Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1967/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Şahverən oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş (Açar sözlər: « ixtisar əsası ilə əmək müqaviləsinə xitam verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı Şahverən oğlunun, nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Şahverən oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı Şahverən oğlu ##.##.2022-ci il tarixdə Cavabdeh İstehsalat Birliyinin Masallı rayonu üzrə Qəza-dispetçer xidmətinin qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə təyin edilib.
2. Cavabdeh İstehsalat Birliyinin işçilərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə dair nəticələrin əks olunduğu cədvəldə İddiaçı Şahverən oğlunun nəticəsi 10 balla qiymətləndirilmişdir.
3. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı Şahverən oğlu ştatının ixtisar olunması ilə əlaqədar xəbərdar edilmiş, yeni iş axtarması məqsədi ilə həftənin bir günü əmək haqqı saxlanılmaqla işdən azad olunması və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən işdənçıxarma müavinəti ilə bağlı məlumat verilib.
4. Cavabdeh İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli qərarında göstərilib ki, Həmkarlar İttifaqı Cavabdeh İstehsalat Birliyində struktur dəyişikliyi ilə əlaqədar Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin əmək münasibətlərinin davam etdirilməsi mümkün olmayan işçiləri ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq vermişdir.
5. Cavabdeh İstehsalat Birliyinin **-*-*-**/*-*K-**/**** saylı, ##.##.2026-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən Cavabdeh İstehsalat Birliyinin X2 İstismarı İdarəsinin Masallı rayonu üzrə Qəza-Dispeçer xidmətinə qaz paylayıcı stansiyasının operatoru İddiaçı Şahverən oğlunun əmək müqaviləsinə xitam verilib.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı Şahverən oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 14-2- *- **/*-*K-**/**** saylı, ##.##.2026-cı il tarixli əmrin ləğv edilməsi, əvvəllər işlədiyi Cavabdeh İstehsalat Birliyinin X2 İstismarı İdarəsinin Masallı rayonu üzrə Qəza-dispeçer xidmətinə 05-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsinə, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı zaman həmin vəzifə mövcud olmadıqda isə ona uyğun peşəyə, məcburi iş buraxdığı dövrdə ona ödənilməli olan əmək haqqının ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizinin, yaşadığı mənəvi iztirablara görə 30000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, ##.##.1982-ci ildə əmək fəaliyyətinə başlayıb. ##.##.1989-cu ilə qədər müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə çalışmışdır. ##.##.1989-cu il tarixində Cavabdeh İB-nin X1 Kəmərləri İdarəsinə “operator” vəzifəsinə qəbul olmuşdur. ##.##.2000-ci il tarixində Cavabdeh İB ilə aralarında olan əmək müqaviləsinə həmin dövrdə qüvvvədə olmuş Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “z” bəndinə uyğun olaraq xitam verilmişdir. ##.##.2007-ci il tarixdə yenidən X1 Kəmərləri İdarəsinin Tüklə QPS-nə VTC-nin 5-ci dərəcəli operator vəzifəsinə qəbul olmuşdur. AR Prezidentinin ##.##.2009-cu il tarixli *** nömrəli Sərəncamına və ARDNŞ-nin ##.##.2009-cu il tarixli ** nömrəli əmrinə əsasən Cavabdeh QSC ARDNŞ-nin tabeliyinə verilmişdir. ARDNŞ-nin ##.##.2009-cu il tarixli *** nömrəli əmri ilə ARDNŞnin tərkibində Cavabdeh İB, Cavabdeh İB-nin tabeliyində isə ARDNŞ-nin bazasında “Qaz Nəqli İdarəsi” yaradılmışdır. Qaz Nəqli İdarəsinin ##.##.2009- cu il tarixli * nömrəli əmri ilə X1 Kəmərləri İdarəsi Qaz Nəqli İdarəsinin X1 Kəmərləri Sahəsi adlandırılmışdır. Ona görə də ##.##.2009-cu il tarixdə aralarında yenidən müqavilə bağlanmış və X1 X6 QPS-yə 5-ci dərəcəli operator vəzifəsinə təyin edilmişdir. ##.##.2010-cu ildə başqa işə keçməklə həmin vəzifədən azad olunmuşdur. ##.##.2010-cu il tarixdə X1 X5 QPS-yə 5-ci dərəcəli operator vəzifəsinə təyin edilmişdir. ARDNŞ-nin ##.##.2013-cü il tarixli ** nömrəli əmrinə əsasən Cavabdeh İB-nin tərkibində hüquqi şəxs statusu olmayan təşkilatlar kimi fəaliyyət göstərən X1 Kəmərləri Sahəsi mövcud hüquqi-təşkilati formasını saxlamaqla ona məxsus əmlakla birlikdə ARDNŞ-nin “Qaz Nəqli İdarəsi”-nin tabeliyinə verilmişdir. ##.##.2015-ci il tarixində X3 stansiyasına operator vəzifəsinə keçirilmişdir. ##.##.2022-ci il tarixinədək həmin vəzifədə işləmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək SOCAR Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin Masallı rayonu üzrə Qəza-Dispeçer xidmətinə 5-ci dərəcəli qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işləmişdir. **-*-*-**/*-*K-**/**** saylı ##.##.2026-cı il tarixli əmr ilə iddiaçı ilə İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İşəgötürən aralarında bağlanmış əmək müqaviləsinə yuxarıda göstərilən əsasla xitam verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, aralarında bağlanmış əmək müqaviləsinə xitam verdiyi zaman işlədiyi ştatın ixtisar olunduğunu əsas gətirsə də, əslində həmin ştat ixtisar olunmamışdır. Əmək müqaviləsinə xitam verilməsinin arxasında başqa məqsəd durur. Belə ki, 2025-ci ilin oktyabr ayında işçilərin müəyyən hissəsini imtahana, bir az da dəqiq desə attestasiyaya cəlb olunmuşlar. Bu attestasiyadan keçmək üçün 1 balı çatmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki qanunvericilik işçi ilə bağlanmış əmək müqaviləsinə attestasiyanın nəticələri əsasında xitam verilməsini İşəgötürənə qadağan edir. Bundan başqa İşəgötürən aralarında bağlanmış əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərini növbəti dəfə pozmuşdur. Belə ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdarlıq etməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şövkətli-Mənsimli Leyla) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin ştat cədvəllərindən müəyyən olunur ki, İdarənin tərkibinə daxil olan digər rayonlar, o cümlədən iddiaçının operator vəzifəsində çalışdığı Masallı rayonu üzrə Qəza-dispetçer xidmətləri ləğv olunmuş, qaz paylayıcı stansiyanın operatoru ştatları ixtisar olunaraq, birbaşa İdarə tabeliyində Rejimlərə nəzarət və dispetçer şöbəsi yaradılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ştatların ixtisar edilməsi ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşlarının qiymətləndirilməsi üçün imtahan keçirilmiş, iddiaçı imtahanda ixtisası üzrə müəyyən edilmiş keçid balından aşağı həddə, 10 ballıq nəticə göstərmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı özü də qiymətləndirmədən aşağı bal topladığını təsdiq etmiş, bunu imtahana yaxşı hazırlaşa bilməməsi ilə əlaqələndirmişdir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin 78.2-ci maddəsində nəzərdə tutulan, ixtisar zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olan şəxslərdən işdə saxlanmasına üstünlük verilməsi müəyyən edilən şəxslər sırasına aid olmamışdır. Həmçinin, ştat ixtisarı ilə əlaqədar iddiaçının əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçi əvvəlcədən xəbərdar edilmiş, xəbərdarlıq müddəti və işdənçıxarma müavinəti ilə bağlı əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlib ki, iddiaçının tutduğu vəzifənin həqiqətən ştat ixtisarı baş vermiş, ştat ixtisarı iddiaçıya qarşı qərəzli münasibətin nəticəsi olaraq deyil, işəgötürən təşkilatda həyata keçirilən struktur dəyişikliyi ilə bağlı olmuş və ştat ixtisarı ilə əlaqədar iddiaçının əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı İddiaçı Şahverən oğlunun apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh formal olaraq müvafiq tələbə riayət edilməsi görüntüsünü yaratsa da, əslində bu sənəd həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Belə ki, Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin yuxarıda qeyd etdiyim qərarında Həmkarlar İttifaqı Cavabdeh İB-də struktur dəyişikliyi ilə əlaqədar Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin əmək münasibətlərinin davam etdirilməsi mümkün olmayan işçilər ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılığını bildirsə də qərarda iddiaçı ilə bağlı hissə konkret əsaslandırılmamışdır. İşəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyi zaman qanunvericilikdə təsbit olunan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Lakin buna baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, iddiaçının iddia tələbini təmin etməmişdir. Sonuncu iş yeri X2 İstismarı İdarəsinin Masallı rayonu üzrə Qəza-dispeçer xidmətinin Tüklə QPS-də olmuşdur. İddiaçı həmin stansiyada operator vəzifəsində işləmişdir. Əmək funksiyası isə həmin regionda mövcud olan istehlakçıları təbii qaz ilə təmin etmək olmuşdur. Yəni həmin ərazidə qaz paylayıcı stansiyası olmasa, istehlakçıları təbii qaz ilə təmin etmək mümkün deyildir
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı Şahverən oğlu, nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35. İ, II, III, IV və VIII hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 11(1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə 12(1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək; Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə və ailə vəzifələrinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Maddə 16(2-ci hissə). Qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71(1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77(1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ildən beş ilədək əmək stajı olduqda-azı dörd təqvim həftəsi; Maddə 77(2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77(3-cü hissə). Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; Maddə 78(1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 78(2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; Maddə 80(1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Maddə 80(2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
24. Əvvəla, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh İstehsalat Birliyinin ##.##.2024-cü il tarixli 14-2-2/3-1İ-1387/2024 nömrəli əmri ilə Lənkəran RQİİ-nin bazasında İdarədə yeni əməliyyat modelinin tətbiqinə başlanılmışdır. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq Lənkəran RQİİ-nin bazasında yeni əməliyyat modelinə uyğun olaraq təşkilatı struktur və ştat cədvəlləri tərtib və təsdiq edilmiş, (i.v.60-67), Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin təsiri altına düşən işçilərin dairəsi müəyyən edilmiş, 79-cu maddənin təsiri altına altına düşən işçilərlə əmək münasibətlərinin davam etdirilməsi üçün rəsmiləşdirmə işləri aparılmış, eyni zamanda digər işçi namizədlərin, o cümlədən 78-ci maddənin təsiri altına düşən işçi namizədlərin əhatə dairəsi müəyyən edilərək onlarla əmək münasibətləri davam etdirilməsi üçün zəruri rəsmiləşdirmə işləri aparılmış, işdə saxlanılması mümkün olmayan işçilərlə bağlanmış əmək müqavilələrinin əmək qanunvericiliyi gözlənilməklə ləğv edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı, Cavabdeh İstehsalat Birliyinin Yeni əməliyyat modelinə keçidlə əlaqədar görüləcək tədbirlər haqqında ## ###### 2025-ci il tarixli 14-2-2/3-162/2025 nömrəli əmrinə əsasən “Birliyin strukturuna daxil olan qurumlarda işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi meyarları”(bundan sonra Meyarlar) təsdiq edilib, Birliyin İdarəetmə aparatının İnsan resursları departamentinə tapşırılıb ki, İstehsalat-təsərrüfat prosesinn normal fəaliyyətinə xələl gətirmədən, əmək qanunvericiliyinin tələbləri gözlənilməklə, Meyarlar əsas götürülməklə tərtib edilmiş plan-qrafikə uyğun olaraq vəzifələrin(peşələrin) yenidən bölüşdürülməsi nəticəsində sərbəstləşdirilmiş işçilərin peşəkarlıq səviyyəsini müəyyən etsin, yekun qiymətləndirmə nəticələrinə əsasən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın(peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin reytinq sıralanmasına əsasən yeni əməliyyat modelinə uyğun formalaşdırılmış strukturlarda əmək münasibətlərini təmin etsin(i.v.84-85).
25. Meyarların 2.1.1-ci bəndinə əsasən biliklərin test üsulu ilə yoxlanılması meyarı üzrə test imtahan nəticələrnə əsasən 51% və daha çox nəticə göstərmiş işçi-namizədlər mövcud vakansiyalar üzrə qiymətləndirmə prposesinə daxil edilir. Minimal keçid balından daha az bal toplamış işçi-namizədlər isə qiymətləndirmə prosesindən çıxarılır. Hazırkı iş üzrə iddiaçı minimum keçid balından az bal toplamış, hətta apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçıya xüsusi güzəşt edilərək 2-ci dəfə də test imtahanına buraxılıb, bu dəfə isə minimum keçid balından daha da az bal toplamışdır. Bu işin mübahisəsiz halıdır, başqa sözlə iddiaçı da bu faktları mübahisələndirmir.
26. Göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən işçi kateqoriyasına aid olmadığından, eləcə də 78-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanıldığından, iddiaçının isə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi olmadığı keçirilmiş test imtahanı nəticəsində təsdiq olunduğundan onunla bağlanmış əmək müqaviləsinə qeyd olunan əsasla xitam verlməsi əsassız olmamışdır. Başqa sözlə, iddiaçı biliklərin test üsulu ilə yoxlanılması meyarı üzrə minimum keçid balından az bal topladığından qiymətləndirmə prosesindən çıxarılsa da, ona ikinci dəfə də bu imtahandan keçirilməsinə şərait yaradılmasına baxmayaraq yenə də nəticə müsbət olmamışdır. Bu cür vəziyyətdə onun idddiasının təmin olunması üçün hər hansı bir əsas olmamışdır.
27. Bundan əlavə, iddiaçı Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin ##.##.2025-ci il tarixli qərarı ilə cavabdehin formal olaraq müvafiq tələbə riayət edilməsi görüntüsünü yaratdığını, əslində bu sənədin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilmədiyini, Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin qərarında struktur dəyişikliyi ilə əlaqədar X2 İstismarı İdarəsinin əmək münasibətlərinin davam etdirilməsi mümkün olmayan işçilər ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılığını bildirsə də qərarda onunla bağlı hissənin konkret əsaslandırılmadığını göstərsə də, bu dəlil də apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq etmir. Çünki cavabdeh həmkarlar ittifaqı təşkilatına yalnız iddiaçı ilə bağlı deyil, digər işçilərlə də bağlı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müraciət etmişdir. Həmkarlar ittifaqı təşkilatının qərarında iddiaçı ilə bağlı hissənin ayrıca əsaslandırmasına da ehtiyac və zərurət yox idi. Çünki həmkarlar ittifaqı təşkilatı işçilərin və ştatların ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bir neçə şəxs barəsində əmək müqaviləsinə xitam verilməsinə razılığını bildirib. Bununla belə, iddiaçı barədə ayrıca əsaslandırmanın olmaması da, razılığın verilməsini yaxud olduğunu inkar etmir.
28. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən xitam verilə bilər. Hazırkı iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin həm işçilərin sayının, həm də ştatların ixtisar edilməsinə görə ləğv edilmişdir. Təbii ki, işçinin sayı ixtisar edildikdə demək ki, onların tutduqları ştat da ixtisar edilə bilir. Başqa sözlə, işçilərin sayı ixtisar edilirsə, deməli onların ştatının qalmasına da ehtiyac qalmır. Təsadüfü deyil ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “f” bəndində bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Ona görə də işəgötürəni bu hüququndan qanuni əsas olmadan məhrum etmək də yolverilməzdir.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı Şahverən oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.