Məhkəmə qərarları › İş №2(3-6)-182/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-182/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-182/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı işi üzrə Açar sözlər: (“müqavilədən əmələ gələn öhdəliklərin icrası”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdeh "xxxx” MMC-yə qarşı "müqavilədən əmələ gələn öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini nəzərə alaraq, hər iki müqavilə üzrə edilmiş ödənişlərin ümumi məbləğini, yəni 77000 avro olmaqla məzənnəyə uyğun manat ekvivalenti ilə 142800 manat vəsaitin, ##.##.2025-ci ilədək ödənilməmiş 93500 manat məbləğində dividendin və ödənişlərin gecikdirilməsinə görə dəbbə (penya) pulu olaraq 27990 manat pul vəsaitinin cavabdeh ”xxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx” MMC arasında ##.##.2023-cü il tarixdə və ##.##.2023-cü il tarixdə bağlanmış iki müqavilə var. Müqavilələrə əsasən hər birinin dəyərinin 77000 Avro olmaqla "X1 Device” markalı iki ədəd tibb cihazı alınaraq gələcəkdə gəlir əldə etmək məqsədi ilə birgə mülkiyyət kimi istifadəsi nəzərdə tutulmuşdur. Müqavilələrə əsasən iddiaçı öz öhdəliklərini tam yerinə yetirmişdir. Belə ki, üzərinə götürdüyü öhdəlik olaraq hər bir cihazın dəyərinin 50 faizini, yəni hər bir müqaviləyə görə 38500 Avronu mövcud olmuş məzənnəyə uyğun manat ekvivalenti ilə 71400 manat, hər iki müqavilə üzrə toplam 142800 manat vəsaiti "xxxx” MMC-nin xəzinəsinə ödəmişdir. "xxxx” MMC öz növbəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqaviləyə əsasən "xxxx” MMC vəsait daxil olduqdan sonra 45 gün ərzində hər iki cihazı idxal edərək, istifadəsinə başlayaraq iddiaçıya hər ay üçün növbəti ayın 5-dək, 2500 manatdan aşağı olmamaq şərti ilə 4500 manata qədər dividend ödəməlidir. Həmçinin ödənişdə gecikmə olduğu halda hər gecikdirdiyi gün üçün aylıq dividend məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu (penya) ödəməlidir. Lakin dəfələrlə şirkətin nümayəndələri ilə əlaqə saxlayaraq dividendin ödənilməsini xahiş etməsinə baxmayaraq, bu günədək "xxxx” MMC heç bir ödəniş həyata keçirməmişdir. Nəhayət ##.##.2024-cü il tarixidə iddiaçı tərəfindən "xxxx” MMC-yə rəsmi təklif (pretenziya) göndərilərək şirkətə hər iki müqavilə üçün ödədiyi vəsaitin, ödənilməmiş dividendin və dividendin ödənişində gecikmə olduğu üçün dəbbə pulunun (penya) ödənilməsini xahiş etmiş, lakin bir ay müddət keçməsinə baxmayaraq yenə də cavabdeh heç bir məlumat verməmiş və ödəniş etməmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilələrin 4.1-ci bəndinə əsasən iddiaçıya ödəniləcək aylıq dividendin minimum həddi-2500 manat təşkil etməklə hər ay üçün növbəti ayın 5-dək ödənilməli, gecikdirildiyi halda cavabdeh hər gecikdirdiyi gün üçün ödənilməli olduğu aylıq dividend məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu (penya) ödəməlidir. Həmin müqavilələrin 5-ci bəndinə əsasən hər hansı səbəbdən iddiaçı müqavilələrə son vermək istədiyi halda müqavilə üzrə ödədiyi vəsait tam şəkildə ona qaytarılmalıdır. Nəzərə alınsa ki, birinci müqavilə üzrə ödəniş ##.##.2023-cü il tarixdə ödənilib, 45 gün müddət nəzərə alınaraq, dividend ödənişləri ##.##.2023-cü il tarixdən başlayaraq iddiaçıya ödənilməli idi. Beləliklə, Cavabdeh MMC-nin birinci müqaviləyə əsasən ödəməli olduğu dividendlər və ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu (penya) olaraq 47500 manat dividend, 14370 manat dəbbə pulu, ikinci müqavilə üzrə isə 46000 manat dividend, 13620 manat dəbbə pulu hesablanmaqla ödənilməlidir.

2. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Tərəflər arasında bağlanmış ##/##/2023 nömrəli, ##.##.2023-cü il tarixli "Tərəfdaşlıq müqaviləsi”nə əsasən, "xxxx” MMCnin qanuni təmsilçisi Şahinli Duyğu və İddiaçı arasında 10 (on) il müddətinə bağlanmış müqaviləyə əsasən Türkiyə istehsalı, ümumi dəyəri 77000 Avro olan "X2 Device” markalı cihazın alınmasına dair razılıq əldə edilmiş və cihazın investisiyası 50% - 50% iki tərəf arasında ediləcək və tərəfdaşların ümumi mülkiyyəti hesab edilməklə, məhsulun idxalını tərəflər adından "xxxx” MMC həyata keçirəcəkdir. Cihaz üçün ödənişlər edildikdən sonra maksimum 45 gün ərzində cihaz idxal edilərək istifadəyə hazır olacaq. Həmçinin fiziki şəxs tərəfindən cihaz üçün investisiya müqabilində ona aylıq minimum 2500 manat dividend veriləcək, bu dividend məbləği 4500 manat qədər qalxa bilər; - "xxxx” MMC-yə məxsus (VÖEN **********) İUD seriyalı, ****** nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən görünür ki, İddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə "Tərəfdaşlıq müqaviləsi”nə əsasən 71400 manat ödəniş edilmişdir; - Tərəflər arasında bağlanmış ##/##/2023 nömrəli, ##.##.2023-cü il tarixli "Tərəfdaşlıq müqaviləsi”ndən görünür ki, "xxxx” MMC-nin qanuni təmsilçisi Şahinli Duyğu və İddiaçı arasında 10 (on) il müddətinə bağlanmış müqaviləyə əsasən, Türkiyə istehsalı, ümumi dəyəri 77000 Avro olan "X2 Device” markalı cihazın alınmasına dair razılıq əldə edilmiş və cihazın investisiyası 50% - 50% iki tərəf arasında ediləcək və tərəfdaşların ümumi mülkiyyəti hesab edilməklə, məhsulun idxalını tərəflər adından "xxxx” MMC həyata keçirəcəkdir. Cihaz üçün ödənişlər edildikdən sonra maksimum 45 gün ərzində cihaz idxal edilərək istifadəyə hazır olacaq. Həmçinin fiziki şəxs tərəfindən cihaz üçün investisiya müqabilində ona aylıq minimum 2500 manat dividend veriləcək, bu dividend məbləği 4500 manat qədər qalxa bilər; - Pulun təhvil verilməsi Aktına əsasən ##.##.2023-cü il tarixdə İddiaçı tərəfindən "Tərəfdaşlıq müqaviləsi”nə əsasən 71400 manat pul ödənişi Nəzrin Mirzəzadəyə verilmişdir; - Təklif (pretenziya) məktubuna əsasən, cavabdeh "xxxx” MMC-yə pulun qaytarılması ilə bağlı məlumat göndərilərək borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir; - Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə (xətşünaslıq) əsasən, ekspertizaya təqdim olunmuş İUD seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzinin aşağısında "Rəhbər” qrafasındakı imza - Şahinli Duyğu tərəfindən icra olunmuşdur.

3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##/##/2023 nömrəli, ##.##.2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”nə əsasən ödənilmiş 71400 manat və ##/##/2023 nömrəli, ##.##.2023cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”nə əsasən ödənilmiş 71400 manat, hər iki müqavilə üzrə ümumilikdə ödənilmiş 142800 manat pul, ##.##.2025-ci il tarixədək ödənilməmiş 93500 manat məbləğində dividendin tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7, 106-3.2, 106-3.3, 106-3.4, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 427.3, 442, 448.1; Vergi Məcəlləsinin 13.2.15; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.6, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə ödənilmiş pulun geri tələb edilməsi hissəsində hesab edir ki, iddia həmin hissədə tam əsaslıdır. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirərək ödəniş etmiş, lakin cavabdeh tərəfdən müqavilə ilə alınması nəzərdə tutulmuş cihazlar alınmamışdır. Cavabdeh MMC-nin direktoru D.Şahinli məhkəmə iclaslarında mədaxil qəbzində olan imzanın onun tərəfindən icra edilmədiyini və pulu qəbul edən Nəzrin Mirzəzadənin onların rəsmi işçisi olmadığını qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İUD seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzinin aşağısında “Rəhbər” qrafasındakı imza - Şahinli Duyğu tərəfindən icra olunmuşdur (ekspert rəyi ilə təsdiq edilmişdir). Həmçinin iş materiallarından görünür ki, Şahinli Duyğu tərəfindən X3 Cavabdeh MMC-nin adından (pul almaq, imza etmək, müqavilələr imzalamaq və s.) ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müəyyən hərəkətlər etməsinə dair səlahiyyətlərini təsdiq edən notarial qaydada tərtib və təsdiq edilmiş etibarnamə verilmişdir ki, o da həmin etibarnamə əsasında iddiaçıya münasibətdə müqavilələr və digər sənədləri imzalamışdır. Göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehə ödənilmiş 142800 manat (77000 avro) pul iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa cavabdeh tərəfindən iddiaçının ödədiyi məbləğlərin cavabdehin hesabına ödənilmədiyi barədə dəlilləri də iş materiallarında olan cavabdeh təşkilatın möhürü ilə təsdiq olunmuş İUD seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli kassa mədaxil orderi və iddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalanmış “Pulun təhvil verilməsi Aktı” ilə təkzib olunur və eləcə də iddiaçının qeyd edilən məbləğləri cavabdehə ödəməsi təsdiq olunur. Məhkəmə həmçinin iddianın dividendlərin ödənilməsi hissəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddia həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh Cavabdeh MMC müqavilənin 4.1-ci bəndinə əsasən cihaz üçün investisiya müqabilində iddiaçıya aylıq minimum 2500 manat məbləğində dividendin ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı üzərinə düşən öhdəlik üzrə cihaz üçün investisiya etmiş, lakin cavabdeh tərəfindən ödəniş qəbul edilməsinə baxmayaraq, iddiaçıya müqavilənin şərtinə əsasən ödəniş edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən müqavilə bağlandığı tarixdən ##.##.2025-ci il tarixədək ödənilməli olan 93500 manat məbləğində dividend tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın ödənişlərin gecikdirilməsinə görə dəbbə (penya) pulunun tutulması hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 555 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2440/2025 sayl, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7, 106-3.2, 106-3.3, 106-3.4, 106-3.6, 337.3, 337.4, 340, 349, 393; Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından göründüyü kimi cavabdeh “xxxx" MMC-nin rəhbərinin tərəflər arasında sözügedən müqavilənin bağlanması barədə məlumatı olmamışdır. Məlumatı olan kimi etibarnaməni ləğv etdirmişdir. Ödənişlər, müqavilə bağlanması və s. kimi əməliyyatlardan vaxtında xəbəri olmamışdır. Mədaxil qəbzində olan imza belə onun tərəfindən icra edilməyib. Hətta müqavilə üzrə pulun təhvil verilməsi aktını imzalayan Nəzrin Mirzəzadə şirkətin rəsmi işçisi olmamış, o sadəcə olaraq şirkətdə mühasibatlıq işi ilə məşğul olmuşdur. Beləliklə, birinci müqavilə üzrə pul vəsaiti kassa-mədaxil orderi ilə nağd şəkildə şirkətin işçisi olmayan şəxs tərəfindən qəbul olunub, ikinci müqavilə üzrə ödəniş isə adi akt şəkilində qəbul olunub. “xxxx" MMC tibb xidməti sahəsində özəl tibbi xidmətlə göstərilməsi ilə bağlı müvafiq lisenziya almamış, balansında belə bir cihaz mövcud olmamış, eləcə də, həmin cihaz vasitəsilə ümumilikdə özəl tibb fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçı cavabehin özəl tibb fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinin olub- olmadığını öyrənə biləcəyi, bu məlumatları əldə etmək imkanı olduğu halda bunu etməmişdir. Həmçinin, birinci müqavilədən 30 gün sonra ikinci müqaviləni imzalayan iddiaçı, birinci müqavilə üzrə MMC tərəfindən cihazın alınmasını təsdiq edən sənədləri tələb etməmiş, onların mövcudluğunu yoxlamamış, daşıma və gömrük sənədlərinə ilkin baxış keçirməmişdir. Belə ki, yüz min manata yaxın vəsait cihazın idxalı üçün investisiya edən şəxs ən azından müqavilə şərtlərinə uyğun ilkin hərəkətlərin edildiyini yoxladıqdan sonra onda etibar inam formalaşmalı, bundan sonra ikinci müqaviləni imzalamalı və ödənişi həyata keçirməli idi. Lakin göründüyü kimi iddiaçı özü də bu hərəkətləri etməmişdir. Bununla da, o özlüyündə uydurma olan əqdin tərəfi olmuşdur. Lakin Məhkəmənin qətnaməsində əqdin etibarlılığı barədə cavabdehin əsaslandırmaları araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun ##.##.2021 tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Lakin məhkəmə iddiaçının istinad etdiyi müqavilələrin etibarlı olubolmadığını düzgün müəyyən etməmişdir. Tərəflər arasında olan müqavilələr notarial qaydada təsdiqlənməmiş, müqavilələr qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanıldığından etibarsız hesab edilməlidir. Lakin məhkəmə bu müqavilələrin notarial təsdiqə ehtiyacı olub-olmaması barədə heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Məhkəmə dividendi zərər (və ya zərərin əvəzi) kimi qəbul etmişdir. Lakin dividend cəmiyyətin təsisçisinə xalis mənfəətdən çatan paydır. İddiaçı Cəmiyyətin təsisçisi deyil. Belə olan halda dividend tələb etməsi əsassız olmuş, məhkəmə isə həmin tələbi təmin edərək pozuntuya yol vermişdir. Məhkəmənin işin obyektiv, tam və hərtərəfli araşdırılmasında maraqlı olmadığı və öz vəzifə funksiyalarını tam icra etmədiyi üçün qət etdiyi qətnamə əsassız və qanunsuzdur. Birinci instansiya Məhkəməsinin gəldiyi nəticə işin ədalətli həllini təmin etməmiş, hüquqlarının pozulması ilə nəticələnmişdir.

5. İddiaçının nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Belə ki , Cavabdeh MMC-ilə İddiaçı arasında ##.##.2023-cü il tarixdə və ##.##.2023 cü il tarixdə bağlanmış iki müqavilə var. Müqavilələrə əsasən "X1 Device" markalı iki ədəd tibb cihazının, hər birinin dəyərinin 77 000 (yetmiş yeddi min ) Avro olmaqla alınaraq gələcəkdə gəlir əldə etmək məqsədi ilə birgə mülkiyyət kimi istifadəsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən iddiaçı öhdəliklərini tam yerinə yetirmiş, belə ki üzərinə götürdüyü öhdəlik olaraq hər bir cihazın dəyərinin 50 faizini , yəni hər bir müqaviləyə görə 38 500 Avronu,mövcud olmuş məzənnəyə uyğun manat ekvivalenti iiə 71400 (yetmiş dörd min dörd yüz)manat, iki müqaviləyə isə toplam 142800 (yüz qırx iki min səkkiz yüz) manat vəsaiti Cavabdeh MMC-nin xəzinəsinə ödəmişdir. Cavabdeh MMC öz növbəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqaviləyə əsasən "xxxx” MMC iddiaçıdan vəsait daxil olduqdan sonra 45 gün ərzində hər iki cihazı idxal edərək ,istifadəsinə başlayaraq iddiaçıya hər ay üçün növbəti ayın 5 (beş) dək, 2500 manatdan aşağı olmamaq şərti ilə 4500 manata qədər pul ödəməli idi. Həmçinin ödənişdə gecikmə olduğu halda hər gecikdirdiyi gün üçün aylıq ödənişin məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu (penya) ödəməlidir. Lakin dəfələrlə iddiaçı şirkətin nümayəndələri ilə əlaqə saxlayaraq ödənişlərin həyata keçirilməsini xahiş etməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bununla əlaqədar ##.##.2024-cü il tarixidə iddiaçı tərəfindən Cavabdeh MMC-yə rəsmi təklif (pretenziya) göndərilmiş, yenə də cavabdeh tərəfindən heç bir məlumat verilməməsini nəzərə alaraq iddiaçı məhkəməyə ərizə ilə müraciət etmişdir və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi ədalətli qətnamə çıxararaq iddianı qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, güya MMC-nin direktoru Şahinli Duyğunun nə müqavilələrdən, nə də ki alınmış pul vəsitindən xəbəri olmayıb. Lakin muqavilələrin bağlanması və pul vəsaitlərinin ödənilməsi müqavilədə şirklətin faktiki ünvanı kimi qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi,15 -də yerləşən ofisində icra olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İUD seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzinin aşağısında “Rəhbər" qrafasındakı imza - Şahınlı Duyğu tərəfindən icra olunmuşdur (ekspert rəyi ilə təsdiq edilmişdir). Həmçinin, iş materiallarından görünür ki, Şahinli Duyğu tərəfindən X3 Cavabdeh MMC-nin adından (pul almaq, imza etmək, müqavilələr imzalamaq və s.) ##.##.2023-cü il tarixdən ##.##.2024-cü ii tarixədək Azərbaycan Respubiikası ərazisində müəyyən hərəkətlər etməsinə dair səlahiyyətlərini təsdiq edən notarial qaydada tərtib və təsdiq edilmiş etibarnamə verilmişdir ki, o da həmin etibarnamə əsasında iddiaçıya münasibətdə müqavilələr və digər sənədləri imzalamışdır. Müqavilələrdə və ciddi hesabat blankı hesab olunan,kassa mədaxil orderinin qəbzi üzərinə vurulmuş möhürlərində Cavabdeh MMC-nə məxsus olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bunlardan belə nəticəyə gəlmək olar ki, cavabdeh məhkəməyə verdiyi yalan ifadələrin davamı oiaraq qətnamədən verdiyi apellyasiya şikayətidə, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır. Cavabdeh-Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin etmədən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini dəyişmədən saxlanılmasını xahiş edir. Apellyasiya intansiyası icraatı zamanı müəyyən edilən hallar

6. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. “X8” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli rəyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı qızma ödənilməli məbləğ ##/##/2023 nömrəli ##.##.2023 tarixli tərəfdaşlıq müqaviləsi üzrə 134 270 (yüz otuz dörd min iki yüz yetmiş) manat, ##/##/2023 nömrəli ##.##.2023 tarixli tərəfdaşlıq müqaviləsi üzrə 131 020 (yüz otuz bir min iyirmi) manat olmaqla, cəmi 265 290 (iki yüz altmış beş min iki yüz doxsan) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 1180 manat müəyyən edilmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi vəkil vəkil1 ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirərək ödəniş etmiş, təşkilatın möhürü ilə təsdiq olunmuş İUD seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli kassa mədaxil orderi və iddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalanmış "Pulun təhvil verilməsi Aktı” ilə iddiaçının qeyd edilən məbləğləri cavabdehə ödəməsi təsdiqini tapır, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Əvvəlki məhkəmə proseslərində cavabdehin nümayəndəsi tərəfindən cəmiyyətin (mərhum) təmsilçisinin xəstə olması əsası ilə belə bir müqavilənin imzalnmasının mümkün olmadığını qeyd etməsi təkzibedici əsaslı sübutlarla təsdiq edilmir. Apellyasiya şikayətinin dəlilləri sanki iddiaçının müqavilə üzrə vəzifələrinin icra edilməməsini müəyyən edir, lakin iddiaçının yeganə vəzifəsi pulun ödənilməsi olmuşdur ki, bunu da istisna edən hallar heç bir mötəbər sübutla təsdiq edilmir, bu səbəbdən şikayətin təmin edilməsi üçün əsaslar da müəyyən edilmir. Əksinə, əlavə araşdırma zamanı iddiaçıya ödənilməli olan məbləğin ümumilikdə daha yüksək olduğu müəyyən edilsə də, tələb həddindən artıq məhkəmə tərəfindən araşdırmanın mülki prosessual yolverilməzliyi bunun müzakirəsin mümkün etmir. Ümumiyyətlə cavabdeh cəmiyyət tərəfindən müqavilələrin mübahisələndirilməməsi onların etibarlılığına şübhələrin belə yaranmasına hüquqi əsaslar müəyyən etmir.

13. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 1180 manat məbləğində pul vəsaitit cavabdehdən tutularaq “X8” MMC-nin hesabına ödənilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1180 (min yüz səksən) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx” MMC-dən tutularaq “X8” MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar