeyri-qanuni istifadəsi demək olar ki, mümkünsüzdür. Həmçinin, iddiaçı tərəfindən istifadə olunub dəyəri ödənilməmiş (debitor borcu) olaraq tələb olunan 2.289 manat iş materiallarında olan Abonentin saldosu ilə də öz təsdiqini tapır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının iş materiallarında olan ödəniş qrafikinə əsasən az məbləğdə olsa da, hər gün ödənişlər etməsi öz təsdiqini tapır. Belə olan halda, ##.##.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış, 4320 m2 qaz itkisi yəni, 4.320 X 0,12 =518,40 manat iddiaçı tərəfindən hər dəfə ödəniş olunan zaman silinmişdir.

8. Məhkəmə hesab etmişdir ki, qeyd olunan akt əsasında hesablanmış 518,40 manat borc əsassız hesablandığından silinməlidir. Hazırda 2.289 manat qalıq borcdan 518,40 manat çıxılaraq qalan 2.289 - 518,40 = 1.770,60 manat iddiaçının sərfiyyat (debitor) borcu olaraq qalmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1097ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, məhkəmə əsassız yerə iddia tələbini təmin etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı məhkəmə iddia tələbinin rədd ediməsini qət edərdi. Maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçıya aid olan 100455900100077 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” ## #### 2000-ci il tarixli *** saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” ## ###### 2009-cu il tarixli *** saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, məhkəmənin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə məhkəmənin mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı Kərimov İlham Faiq oğlu məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmiş, cavabdeh Cavabdeh İstehsalat Birliyi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

15. Münasibətlər yaranan zaman qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ##.##.2020-ci il tarixli akt və onun əsasında qəbul edilmiş qərarla hesablanmış maddi zərərin həcmini düzgün müəyyən etməmiş, həmçinin cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalı olan dövlət rüsumunun məbləğini göstərməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddiaçının abonent hesabından silinən borcun məbləği hissəsində dəyişdirilərək, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üçün yaranmış 432 manat zərər məbləği iddiaçının abonent hesabından silinməli və silinən məbləğə uyğun olaraq cavabdehdən dövlət büdcəsinin xeyrinə dövlət rüsumu tutulmalıdır.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

24. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçının istifadə və sahibliyində olan ev üzrə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə cavabdeh tərəfindən ##.##.2020-ci il tarixdə akt tərtib edilmişdir. Bununla bağlı qaz işləricilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 4.320 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 432 manat məbləğində pulun iddiaçıdan tutulması barədə ##.##.2020-ci il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmiş və bu cərimə məbləği iddiaçının abonent hesabına daxil edilmişdir.

26. Hazırda iddiaçı aktın əhatə etdiyi dövr ərzində təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə etmədiyini, zərər (cərimə) məbləğinin əsassız olaraq hesablandığını, cavabdehin təqdim etdiyi fotoşəkillərdə əks olunmuş fərdi yaşayış evinin ona məxsus olmadığını iddia edir və bu əsasla hesablanmış 2.289 manat məbləğində borcun silinməsini tələb eidr.

27. Cavabdeh iddianı qəbul etmir, iddiaçının istinad etdiyi akt əsasında onun abonent hesabına cəmi 432 manat zərər məbləğinin hesablandığını, qalan məbləğin debitor borc olduğunu, aktda göstərilən müddət ərzində iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edildiyini, bu halın abonent saldosu, fotoşəkillər və digər sübutlarla öz təsdiqini tapdığını bildirir.

28. Məhkəmə kollegiyası iddiaçının abonent saldosuna, ##.##.2020-ci il tarixli akta və tələbnaməyə istinadən ilk növbədə qeyd edir ki, təbii qazdan sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə 432 manat zərər məbləği hesablanaraq, iddiaçının abonent hesabına daxil edilmişdir. Bu hal iddiaçının abonent saldosu məlumatları ilə bilavasitə öz təsdiqini tapır. Qalan məbləğ isə iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi debitor borcdur, bu səbəbdən həmin məbləğ silinə bilməz. Lakin cavabdehin özü tərəfindən 1 m3 həcmdə təbii qazın dəyərinin 0,10 manatdan hesablanmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər hansı əsas olmadan aktda göstərilən 4.320 m3 təbii qazın 1 m3 həcmini 0,12 manatdan hesablamış və bunun nəticəsi olaraq 518,40 manat məbləğində borcun əsassız hesablanması qənaətinə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğlə razılaşmır və belə qənaətə gəlir ki, məhz 432 manat zərər məbləğinin hesablanmasının qanuniliyinə (iddiaçının real olaraq qanunsuz qoşulmaya yol verib-verməməsi çərçivəsində) hüquqi qiymət verilməlidir.

29. Məhkəmə kollegiyası bu mövqedən çıxış edərək qeyd edir ki, ##.##.2020-ci il tarixli akt və onun əsasında qəbul edilmiş tələbnamə ilə zərər məbləği 90 gün üçün hesablanmış və ##.##.2020-ci il – ##.##.2020-ci il tarixləri əhatə edir. Halbuki, iddiaçının 2020-ci ilin fevral və mart aylarında belə bir əmələ, yəni qanunsuz qoşulmaya yol verməsi ümumiyyətlə müəyyən edilmir, abonentin saldo məlumatlarında həmin aylar ümumiyyətlə əks olunmamışdır. Qeyd edilən akt və tələbnamənin əhatə etdiyi 2020-ci ilin aprel ayında isə bu ünvanda sayğac üzrə 53,20 manat dəyərində təbii qazdan istifadə edilmişdir. Bu hal abonent saldosu ilə öz təsdiqini tapır. Həmin göstərici 2020-ci ilin noyabr ayına kimi ən yüksək göstəricidir və iddiaçının təbii qazdan məhz sayğac üzrə istifadə etdiyini təsdiq edir. Bu ay (aprel) ərzində iddiaçının bu məbləğdən artıq məbləğdə təbii qazdan istifadə etməsini təsdiq edən hər hansı sübut da mövcud deyil.

30. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən qanunsuz qoşulmaya yol verilməsinin təsdiqi olaraq 2 ədəd fotoşəkil təqdim etmişdr. Həmin fotoşəkillərdən birində əks olunmuş görüntü ümumiyyətlə anlaşılan deyil. Digər şəkildə isə hər iki tərəfi kubikdən hörülmüş giriş qapısı (darvaza) əks olunmuşdur. Lakin iddiaçının özünün təqdim etdiyi fotoşəkildə isə tam fərqli, üzəri naxışlı və qıraqları ayrıca daşla bəzədilmiş çıxıntılı giriş qapısı əks olunmuşdur. İddiaçı məhz bu şəkildə olan giriş qapısının ona məxsus olduğunu iddia edir. Bununla belə, cavabdehin təqdim etdiyi fotoşəkildə əks olunmuş giriş qapısının iddiaçıya məxsus olduğu öz təsdiqini tapmır. Cavabdehin həmin şəkildə göstərilən ünvana istinad etməsi belə qənaətə gəlməyə əsas verir ki, qanunsuz qoşulmaya yol verilmişdirsə, məhz iddiaçıya hər hansı aidiyyəti olmayan həmin ünvanın sahibi tərəfindən yol verilmişdir.

31. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş tələbnamə (qərar) mövcud vəziyyətdə hər hansı mötəbərliyə malik deyil və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Qeyd edilənlər öz növbəsində cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 432 manat məbləğində cərimənin silinməsini şərtləndirir.

32. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “iddiaçının abonent hesabından silinən borcun məbləği” hissəsində dəyişdirilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evi (abonent kodu 100455900100077) üzrə cavabdeh Cavabdeh İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2020-ci il tarixli, ******* saylı aktına əsasən hesablanmış 432 manat məbləğində borc silinməli, iddiaçı Kərimov İlham Faiq oğlunun ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinə aid edilməlidir.

34. Hazırkı iş üzrə təmin edilən hissədə iddianın qiyməti (silinən borcun məbləği) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “iddiaçının abonent hesabından silinən borcun məbləği” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evi (abonent kodu 100455900100077) üzrə cavabdeh Cavabdeh İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2020-ci il tarixli, ******* saylı aktına əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. İddiaçı Kərimov İlham Faiq oğlunun ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar