Məhkəmə qərarları › İş №2(3-6)-197/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-197/2026

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-197/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı şəxsin adının dəqiqləşdirilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı şəxsin adının dəqiqləşdirilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(008)-7954/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək nənəsi X5 barəsində qəbul edilmiş sənədin - Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 44 saylı qərarının nənəsi X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(008)- 7954/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardadın əsaslarına görə, ərizəçi maraqlı şəxslə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda ərizəçi Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 44 saylı qərarının nənəsi X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını istəyir. Lakin iş materiallarından ərizəçinin bununla bağlı maraqlı şəxsə müraciət etməsi görünmür. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, ərizəçi ilk növbədə qərarın nənəsinə məxsus olması və ya qərarda nənəsinin adına düzəliş edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməli, həmin təşkilatın imtinasını aldıqdan sonra təşkilatın imtina məktubunu da hazırki ərizəyə əlavə edib məhkəməyə müraciət etməli idi. Belə olan halda hazırki ərizəyə baxıla bilər. Bundan başqa ərizəyə əlavə edilən sənədlərdən Milli Arxiv İdarəsi tərəfindən üzərində qəyyum təyin edilən ərizəçinin anası X3 ünvanlanan arxiv arayışı ümumiyyətlə oxunmur. Həmçinin, hazırki ərizəyə ərizəçinin nənəsinə məxsus olmasını qeyd etdiyi Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 44 saylı qərarı və ya həmin qərarın surəti (ona dair çıxarış və ya arxiv arayışı) da əlavə edilməmişdir. Belə olan təqdirdə göstərilən nöqsanlara hazırki ərizəyə məhkəmədə baxılması mümkün deyildir və ərizə geri qaytarılmalıdır. Məhkəmə tərəfindən əvvəlki qərardadda sözügedən nöqsanlar göstərilsə də iddiaçı həmin nöqsanları aradan qaldırmamış və ərizəçi ümumi qaydada ikinci dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(008)-7704/2025 nömrəli qərardadı ilə nəzərdə tutulmuş nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir.

4. Həmin qərardaddan Ərizəçi şikayət verərək, ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, ərizəçinin nənəsinin nikah haqqında səhadətnaməsində və Milli Arxiv arayışında Nadira sözü ölüm haqqında şəhadətnaməsində və anası Rabitənin doğum haqqında şəhadətnaməsində soyad ata adı eynidir, adının Nəzirə kimi olması arxivdə “Z” “D” texniki səhv ola bilər, bunlar sübut kimi qiymətləndirilməli idi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət hər bir şəxsin hüquqlarını müdafiə edir və ona hörmətlə yanaşılır. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi ikinci dəfədir ki, ərizəni geri qaytarmışdır. Birinci instansiya məhkəməsi Ərizəçi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1.-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğuna göz yummuşdur. Belə ki, qanun əsasında yaradılmış müstəqil məhkəmə işə ağlabatan müddətdə baxsa da, heç də qərəzsiz olmamış, nəticədə, yuxarıda qeyd etdiyi kimi onun həmin işlə əlaqədar olaraq Arxiv arayışının əslində və ölüm haqqında şəhadətnamədə nənəsinin X5, anasının X6 olması nikah haqqında şəhadətnamədə birmənalı olaraq qeyd edilmisdir. Hazırda qərardada əsasən sənədlərin əsli və notarial qaydada təsdiq edilməsi barədə sənədlər məhkəməyə təqdim edilmiş, lakin göndərilmiş sənədlərdə arxiv sənədini əslində də göründüyü kimi Naxıra kimi yazılmış, əvvəldən texniki səhvə yol verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, eyni işdə ata adı eyni soyad eyni ada “Z” yerinə “D” kimi qeyd edilmişdir. Bununla da hesab edir ki, məhkəmə tərəfindən tam hərtərəfli araşdırılaraq yekun.məhkəmə aktı çıxarılacaqdır. Ərizəci olaraq onun Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafeləri məhkəmədə təsdiq olunmamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, 2(008)- 7954/2025 nömrəli qərardadına əsasən şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

9. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması qənaətinə gələrkən öz qərardadında haqlı və düzgün olaraq qeyd etmişdir ki, ərizəçi Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 44 saylı qərarının nənəsi X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını istəyir. Lakin iş materiallarından ərizəçinin bununla bağlı maraqlı şəxsə müraciət etməsi görünmür. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, ərizəçi ilk növbədə qərarın nənəsinə məxsus olması və ya qərarda nənəsinin adına düzəliş edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməli, həmin təşkilatın imtinasını aldıqdan sonra təşkilatın imtina məktubunu da hazırki ərizəyə əlavə edib məhkəməyə müraciət etməli idi. Belə olan halda hazırki ərizəyə baxıla bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

11. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(008)- 7954/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(008)- 7954/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar