Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1748/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı Cavabdeh QSC tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli, ***/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının X4 Aerportu Mühafizə Xidmətində terminal üzrə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizə xidmətində 5-ci dərəcəli inspektor vəzifəsinə işə bərpa edilməyi və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı Cavabdeh QSC-də ##.##.2017-ci il tarixdən X4 Aeroportu Mühafizə Xidmətinə terminal üzrə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsinə müddətsiz işə qəbul olunmuşdur. ##.##.2022-ci il tarixdən Mühafizə xidmətində 5-ci dərəcəli inspektor vəzifəsinə keçirilmişdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə yerinə yetirmədikdə) ***/ş saylı müddətsiz müqaviləyə xitam verilmişdir. İddiaçı həmin əmr ilə razı deyil. Hesab edir ki, aşağıdakı əsaslara görə həmin əmr ləğv olunmalı və iddiaçı öz işinə bərpa edilməlidir. Əmək mübahisəsinin könüllü həlli ilə əlaqədar iddiaçı Bakı * saylı mediasiya təşkilatına müraciət etmişdir. Lakin orada cavabdehin nümayəndəsi ilə aralarında razılıq əldə edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşlədiyi dövr ərzində iddiaçı heç vaxt qanun pozuntusuna yol verməmiş, kollektivdə hər zaman hörmət qazanmış və əmək funksiyalarını da layiqincə yerinə yetirmişdir. Lakin cavabdeh əsassız və qanunsuz olaraq onu heç bir əsas olmadan, heç bir sübut olmadan işdən azad etmişdir. ## ####### 2025-ci il tarixli ***/ş saylı əmrdə qeyd olunur ki, ## ######## 2025-ci il tarixdə Cavabdeh QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin əməkdaşı tərəfindən hava gəmisinin qəbul prosesi zamanı onun giriş icazəsi olmadığı halda hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktı baş vermişdir. Həmin hadisə ilə əlaqədar aparılmış xidməti araşdırma zamanı Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı da daha əvvəl, yəni ## ###### 2025-ci il tarixdə hava gəmisinin gəldiyi “Alfa 14” dayanacağında xidmət apararkən eyni hadisəni törətdiyi məlum olmuşdur. Araşdırma zamanı Mühafizə xidmətinə aid otaqlara baxış keçirlərkən dolablarda, naqillər üçün nəzərdə tutulmuş şaxtalarda tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “xxxx” şirkətinə məxsus istifadə edilməmiş möhürlər aşkar edilmişdir. Məsələnin araşdırılması məqsədi ilə arxiv video görüntüləri və “X-ray” qurğularının təsvirləri izlənilmiş və müəyyən edilmişdir ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünəməxsus çantaya yığaraq qanunsuz şəkildə apardığı aşkar edilmiş və işçi bu halı öz izahatında təsdiq etmişdir. ## ######## 2025ci il tarixdə hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktının iddiaçıya heç bir aidiyyatı yoxdur. Bu işləri həmin gün mühafizəçi Nəsirov Eldəniz etmişdir. Ondan izahat alınmış və o, etdiyi bu hərəkətləri etiraf etmişdir. Ona görə də Eldəniz Nəsirov işdən azad olunmuşdur. Həmin gün iddiaçı başqa bir ərazidə xidmətdə olmuşdur. Araşdırma zamanı Mühafizə xidmətinə aid otaqlara baxış keçirilərkən dolablarda naqillər üçün nəzərdə tutulmuş şaxtalarda, tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “xxxx” şirkətinə məxsus istifadə edilməmiş aşkar olunan möhürlər iddiaçıya aid deyil, Eldəniz Nəsirova aid olmuşdur. İddiaçının hava gəmisi bortuna daxil olmağına və möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməyinə dair heç bir sübut və videogörüntü yoxdur. Əmrdə göstərilənlər həqiqətə uyğun deyildir. ## ###### 2025ci il tarixdə hava gəmisinin gəldiyi “Alfa-14” dayanacağında xidmət apararkən eyni hadisənin törədilməsinə dair xidmət rəhbəri araşdırma aparmış, bu hal öz təsdiqini tapmamış və hadisənin həqiqətə uyğun olmadığı təsdiqləndiyindən iddiaçıdan izahat tələb olunmadı və heç bir intizam tənbehi tətbiq olunmadı. Belə bir hal təsdiq olunmadığı halda cavabdeh tərəfindən bunu əmrdə göstərməsi və guya ki, iddiaçının həmin hadisədə günahkar kimi qeyd olunması yolverilməzdir. Əmrdə qeyd olunur ki, guya ki, hava gəmisinə iddiaçının giriş icazəsi yoxdur. Halbuki, mühafizəçilərin hava gəmisinə girişini təsdiq edən buraxılış vərəqəsi vardır. Həmin vəsiqələrdə icazə “T” hərfi ilə qeyd olunmuşdur. Cavabdeh əmrdə qeyd edir ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə xidmətinin inspektoru İddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünəməxsus çantaya yığaraq qanunsuz şəkildə apardığı aşkar edilmiş və işçi bu halı öz izahatında təsdiq etmişdir. İddiaçı bununla razı deyil. İddiaçının qida məhsullarının öz çantasına yığaraq getməyinə dair hər hansı bir sübut yoxdur. Araşdırma zamanı iddiaçıdan alınan izahatda bildirmişdir ki, çantasında qida məhsulları deyil, öz şəxsi əşyası - üst geyimi olmuşdur. Ona görə də çantası dolu görünmüşdür. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin təmin etdiyi geyim forması öz keyfiyyətini itirdiyi üçün və yenisi ilə təmin olunmadığı üçün onlara qara rəngli mülki üst geyim geyinmək icazəsi verilmişdir. Cavabdeh tərəfindən tərtib edilən əmr formal surət daşıyır, iddiaçının bu hadisə ilə bağlı heç bir günahı təsdiq olunmadığı halda cavabdeh onu əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddinin imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi əsasında yaranmış əmək münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh müəssisədə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin inspektoru vəzifəsində işləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdeh müəssisənin ##.##.2025-ci il tarixli ***/ş nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin əməkdaşı tərəfindən hava gəmisinin qəbul prosesi zamanı giriş icazəsi olmadığı halda, hava gəmisinin bortuna daxil olması, möhürlənmiş konteynerin möhürünü qıraraq bort qida məhsullarını götürməsi və qanunsuz şəkildə əldə etdiyi digər bir möhürlə konteyneri yenidən möhürləməsi faktı baş vermişdir. Qeyd olunan fakt üzrə araşdırma aparılmış və iddiaçının ##.##.2025-ci il tarixdə eyni hadisəni törətdiyi məlum olmuşdur. Bundan başqa, araşdırma zamanı Mühafizə xidmətinə aid otaqlara baxış keçirilmiş, dolablarda, naqillər üçün nəzərdə tutulmuş şaxtalarda, tavan və divan altlarında hava gəmisinin bort məhsulları və “xxxx” şirkətinə məxsus istifadə edilməmiş möhürlər aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı işdən evə gedərkən hava gəmisinə məxsus olan qida və ehtiyat məhsullarını özünə məxsus çantaya yığaraq qanunsuz şəkildə aparmışdır. İşçi bu halı öz izahatında təsdiq etmişdir. İddiaçının vəzifə təlimatında qadağalar barədə iddiaçının məlumatlı olması iş üzrə mübahisəsiz haldır. İddiaçı həmin qadağalara qəsdən əməl etməmiş və düşünmüşdür ki, “etdiyi əməllərə görə ona töhmət və ya irad verilə bilər, işdən azad edilə bilməz”. Məhkəmə hesab edir ki, işçinin öz vəzifə təlimatına qeyd olunmuş qadağalara əməl etməməsi onun müəssisədaxili qaydaları pozduğu və beləcə əmək müqaviləsi üzrə öz öhdəliklərinə əməl etməməsi, vəzifə (əmək) funksiyalarını pozması, əmək funksiyalarını düzgün yerinə yetirməməsi mənasına gəlir. Qeyd olunan hallar isə işçinin əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə əsasdır. Məhkəmə qeyd edir ki, işçiyə hansı intizam tənbehini verməsi işəgötürənin hüququdur. Təbii ki, işəgötürən həmin intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İş materiallarından görünür ki, işçinin kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi müsbət deyil, mənfi qiymətləndirilir. Törətdiyi intizam xətası isə daimi xarakter almışdır. Nəzərə alınmalıdır ki, iddiaçı ilə birlikdə digər işçilərin də əmək müqaviləsi oxşar əməllərə görə işəgötürənin təşəbbüsü ilə ləğv edilmişdir. Məhkəmə nəzərə alır ki, aviasiya və digər nəqliyyat sahəsində xidməti həyata keçirən müəssisələrdəki əmək münasibətləri ilə daha təhlükəsiz sektorlarda əmək münasibətləri ilə eyni formada tənzimlənmir. Qeyd olunan ictimai əhəmiyyətli müəssisələrdə əmək münasibətləri üçüncü şəxslərin hüquqlarının qorunması baxımından daha sərt qaydalar ilə həyata keçirilməlidir. Məhkəmə göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozuntusu aşkar edilməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə AR MPM-nin 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.
5. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili İ.Qədirov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Hüseynov apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Cavabdeh QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunun 1.1-ci bəndindən görünür ki, Həmkarlar İttifaqı Komitəsi ”xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin * saylı növbənin inspektoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin (işçi özünün əmək funksiyasını va ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) şərtlərinə əsasən işəgötürən tərəfindən birtərəfli şəkildə ləğv edilməsinə razılıq verir.
10. Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli ***/ş nömrəli əmrindən görünür ki, Cavabdeh QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə Xidmətinin inspektoru İddiaçı (t№ ****) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə yerinə yetirmədikdə) ilə ##.##.2025ci il tarixindən xitam verilməsi, Əmrin birinci bəndində qeyd edilmiş işçinin əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqqhesabı (ödənilməli olan əməkhaqqısı, ##.##.2024- ##.##.2025-ci iş ili üçün artıq istifadə etdiyi əsas məzuniyyət günlərinə 2 təqvim günü məzuniyyət pulunun tutulması) Maliyyə və Mühasibat uçotu idarəsinə həvalə edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr işçinin elektron informasiya sistemində yaradılmış kabinetə yerləşdirilməsi və ya kağız daşıyıcıda ona təqdim edilməsi əmr edilmişdir. 11.İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh QSC arasında bağlanmış ##.##.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə Xidmətinin inspektoru vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. 12.Cavabdeh QSC-nin prezidentinə iddiaçı tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli izahatdan görünür ki, hava gəmisində istifadə olunan bort ehtiyatlarının, qida və qeyri-qida məhsullarını uçuşdan gələn ekipaj üzvləri bortdan düşəndə iddiaçıya su içmək üçün veriblər. Cola, Spirite və bir də butavay xidməti onlara stəkan, salfetka veriblər istifadə etmək üçün. Xidməti otaqlarına gətirmişdir, Alfa 1 otağa. Əlavə olaraq qeyd olunan məhsulları özünə məxsus çantasında hava limanının ərazisindən çıxarmışdır. Sual – Qeyd etdiyiniz məhsulları sizə kimlər vermişdir? Həmin şəxslərin adlarını qeyd edin. Cavab – şəxslərin adlarını bilmir, amma həmin məhsulları AZAL-ın reysdən gələn Astana-Dubay, Samara-Moskva, Milan və s. bəzi ekipajlardan əldə edirlər. 5 aydır ki, bu məhsulları istifadə edir. Sual – Sizin hansı hallarda hava gəmisinə daxil olmağınıza icazə verilir? Cavab – Trapı açıb-bağlayanda, komandir onları çağıranda, ekipaj heyəti çağıranda, texnikə bortu təhvil verəndə, birdə onlara şübhəli nəsə görünəndə. Sual – ##.##.2025-ci il tarixdə SKY cetring Şirkətindən ATBİ-nə müraciət daxil olmuş həmin müraciətdə ##.##.2025-ci il tarixdə *** nömrəli Dubay-Bakı uçuşunu həyata keçirən hava gəmisi endikdən sonra tərəfinizdən təhlükəsizlik plomblarını qırmısınız. Qanunsuz hərəkətlərinizin qarşısını almaq istəyən Natiq İsgəndərova qarşı hədə-qorxu gələrək ona xəsarət yetirmək istədiyiniz göstərilmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab – Deyilənlər heç biri həqiqətə uyğun deyil. Qərəzli yanaşmadır, əsassızdır. Ona verilən su, salfetka və stəkan idmət rəhbərliyinin heç bir xəbəri olmayıb. Sual - əvvəlki və indiki istifadə etdiyiniz istirahət otaqlarınızdan çıxan bort ehtiyatlarından və qida məhsullarından xəbəriniz var bu məhsulları kimin otaqlara gətirdiklərini kimlər olduğunu bilirsizmi? Cavab – xəbəri var. İddiaçı özü də xidməti otağa stəkan gətirmişdir istifadələri üçün. Digərlərinin kim tərəfindən gətirildiyini bilmir. Sual – Daxil olan məlumata əsasən Natiq adlı şəxsin H-G bortunda olan plombun sizin tərəfinizdən sındırmağa cəhd etməyiniz qeyd olunub? Xahiş olunur cavab verin. Cavab – Natiq yaxşı bilir ki, onların təyyarədən nəsə götürməsinin onlara problemi yoxdur. Bu səbəbdən o bu cür məlumat verib. Sual – ümumilikdə bu məhsulları hava limanının ərazisindən çıxarmağınız hansı müddətə təsadüf edir? Cavab – 4 ay ərzində ona verilən sulardan, cola, spirite ayda bir-iki dəfə çıxarmışdır. Sual – tərəfinizdən aparılan videogörüntülərdən görünür ki, sentyabr ayı ərzində demək olar ki, siz hər növbədən çıxan zaman növbəyə boş çanta ilə gəlib, çıxanda isə dolu çanta ilə çıxırsınız. Hazırkı izahatınızda isə ay ərzində belə halın 1-2 dəfə baş verdiyini bildirirsiniz. Göstərilənləri necə izah edə bilərsiniz? Cavab – onun xidməti otaqlarında şkaflarında dəyişik paltarlar gətirir. Hər smen formanı yudurdur. Özü ilə dəyişik paltarlar gətirib-aparır. Bir də duty freedən özü üçün içki, araq alır, sumkasına qoyub aparır. Aerportdan çıxarkən çantanız dolu olub. Paltar ilə yanaşı başqa nələr olub çantada? Cavab – paltarla yanaşı Hava gəmisinə məxsus port məhsulları (meyvə şirəsi, cola, spirite, salfetka) olub. İzahatı özü yazmışdır.
13. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinə məxsus xidməti otaqlarda aparılmış yoxlamaya dair Aktdan görünür ki, * saylı növbəyə məxsus dolablarda olan əşyalar siyahısında aşağıdakılar qeyd edilmişdir: Boyun üçün yastıq – 3 ədəd, uşaqlar üçün pazl və rəsm dəsti – 3 dəst, tərlik – 9 dəst, salfetka – 10 paçka, vitamin tamat şirəsi – 3 ədəd, maye əl sabunu Apotneke – 4 ədəd, coca-cola 330 ml – 6 ədəd, spirite 330 ml – 5 ədəd, Schweppes 330 ml – 5 ədəd, hava gəmisinə məxsus yemək konteyneri – 1 ədəd, uşaq gigiyenik ləvazimatlar dəsti çantası ilə – 4 ədəd, Biznes aviasion SKY Cateringə məxsus Plomb (№ ********) – 1 ədəd, Bıçaq tiyəsinin uzunluğu 19 sm – 1 ədəd, Sirab suyu 1.5 L – 4 ədəd, kağız stəkan – 225 ədəd, vitamin 1.2 L – 3 ədəd, Salfetka – 3 ədəd, tərlik – 3 dəst, Plastik çəngəlbıçaq – 6 dəst, Şüşə qabda Nescafe – 2 ədəd, vitamin meyvə şirəsi 200 ml – 5 ədəd, Aeroflot şirkətinə məxsus uşaq çantası – 1 ədəd, Kalyaska üçün salafan – 2 ədəd, DutyFree polietilen paketləri – 5 ədəd, Nəlbəki – 2 ədəd, Paketli çay – 82 ədəd, Kabin sprey 60 qr – 1 ədəd.
14. İş materiallarına iddiaçının əmək kitabçasının surəti, iddiaçının xidməti vəsiqəsinin surəti, CD Disk, işçilər X1, X2, İskəndərov Şahid Mübariz oğlunun, Ələsgərov Natiqin, Nağdəliyev Elşadın, X3, İsgəndərov Natiqin izahatları, iddiaçının etirazı, Avisaiya Təhlükəsizlik Baş İdarəsinin Mühafizə Xidmətinin inspektorunun vəzifə təlimatı əlavə edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
17. İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı Cavabdeh QSC-də ##.##.2017-ci il tarixdən X4 Aeroportu Mühafizə Xidmətinə terminal üzrə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsinə müddətsiz işə qəbul olunmuşdur. ##.##.2022-ci il tarixdən Mühafizə xidmətində 5-ci dərəcəli inspektor vəzifəsinə keçirilmişdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə yerinə yetirmədikdə) ***/ş saylı müddətsiz müqaviləyə xitam verilmişdir.
18. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı Cavabdeh QSC tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli, ***/ş saylı əmrinin ləğv edilməsi, iddiaçının X4 Aeroportu Mühafizə Xidmətində terminal üzrə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizə xidmətində 5-ci dərəcəli inspektor vəzifəsinə işə bərpa edilməyi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, cavabdehin etirazlarını, birinci instansiya məhkəməsinin qətnaməsini və iş üzrə toplanmış sübutları məcmu halda araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin təqdim etdiyi xidməti araşdırma materiallarına, videogörüntülərə, baxış aktlarına və iddiaçının izahatına istinad etsə də, həmin sübutların hər birinin aidiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayətliliyi ayrıca qiymətləndirilməmiş, onların qarşılıqlı əlaqəsi təhlil olunmamışdır. Məhkəmə yalnız sübutetmə yükünə dair ümumi müddəaları göstərməklə kifayətlənmiş, lakin iş üzrə hansı faktların hansı sübutlarla təsdiq edildiyini və həmin sübutların niyə inandırıcı hesab olunduğunu əsaslandırmamışdır.
20. Kollegiya qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin qanuniliyini sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür. İşəgötürən əmək müqaviləsinə xitam üçün əsas olan halları ehtimallarla deyil, mötəbər, kifayət edən və bir-birini tamamlayan sübutlarla təsdiq etməlidir. İş materiallarında olan videogörüntülərdən iddiaçının hava limanını çanta ilə tərk etməsi müşahidə olunsa da, həmin görüntülərdən çantada olan əşyaların məhz hava gəmisinə məxsus olduğu, hansı reysdən götürüldüyü, onların maddi sərvət kimi qanunsuz mənimsənildiyi və ya işəgötürənə ziyan vurduğu birmənalı müəyyən edilmir. Videogörüntülər yalnız müəyyən davranışı əks etdirir, lakin cavabdehin irəli sürdüyü bütün nəticələri birbaşa təsdiq etmir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, baxış aktında xidməti otaqlarda müxtəlif qida məhsullarının, salfetkaların, qabların və digər əşyaların aşkar edildiyi göstərilsə də, həmin akt bu əşyaların yalnız iddiaçı tərəfindən gətirildiyini və ya yalnız onun istifadəsində olan yerdə saxlanıldığını təsdiq etmir. Əksinə, iddiaçının izahatından görünür ki, həmin otaqlardan digər əməkdaşlar da istifadə etmiş, bəzi məhsulların müxtəlif ekipajlar tərəfindən gətirildiyini bildirmişdir. Cavabdeh isə həmin halları təkzib edən və ya əşyaların məhz iddiaçıya aid olduğunu təsdiq edən əlavə sübut təqdim etməmişdir. İddiaçının izahatında müəyyən qida məhsullarını hava gəmisindən götürdüyünü bildirməsi onun cavabdehin istinad etdiyi bütün intizam pozuntularını etiraf etməsi kimi qiymətləndirilə bilməz.
22. İş materiallarında plombun iddiaçı tərəfindən sındırıldığını, başqa plombla əvəz olunduğunu və ya konteynerin yenidən möhürləndiyini birbaşa təsdiq edən şahid ifadəsi, ekspertiza rəyi və ya digər qəti sübut mövcud deyildir. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh iddiaçının müəssisəyə maddi ziyan vurduğunu göstərsə də, ziyanın məbləği müəyyən edilməmiş, onun hesablanması və səbəbli əlaqəsi sübuta yetirilməmişdir. İşəgötürənin ziyanın əvəzinin ödənilməsi barədə ayrıca iddia qaldırmaq hüququnun olması əmək müqaviləsinə xitamın qanuniliyinin qiymətləndirilməsini əvəz etmir.
23. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi əmək hüququnda işçi üçün ən ağır intizam tədbiridir. Belə tədbirin tətbiqi zamanı pozuntunun xarakteri, təqsirin dərəcəsi, vurulmuş ziyanın mövcudluğu, işçinin əvvəlki əmək fəaliyyəti və seçilmiş tədbirin mütənasibliyi qiymətləndirilməlidir. İş materiallarından iddiaçının əvvəllər analoji pozuntulara görə intizam məsuliyyətinə cəlb olunması müəyyən edilmir. Cavabdeh daha yüngül intizam tədbirlərinin niyə kifayət etməyəcəyini də əsaslandırmamışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, əmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə təmin edilən fundamental sosial hüquqlardan biridir. Həmin maddəyə əsasən hər kəsin sərbəst surətdə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vardır və heç kəs qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla əmək hüququndan məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin tələbinə görə isə dövlət orqanları və digər hüquq tətbiq edən subyektlər insan hüquq və azadlıqlarını yalnız qanun əsasında və həmin hüquqların mahiyyətinə toxunmamaq şərtilə məhdudlaşdıra bilərlər.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə xitam verilməsi müstəsna hüquqi tədbirdir və yalnız qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduqda tətbiq edilə bilər. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verərkən həm maddi, həm də prosessual qanunvericiliyin tələblərinə ciddi əməl etməyə borcludur. Bu zaman işçinin təqsiri, törədilmiş hərəkətin xarakteri, onun nəticələri, vurulmuş zərərin mövcudluğu və intizam tənbehinin mütənasibliyi araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair müddəalarına əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Hazırkı mübahisədə iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsasların mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür.
26. İş materiallarından görünür ki, cavabdeh iddiaçının bort qidasını və ya qida qalıqlarını iş yerindən çıxarmasını əmək müqaviləsinə xitam verilməsi üçün kifayət edən əsas hesab etmişdir. Lakin cavabdeh həmin məhsulların hüquqi statusunu, onların cavabdehin əmlakı olaraq qalmasını, iddiaçının qanunsuz mənimsəmə niyyətini, habelə cavabdehə real maddi zərərin vurulduğunu təsdiq edən kifayət qədər və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, daxili xidməti araşdırma aktı, təhlükəsizlik xidmətinin arayışı və ya izahatlar digər obyektiv sübutlarla təsdiq olunmadıqda işçinin təqsirinin yeganə sübutu hesab edilə bilməz. Əmək münasibətlərinə xitam verilməsi kimi ağır hüquqi nəticə doğuran qərar ehtimallara deyil, dəqiq və inandırıcı sübutlara əsaslanmalıdır. Əgər işəgötürən işçinin oğurluq və ya əmlakın mənimsənilməsi kimi hərəkət etdiyini iddia edirsə, həmin iddia yalnız daxili qiymətləndirmə ilə deyil, qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Əks halda, işçinin təqsirsizlik prezumpsiyasına və əmək hüquqlarının müdafiəsi prinsiplərinə xələl gətirilmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə görə hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən hüquqi müəyyənlik, proporsionallıq və ədalət prinsipləri gözlənilməlidir. Hüquqi məsuliyyətin məqsədi cəzalandırmaq deyil, pozulmuş hüquq qaydasını bərpa etməkdir. Bu səbəbdən işdən azad etmə yalnız daha yüngül intizam tədbirlərinin kifayət etmədiyi hallarda tətbiq oluna bilər.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddiaçının əvvəlki əmək fəaliyyəti, peşəkar nüfuzu, iş stajı, əvvəllər intizam məsuliyyətinə cəlb olunması və tətbiq edilən tədbirin zəruriliyi barədə hərtərəfli qiymətləndirmə aparmamışdır. Bundan başqa, iş materiallarında iddiaçının hərəkətləri nəticəsində cavabdehə faktiki zərərin vurulduğunu təsdiq edən sübutlar mövcud deyildir. Həmin məhsulların utilizasiya olunmalı məhsullar olması və ya iddiaçının şəxsi istifadəsi üçün ayrılmış qida olması ehtimalı da iş materialları ilə təkzib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə şəraitdə yalnız formal qayda pozuntusuna istinad edilməklə əmək müqaviləsinə xitam verilməsi Konstitusiyanın 35-ci maddəsində təsbit edilmiş əmək hüququnun mahiyyətinə uyğun hesab edilə bilməz.
28. Məhkəmə kollegiyası qeyd edir ki, proporsionallıq hüququn ümumi prinsiplərindən biridir və həm milli qanunvericilikdə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulamışdır ki, hüquqlara müdaxilə qanuni məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı və tətbiq edilən tədbirlə nail olunmaq istənilən məqsəd arasında ədalətli tarazlıq saxlanılmalıdır. Hazırkı iş üzrə cavabdeh ən ağır intizam tədbirini tətbiq etsə də, həmin tədbirin zəruriliyini əsaslandıran hallar müəyyən edilməmişdir. İş materiallarında iddiaçının əmək münasibətlərinin davam etdirilməsini qeyri-mümkün edən halların mövcudluğu sübuta yetirilməmişdir. Əksinə, müəyyən edilir ki, daha yüngül intizam tədbirlərinin tətbiqi imkanları araşdırılmadan birbaşa əmək müqaviləsinə xitam verilmişdir ki, bu da mütənasiblik prinsipinə uyğun deyildir. Odur ki, iddia olunan pozuntu ilə tətbiq edilmiş hüquqi nəticə arasında açıq-aşkar balanssızlıq mövcuddur.
29. Yuxarıda göstərilən halları, Azərbaycan Respublikası Konstitusiyasını, Əmək Məcəlləsini, Mülki Prosessual Məcəlləsini, hüquqi müəyyənlik, vicdanlılıq və proporsionallıq prinsiplərini rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün zəruri olan hüquqi və faktiki əsasların mövcudluğunu sübuta yetirə bilməmişdir.Toplanmış sübutlar əmək müqaviləsinə xitam verilməsi kimi ən ağır intizam tədbirinin tətbiqini obyektiv surətdə əsaslandırmır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar iddiaçının təqsirini mübahisəsiz təsdiq etmir, tətbiq edilmiş tədbirin mütənasibliyi isə sübut olunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü üçün əməkhaqqı cavabdehdən tutulmalıdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 31.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı Cavabdeh QSC tərəfindən iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli, ***/ş saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Mühafizə Xidmətinin 5-ci dərəcəli inspektoru vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov