Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1723/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi HYPERLINK "https://icms.courts.gov.az/cases/caseoperations?id=MNnBSYIOQ7E=" X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Elxan Misirxanov adına ** nömrəli tam orta məktəb və Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ## ######## 2005-ci il tarixində ** saylı orta məktəbdə “İngilis dili müəllimi” vəzifəsinə qəbul olunmuşdur. Həmin tarixdən ## #### 2025-ci il tarixinədək qeyd olunan vəzifədə çalışmışdır. ## #### 2025-ci il tarixdə dövlət ümumi təhsil müəssilərində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Bakı şəhəri Sabunçu rayonu Elxan Misirxanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbin inglis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırılma imtahanından 27 bal toplamış və bununla da keçid balını toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsi və işə bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Elxan Misirxanov adına ** nömrəli tam orta məktəb və Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən tərəfindən qəbul edilmiş işdənçıxarma əmrinin ləğv edilməsi, işə bərpa olunma və işburaxma dövrü üçün nəzərdə tutulmuş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ######## 2005-ci il tarixində ** saylı orta məktəbdə “İngilis dili müəllimi” vəzifəsinə qəbul olunmuşdur. Həmin tarixdən ## #### 2025-ci il tarixinədək qeyd olunan vəzifədə çalışmışdır. Bu müddət ərzində işində məsuliyyətli olmuş və barəsində hər hansı intizam tənbeh tədbiri həyata keçirilməmişdir. 2024-cü il tarixində keçirilən sertifikatlaşdırma imtahanında nəticə yaxşı olmadığı üçün təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ yaranmışdır. 2025-ci il tarixində keçirilən sertifikatlaşdırma imtahanında isə 27 bal toplamışdır. Bununla əlaqədar olaraq bildirir ki, həmin imtahanda verilən suallar ümumtəhsil proqramı çərçivəsində olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.8-ci bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. İmtahan təşkil olunmamışdan əvvəl təlimlər təşkil edilmiş və həmin təlimlərdə müəyyən ədəbiyyat siyahıları təqdim edilmişdir. Lakin təşkil olunan imtahan ümumtəhsil proqramları çərçivəsindən tamamilə kənar daha yüksək səviyyədə hazırlanmışdır. İmtahan ərzində müəllimlərə əvvəlcədən yer müəyyənləşdirilməmişdir. İmtahana girdikdən sonra onlar istədikləri kimi müəllimləri yerləşdirirdilər. İmtahan girdikdə istədiyi yerdə oturmaq istəyəndə ona “burda oturmaq olmaz” dedilər, lakin bir müddət sonra həmin yerə başqa müəllimi yerləşdirdilər. İmtahan prosesi şəffaflıq çərçivəsində deyildi. Yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş qaydaya əsasən proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Düşünür ki, həmin variantlar bəziləri üçün asan tipli test tapşırıqları, bəziləri üçün isə çətin test tapşırığı olaraq müəyyən edir. MÜTDA-ya imtahanda verilmiş sualların ona təqdim edilməsi və hansı sualların yanlış olduğunu bildirməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciəti icrasız qalmışdır. Halhazırda o, imtahanda hansı sualları doğru hansı sualları yanlış yazdığını bilmir. Onlarla tanış olmaq onun hüququdur. Ancaq bu hüququ təmin edilməmişdir. Həmçinin imtahan nəticəsindən tərəfindən apellyasiya şurasına müraciət edilməsinə baxmayaraq ##.##.2025-ci il tarixində işdən azad olunmuş, ##.##.2025-ci il tarixində isə apellyasiya şurasının nəticəsi elan olunmuşdur. Düşünür ki, digər müəllimlərlə müqayisədə bərabərlik hüququ pozulmuş, ona qarşı fərqli davranış göstərilmişdir. Qeyd olunan hallar üzrə hazırki cavabdehlər ilə bağlı mediasiya prosesi həyata keçirilmişdir. Lakin mediasiya prosesində iştirak edilməməsi ilə arayış verilmişdir. İşin məhkəmə araşdırması zamanı digər təhsilverənlərə və ona verilmiş suallar cavabdehlərdən tələb edilməklə müqayisəli şəkildə araşdırma aparılmasını, bununla bağlı ekspertiza keçirilməsini, bərabərlik prinsipi pozulduğu təqdirdə sertifikatlaşdırma imtahanın nəticəsi ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilməli olan 100 manat dövlət rüsumu isə dövlət büdcəsinə aid edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilkin olaraq hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri Elxan Misirxanov ** nömrəli tam orta məktəbin OU************/e nömrəli ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanuniliyi yoxlanılmalıdır. İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri olmuşdur. Həmin əmr hazırda qüvvədədir və təkrar sertifikatlaşdırmanın nəticəsi inzibati icraat qaydasında ləğv edilməmişdir. İddiaçının (işçi) bilik səviyyəsi əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uyğun olmamışdır. İddiaçı sertifikasiya imtahanında minimum keçid balı, yəni 30 baldan 27 bal toplamışdır. Göstərilənlər mülki işin mübahisəsiz halıdır. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri Elxan Misirxanov ** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU************/e nömrəli əmri qanunidir. İşçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaqdır. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxş biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu qurum təhsil baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək. İşçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Bu halın baş verməsi və sübut olması vəziyyətində işçinin hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı iş üzrə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi bu iddiaya görə cavabdeh olmalı şəxs deyildir. Belə ki, mübahisələndirilən ##.##.2025-ci il tarixli, OU***********/e nömrəli əmr Bakı şəhəri Sabunçu rayonu ** nömrəli tam orta məktəb tərəfindən qəbul edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsinə əsas olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli 3-29-69/3-2 **F/**** nömrəli əmridir. Həmin əmrin qəbul edilməsinə əsas isə təkrar sertifikatlaşdırmanın nəticəsidir. Hal-hazırda sertifikatlaşdırmanın nəticəsinin ləğv edilməsinə ilə bağlı *-*(***)-*****/**** nömrəli inzibati iş üzrə iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılır. Hesab edir ki, həmin əmrin verilməsinə əsas olan sertifikatlaşdırmanın nəticəsi hazırda mübahisə predmeti olduğundan işə bərpa ilə bağlı mülki iş üzrə yekun qərar qəbul edilə bilməz. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi hansı əsaslarla ( məhkəmənin təşəbbüsü və ya həmin tərəfin vəsatətinə əsasən) məhkəmə işə cəlb olunmasını əsaslandırmamışdır. Halbuki iddia tələbi üzrə cavabdehlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və ** saylı tam orta məktəb olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gələrək özünü Agentliyin nümayəndəsi kimi təqdim etmiş, sonradan məhkəmə qətnamə elektron kabinetə yüklənən zaman isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğu məlum olmuşdur. Belə ki, hər iki halda da tərəfin işə cəlb olunmağı ilə bağlı əsaslandırılmış qərardad qəbul edilməli idi. Məhkəmə tərəfindən isə belə bir qərardad qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamış, iddiaçı tərəfindən irəli sürülmüş arqumentlər və onların təsdiqi üçün zəruri olan sübutlar tədqiq edilməmişdir. Məhkəmə sertifikatlaşdırma imtahanının keçirilməsi qaydası, imtahan suallarının məzmunu, qiymətləndirmə meyarları və nəticələrin formalaşdırılması prosedurunu araşdırmadan yalnız imtahan nəticəsinə istinad etməklə iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Bundan əlavə, iddiaçı tərəfindən sertifikatlaşdırma imtahanının nəticələrindən inzibati qaydada mübahisələndirildiyi və həmin məsələ üzrə Bakı İnzibati Məhkəməsinin icraatında iş olduğu göstərilsə də, məhkəmə bu halın hazırkı mübahisəyə təsirini araşdırmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən sübutların tam və hərtərəfli araşdırılması prinsipi pozulmuş, nəticədə qətnamə iş üzrə araşdırılmış sübutlarla kifayət qədər əsaslandırılmadan qəbul edilmişdir. Məhkəmə işə baxarkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən sertifikatlaşdırma imtahanının keçirilməsi zamanı şəffaflığın təmin olunmadığı, imtahan suallarının ümumtəhsil proqramından kənar olduğu və əvvəlcədən təqdim edilmiş metodiki materiallara uyğun gəlmədiyi barədə məhkəmə iclasında arqumentlər irəli sürülmüşdür. Lakin məhkəmə həmin iddiaların əsaslı olub-olmadığını müəyyən etmək üçün imtahan suallarını, test bazasını və imtahanın təşkilinə dair sənədləri tələb etməmiş, bununla bağlı hər hansı araşdırma aparmamışdır. Bundan əlavə, iddiaçı imtahanda ona təqdim edilmiş test sualları və verdiyi cavablarla tanış olmaq hüququnun təmin edilmədiyini bildirmişdir. Bu hal işdən çıxarılmanın əsasını təşkil edən sertifikatlaşdırma nəticəsinin obyektivliyinin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət daşısa da, məhkəmə iddiaçının hansı suallara düzgün və ya səhv cavab verməsini, qiymətləndirmə meyarlarını və testlərin düzgünlüyünü araşdırmamışdır. İddiaçı həmçinin məhkəmədən digər müəllimlərə təqdim olunmuş suallarla müqayisəli araşdırma aparılması və bunun üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə bu vəsatəti araşdırmamış, imtahan suallarının çətinlik səviyyəsinin və ya fərqliliyinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. Nəticədə, imtahanın bütün iştirakçılar üçün bərabər şərtlərlə keçirilib-keçirilmədiyi müəyyən edilməmiş qalmışdır. Digər tərəfdən, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verildiyi, apellyasiya müraciətinin nəticəsinin isə yalnız ##.##.2025-ci il tarixində elan edildiyi göstərilmişdir. Məhkəmə isə bu halın hüquqi nəticələrini, yəni apellyasiya baxışı yekunlaşmadan əmək müqaviləsinə xitam verilməsinin qanuniliyini araşdırmamışdır. Eyni zamanda, iddiaçı imtahan prosesində müəlimlərin əvvəlcədən müəyyən edilmiş yerlərdə oturdulmaması, iştirakçılara fərqli münasibət göstərilməsi və imtahanın təşkilində qeyri-bərabər şəraitin yaradılması barədə də məhkəmədə izahat vermişdir. Buna baxmayaraq, məhkəmə həmin haları yoxlamaq məqsədilə imtahan prosesinin video qeydlərini, nəzarətçilərin izahatlarını və ya digər təşkilati sənədləri tələb etməmişdir. Bundan başqa, məhkəmə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi göstərilən sertifikatlaşdırma nəticəsinin hüquqi əsaslarını da tam araşdırmamışdır. Belə ki, sertifikatlaşdırma nəticəsini təsdiq edən müvafiq qərarların, qiymətləndirmə prosedurunun və nəticələrin formalaşdırılması qaydasının qanunvericiliyə uyğun olub-olmaması araşdırılmadan həmin nəticə mübahisəsiz fakt kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halar tam və hərtərəfli araşdırılmamış, nəticədə məhkəmənin gəldiyi nəticə iş materiaları ilə kifayət qədər əsaslandırılmamışdır. Eyni zamanda məhkəmə iddiaçının sertifikatlaşdırma imtahanından keçməməsi və bunun onun peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olmadığını göstərməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən sertifikatlaşdırma imtahanının nəticələrini təsdiq edən ilkin sənədləri, iddiaçıya təqdim olunmuş test sualarını, onun verdiyi cavabları və qiymətləndirmə meyarlarını araşdırmamışdır. Bu səbəbdən iddiaçının imtahanda hansı sualara düzgün və ya səhv cavab verdiyi, eləcə də qiymətləndirmənin hansı qaydada aparıldığı iş materiaları ilə sübut olunmamışdır. Bundan əlavə, məhkəmə sertifikatlaşdırma imtahanının nəticəsini iddiaçının tutduğu vəzifəyə uyğun gəlməməsinin sübutu kimi qəbul etmişdir. Halbuki iş materialarında iddiaçının peşəkarlıq səviyyəsinin kifayət etmədiyini təsdiq edən hər hansı digər sübut, o cümlədən attestasiya rəyi, müvafiq komissiyanın əsaslandırılmış qərarı və ya peşə yararlılığının qiymətləndirilməsinə dair sənəd mövcud deyildir. Həmçinin məhkəmə imtahanın bütün iştirakçılar üçün bərabər və şəffaf şəraitdə keçirildiyi qənaətinə gəlmişdir. Lakin iş materialarında imtahan prosesinin təşkilinə dair hər hansı rəsmi sənədlər, nəzarət mexanizmlərini təsdiq edən materialar və ya digər sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə həmin halı sübut olunmuş fakt kimi qəbul etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş və qərarın əsasını təşkil edən halar müvafiq sübutlarla təsdiq edilməmiş, həmin haların mövcudluğu iş materiaları ilə sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin faktiki halarına və iş materialarında olan sübutlara uyğun gəlmir. Belə ki, məhkəmə iddiaçının sertifikatlaşdırma imtahanından keçməməsini onun tutduğu vəzifəyə uyğun gəlməməsinin və əmək müqaviləsinə xitam verilməsinin əsaslı olması kimi qiymətləndirmişdir. Lakin iş materialarında yalnız iddiaçının imtahandan 27 bal toplaması faktı göstərilmiş, həmin nəticənin necə formalaşması, qiymətləndirmənin hansı qaydada aparılması və nəticənin obyektivliyinin necə təmin edilməsi barədə sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə həmin nəticəni mübahisəsiz fakt kimi qəbul etmiş və onun əsasında əmək müqaviləsinə xitam verilməsinin qanuni olması barədə nəticəyə gəlmişdir. Bundan əlavə, iddiaçı tərəfindən imtahanın keçirilməsi zamanı şəffaflığın təmin olunmaması, suaların ümumtəhsil proqramına uyğun olmaması və imtahan prosesində bərabərlik prinsipinin pozulması barədə arqumentlər irəli sürülmüşdür. Lakin məhkəmə həmin halları araşdırmadan və müvafiq sübutları tələb etmədən iddia tələbinin əsassız olması barədə nəticəyə gəlmişdir. Həmçinin iddiaçı sertifikatlaşdırma imtahanının nəticəsindən apelyasiya qaydasında şikayət verdiyini və həmin şikayətə baxılmadan əmək müqaviləsinə xitam verildiyini göstərmişdir. Məhkəmə bu halın hüquqi nəticələrini araşdırmadan əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni olması barədə nəticə çıxarmışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə iş üzrə toplanmış sübutların məzmunu ilə uzlaşmır, işin faktiki haları ilə əsaslandırılmır və bu səbəbdən qətnamə əsaslı hesab edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar mövcud deyildir. Lakin hazırkı mübahisənin mahiyyəti Bakı İnzibati Məhkəməsinin icraatında olan işlə birbaşa bağlıdır. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sertifikatlaşdırma imtahanının nəticələri və həmin nəticələrin qanuniliyi Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Bu səbəbdən həmin inzibati iş üzrə qəbul ediləcək qərar hazırkı mübahisənin düzgün həli üçün mühüm əhəmiyyət kəsb edir. Sertifikatlaşdırma nəticələrinin qanuniliyi məsələsi inzibati məhkəmənin icraatında olduğundan, həmin iş üzrə müəyyən ediləcək halar hazırkı mülki iş üzrə nəticəyə birbaşa təsir göstərə bilər. Beləliklə, yeni sübut təqdim edilməsə də, mübahisənin mahiyyətinin digər məhkəmənin icraatında olan işlə bağlı olması nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsi: 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 66-cı maddəsinə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. 67-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdə Bakı şəhəri ** nömrəli tam orta məktəbdə aylıq əmək haqqı 740 manat olmaqla, ingilis-dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdə Sabunçu rayonu, E.Misirxanov adına ** nömrəli orta məktəbdə ingilis dili müəllimi vəzifəsinə qəbul olunmuş, ##.##.2025-ci il tarixdə məktəbin ingilis dili müəllimi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Sabunçu rayonu ** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU***********/e nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Elxan Misirxanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilməsi, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin verilməsinə əsas ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli 3-29-69/3 *-**F/**** nömrəli əmri olmuşdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçının işdən çıxarılmasına əsas ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri olmuşdur. Həmin əmr hazırda qüvvədədir və təkrar sertifikatlaşdırmanın nəticəsi inzibati icraat qaydasında ləğv edilməmişdir. İddiaçı təkrar sertifikatlaşdırmanın nəticəsini inzibati qaydada mübahisələndirdiyini bildirərək, qeyd etmişdir ki, həmin əmrin verilməsinə əsas olan sertifikatlaşdırmanın nəticəsi hazırda mübahisə predmeti olduğundan işə bərpa ilə bağlı mülki iş üzrə yekun qərar qəbul edilə bilməz. Məhkəmə Kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, təkrar sertifikatlaşdırmanın nəticələrinin mübahisələndirilməsindən asılı olmayaraq hazırki işin faktiki halları ilə məyyən edilmişdir ki, iddiaçının bilik səviyyəsi əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uyğun olmamışdır. İddiaçı sertifikasiya imtahanında minimum keçid balı, yəni 30 baldan 27 bal toplamışdır. Başqa sözlə, sertifikatlaşdırmanın nəticəsi hazırda mübahisə predmeti olaraq digər məhkəmə icraatında araşdırılaraq təmin edildiyi halda hazırki işin mahiyyəti öz hüquqi əhəmiyyətini itirəcək. Çünki, iddiaçının işə bərpasının əsas səbəbi kimi məhz sertifikasiyanın nəticələrinin ləğvi kifayət edir. Eyni zamanda iddiaçı digər müəllimlərlə müqayisədə bərabərlik hüququnun pozulmasını və ona qarşı fərqli davranış göstərildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, işçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaqdır. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu qurum təhsil baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır. Göründüyü kimi, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Həmçinin hazırkı iş üzrə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi bu iddiaya görə cavabdeh olmalı şəxs deyildir. Belə ki, mübahisələndirilən ##.##.2025-ci il tarixli, OU***********/e nömrəli əmr Bakı şəhəri, Sabunçu rayonu ** nömrəli tam orta məktəb tərəfindən qəbul edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri Elxan Misirxanov ** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU************/e nömrəli əmri qanunidir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.